111
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2009
EKOLOJİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ AZƏRBAYCAN
RESPUBLİKASININ İKİTƏRƏFLİ BEYNƏLXALQ-HÜQUQİ ƏMƏKDAŞLIQ
MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI VƏ İNKİŞAF MEYLLƏRİ
A.A.MƏHƏRRƏMOV
Bakı Dövlət Universiteti
amagerramov@hotmail.com
Məqalədə ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq--
hüquqi əməkdaşlıq münasibətlərinin formalaşması və inkişaf meylləri beynəlxalq praktika əsasında
geniş təhlil edilir. Xüsusi olaraq qeyd edilir ki, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Res-
publikasının ikitərəfli əməkdaşlığının daha səmərəli həyata keçirilməsi məqsədilə xarici dövlətlərin
müvafiq sferada müəyyən təcrübəsinin öyrənilməsi də məqsədəuyğun hesab olunur. Belə qənaətə
gəlinir ki, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının digər dövlətlərlə qarşılıqlı
əməkdaşlığında universal və regional beynəlxalq-hüquqi sənədlərlə yanaşı, ikitərəfli müqavilələrin
də böyük rolu vardır. Məhz belə ikitərəfli müqavilə və razılaşmalar dövlətlərin ekoloji təhlükəsizlik,
eləcə də bütövlükdə ətraf mühitin mühafizəsinin konkret istiqamətləri üzrə mühüm əhəmiyyətə
malikdir. Həmin müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin daha konkret müəyyənləşdirilməsi
tendensiyası özünü aydın şəkildə büruzə verir.
Bundan başqa, məqalədə ətraf mühitin mühafizəsi, xüsusilə ekoloji təhlükəsizliyin
təmini sferasında Azərbaycan Respublikası və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin
mühüm əhəmiyyəti təhlil olunur.
Hazırda dünyanın heç bir ölkəsi ekoloji təhlükəsizlik, o cümlədən ətraf mühitin
mühafizəsi problemlərini təklikdə həll etmək iqtidarında deyildir. Bu məqsədlə
Azərbaycan Respublikası (AR) üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr
və təşkilatlarla razılaşmaların və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara
qoşulması olduqca vacibdir. Ekoloji təhlükəsizlik sahəsində AR-in ikitərəfli əmək-
daşlığının daha səmərəli həyata keçirilməsi məqsədilə xarici dövlətlərin müvafiq
sferada müəyyən təcrübəsinin öyrənilməsi də məqsədəuyğun hesab olunur.
Bütövlükdə, ekoloji təhlükəsizlik sferasında ikitərəfli əməkdaşlıq münasibətləri-
nin Azərbaycan Respublikası praktikasında daha da genişləndirilməsi dövlətimiz qar-
şısında mühüm vəzifə kimi dayanır. Hal-hazırki dövrə qədər belə əməkdaşlıq münasi-
bətlərinin formalaşması istiqamətində də mühüm fəaliyyət həyata keçirilmişdir.
Məsələn, 4 aprel 2003-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanada-
nın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qaz-
ların tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramına dair Anlaş-
ma Memorandumu, 8 dekabr 2004-cü ildə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqın-
da AR Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu,
22 sentyabr 2003-cü ildə Azərbaycanda Ətraf Mühitə dair İctimai Məlumat
Mərkəzinin yaradılması üzrə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ATƏT-in
Bakı Nümayəndəliyi arasında Əməkdaşlıq Sazişi, 13 oktyabr 2004-cü ildə AR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Təbiəti Mühafizə Fondu
112
(WWF) arasında AR ərazisində təbiəti mühafizə sahəsində əməkdaşlıq haqqında An-
laşma Memorandumu, 13 noyabr 2004-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi ilə Dünya Vəhşi Təbiəti Fondu arasında Təbiətin mühafizəsinə dair Anlaşma
Memorandumu imzalanmış, həmçinin AR Hökuməti ilə digər beynəlxalq təşkilatlar
arasında ətraf mühitin mühafizəsi sahəsində və onun ayrı-ayrı konkret istiqamətləri
üzrə əməkdaşlığa dair Saziş layihələri hazırlanaraq imzalanması üçün dövlətdaxili
prosedurlar həyata keçirilmişdir.
Bundan başqa AR-in köçəri heyvan növlərinin qorunması üzrə Bonn Kon-
vensiyası, Avropada yarasaların qorunması Protokolu, Afrika-Avrasiya köçəri su quş-
larının qorunması Sazişinə qoşulması və Ümumdünya Təbiəti Mühafizə Təşkilatına
(İUCN) üzv olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində müvafiq işlər
aparılır. BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Sənaye
İnkişafı Təşkilatı (UNIDO), TACİS, Dünya Bankı, Qlobal Ekologiya Fondu, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlığa dair danışıqlar
aparılır və artıq bu istiqamətdə bir sıra nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda, AR bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində iştirak
edir və bununla bağlı artıq bir neçə saziş və razılaşmalar imzalanmışdır:
1. 1 dekabr 1998-ci il tarixli AR və Beynəlxalq İnkişaf Assosiasiyası arasında
Ətraf mühitin mühafizəsi üçün təxirəsalınmaz investisiya layihəsi üzrə Yaponiya
Hökumətinin Qrantı haqqında Məktub-Saziş, 25 noyabr 2002-ci ildə AR Hökuməti ilə
Beynəlxalq İnkişaf Assosiasiyası arasında Kənd rayonlarında ətraf mühitin qorunması
layihəsinin hazırlanması üzrə Yaponiya qrantı üzrə Məktub-Saziş və AR Hökuməti ilə
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun qrantı
üzrə Məktub-Saziş (Kənd Ətraf Mühit Layihəsi);
2. 25 oktyabr 2004-cü il tarixli AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
Almaniya Maliyyə Əməkdaşlığı təşkilatı (Kreditanştalt für Wideraufbau – KfW,
Frankfurt am Main) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proq-
ramının hazırlanması üzrə Anlaşma Memorandumu, müvafiq Proqram çərçivəsində
Samur-Yalama Milli Parkının yaradılması layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi
və həmin Müqaviləyə dair Xüsusi Razılaşma (1, 610-623);
3. 13 may 2005-ci il tarixli AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-
nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) arasında Davamlı üzvi çirkləndiricilər barədə
Stokholm Konvensiyasının yerinə yetirilməsi üzrə ilkin fəaliyyəti asanlaşdırmaq üçün
sürətləndirilmiş mümkünləşdirici tədbirlərlə əlaqədar xidmətlərin göstərilməsi üzrə
Müqavilə.
Hidrometeorologiya sahəsində AR Ümumdünya Meteorologiya Təşkilatı ilə
əməkdaşlıq əlaqələri qurur. Regionda Türkiyə, Özbəkistan, Qazaxıstan respublikaları
ilə hidrometeorologiya sahəsində ikitərəfli qarşılıqlı əməkdaşlıq proqramları möv-
cuddur. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Hidrometeorologiya Şu-
rasının (DHMŞ) işində də AR fəal iştirak edir. Ekologiya və Təbii Sərvətlər Nazir-
liyinin Milli Hidrometeorologiya Departamenti Cənubi Qafqazda su ehtiyatlarının
idarə olunması ilə bağlı bir sıra regional layihələrdə iştirak edir. Asiya İnkişaf Ban-
kının krediti ilə yerinə yetirilən «AR-də Daşqın zərərlərinin aradan qaldırılması
layihəsi»ndə nəzərdə tutulmuş hidrometeorologiya komponenti də qabaqcadan
xəbərdarlıq sisteminin inkişafına kömək edəcəkdir.
Beləliklə, göstərilən saziş və layihələrə müvafiq olaraq hazırda AR-də həyata
keçirilən ekoloji layihələr qismində aşağıdakıları qeyd etmək olar:
- AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik
113
İnstitutu arasında Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qazların tullantılarının
azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramı;
- «İstilik effekti yaradan qazların inventarlaşdırılmasının keyfiyyətinin təkmil-
ləşdirilməsi üçün potensialın yaradılması» Regional Layihəsi;
- «Qafqaz ölkələri və Moldovada qlobal iqlim dəyişmələri üzrə öhdəliklərin
yerinə yetirilməsində Texniki Dəstək» Layihəsi;
- «Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli
tələbatların qiymətləndirilməsi» Layihəsi;
- BMT-nin Ətraf Mühit Proqramı (YUNEP) tərəfindən maliyyələşdirilən «Milli
Biotəhlükəsizlik» Layihəsi;
- «Azərbaycanın Hirkan meşələrinin Ümumdünya Mədəni və Təbii İrs
Siyahısına salınması» Layihəsi;
- «Çayların birgə idarə olunması» Layihəsi;
- «Cənubi Qafqazda su ehtiyatlarının idarə edilməsi» Layihəsi;
- «Cənubi Qafqaz çaylarının monitorinqi» Layihəsi;
- «Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin
hazırlanması və tətbiq edilməsi» Layihəsi;
- «Kür-Araz çayı hövzəsinin suyunun sərhədlərarası pisləşməsinin azaldılması»
Layihəsi;
- «AR-də Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət Planı və ekoloji
siyasətin həyata keçirilməsinə yardım» layihəsi – TACIS (Xəzər Ekoloji Proqramı
çərçivəsində UNEP-lə birgə);
- «Orxus Konvensiyasının və Azərbaycanın ekologiya sahəsində qəbul edilmiş
milli qanunvericiliyinin ictimaiyyətə çatdırılması məqsədilə çap materiallarının hazır-
lanması və yayılması» Layihəsi;
- «Xəzər regionunda transsərhəd kontekstdə Ətraf mühitə təsirin qiymətləndiril-
məsi üzrə Metodiki vəsait layihəsinin təkmilləşdirilməsi» Layihəsi;
- Kür çayının ekoloji təhlükəsizliyi üzrə həyata keçirilən layihələr: A kompo-
nenti – Xıllı «Nərə» Balıqartırma Zavodunun tikintisi Layihəsi; B komponenti –
«Sahələrin civə çirklənməsindən təmizlənməsi və təhlükəli tullantıların basdırılması
üçün xüsusi Poliqonun tikintisi» Layihəsi; C komponenti – «Sahələrin neft çirklənmə-
sindən təmizlənməsi» Layihəsi; D komponenti – «Ekoloji idarəetmə sisteminin
təkmilləşdirilməsi» Layihəsi;
- «İctimai Məsləhətləşmələr və Dialoqlar» Layihəsi;
- «Yeni funksiya və vasitələrin treyninqi» Layihəsi;
- «Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki
yardım» Layihəsi;
- «Kənd yerlərində ətraf mühitin mühafizəsi» Layihəsi;
- «Gözlənilməz Neft Yayılmaları üzrə Azərbaycan Milli Planının İnkişafına
Yardım» Layihəsi;
- «Kür çayının mənsəbinin açılması» Layihəsi;
- «BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Azərbaycanın
İkinci Milli Məlumatı» Layihəsi;
- «AR-də davamlı üzvü çirkləndiricilər üzrə tədbirlərin həyata keçirilməsi»
Layihəsi;
- «Avropa Şurasının Zümrüd Şəbəkəsi» Pilot Layihəsi;
- «Samur-Yalama Milli Parkının yaradılması» Layihəsi;
- «Torpaqların davamlı idarə olunması məqsədilə imkanların yaradılması» Layihəsi;
114
- NATO-nun dəstəyi ilə həyata keçiriləcək «Xəzər dənizi ekosisteminin
çoxsahəli analizi» Layihəsi;
- «Ekoloji qiymətləndirilmə, ətraf mühitin idarə olunması» Planı;
- «Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun (MKSIF) yaradılması»
Layihəsi;
- «Kənd təsərrüfatının inkişafı və kreditləşməsi» Layihəsi;
- «Kənd təsərrüfatının İnkişafı və kreditləşməsi» Layihəsi II;
- «Məhkəmə sisteminin modernləşdirilməsi» Layihəsi;
- «Azərbaycanda Quş Qripi Layihəsi üçün Ətraf mühitin idarə edilməsi
Planının» Xülasəsi;
- «Azərbaycanda Quş Qripi Layihəsi üçün Ətraf Mühitin idarə edilməsi» Planı (9).
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində AR-in ikitərəfli
əməkdaşlığının daha geniş kompleksi Avropa İttifaqı (Aİ) ilə həyata keçirilir. Bu
əməkdaşlıq, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi ilə şərtlənir. Aİ-nin
Xəzər Ekoloji Proqramı çərçivəsində Xəzərin balıq təsərrüfatının davamlı idarə
olunması Layihəsi bu baxımdan xüsusilə qeyd edilə bilər (7, 1-2).
Lakin AR-in Aİ ilə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində
ikitərəfli əməkdaşlığında ən mühüm rol oynayan sənəd AR ilə Aİ və onun üzv-
dövlətləri arasında 22 aprel 1996-cı ildə imzalanmış və 22 iyun 1999-cu ildə qüvvəyə
minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir (TƏS). Belə ki, bu Saziş tərəflər arasında
ticarət, investisiyaların qoyuluşu və təşviqi, Aİ və AR arasında transsərhəd xidmətləri,
əqli mülkiyyət hüquqları, kapital qoyuluşu və onun sərbəst dövriyyəsinin təmin edil-
məsi və digər sahələrdə əməkdaşlığın əsasını qoymuşdur. Sazişin 43-cü maddəsinin
ikinci bəndinə əsasən qanunvericiliyin uyğunlaşdırılması prosesinin gömrük qanunve-
riciliyi, hüquqi şəxslər haqqında qanunvericilik, bank qanunvericiliyi, hüquqi şəxslərin
hesabları və onların cəlb olunduğu vergilər, əqli mülkiyyət, iş yerlərində işçilərin
mühafizəsi, maliyyə xidmətləri haqqında qanunvericilik, rəqabət qaydaları, dövlət sa-
tınalmaları, insanların sağlamlığının qorunması, heyvanların və bitkilərin mühafizəsi,
ətraf mühitin mühafizəsi, təbii ehtiyatların istismarı və onlardan istifadə haqqında
qanunvericilik, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilik, dolayı
vergilər, texniki qayda və standartlar, nüvə energetikası haqqında qanunvericilik və
nəqliyyat haqqında qanunvericilik sahələrində həyata keçirilməsi zəruridir.
Avropa iqtisadi məkanına daxil olan dövlətlərlə bir çox prioritet sahələrdə üst-üstə
düşən qanunvericilik AR-ə Aİ ölkələri ilə daha yaxın iqtisadi tərəfdaşlıq həyata keçirməyə
və TƏS-in 43-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə
üzrə aşağıdakı sahələr üzrə xüsusi məqsədlərə nail olmağa imkan verə bilər:
-
ətraf mühitin lazımi səviyyədə mühafizəsi;
-
AR-də olan bütün radiasiya mənbələrinin öyrənilməsi üçün onların tənzim-
ləyici nəzarətə verilməsi;
-
radiasiya mənbələrinin tənzimləyici nəzarətdən yayınması halının müəyyən
olunduğu və ya bu haqda məlumatın mövcud olduğu təqdirdə, müvafiq cavab
tədbirinin görülməsi;
-
qəza hallarının təsirinin azaldılması istiqamətində planlaşdırmanın aparılması;
-
ionlaşan radiasiyanın bütün növlərinin və mənbələrinin təhlükəsiz idarə
olunması;
-
təhlükəli radiasiyaya məruz qalmış insanların sayını və bu insanların hər
birinin təsirə məruz qalma müddətini məhdudlaşdırmaq vasitəsilə təhlükəli radiasiya
riskinə məruz qalmanın mümkün qədər real olan aşağı səviyyəyə salınması;
115
-
beynəlxalq ekoloji təhlükəsizlik tədbirləri sisteminin tətbiq olunması;
-
təbii ehtiyatlardan rasional və səmərəli istifadə olunması;
-
ekoloji təhlükəsizlik sahəsində ehtiyat və preventiv tədbirlərlə bağlı prinsip-
lərin yerinə yetirilməsi;
-
sosial idarəetmə prinsiplərinin həyata keçirilməsi;
-
ətraf mühit problemlərinin dövlətin ətraf mühitin mühafizəsi ilə bağlı olmayan
digər siyasətlərinə inteqrasiya olunması prinsipinin tətbiq edilməsi.
TƏS-in həyata keçirilməsi məqsədilə AR qanunvericiliyinin Aİ qanunveri-
ciliyinə uyğunlaşdırılması üzrə Dövlət Proqramı qaydalarının müəyyən olunması,
müvafiq qurumlar arasında fəaliyyət tərzinin müəyyənləşdirilməsi və beləliklə, AR
iqtisadiyyatının dünya bazarına inteqrasiya olunmasının dəstəklənməsi vasitəsilə
qanunvericiliyin uyğunlaşdırılması prosesinin sürətləndirilməsini qarşıya məqsəd kimi
qoyur. Bu mövqe nəticədə qanunvericiliyin uyğunlaşdırılmasına müfəssəl və ardıcıl
yanaşma müəyyən edir və bütün mexanizmlərin səmərəliliyini artırır. Eyni zamanda
Tədbirlər Planı ilə əhatə olunmuş sektorlarda hüquqi və institusional islahatların
həyata keçirilməsi AR-ə idxalatçı və ixracatçı qismində beynəlxalq bazara çıxmaq,
effektiv rəqabət və istehlakçıların hüquqlarının qorunması konsepsiyasına uyğun
olaraq birbaşa investisiyaları təşviq etmək imkanı verir. Planının icrası qanun-
vericiliyin tədricən uyğunlaşdırılmasının həyata keçirilməsini təmin etmək məqsədilə
müxtəlif dövlət qurumları arasında qanunvericilik və dövlət siyasətinin müəyyən-
ləşdirməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün əsas yaradır. Həmçinin
Proqramın həyata keçirilməsi prosesində Avropa Birliyinin yeni üzv-dövlətlərinin
təcrübəsinin nəzərə alınması məqsədəuyğun hesab edilir. Bu prosesin səmərəliliyinin
artırılması üçün müvafiq dövlət orqanlarının TƏS-in icrasına yardım göstərən
tərəfdaşlarla fəal əməkdaşlıq etməsi, maraqlı tərəflərlə təcrübə mübadiləsini həyata
keçirməsi və onlardan lazımi tövsiyələrin alınması tələb olunur.
AR qanunvericiliyinin uyğunlaşdırılması üzrə siyasət milli hüquq sisteminin
islahatlarının tərkib hissəsidir və qanunvericilik aktlarının tərtibində, yüksək ixtisaslı
mütəxəssislərin hazırlığında, AR-də qanunvericiliyin uyğunlaşdırılması prosesinə
institusional, elmi, təhsil, hüquqi, texniki və maliyyə dəstəyinin göstərilməsi üçün
müvafiq şəraitin yaradılmasında ifadə olunmaqla və Aİ-nin tələblərini nəzərə almaqla
«vahid normayaradıcılığı» yanaşmasını qarşıya məqsəd qoyur. AR qanunvericiliyinin
Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Dövlət Proqramı həm TƏS-in müd-
dəalarının, həm də Fəaliyyət Planında nəzərdə tutulmuş məqsədləri əks etdirən təd-
birlərin görülməsini təmin edəcək. TƏS-in 43-cü Maddəsinə əsasən AR öz qanun-
vericiliyinin Birliyin qanunvericiliyinə uyğun qanunvericilik olmasına səy göstərmə-
lidir. Qanunların uyğunlaşdırılması xüsusi olaraq, 43-cü maddənin 2-ci bəndində
göstərilən bütün sektorları əhatə etməlidir. Buna görə də, Aİ çərçivəsində qəbul
olunmuş bir sıra tövsiyələr AR qanunvericiliyinin Aİ-nin ətraf mühitin mühafizəsinə,
təbii ehtiyatların istismarına və onlardan istifadəyə dair qaydaları ilə uyğunlaşma
prosesinə yardım göstərmək baxımından faydalı ola bilər.
İndi isə AR-in xarici dövlətlərlə ikitərəfli əməkdaşlığını nəzərdə tutan ayrı-ayrı
sazişlərin mətnlərinə müraciət etməklə bu münasibətləri diqqətlə nəzərdən keçirək.
Ətraf mühitin mühafizəsi sahəsində AR Hökuməti və Türkiyə Respublikası
Hökuməti arasında 9 iyul 2004-cü il tarixli Razılaşmaya əsasən Tərəflər arasında ətraf
mühit üzrə əməkdaşlığın əsas sahələri kimi bunlar müəyyən olunmuşdur: təbiətin
mühafizəsi; xüsusi mühafizə olunan ərazilərin idarə olunması; bioloji müxtəlifliyin
qorunması; ətraf mühit sahəsində Azərbaycan və Türkiyənin üzv olduqları beynəlxalq
116
konvensiyaların həyata keçirilməsi; Xəzər dənizi və Qara dənizin ətraf mühitinin
qorunması; ətraf mühitə təsirin qiymətləndirilməsi; tullantıların idarə olunması; iqlim
dəyişmələri; meteorologiya fəaliyyəti; meşələrin idarə olunması və meşəsalma və s.
Bu sahələr üzrə əməkdaşlığın isə birgə elmi-texniki araşdırmalar (proqramlar),
əməkdaşlıq layihələrinin hazırlanması, tədqiqat, inkişaf fəaliyyətləri və ətraf mühit
üzrə ən yaxşı idarəçilik təcrübələri üzrə elmi-texniki məlumatlar və sənədlər müba-
diləsi, ən yaxşı ətraf mühit texnologiyalarının mübadiləsi, səlahiyyətli şəxslərin,
mütəxəssislərin, tədqiqatçıların və qeyri-hökumət təşkilatları nümayəndələrinin
mübadiləsi, təhsil proqramlarının, iclasların, konfransların və simpoziumların təşkili
şəklində aparılması müəyyən edilmişdir. Sazişin qüvvəyə minməsindən sonra hər bir
Tərəf bu Saziş çərçivəsində əməkdaşlıq fəaliyyətlərinin idarə edilməsinə cavabdeh
Milli Əlaqələndirici təyin etməlidir. Onların əsas vəzifəsi əməkdaşlıq istiqamətlərinin
dəqiq hazırlanmasını əhatə edən illik işçi proqramlarının hazırlanmasından ibarətdir.
Ətraf mühitin mühafizəsi və monitorinqi sahəsində AR və Gürcüstan Respublikası
arasında 2005-ci il tarixli Qarşılıqlı Əməkdaşlıq Sazişi Tərəflər arasında ətraf mühit üzrə
əməkdaşlığın əsas sahələri kimi bunları nəzərdə tutur: mühafizə olunan ərazilərin idarə
olunması; bioloji müxtəlifliyin qorunması; ətraf mühitə təsirin qiymətləndirilməsi;
tullantıların, xüsusilə də təhlükəli tullantıların idarə olunması; radioaktiv tullantıların idarə
olunması; transsərhəd çayların radioaktivliyinin öyrənilməsi; iqlim dəyişmələri; meşələrin
idarə olunması və meşəsalma və s. AR və Gürcüstan Respublikası arasında müvafiq
sahələr üzrə əməkdaşlığın həyata keçirilmə formaları da AR-in bu sahədə Türkiyə
Respublikası ilə bağladığı Razılaşmada nəzərdə tutulan formalarla eynilik təşkil edir.
Daha sonra, 7 sentyabr 2006-cı il tarixli AR Hökuməti ilə Ukrayna Hökuməti
arasında Ətraf təbii mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Sazişə əsasən
Tərəflər arasında ətraf mühit üzrə əməkdaşlığın əsas sahələri kimi bunlar müəyyən
olunmuşdur: təbiətin mühafizəsi; bioloji müxtəlifliyin qorunması və ondan səmərəli
istifadə; canlı su ehtiyatlarının idarə olunması və tarazlaşdırılmış istifadəsi, ovçuluq
təsərrüfatının idarə olunması; dəniz mühitinin mühafizəsi üzrə təcrübə mübadiləsi;
ətraf təbii mühitə təsirin qiymətləndirilməsi; tullantıların, o cümlədən təhlükəli
tullantıların idarə olunması; transsərhəd çaylar vasitəsilə radioaktiv çirklənmənin
nəqlinin öyrənilməsi; atmosfer havasının mühafizəsi və iqlim dəyişmələrinin nəti-
cələrinin azaldılması; meşələrin idarə olunması; meşəsalma və Tərəflərin birgə maraq
obyekti olan digər sahələr.
AR Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında Ətraf mühitin
mühafizəsi sahəsində əməkdaşlığa dair 22 fevral 2007-ci il tarixli Saziş ətraf mühitin
mühafizəsi üzrə Tərəflərin əməkdaşlığının bu sahələrini müəyyən edir: xüsusi mü-
hafizə olunan ərazilərin idarə olunması; bioloji müxtəlifliyin qorunması; ətraf mühitə
təsirin qiymətləndirilməsi, transsərhəd kontekstinin daxil edilməsi; tullantıların (o
cümlədən təhlükəli tullantıların) idarə olunması; qanunvericilik və digər normativ
aktların işlənib hazırlanması və tətbiq edilməsi; atmosfer havası, o cümlədən ozon
təbəqəsinin qorunması, qlobal iqlim dəyişmələrinin və uzaq məsafələrdə havanın
transsərhəd çirklənməsinin qarşısının alınması; meşələrin idarə olunması; mineral
ehtiyatlarının idarə edilməsi, o cümlədən yeraltı sərvətlərin tədqiqatı, kəşfiyyatı və
istismarı; ətraf mühit sahəsində elmi tədqiqatlar və monitorinq və digər sahələr.
2 may 2007-ci il tarixli AR Hökuməti və Belarus Respublikası Hökuməti arasında
Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş (1, 566-574) isə
ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın artıq konkret sahəsini nəzərdə tutur.
Belə ki, Sazişə əsasən tərəflər ixrac və idxal olunan və ya tranzit daşınan karantin al-
117
tında olan materiallarla karantin zərərverici orqanizmlərinin AR və ya Belarus Res-
publikası ərazisinə keçməsinin qarşısını almalıdırlar. Bu məqsədlə Tərəflərdən birinin
ərazisinə digər Tərəfin ərazisindən idxal edilən karantin altında olan materialın hər
yük partiyası üçün ixrac edən ölkənin bitki karantini və mühafizəsi xidməti tərəfindən
verilmiş fitosanitar sertifikatları müəyyən olunur. Bu sertifikat karantin altında olan
materialların idxal edən Tərəfin fitosanitar normalarına cavab verməsini təsdiq edir.
Göstərilən ikitərəfli saziş və razılaşmalarla yanaşı, 19 iyul 2004-cü ildə AR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Nazirlər Ka-
bineti yanında Hidrometeorologiya Baş İdarəsi arasında Elmi-texniki əməkdaşlıq
haqqında Saziş, 5 avqust 2004-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memo-
randumu, 7 may 2007-ci ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb
Respublikasının Misir Mineral Ehtiyatlar Qurumu arasında Texniki əməkdaşlığa dair
Protokol, 4 oktyabr 2007-ci ildə AFR-in Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə
Təhlükəsizliyi üzrə Federal Nazirliyi ilə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
arasında Təmiz inkişaf mexanizmi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığa
dair Anlaşma Memorandumu, həmçinin AR Hökuməti ilə AFR, Yaponiya, Ukrayna,
Misir, Çexiya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində və onun ayrı-
ayrı konkret istiqamətləri üzrə əməkdaşlığa dair Sazişlər imzalanmışdır.
Beləliklə, son olaraq qeyd edə bilərik ki, ekoloji təhlükəsizlik sahəsində AR-in
digər dövlətlərlə qarşılıqlı əməkdaşlığında universal və regional beynəlxalq-hüquqi
sənədlərlə yanaşı, ikitərəfli müqavilələrin də böyük rolu vardır. Məhz belə ikitərəfli
müqavilə və razılaşmalar dövlətlərin ekoloji təhlükəsizlik, eləcə də bütövlükdə ətraf
mühitin mühafizəsinin konkret istiqamətləri üzrə mühüm əhəmiyyətə malikdir. Təhlil
olunan müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi tendensi-
yası özünü daha aydın şəkildə biruzə verir. Belə ki, dövlətlərin ətraf mühitin müha-
fizəsi, o cümlədən ekoloji təhlükəsizlik üzrə hər hansı hüquqlar həyata keçirməsi onun
vəzifələrinin icrası ilə birbaşa şərtlənir. Bu isə beynəlxalq hüququn ius cogens norması
olan beynəlxalq əməkdaşlıq prinsipindən və beynəlxalq hüququn ümumtanınmış
normalarından irəli gələrək ikitərəfli səviyyədə meydana çıxan münasibətlərin
səmərəli şəkildə tənzimlənməsinə gətitrib çıxarır.
Ekoloji təhlükəsizliklə bağlı ikitərəfli müqavilələr bütövlükdə beynəlxalq-
hüquqi tənzimetməyə çox ciddi şəkildə təsir göstərir. Belə ki, universal beynəlxalq
müqavilələrlə tənzimlənən münasibətlər ümumi xarakterli məsələləri əhatə etdiyindən
həmin sənədlərdə təsbit olumuş normaların mövcud problem üzrə bütün məsələlərin
tənzimlənməsi qeyri-mümkündür (1, 256; 2, 165-166).
Bundan başqa, ətraf mühitin mühafizəsi, xüsusilə ekoloji təhlükəsizliyin təmini
sferasında Azərbaycan Respublikası və Avropa İttifaqı arasında ikitərəfli münasibət-
lərin xarakteri daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, 1996-cı il tarixli Azərbaycan
Respublikası və Avropa İttifaqı arasında Əməkdaşlıq və Tərəfdaşlıq Sazişindən irəli
gələrək Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə Azərbaycan
Respublikası qanunvericiliyi ilə tənzimlənən ətraf mühitin mühafizəsinin bir sıra
mühüm komponentləri (suyun, o cumlədən içməli suyun mühafizəsi, atmosfer
havasının mühafizəsi, tullantıların idarə olunması, kimyəvi maddələr, sənaye riskləri
və biotexnologiya) ilə bağlı müddəaların gələcəkdə təkmilləşdirilməsi zamanı Avropa
İttifaqı çərçivəsində qəbul edilmiş tövsiyə və direktivlərin nəzərə alınması zəruridir.
ƏDƏBİYYAT
118
1.
Əliyev Ə.İ. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri:
Dərslik. Bakı: Bakı Universiteti, 2007, 484 s.
2.
Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı: 2008, 350 s.
3.
Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi (normativ-hüquqi aktlar toplusu). I
cild. Bakı: Qanun, 2006, 840 s.
4.
Hüseynov S., Sarıyev R. Ekologiyanın fəlsəfi və hüquqi məsələləri. Bakı: Təknur, 2007, 454 s.
5.
Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, iqtisadiyyat, həyat. Bakı: EL-Alliance, 2004, 378 s.
6.
Авраменко И.М. Международное экологическое право. М.: Проспект, 2005 580 с.
7.
Дикань В.Л., Дейнека А.Г. Основы экологии и природопользования. Учебное
пособие. Харьков: ООО Олант, 2002, 560 с.
8.
Ерофеев Б.В. Экологическое право России. Изд. 20-е, перераб, и доп. М.: Проспект
2007, 540 с.
9.
Каспийская Экологическая Программа Европейского Союза: Устойчивое управле-
ние рыбным хозяйством Каспия. Отчет о проделанной работе № 2. Март-сентябрь
2005, 278 с.
10.
www.e-qanun.az
11.
http://www.eco.gov.az/b-layihe.php
12.
www.mnr.gov.ru
ФОРМИРОВАНИЕ И ТЕНДЕНЦИИ РАЗВИТИЯ ДВУСТОРОННИХ
МЕЖДУНАРОДНО-ПРАВОВЫХ ОТНОШЕНИЙ СОТРУДНИЧЕСТВА
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ОБЛАСТИ
ЭКОЛОГИЧЕСКОЙ БЕЗОПАСНОСТИ
А.А.МАГЕРРАМОВ
РЕЗЮМЕ
В статье формирование и тенденции развития двусторонних международно-право-
вых отношений сотрудничества Азербайджанской Республики в области экологической
безопасности анализируются на основе международной практики. В этих целях
считается целесообразным изучение соответствующей практики зарубежных стран в
данной сфере. Делается вывод, что во взаимном сотрудничестве Азербайджанской
Республики с другими странами, наряду с универсальными и региональными меж-
дународно-правовыми документами, важную роль играют также двусторонние дого-
воры, в которых часто регламентированы права и обязанности сторон. Кроме того, в
статье исследуется важная роль двусторонних отношений между Азербайджанской
Республикой и Европейским Союзом по охране окружающей среды и в сфере обеспечении
экологической безопасности.
FORMATION AND DEVELOPMENT TENDENCIES OF BILATERAL
INTERNATIONAL LEGAL COOPERATION RELATIONS OF THE AZERBAIJAN
REPUBLIC IN THE SPHERE OF ECOLOGICAL SAFETY
A.A.MAHARRAMOV
SUMMARY
The article analyzes formation and development tendencies of bilateral international legal
cooperation relations of the Azerbaijan Republic in the sphere of ecological safety in accordance
with international practice. For this purpose, it’s expedient to study bilateral cooperation of foreign
119
states in the sphere of ecological safety. It’s concluded that in mutual cooperation of the Azerbaijan
Republic with other countries, alongwith universal and regional international legal documents,
bilateral contracts which regulate rights and duties of the parties are of great significance. Besides,
the important character of mutual relations between the Azerbaijan Republic and the European
Union on the protection of environment and in the sphere of maintenance of ecological safety is
elucidated in the article.
Dostları ilə paylaş: |