Азярбайъан милли елмляр академийасы


İSRAİLİN 1967-Cİ İL 5 İYUL HÜCUMU



Yüklə 4,55 Mb.
səhifə3/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   2   3   4   5   6   7   8   9   ...   50
Mətnlər və xəritələr

Colan Türkmanlarının ata sözləri və deyimləri 88

Colan Türkmanlarının bayatı-maniləri 91

Colan Türkmanlarında evlənmə 97

Tanışma (tanışlıq) 97

Ağız arama 98

Elçilik (qız istəmə) 99

Toya hazırlıq 100

Gəlin gətirmə 101

Toy 102


Oyunlar

Bayraq qaçırma 103

Güləşmə 103

At yarışı 104

Toy mərasimi 105

Xalq inancları 108

Yas mərasimi 113

Colan Türkmanlarında yeməklər 114

Colan Türkmancasında işlənmiş

əski sözlərdən seçmələr 115

Suriyanın xəritəsi...............................................................141

Suriyanın xəritəsi. (Qırmızı nöqtələr

qoyulmuş yerlərdə Türkmanlar əhalinin

çoxluğunu təşkil edir)......…………..................................142

Suriya, Lübnan və İsrail arasında qalmış

Colan bölgəsinin xəritəsi...................................................143

Suriyada Colan Türkmanlarinin yaşadiği kəndlər.............143

Suriyanın Hələb bölgəsində Türkmanların

yaşadiği kəndlər..................................................................144

Suriyada silahlı qrupların yerləşdiyi bölgələr......................146

Nusayrilər.............................................................................147

Duruzlar................................................................................150

Traqic Fortune of Qolan Turkmen(Abstract).......................153

ÖN SÖZ
Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yön­dən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Go­lan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbrani­lə­rin Ra­mat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvad­rat kilometrə yaxındır. Suriyanın Güney-Batısın­da, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Bura­dan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq də­nizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir (Bax: http:// www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441 .html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.

1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək bura­dakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasın­dakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaç­dılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.

Colan təpələrində gedən qısa savaşdan Sovet mətbua­tında illərlə məqalələr verildi, radio-televiziya verilişləri ha­zır­landı, İs­railin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet dip­lomatları bey­nəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qo­ru­maq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstək­lə­di. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğun­dan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gün­dəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı ya­zılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın var­lığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin du­ruma salmasından söz açılmadı.

İsrail höküməti Colan təpələrini 1981-ci ildə öz ərazisi elan edərək, burada 33 yaşayış məskəni saldı. Xarici ölkələr­dən gətirilmiş 15 min nəfər Colanda yerləşdirildi, onlara İbrani dili öyrədildi. Dünyanın müxtəlif guşələrində yaşamış, maddi və mənəvi sıxıntıdan bezmiş, necə deyərlər, irqindən, dilindən asılı olmayaq, firavan yaşayış arzulayanlar çox keç­mədən burada yəhudi­ləşdirildi (Bax: http://www.zaman. com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Onların arasında sənədlə­rini saxtalaş­dıraraq nənəsinin, babasının Yəhudi olduğunu gös­tərən Azər­baycandan getmiş Türk, Talış, Tat, Ləzgi, Avar, Kürd və b. xalqların nümayəndələri də vardı.

Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məs­­kənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.

Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qis­mi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığı­nacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburiyyətində qaldı. Bol sulu, məhsuldar torpaq­lı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Də­məşq kimi izdi­ham­lı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyiş­məkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qal­mış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soy­daşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ic­ti­mai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətən­sevərlərin məqalələri, radio və televiziyada hazırladıq-ları veri­liş­lər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türk-man­ların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki bu­na imkan və şərait var idi...

Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriya­da, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam di­ninə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türk­­mən, gah da Türkman deyir və yazırlar. Bu termin fərq­li­likləri oxu­cuda çaş­qınlıq yaratmasın deyə araşdırıcı Əfzə­ləddin Əsgəro­vun “Ümum­türk folkloru tarixində Oğuznamə yaradıcılğı” ki­ta­bının “Oğuz­namənin etnik auditoriyasi” fəs­lin­dəki “Türk­manlar” ya­rım­başlığından bəzi parçaları aşağıda veririk.

Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranma­sı­na və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıx­mışdır. Həmin yüzildə birdən-birə Çin qay­naq­ları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkman­lar Oğuzların İslamı qəbul et­məsindən ən azı 200 il öncə bir etnos olaraq möv­cud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içə­risinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qə­bul edib Türk­man­lara qatılması bu etnosun taleyində mühüm rol oynadı.

Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araş­dırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlı­ğın­dan, öm­rü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüu­run ifadəsi kimi etnik adın yaşaması etnik sis­te­min qorunması hesabına etnosun öz varlığını davam etdir­mə­sindən qaynaqla­nırdı. Bura­dan aydın olur ki, Oğuzların (ümu­miyyətlə, Türk­lərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olma­ları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qə­bul edən Oğuz, sadəcə olaraq, “Mü­­səlman Oğuz” idi və “Mü­səlman Oğuz” ifadəsini “Türk­man” etnoni­mi­nin anlamı kimi yox, yalnız bu mənada iş­lət­mək olar. Oğuz­­­ların İslam dinini qə­bul etmələri “Türkman olma­ları” ilə nəticələnmədi. Onlar öz et­nik sistemlərini qorumaqla Türk­man dünyasının içərisində et­noloji baxımdan subetnos olaraq var­lıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).

Oturaq həyata keçən türksoylular özlərinin etnik ad­larını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə ta­nı­nır­dı­lar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya ya­rım­köçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar otu­raq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türk­lər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadi­səni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik an­lam­la yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da iş­lənirdi. İslam di­nini qəbul edən Oğuzun «Türkman olma» şək­lində ifa­də­si etno­nimin sonuncu anlamı ilə bağlıdır və şüb­həsiz ki, VIII-XII əsr­lərdə Qarluqların, Qıpçaqların, Uyğur­ların vb. İslam di­nini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olun­muş­dur. Tür­kman etno­niminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi ki­mi isti­fadə olun­duğunu gös­tərir. Belə məlum olur ki, «Mü­səlman Türklər» Tan­rıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləş­dirmək iddia­sın­da ol­muşdur. Bu mənada Türk­man et­nonimi bir müddət ümum­­milli Türk etnoni­minin yerini tut­maq sevdasına düşmüş­dür.

Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanq­­­­lı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaq­ların olması haqqında məlumatlar da az deyil.

Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan on­lar­la dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xa­rəzm­şah­lar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağ­qoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəka­sının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).

Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əs­gəro­vun araşdırmalarına dayanaraq onların adını Türkman ya­zaca­ğıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.


  

Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəb­lərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televiziya veri­lişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub sax­laya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi di­limizdə işlətdiyi­miz peyğəmbər, mələk, ağıl, mədə... söz­lərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qur­saq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əksi Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi di­li­mizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də on­ların danı­şığında və yazısında rast gəlmirik. Colan Türkman­larının danı­şığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variant­ları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.

2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma sal­dı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xa­dimləri isə yenə də susdu...

Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müx­­təlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haq­qında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya get­mək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türk­manları möv­zu­sunu aktuallaşdırdı. Biz də kitabımızı bir da­ha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.

Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilə­rin­dən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlə­dilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikin­ci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türk­manları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənə­nələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaq­dadır.

İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmə­noğ­lu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haq­­­qında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/ saytın­da yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər inter­net vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muh­tar Fateh Muham­med Hələbdə doğulsa da, hazırda, İzmirdə ya­şayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed ken­dinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.

Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiq­ləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olma­sına baxmayaraq nəinki mənim suallarıma cavab verir, gön­dər­diyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.

Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soy­daş­larının taleyinə biganə qalmaqda suçlayır, yana-yana de­yirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuat­larında, radio-televiziyalarında Suriyada döyüşlərin ço­xunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.

Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atıl­mır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xris­tian­ların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millət­lər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didər­gin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çək­mirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz min­lərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin