24
mövcuddur və onu başqa varlıqlardan ayıran da məhz bu xüsusiyyətdir, onun kamala
çatması üçün də birinci növbədə bu cəhətin inkişaf etdirilməsi ən vacib məsələdir.
Sonra Tusi nəzəriyyə ilə təcrübənin, elmlə əməlin əlaqəsindən danışır. Tusiyə
görə, bunların vəhdəti olmadan inkişaf və kamillik qeyri-mümkündür.
Bütün əsər boyu əmək, fəaliyyət, hərəkət, işgüzarlıq
təbliğ edən Tusi
“səadətin” yalnız şüurlu zəhmət nəticəsində mümkün olacağını elmi dəlillərlə
əsaslandıraraq hazır-nazir nəsib olan xoşbəxtlikləri “səadət” hesab etmir.
Birinci məqalənin on fəsildən ibarət olan ikinci hissəsi “məqsədlərə”həsr
edilmişdir ki, onun da əsas qayəsi “əxlaqı saflaşdırmaq”dan ibarətdir
Başqa fəzilətlərə nisbətən “ədalət” haqqında Tusi daha geniş danışaraq, onun
fəlsəfi, ictimai-siyasi mahiyyətini açmağa çalışır. Hər şey dən əvvəl, Tusi “ədaləti”
yerdə qalan bütün fəzilətlərdən daha şərəfli hesab edir. “Ədalət” anlayışı
müəyyənləşdirildikdən sonra onun təsnifatı başlayır və məntiqi nəticələr çıxarılır.
Tusi xalq arasında ədaləti bərpa etməkdə ən azı üç amilin olmasını zəruri hesab edir.
Bunlardan birincisi — “ilahi namus” (insanın vicdan səsi), ikincisi — “insani hakim”
(adil münsif), üçüncüsü — “dinar”, yəni puldur. Vicdan olmadan bərabərliyin
mümkün olmadığını dedikdən sonra, “dinar” yəni pul və “insani hakim”, yəni ədalətli
münsifin zəruriliyini belə əsaslandırır: “...Mədəni adamlar təbiətcə yaradıcıdırlar,
məişətcə isə bir-birinə kömək etmədən dolana bilməzlər. Kömək ondan ibarət olar ki,
biri o birinə xidmət edər, birindən alıb o birinə satarlar, elə edərlər ki,
müvazinət,
tarazlıq və bərabərlik pozulmasın. Məsələn, xarrat öz əməyinin məhsulunu rəngsaza
verər, rəngsaz da öz növbəsində əməyinin məhsulunu ona təklif edər. Bu zaman
xarratın hazırladığı şey rəngsazınkından daha yaxşı, daha çox və ya əksinə ola bilər,
buna görə zəruri olaraq bir tarazlaşdırıcı, bərabərləşdirici vasitəyə ehtiyac meydana
çıxar, o da “dinar” (pul) olar”. Tusi pulun belə “ədalət” vasitəsi olduğunu
əsaslandırdıqdan sonra onuntək, özbaşına, mübadilədə həlledici rol oynaya
bilməyində mütləq bir etibarlı “dilli” münsifə ehtiyacı olduğunu irəli sürür ki, o da
hakim (münsif) insandır. Müəllif daha sonra “ixtisaslaşmış” və “adi əmək” arasında
fərq qoyaraq ədalət haqqında öz fikrini belə yekunlaşdırır: “Çox zaman az əmək çox
böyük
zəhmətlərə bərabər olur, məsələn, mühəndisin bir baxışı bir çox əməllərin
zəhmətlərindən, sərkərdənin gördüyü tədbir saysız-hesabsız döyüşçülərin
vuruşlarından yüksək qiymətləndirilir və bu, ədalətli hesab edilir.
Tusiyə görə Ədalətin birinci şərti odur ki, xalqın müxtəlif təbəqələri arasında
uyğunluq yaradılsın. İnsanın sağlamlığı dörd ünsür arasındakı tənasüblükdə olduğu
kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyində olar.
Tusi ictimaiyyəti yaxşı, ədalətli dolandırmaq, onların halına qalaraq güzəranın
gözəl keçməsini təmin etmək elminə “ictimaiyyət hikməti” adı verir və üçüncü
məqalənin məhz bu elmə həsr edildiyini yazır. Tusi “ictimaiyyət” elminə son dərəcə
böyük qiymət verdikdən, onu hamının öyrənməli olduğunu
qeyd etdikdən sonra
insanlar arasında olan ictimai formaların təhlilinə keçir və ilk ictimai forma kimi
“ailəni” göstərir, sonra “məhəllə”, daha sonra “şəhər”, ondan sonra “böyük xalqlar”,
nəhayət, “bütün dünya icması” gəlir. Beləliklə, Tusi dünyada beş ictimai formanın
olduğunu qəbul edir, bunlardan “kiçiklərinin” “böyüklər” tərkibinə daxil olaraq
onların üzvi bir hissəsini təşkil etdiyini deyir, sonra ümumiləşdirmə apararaq yazır:
“Hər bir adam bir evin (ailənin) tərkib hissəsi olduğu kimi, hər ev bir məhəllənin
25
tərkib hissəsi, hər məhəllə
bir şəhərin tərkib hissəsi, hər şəhər bir xalqın (ölkənin)
tərkib hissəsi, hər xalq bütün dünya əhalisinin tərkib hissəsi olar”. Beləliklə, Tusi
cüzlə küll, bir fərdlə dünya əhalisi arasında sıx üzvi bir rabitənin olduğunu əyani
olaraq göstərir, ayrı-ayrı adamların taleyinə biganə qalmağın doğru olmadığına işarə
edir. O yazır: “Dünya əhalisinin ictimai quruluşu belə bir sistem (qarşılıqlı ictimai
əmək və kömək sistemi) təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tək yaşamaq,
inzivayə çəkilmək xəyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün
köməklərindən imtina etdiyi üçün tənhalıq dəhşəti içərisində, əzab, əziyyət və
məhrumiyyətlər çəngində məhv olar. Bəziləri belə həyatı fəzilət sayır. Məsələn, bir
qismi “ibadət”, “zöhd” bəhanəsi ilə mağaralara çəkilib yaşayır, buna “tərkidünyalıq”,
“abidlik” “zahidlik” adı
verirlər; bir dəstəsi gözlərini xalqın mərhəmət əlinə tikib
sədəqə gözləyir, əlini ağdan-qaraya vurmayır və buna “təvəkkül” adı qoyurlar; bir
zümrəsi səyahət məqsədilə dünyanı şəhər-şəhər dolanır, bir yerdə yurd salıb əməklə
məşğul olmur, ünsiyyət saxlamır, sonra da deyirlər ki, dünyadan ibrət dərsi alırlar,
bunu fəzilət sanırlar; belə adamlar və bunlara oxşayanlar başqalarının köməkli əmək
sayəsində istehsal etdikləri nemətlərdən, əvəzində heç bir şey vermədən, istifadə edir,
onların yeməklərini yeyir, paltarlarını geyir, pullarını isə ödəmirlər,
bəşəriyyətin
inkişafı üçün lazım olan işlərdən boyun qaçırdıqlarından, rəzilətlərə aludə olub tərki-
dünyalığı seçdiklərindən təbiətlərində qüvvə şəklində gizli saxlanan istedadlarını
faydalı əməyə sərf etmirlər. Kütbeyin adamlar hələ belələrinin fəzilət sahibi
olduqlarını da düşünürlər. Bu ehtimal, şübhəsiz, xam xəyaldır”.
Dostları ilə paylaş: