309
Tarixdə bu gün
Qurban Bayramı
OKTY
ABR
Bütün müsəlman aləmində Qurban bayramı hər
il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən
başlayır və adətən üç gün davam edir. Dini qurban
kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən
əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-
lah (S.S.)İbrahim peyğəmbərə oğlu İsmayılı qur-
ban verməyi (onların Allaha imanını yoxlamaq
üçün) əmr etmişdir. İbrahim əsl dindar kimi Alla-
hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl
özü də qurban olmağa razılaşmışdır. Lakin uca Al-
lah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq
üçün ona bir qoç göndərmişdi. Buna görə də bu
bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da
demişlər.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir
sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən
heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-
malıdır. Nəsil artımında dişi heyvanların müstəsna
rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-
ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına
gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-
kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha
yaxşıdır. Qurban bayramında kəsilən heyvanın
sağlam olması da vacib şərtdir. Əzalarında hər han-
sı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri
olmayan, axtalanmış heyvanın qurban kəsilməsi
İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq
gözəgəlimli olmalıdır. Qurbanın bir hissəsindən
din xadimlərinə pay göndərilir, bir hissəsi isə
kasıblara paylanır. Hamıya bərabər pay verilir,
qurban kəsən özü də bərabər pay götürə bilər.
Ənənəyə görə dilənçi və kasıblar bayram günü
ac qalmasınlar deyə bu gün həmin mərasimlərə
dəvət olunurlar.
Qurbanlığın şərtlərindən biri də budur ki, qur-
ban kəsmək yalnız buna imkanı olan varlı adam-
ların boynunda haqdır. İmkanı olmayan adama isə
qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün
borc pula heyvan almaq İslamda təqdir olunmur,
çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-
kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı
sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra
etdikləri və kasıbları sevindirdiklərinə görə, ka-
sıblar isə - dünya nemətindən əldə etdiklərinə və
başqalarından gördükləri mərhəmətə və qayğıya
görə.
Çox sevdiyi övladını Allah yolunda qurban
verməyə hazır olması peyğəmbərin Allah qarşı-
sında imanının, səmimiliyinin və mütiliyinin bariz
sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu
hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir.
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan
ibarətdir ki, İslamda insanın Allah yolunda qurban
kəsilməsi qəbul olunmur. İslama qədər bir çox
dinlərdə insanları qurban vermə ayinlərinə rast
gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-
nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın
olduqlarını göstərirdilər. Qədim Çində də insanları
tanrılara qurban vermək adəti var idi. Bu ölkədə
təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq
üçün uşaqları suya atırdılar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra
Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr
tarixli “Azərbaycan Respublikasının bayram-
ları haqqında” Qanuna əsasən Qurban bayramı
ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Qurbanlıq o deməkdir ki, insanlar Allahın xo-
şuna gələcək bir əməli icra edirlər.
Allah kəsilən bütün qurbanlarımızı qəbul et-
sin!
16