Zərərçəkənlərə ilk tibbi yardım
Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış
və ya qəfildən xəstələnmiş
şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk
həkiməqədər yardımın böyük əhəmiyyəti vardır.
İlk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər aşağıdakılardır.
Alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi
yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin
qapalı masajı, yaralara sarğı qoyulması və s.).
Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə
çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi
yardım çağırmaq lazımdır.
İlk yardım göstərərkən hadisə yerini
diqqətlə nəzərdən keçirmək, şəraiti
qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz
qalmasın (elektrik cərəyanı, uçqun və s.). Zərərçəkmişi düşdüyü əlverişsiz şəraitdən
elə ehtiyatla çıxarmaq lazımdır ki, o, əlavə travma almasın, vəziyyəti ağırlaşmasın.
Onu sakit bir yerdə uzatmaq, bel kəmərini və yaxalığını boşaltmaq, üstünü örtmək
və tibbi yardım çağırmaq lazımdır. Vaxt amili burada çox əhəmiyyətlidir: bəzən
xəstənin qısa müddətdə tibb müəssisəsinə çatdırılması onun həyatını xilas etmək
üçün kifayət edir. Bu zaman istənilən yolüstü nəqliyyatdan da istifadə etmək olar.
Çox zaman zərərçəkən adama yardım göstərərkən onun paltarını soyundurmaq
lazım gəlir.
Ümumi qayda belədir ki, paltarı əvvəlcə bədənin sağlam tərəfindən
çıxarmaq lazımdır.
Xəstə huşsuz vəziyyətdədirsə, onun başını yana çevirmək lazımdır ki, qusuntu
kütləsi sərbəst gəlsin və tənəffüs yollarına düşməsin.
Zərərçəkmiş şəxsin ürək və tənəffüs fəaliyyəti dayanmışsa, bu heç də həmişə onun
ölməsi demək deyil. Məsələn, ürək fəaliyyəti və tənəffüsün dayanması çoxlu qan
itirmə, tənəffüs
yoluna yad cismin düşməsi, elektrotravma, suda batma, kəskin
zəhərlənmə, torpaq uçqunu altında qalma nəticəsində baş verirsə,
dərhal ürəyin
qapalı masajına və süni tənəffüsə başlamaq lazımdır.
Zərərçəkmişi arxası üstə döşəməyə və ya düz yerə uzatmaq lazımdır. Yardım
göstərən şəxs yan tərəfdə duraraq əllərini bir-birinin üstündə yerləşdirir və xəstənin
döş sümüyünün aşağı hissəsinə qoyaraq öz bədəninin ağırlığı ilə döş qəfəsini ritmik
şəkildə (dəqiqədə 80-100 dəfə) aşağıya- onurğa sütununa doğru sıxır. Yardım
göstərən tək olduqda, hər 10 ritmik hərəkətdən sonra zərərçəkmişin ağ ciyərlərinə
"ağızdan ağıza " və ya " ağızdan buruna" 2 dəfə hava üfürür. Yardım göstərən 2
nəfər olarsa, bir nəfər ürəyin qapalı masajını həyata keçirir, digər xilasedici isə süni
tənəffüs verir. Bu zaman ehtiyatla hərəkət etmək, xəstəyə əlavə travma verməmək
lazımdır. Ürəyin qapalı masajı və süni tənəffüs ürək fəaliyyəti bərpa olanadək
davam etdirilir. Bu zaman zərərçəkmişin yuxu arteriyasında nəbz vurğusu əmələ
gəlir. Sifətində, dodaqlarında göyərmə azalır, bəbək refleksi bərpa olur, qan təzyiqi
yüksəlməyə başlayır. Süni tənəffüs vermək üçün əvvəlcə zərərçəkənin ağız
boşluğu, burnu selikdən, qumdan, torpaqdan, lildən, qusuntu kütləsindən və s.
təmizlənməlidir. Diş protezi varsa, çıxarılmalıdır. Bundan sonra xəstənin başı geri
dartılır, ağzına təmiz tənzif və ya dəsmal örtülür, burnu barmaqla sıxılır, dərindən
nəfəs alır, havanı sürətlə zərərçəkənin ağzına üfürürlər.
Bu zaman döş qəfəsinin
genişlənməsi havanın ağciyərlərə daxil olmasını göstərir. Xəstənin nəfəs verməsi
passiv şəkildə döş qəfəsinin elastikliyi hesabına baş verir. Xəstənin tənəffüsü bərpa
olana qədər süni tənəffüs davam etdirilir.
Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola
bilər. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Arterial, venoz və
kapilyar qanaxmalarını fərqləndirmək lazımdır. Ən
təhlükəli qanaxma arterial
qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur
və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı
saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı
vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən
yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır.
Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq
lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3
dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks
halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan
fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı
dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır.
Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və
qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə
hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək,
burun
pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən
qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq
vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar
vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu kofe çöküntüsünə oxşayır)
xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı,
yeməyə və maye
qəbuluna icazə verilməməlidir.
Əzilmə, burxulma, çıxıqlar zamanı zədələnmiş nahiyəyə sakitlik vermək, soyuq
qoymaq və xəstəyə ağrıkəsici dərman vermək lazımdır. Sınıqlar zamanı ətrafa şina
qoyulmalıdır. Bunun üçün hər hansı taxta parçasından istifadə etmək,
yaxud
zədələnmiş ayağı sağlam ayağa, zədələnmiş qolu bədənə sarımaq olar. Xəstəyə
ağrıkəsici vermək travmatik şokun qarşısını ala bilər. Açıq sınıqlarda yaranın ətrafı
yodla silinməli və təmiz sarğı ilə örtülməlidir.
Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və
bu hər kəsin insanlıq vəzifəsidir.