B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
II
Nitqin yığcamlığı, nitqin təmizliyi, nitqin düzgünlüyü. Cümlənin düzgün qurulması.
 
 
Nitqin yığcamlığı geniş anlayışdır. Yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın şəkildə 
ifadə olunması nəzərdə tutulur. Kamil adamlar hər zaman deyəcəklərini ölçüb-biçmiş, geniş 
mətləbləri yığcam şəkildə ifadə etməyə çalışmışlar. 
Yığcamlıq nitqdə sözçülüyə qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən iki formada özünü 
göstərir: 1. Nitqdə artıq söz və ifadələrin işlənməsi, fikrin təkrarı;
2.Çox danışmaq, uzunçuluq. 
Nitqin yığcamlığı tələb edir ki, söylənilən fikir mümkün qədər az sözlə ifadə olunsun. Məs: son 
zamanlar vurğulamaq sözü nəzər-diqqəti cəlb etmək, diqqət vermək, yada salmaq ifadələrini əvəz 
edir. Bu cür əvəzolunma nitqin yığcamlığı baxımından məqbul sayılır. 
Sözçülük eyni fikrin müxtəlif cümlələrlə verilməsində də özünü göstərir. Azsavadlı adamların 
nitqində konkretlik, yığcamlıq az olur. Onların nitqində əşya və hadisələr barədə “yaxşıdır”, 
“maraqlıdır” və s. kimi faktlara əsaslanmayan rəylərə tez-tez təsadüf olunur. Professor 
A.Abdullayev göstərirdi ki, əşya və hadisə barədə “ümumiyyətlə” danışmaq, fikir irəli sürmək 
olmaz.
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının 
danışığına bu cəhətdən tənqidi münasibət bəsləməli, yığcam, məntiqi danışmağı bacarmalıdır. 
Qədim Yunanıstanda nitqin yığcamlığına xüsusi əhəmiyyət verilirdi. Spartada yeniyetmələrə bir 
neçə sözlə çox şeyi ifadə etmək öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. Sonralar spartalılar 
nitqin bu cəhətini daha da inkişaf etdirdilər. Qədim Yunanıstanda “lakonik danışıq” anlayışı yarandı. 
İngilislər, amerikanlar danışıq və yazılarında yığcamlığa ciddi fikir verirlər. Onlar insanı 
müəyyən münasibətlə təbrik etmək istədikdə “təbrik edirik” cümləsini yazır və zərfə qoyub 
göndərirlər. 
Nitqin yığcamlığı natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq, fikirlərə 
genişlik” prinsipini əsas götürərək geniş mətləbləri yığcam şəkildə, faktlar əsasında dinləyicilərə 
çatdırmağı bacarmalıdır. 
Nitqin təmizliyi. Mədəni nitqdə əsas tələblərdən biri də onun təmizliyidir. Bu, o deməkdir ki, 
ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, frazeologizmlər, cümlələr ə s. ) nitqdə 
işlədilməməlidir. 
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır. 
1.
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir. Çox 
vaxt dialekt və şivələr ziyalıların da nitqində özünü göstərir. Məs: əyərlərim (əgər), genə 
(yenə), münasibat (münasibət), yanı (yəni) və s. Belə şivə sözlərinin işlənilməsi nitqi 
korlayır. 


2.
Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər, kütləvi informasiya 
vasitələri ilə mənası az anlaşılan, tələffüzü çətin olan sözlərə çox yer verirlər. Məs: 
reabilitasiya, regional. Belə sözlər şərh olunan məsələnin mənimsənilməsini çətinləşdirir. 
Lakin bu o demək deyildir ki, təmizlik xatirinə elm, texnika və digər sahələrin inkişafı ilə 
bağlı son zamanlar dilimizə keçirilmiş söz və ifadələrdən imtina edilməlidir. Dəstək, 
basqı, bölgə, olay, özəl, önəmli, yetərsay və s. kimi sözlərin ifadə etdiyi məna dilə, 
tələffüzə yatımlılıq baxımından uyğundur, hazırda onlardan ünsiyyətdə geniş istifadə 
olunur. Bir sıra söz və hadisənin dilimizdə uyğun adı olduğu halda alınma sözlərlə 
adlandırılması dili korlamaqdır. Məs: soyuducu əvəzinə xolodilnik, tozsoran əvəzinə 
pılesos, sənəd əvəzinə dokument, fincan əvəzinə çaşka və s. 
3.
Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri cümləni qura bilmədikdə 
zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Adın sən de, nədir, canım sənə desin və s. kimi 
söz və ifadələrdən istifadə etməklə nitqi korlayırlar.
4.
Jarqon sözlərin və ifadələrin işlədilməsi. Məs: voobşe, znaçit, toçno, tak çto və s. kimi 
sözlər dilin təmizliyinə xələl gətirir.
5.
Mədəni danışıqda başqasını təhqir etmək məqsədini daşıyan söyüş, qeyri-etik söz və 
ifadələrə ( anqırmaq, bağırmaq, qanmaq və s.) yol verilməməlidir. 
Nitqin düzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük 
həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin bunun üçün təkcə 
bunu gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki
onların nitqini anlamaq mümkün olmur. Belələrinin nitqi cansız, təsizrsiz və qüsurlu olur. Düzgün 
nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da 
riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər 
aydın olmalı, münasib sözlər seçməli və düzgün tələffüz edilməli, sözün təsir gücünü artıran 
vasitələrdən yerində istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən 
fikrin reallıqla bağlılığı, gerçəkliyin, hadisə və predmetlərin olduğu şəkildə əks etdirilməsidir. 
Reallıqdan uzaq nitq təsirsiz, maraqsızdır.
Natiq öz çıxışı ilə dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman 
mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasənda qurulsun. Bu baxımdan ulu 
öndərimiz H.Əliyevin çıxışlarını nümunə kimi göstərmək olar. O, izahedici nitqi ilə insanları 
müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu.
Nitqdə reallıqdan uzaqlaşma, əsasən iki səbəbdən irəli gəlir. Birincisi, mühazirəçinin bilərəkdən 
faktları, hadisələri təhrif olunmuş şəkildə şərh etməsi. Məs: layiq olmadan edilən təriflər, 
nöqsanların ört-basdır olunması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır.
Nitqi reallıqdan uzaqlaşdıran digər səbəb danışanın nitq predmeti haqqında səthi məlumata sahib 
olmasıdır. Məs: ölkəmzin xarici siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin çıxışı maraqsız 
olur, yaxşı dinlənilmir. 
Cümlənin düzgün qurulması. Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün 
qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, fikrini dolğun, aydın, təsirli 
cümlələrlə ifadə etməyi bacarmalıdır. Onun nitqi bədii təsir vasitələri-sinonimlər, frazeolioji 
birləşmələr, atalar sözü, aforizmlər və s. ilə zəngin olmalıdır. Belə obrazlı ifadələr yerində 
işlənildikdə nitq xoşagəlimli olur, onun təsir gücü artır. 


Şifahi nitqin qüsurlarından biri də cümlələrin düzgün qurulmamasıdır. Natiq cümlə qurmaq 
bacarığını təkmilləşdirməli, nitqində uzun, dolaşıq təmtəraqlı cümlələrə yol verməməli, fikirlərini 
aydın ifadə etməlidir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir tərzdə söylənilməlidir. Bu 
zaman ədəbi tələffüz qaydaları gözlənilməli, diksiyaya, nitq fasiləsinə, məntiqi vurğuya və s. əməl 
olunmalıdır.
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə həcmcə böyük cümlələrin işlədilməsidir. 
Belə cümlələr nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir.
Məlumdur ki, danışan öz fikrini təkcə sadə və mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin 
hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb fikirlər, şübhəsiz ki, 
daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə deyilməli və ya yazılmalı, artıq, lüzumsuz 
söz və ifadələrə yol verilməməli, sözlərdən qənaətlə istifadə olunmalıdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin