XIX əsr XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin dünyagörüşündə tolerantlıq və multikultiralizm ideyaları. XIX əsri Azərbaycan
tarixində yeni dövr kimi xarakterizə etmək mümkündür. Çünki, bu yeni dövr
Azərbaycanın ictimai-siyasi, sosial-fəlsəfi fikir tarixində bir sıra yeniliklər və
mütərəqqi istiqamətlərlə yadda qalıb. Məhz bu dövrdən etibarən ictimai menyuya
qabacıl ziyalılarımız tərəfindən xalqımızın öz milli kimliyini dərk edə bilməsi, azad
olması, və s. yöndə ideyalar təklif olunmuşdur. Doğrudur, bu dövrdə yaşamış
mütəfəkkirlərimiz öz əsərlərində birbaşa milli azadlıq və milli dövlətçilik
problemlərini qoymayıblar. Ancaq onların gördüyü işlər - xalqın öz milli özünüdərki,
savadlanması, maarifçilik, milli mətbuatın yaranması, məktəblərin açılması və s.
dolayısı ilə də olsa, məhz buna xidmət etmişdir.
Azərbaycan maarifçiliyi – bir-birindən fərqli iki mədəniyyətin toqquşması
nəticəsində yaranan ictimai-mədəni dirçəlişdir. Bu maarifçilik bir çox cəhətlərə görə
bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi
mühitində inkişaf etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir.
Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox
dirçəliş mərhələləri yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli
özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi
dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi
yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq,
millət miqyasında da həll edir.
Bu dövr Azərbaycan maarifçilərini fərqləndirən əsas cəhətlərdən biri o idi ki,
onlar haqq sözü nəsihətçilik tənəsindən xilas edərək, sözə, sənətə, fəlsəfi fikrə yeni
məzmun verərək, cəsarətli fikirlər irəli sürürdülər. Xatırladaq ki, əvvəlki dövrlərdə
Azərbaycanın böyük fikirlər sahibi olan mütəfəkkirlərinin əsərlərində irəli sürülən
humanist ideyalar öz xarakterinə görə nəsihətçilikdən uzağa gedə bilməmiş və onlar
fikirlərini açıq-açığına xalqa catdıra bilməmişdilər. Bu barədə Mirzə Fətəli yazırdı:
"Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün
ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalımın təbiətinə qətiyyən təsir
etmir. Buna görə də millət özü, dinin maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək
birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yek cəhət olub, zalıma müraciətlə
dedi: "Səltənət və hökumət büsatından əl çək!".