Bakı bulvarının yaranması tarixi
Ilk “yaşıllıq sahəsi” Bakıda planda 1859-cu ildə göstərilmişdir. Bu yaşıllıq XIX əsrin 40-cı illərində 4,6 ha sahədə salınmış “Mixaylov” (qubernator) bağı idi. Mixaylov bağından başqa Bakıda ümumi istifadə də olan bağlardan biri hazır ki Dəniz Kənarı parkın bir hissəsi olan bulvar idi. Daha iri park bağlarından biri “Villa-Petrolea” indiki Nizami parkıdır ki, 1882-83-cü illərdə Nobel qardaşları tərəfindən salınmışdır. 1887-ci ildə “Parapet bağçası”, “Marinsk bağçası” (Malakan bağı), 1882-ci ildə dəmir yol vağzalı yanında bağ salınmışdır.
Bakı şəhərində yaşıllıqların genişləndirilməsi ilə əlaqədar olaraq 1934-cü ildə Bakı şəhərində Nəbatət bağı təşkil edilir və burada bitkilərin introduksiyası üzrə elmi – tədqiqat işləri aparılır.
Bakı şəhərində ümumi yaşıllıqların sahəsi min ha, parkların sayı 13 olub, sahəsi 489 ha, bağların sayı 19, sahəsi 93 ha, bağçaların sayı 17 olub, sahəsi 127 ha-dır. Dəniz kənarı parkın sahəsi 63 ha, Botanika bağının sahəsi 41 ha-dır. Son illərdə yaşıllıqlara diqqət artırılmış, Bakı və eləcə də respublikamızın digər rayonlarında yeni park – bağların salınmasına, köhnə yaşıllıqların bərpası və onlara qulluq işlərinə diqqət artırılmışdır.
İlk bulvar Qərbi Avropada XVII- XVIII əsrlərdə yaradılıb. Öz təyinatina görə onlar skverdə sıravi küçə əkililərinin aralarındakı rolu oynayır. Bulvarın yerləşdirilmələrinin aşagıdakı üsulları var:
hər iki tərəfdən nəqliyyat hissələri;
küçənin orientasiyasından asılı olaraq (onun eni iki bulvar yaratmaq imkanı vermədikdə). Şimal-cənub orientasiyası küçələrdə bulvarları qərb tərəfdə, en orientasiyalı küçələrdə şimal tərəf boyunca yerləşdirmək lazımdır.
Bulvarın planlaşdırma həlli onun enindən və piyada hərəkəti axınından asılıdır.Bulvarın bir piyada xiyabanında eni 18 m az olmalıdır. Hərəkət hissələri və səkilər arasındakı küçələrin salınma bulvarlar 10 m enində ola bilərlər. Bulvarın eni 30 m çox olarsa ayrı-ayrı qrup ağac, kol, gül kompozisiyasından, ərazinin landşaft həllində istifadə etmək məqsədə uyğun ola bilər.
Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrilmalıdır. Bulvarda əkilən ağaclar şəhər şəraitinə davamlı olmalıdır, onların yarpaqları kifayət qədərə sıx olmalıdır ki, bura gələnləri kənar təsirlərdən qorusun, ağac köklərinin sistemini isə səki örtülərini zədələməməlidir. Bakı bulvarının yüz illik tarixi var. Dəniz kənarında bulvar salmaq məsələsi Bələdiyyə idarəsində dəfələrlə müzakirə edilmişdisə də, əsl əməli işə yalnız 1909-cu ildə istedadlı mühəndis Məhəmməd Həsən Hacınskinin rəhbərliyi altında başlanır. Bələdiyyə idarəsi bulvar salmaq üçün 60.000 manat pul buraxmağı qərara alır. Bakı varlıları da xeyli kömək edir. Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. Bulvar şəhərin dəniz fəsadı olduğunu nəzərə alaraq müsabiqə elan edilir və tanınmış, adlı-sanlı memar və inşaatçı mühəndislər işə qoşulur. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. Fərdi sifarişlər yerinə yetirməyinə baxmayaraq bu müsabiqədə Zivərbəy Əhmədbəyov, Ploşko, Termikelov, Edel və tanınmış başqa istedadlı mütəxəssislər ürəkdən çalışırlar. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis K. V. Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İlk mərhələdə bulvar “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzanacaqdı. Bu arada sahildə sınıq-sökük qayıqlar, köhnə yelkənli gəmilər vardı, çirkli sular axıb dənizə tökülürdü. Mühəndis N.Q.Bayevin layihəsi əsasında bulvarın qabağında əzəmətli, təmtəraqlı kupalni (dəniz hamamı) tikilir, bu da sahil küçəsinin və bulvarın hər cəhətdən bədiiliyini qat-qat artırır. Bu bina uzaqdan ağac şaxələri, yaşıl örtük və yarpaqlar arasından yay sarayını xatırladırdı. Kupalninin tikilməyi münasibətilə “Kaspi” qəzeti yazırdı: “Su üzərində ucalan Bakı dəniz hamamı diqqətə şayan gözəl bir binadır. Nitse istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl, geniş ikinci bir bina yoxdur”. