İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır: - İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti, tabelikdəki heyətə yüksək tələbkarlıq göstərilməsini, icraçının boyun qaçırmaq üçün subyektiv, yaxud obyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.
- İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə nəzərə alınması deməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə və icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.
- İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir.
- İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir.
- İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.