Açar sözlər: Azərbaycan dilçiliyi, BDU, sintaksisi məsələləri, mətn dilçiliyi. PROF. ZEMFİRA ŞAHBAZOVA, DOS. ƏV. MEHRİBAN ƏLİZADƏ Bakı Dövlət Universiteti “DİLİM – TALEYİM MƏNİM” DEYƏN GÖRKƏMLİ ALİM – SAMƏT ƏLİZADƏ Əməkdar elm xadimi, filologiya elmləri doktoru, BDU-nun Türkologiya kafedrasının mərhum
professoru Samət Əlizadənin tədqiqat əsərləri Azərbaycan filologiyasının müxtəlif sahələrinin – tarixi
qrammatika, etimologiya, mətnşünaslıq, poetika və ədəbi dil tarixinin fundamental məsələlərinə həsr
olunmuşdur. Onun “XVI əsr Azərbaycan ədəbi dili”, “Klassik Azərbaycan şairləri söz haqqında”,
“Azərbaycan ədəbi dili tarixindən praktikum”, “Orta əsrlərdə Azərbaycan yazı dili”, “Əski Azərbaycan
yazısı”, “Şah beytlər” və b. kitabları bu qəbildəndir. Azərbaycan filologiyasında Həsənoğlunun türkcə
üçüncü şeiri, “Əhməd Hərami dastanı” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi,
türkologiya üçün böyük önəmi olan folklor və dil abidəsi “Oğuznamə”nin əlyazmasının “kəşf” edilib üzə
çıxarılması və nəşr olunması S.Əlizadənin dəyərli işlərindəndir.
S.Əlizadənin Nəsimi, Xətai, Füzuli kimi böyük sənətkarların dilinin tədqiq edilməsində xüsusi
xidmətləri var. Füzulinin poetik dilinin şərhinə həsr edilmiş “Şah beytlər” əsəri klassik şeir dilinin müasir
oxucuya təqdim edilməsinin əvəzsiz nümunəsidir. Alimin “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı
araşdırmaları elmi yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edir. Onun hazırladığı “Kitabi-Dədə
Qorqud” dastanının tənqidi mətni və sadələşdirilmiş variantının, “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının I
cildinin nəşri yalnız Azərbaycan dilçiliyində deyil, ümumən qorqudşünaslıqda əlamətdar hadisə idi.
S.Əlizadənin bu abidə ilə bağlı tədqiqatları türkologiyada qorqudşünaslığın xüsusi bir mərhələsi kimi
dəyərləndirilir.
Dilçiliyimizdə XVI əsr Azərbaycan ədəbi dilinin fundamental səviyyədə araşdırılması da Samət
Əlizadənin adı ilə bağlıdır. O, “Azərbaycan ədəbi dili tarixi” adlı 4 cildlik əsərin həmmüəlliflərindən biridir.
S.Əlizadənin zəngin və çoxşaxəli yaradıcılığının bir qolunu da onun müasirləri – söz sənətkarlarının
poetik dili ilə bağlı silsilə məqalələri təşkil edir. C.Cabbarlı, M.Müşfiq, Ş.Abbasov, G.Hüseynoğlu,