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir. Bunlardan Eldar şamı, Hələb şamı, Türküstan qovağı, Livan kedri, Luzitan sərvi və başqalarını göstərmək olar. Müxtəlif dövrlərdə dənizkənarı bulvarda genişləndirmə işləri aparılıb. Buna misal olaraq 1950-60-cı illərdə bulvarda əl oyunları stadionunun, "Sahil" kafesinin tikintisi, S.Vurğun adına yay kinosalonunun yenidən qurulması, fəvvarələrin quraşdırılması, yeni xiyabanların salınması, ümumiyyətlə bulvarın kompleks şəklində abadlaşdırılması və inkişafı sahəsində işlərin aparılmasını göstərmək olar. Parkda Azərbaycanın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərini nümayiş etdirən sərgi pavilyonları da quraşdırılıb. 1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi. Hazırda parkın uzunluğu 3 kilometr 750 metrdir. Sahildən Neftçilər prospektinə qədər bəzi yerlərin eni 350, bəzi yerlərin eni isə 500 metrdir. Milli Park «Azneft» meydanından – Əl Oyunları İdman Sarayının yanından başlayır və dəniz limanının yaxınlığında bitir. Dənizkənarı Milli Park Bakı sakinlərinin və qonaqların ən çox xoşladıqları gəzinti və istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi məkandır. Bununla belə, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində ölkədə baş verən böhran dənizkənarı bulvardan da yan ötməyib. Burada istirahətə aid olmayan obyektlər tikilib, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin bir qismi məhv olub. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi "Təbiəti mühafizə və təbiətdən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında fərman imzalayıb. Bundan sonra görülən işlər sayəsində Dənizkənarı Milli Parkın siması tamamilə dəyişib, müasir infrastruktur və bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib. Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işlərini Prezident İlham Əliyev də daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı bir neçə dəfə dənizkənarı parka gələrək görülən işlərlə maraqlanıb, tapşırıq və tövsiyələr verib. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı deyib: "Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi. Yadınızdadır, orada daşlar qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi. Ancaq bu gün elə şərait yaratmışıq ki, insanlar düz dənizin qırağı ilə gəzə bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf olsun və heç bir qoxusu olmasın. Buna nail olmaq üçün orada bütün təmizləyici tədbirlər görülməlidir, özü də çox böyük sürətlə". Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlaşdırma işləri nəticəsində uzunluğu 3,7 kilometr, eni isə 250-300 metrə çatan ərazidə asfalt örtük tam götürülüb və yerinə qırma-dekorativ daşlar döşənib. Çoxlu ağac və gül kolları əkilməklə yaşıllıq zolaqları genişləndirilib. Parkdakı məhəccərlər, işıqlandırma sistemi tamamilə yeniləşdirilib. Parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər, ən müasir standartlara cavab verən attraksionlar quraşdırılıb. Hazırda burada respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün daha geniş imkanlar var. Əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi, kütləvi bayram və şənliklərin, ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon sərgilərinin, o cümlədən kütləvi idman tədbirlərinin keçirilməsi üçün yaradılan şərait ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Dənizkənarı Milli Park ərazisində Bakı Muğam Mərkəzinin, sahildən bir qədər aralıda Yaxt Klubun, Bakı Biznes Mərkəzinin inşası əraziyə xüsusi gözəllik verir. Bir sözlə, Bakı sakinlərinin və qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biri olan Dənizkənarı Milli Park indi yeni inkişaf mərhələsini yaşayır. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən bu parkda təmir-tikinti işləri geniş vüsətlə davam edir. Yaxın gələcəkdə bulvarın ərazisi Bibiheybət və Zığ istiqamətlərinə doğru genişləndiriləcək, ümumi uzunluğu 25 kilometrə çatdırılacaq. Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri özünün tarixi-memarlıq görünüşünə görə onu dünyanın digər iri şəhərlərindən fərqləndirən xüsusatlara malikdir. Bunlardan şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəni əhalinin əsas gəzinti və istirahət yerlərindən biri olan və Bakıya gələn xarici qonaqların böyük maraq göstərdikləri Dənizkənarı bulvardır.
Dostları ilə paylaş: |