Feilin təsriflənməyən formaları. Şəxsə və kəmiyyətə görə dəyişməyən feil formalarına feilin təsriflənməyən formaları deyilir. Bu cür feillər feilin bəzi əsas əlamətlərini (təsdiq-inkar, təsirli-təsirsiz, növ bildirmə) saxlayır, feillərlə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır. Belə formalar 3-dür: məsdər, feili sifət, feili bağlama.
Məsdər
Həm feilin, həm də ismin əlamətlərinə malik olan sözlərə məsdər deyilir. Məsdər feilin başlanğıc forması üzərinə –maq2 bəzən də -ma2 şəkilçisi artırmaqla düzəlir. Məsələn: bağla-maq, gəl-mək, gülümsə-mək, sezmə, görmə, yazma və s. Məsdər hərəkətin adıdır. Feillər lüğətlərdə məsdər formasında qeyd olunur.
Məsdərin feilə aid əlamətləri aşağıdakılardır:
Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn: oxu-oxumaq, yaz-yazmaq, gəl-gəlmək və s.
Məsdər də təsdiq və inkar olur. Məsələn: gülmək-gülməmək, get-mək-getməmək, oynamaq-oynamamaq və s.
Məsdər də feilin müəyyən qrammatik məna növündə olur. Məsələn: geyinmək (qayıdış növ), yazdırmaq (icbar növ) və s.
Məsdər də təsirli və təsirsiz olur. Məsələn: oxumaq (təsirli), bax-maq (təsirsiz) və s.
Məsdər də feil kimi ətrafına söz toplaya bilir. Məsələn: kitabı oxumaq, evə getmək, çəpəri sökmək və s.
Məsdərin ismə aid əlamətləri aşağıdakılardır:
İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məsələn: oxu-maq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan (isim kimi hallanması); oxumağım, oxumağın, oxumağı, oxuma-ğı-nız, oxumaqları (mənsubiyyətə görə dəyişməsi).
III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edib cümlədə is-mi xəbər olur. Məsələn: Məqsədim yaxşı oxumaqdır.
Qoşmalarla işlənə bilir. Məsələn: yazmaq üçün, yatmaqdan öt-rü, baxmağa görə və s.
Cümlənin mübtədası, tamamlığı, ismi xəbəri və zərfliyi ola bilir. Məsələn: Çalışmaq baş ucalığıdır. Bu hadisədən sonra yazmağı ona yasaq etdilər. Sənin işin oxumaqdır. Universitetə qəbul olmaq üçün çox çalışır.
Məsdər digər sözləri tabe edərək məsdər tərkibi əmələ gətirir və məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur. Məsələn: Yaxşılıq etmək insanın xislətində olmalıdır.
Dostları ilə paylaş: |