Ə. Ağaoğlu
yazırdı: Quranın
mətni İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə
də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun
mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs
olunan yerlər elə dərin
həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir ki, buna Quranın
üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian
sektalarda olduğundan daha
hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin
ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan
Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə
dərk etmişdi və Məhəmmədin yaratdığı din,
onun təbirincə, İsanın dininin təhrif
olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın
təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”.
34
NƏTİCƏ
Burada sizə təqdim edilən Azərbaycan ədəbiyyatının həm şifahi, həm də yazılı
nümunələrində tolerantlığın, multikulturalizmin insanlar arasında
təbliğinə həsr
edilən çox sayda nümunələr vardır. Hər gün yaşadığı həyatında insanlara, digər
xalqın və dinin nümayəndələrinə mehriban olmayan
bir xalq belə bir ədəbiyyat
yarada bilməz. Demək olar ki, heç bir ədəbiyyat nümunəmizdə nifrət, digər xalqlara
və başqa dilərin təmsilçilərinə kəskin, aşağılayıcı münasibət əks olunmamışdır. Bu
Azərbaycan ədəbiyyatının yalnız zəngin multkultural köklərə malik olan Azərbaycan
xalqı kimi bir xalq tərəfindən yaradıla biləcəyini təsdiqləyir.
Qeyd edək ki, bu dövrdə formalaşan və mühüm ideya istiqamətlərindən biri olan
Azərbaycan maarifçiliyini öz xarakterinə görə bir-birindən fərqli iki mədəniyyətin
toqquşması nəticəsində yaranan ictimai-mədəni dirçəliş kimi qiymətləndirmək
mümkündür. Bu maarifçilik bir çox cəhətlərə
görə bir-birindən fərqlənən
mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf
etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Azərbaycan tarixi
boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir
çox dirçəliş mərhələləri
yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin,
istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist
milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır,
bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət
miqyasında da həll edir.