İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, “Cenevrə regionu” Assosiasiyası (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi.
BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildəCenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə işçilərinə Beynəlxalq status verildi.
1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi – fövqəladə hallar baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır.
BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir.
BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökümətlərarası səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində geniş fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir.