Bazar iqtisadiyyatı. Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlüyü, əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşdırma, mənfəətin hərəkətverici qüvvəyə çevrilsi, bazar infrastrukturunun genişləndirilməsinə əsaslanır. Bazar iqtisadiyyatı ilk növbədə iqtisadi azadlığa üstünlük verir. İqtisadi azadlıq bazar iqtisadiyyatı şəraitində təkcə fərdlərin, sahibkarların, firmaların və digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətlərinin zəruri şərtləri deyildir. O, həm də azad iqtisadiyyatı inzibati-komando iqtisadiyyatından fərqləndirən bütün cəhətlərlə bu və ya digər səviyyədə əlaqəli olub, onlara ciddi təsir edir. Bazar iqtisadiyyatı hazırki inkişafı mərhələsinə birdən-birə gəlib çatmamış, kapitalist islahat münasibətləri meydana gəlib formalaşdıqca, bazar münasibətləri də təşəkkül tapmışdır. XX əsrin ortalarına qədər Qərb ölkələrinin iqtisadiyyatı üçün əsasən müstəqil xüsusi mülkiyyətçilər arasında azad rəqabətə əsaslanan bazar təsərrüfatı xas idi və bu gün də həmin ölkələrdə bazarın qeyd edilən xüsusiyyəti müəyyən qədər qorunub saxlanılır. Lakin hazırkı kapitalizm cəmiyyəti sosial cəhətdən tənzim olunan mütəşəkkil bazar iqtisadiyyatı mərhələsində fəaliyyət göstərir ki, bu da onun inkişafında, şübhəsiz, yeni, daha yüksək mərhələdir.
Bazarın mexanizmi. Bazar hər şeydən əvvəl rəqabət deməkdir, birinin müvəffəqiyyəti, digərinin isə müvəffəqiyyətsizliyidir. Bazar iqtisadiyyatı gəlirlərdə və buna uyğun olaraq istehlakda fərqlər deməkdir. Bazar iqtisadiyyatı şəraitində təsərrüfatçının, sahibkarın fəaliyyəti bazar mexanizmi ilə tənzim edilir. Nəyin, nə qədər və nə vaxt istehsal edilməli olduğunu bazar özü istehlakçının tələbləri əsasında müəyyənləşdirir. Deməli, bazar iqtisadiyyatı şəraitində istehsalçı istehlakçı üzərində üstünlükdən məhrum olur.
Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal strukturu, çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyatları, əmtəə bazarının bolluğu şəraitində mövcud olub fəaliyyət göstərən iqtisadiyyatdır.