5
bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən
amillər ilə bağlıdır. Ortaq xarakter daşıyan mifoloji abidələrin bir çoxlarının sonrakı
dövrlərdə də müxtəlif türk xalqlarında izlərinə rast gəlmək mümkündür. Məsələn,
türklərin yaranış əfsanələrindən olan Ergenikondan çıxış və xilasedici bozqurdla bağlı
miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana gəlməsinə səbəb
olmuşdur. Qeyd edək ki, qurd bir totem kimi türk xalqlarının demək olar böyük
əksəriyyətində tarixən ulu əcdad, xilasedici, yolgöstərən, müqəddəs bir varlıq kimi
qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik təsəvvüründə özünəməxsus
parlaq bir yer tutmuşdur. Qurdun qorxmazlıq, toxunmazlıq simvolu kimi xalqın mifik
dünya görüşündə özünə yer tutması el arasında qurdun bədən əzalarına qarşı müxtəlif
münasibətlərin bu günə qədər qorunub saxlamasında da öz əksini tapmışdır.
Yeni dövr və orta əsrlər mədəniyyətlərindən fərqli olaraq arxaik
mədəniyyətlərdə nəinki ideoloji sahədə, hətta bütövlükdə etnik-mədəni sistem
daxilində elə bir gözəgəlimli diferensiasiya yoxdur. Onların başlıca səciyyəvi cəhəti
sinkretizmdir (bir şeyin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan ayrılmazlıq,
qovuşuqluq).
Arxaik sinkretizmin özülü və başlıca şərti mifologiyadır. Başqa sözlə,
bütövlükdə qədim mədəniyyətin, yaxud tək-tək etnik-mədəni sistemlərin bərpası üçün
birinci olaraq mifologiyanı öyrənmək gərəkdir. Onun ayrı-ayrı ünsürlərinin
araşdırılması və bu yolla milli mifologiyanın bərpası, öz növbəsində, konkret etnik-
mədəni sistemin bərpasını təmin edir.
Bugünkü ayrı-ayrı dillər və etnoslar çox-çox qədimlərdə mövcud olmuş
müəyyən etnolinqvistik (yaxud etnik-mədəni) birliklərdən törəmişlər. Belə birliklər
dövründə isə mifoloji düşüncə hakim idi və mifoloji sistem cəmiyyətin ideologiyası
kimi fəaliyyət göstərirdi. Müəyyən coğrafi, bioloji və nəhayət, ictimai-iqtisadi
amillərin təsiri ilə həmin birliklər təbii olaraq parçalanır (etnik və linqvistik
diferensiasiya); ictimai-siyasi şüurun inkişafı mifoloji sistemin rolunun azalmasına
səbəb olur. Yeni yaranmış hər bir etnik sistem isə mifoloji irsi tam yox, qismən
mənimsəyib yaşada bilir.
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərin
məzmunu “nizamlayıcı kosmik başlanğıcla dağıdıcı xaotik başlanğıcın mübarizəsi”,
dünyanın (kosmosun) yaranması, təbii obyektlərin formalaşması və b. hadisələrdən
ibarətdir. Dünyanın və kainatın sonu barədə süjetləri əhatə edən esxatoloji mifləri də
bu sıraya aid etmək gərəkdir. Çünki mifoloji düşüncədə kosmoqonik proses müəyyən
zaman və məkan sərhədləri olan dövri hadisə kimi qavranılır.
Dostları ilə paylaş: