- Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xaricdən Azərbaycanın təhlükəsizliyinə olan hədə və təhdidlərin müəyyən edilməsi və onların qarşısının alınması
- Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xaricdən Azərbaycanın təhlükəsizliyinə olan hədə və təhdidlərin müəyyən edilməsi və onların qarşısının alınması 2015-ci ildən sonrakı dövr üçün İnkişaf Gündəliyinin qəbul olunmasına dair BMT Sammitinin yekun sənədində dövlətlərin beynəlxalq hüquqla təsbit olunmuş hüquq və vəzifələri xatırladılaraq və ölkəmizin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilərək bildirildi ki, sülh olmadan davamlı inkişaf yoxdur və davamlı inkişaf olmadan sülh yoxdur.
Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Terror təhlükəsi yeni forma və təzahür alır. Özünü dövlətə bənzər qurum kimi təqdim edən terrorçu qruplar qarşısında beynəlxalq təhlükəsizlik sistemi acizlik göstərir. Multikulturalizmin alternativi olan ksenofobiya, ifrat millətçilik, irqi ayrı-seçkilik, islamofobiya meyilləri güclənir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul olan təsisatlar üzərlərinə düşən öhdəliklərini effektiv şəkildə yerinə yetirmir. Transmilli hədə və təhdidlərlə bərabər, güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulması ilə müşayiət olunan və beynəlxalq münasibətləri sarsıdan ənənəvi təhlükələr də tüğyan etməkdədir. "Soyuq müharibə" dövrünə xas olan hərbi bloklaşma siyasəti davam edir, yeni ayırıcı xətlər çəkilir və "dəmir pərdə"lər asılır. Qlobal maliyyə-iqtisadi böhran dərinləşir və onun qarşısını almaq üçün yeni tənzimləyici mexanizmlər formalaşdırılmır. Dünya neft bazarı və qlobal ticarət siyasi konyunkturanın və manipulyasiyanın qurbanına çevrilir.
Belə bir şəraitdə Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün çoxqütblü, beynəlxalq hüququn norma və prinsiplərinə və qanunun aliliyinə əsaslanan beynəlxalq münasibətlər sisteminin qurulması naminə səy göstərir.
Azərbaycan, həmçinin nizamnamə əsaslı beynəlxalq siyasi-iqtisadi təsisatların rolunun gücləndirilməsi və effektivliyinin artırılması, xüsusilə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının islahı, Şuranın mandatı əsasında sülhməramlı əməliyyatlarda iştirak, qlobal səviyyədə sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsi, davamlı inkişaf məqsədlərinin icrasına töhfə verilməsi, qabaqcıl təcrübə mübadiləsi və humanitar yardımlar vasitəsilə beynəlxalq sistemin möhkəmlənməsinə öz dəstəyini verir.