P r o f i l l ə r ü s u l u. Tektonik quruluşu mürəkkəb olan strukturların xəritəalınmasında bir qayda olaraq profillər üsuluna üstünlük verilir. Bu kimi struktur xəritələrin tərtibində öyrənilən sahənin uzununa bir, eninə isə bir neçə geoloji profillərin seçilməsi vacibdir.
Tərtib olunmuş profillərdə struktur xəritə üçün qəbul olunmuş kəsmə yüksəkliyinə əsasən horizontal xəttlər çəkilir (məsələn, kəsmə yüksəklikləri hər bir 25 m-dən bir seçilə bilər). Üfqu müstəvilərin lay ilə kəsişdiyi nöqtələr profil xəttinə köçürülür. Layın qırılmalar müstəvisi ilə kəsişmə nöqtələri də uyğun olaraq profil xəttinə köçürülür. Profil xəttlərində alınmış qiymətlər plana köçürülür və eyni adlı qiymətlər izohipslər ilə birləşdirir və struktur xəritə alınır (şək.II.11).
Şəkil II.11. Profillər üsulu ilə struktur xəritənin qurulması
(M.A.Jdanova görə).
Geoloji-riyazi üsullar. Geoloji xəritələr hər hansı bir göstəricinin ikiölçülü koordunat sistemində (X, Y oxları üzrə) dəyişməsini əks etdirir. Belə xəritələrin tərtibində riyazi üsulların imkanları daha genişdir. Belə ki, ənənəvi üsullarla xəritəalmada (üçbucaqlar və profillər üsulları) daha çox vaxt sərf olunur və birmənalı nəticələr alınmır. Bu onunla izah olunur ki, təqqiqatı aparan hər bir mütəxəssisin xəritəni tərtib edərkən onun subyektiv yanaşmaları olur ki, bu da strukturun əks edilməsinə öz təsirini göstərir. Odur ki, eyni bir struktur üçün eyni məlumat bazası əsasında müxtəlif mütəxəssislərin tərtib etdiyi xəritələrdə müxtəliflik müşahidə olunur: layın yatma dərinliklərinin dəyişməsinin ümumi konfiqurasiyası fonunda lokal (yerli) təzahürlər fərqli əks etdirilir. Buna misal olaraq, Abşeron yarımadasında olan yataqların struktur xəritələrini göstərmək olar. Burada, quyu məlumatların olduqça genişliyi şəraitində belə, ayrı-ayrı mütəxəssislərin vaxtaşırı tərtib etdikləri xəritələrdə bir qayda olaraq yeni struktur elementlər aşkar edilir.
Riyazi üsulların tətbiqi isə xəritəalmanın göstərilən çatışmamazlığını aradan qaldırmağa imkan verir. Odur ki, son vaxtlar belə üsulların istifadəsinə daha çox yer verilir. Onların xüsusi alqoritmlər əsasında kompüter realizəsi mütəxəssislərin subyektiv yanaşmalarını aradan qaldırmaqla qısa vaxtda obyektiv xəritələrin tərtibini təmin edir. Bu üsullardan daha çox tətbiq olunan aşağıdakılardır.
a) Xəritə izohipslərinin approksimasiya üsulları. Bu üsulları tətbiq etmək üçün struktura qazılmış bütün quyuların yerini əks etdirən nöqtələr coğrafi koordinat sistemində (X,Y oxlarında) qeyd olunur. Sonra həmin nöqtələrdə tədqiq olunan layın tavanının və ya dabanının mütləq yatma dərinliklərinin qiymətləri xüsusi cədvəldə əks etdirilir. Bu məlumatlar məlum üsulların birinin (məsələn, splayn modelləşdirilməsinin) vasitəsilə emal olunur və struktur xəritənin kompüterdə qurulması təmin olunur. Splayn modellər üsulu (“Əlavələr”) üçbucaqlar üsulunda olduğu kimi quyular arasında onların konkret layın tavanı və ya dabanını kəsdiyi mütləq dərinliklərin qiymət fərqlərini nəzərə alır. Lakin burada fərq ondan ibarətdir ki, splayn modelləşdirilmədə horizontların keçirilməsində iki qonşu quyu arasında ölçüləri deyil, həmin layı keçən bütün quyularda onun mütləq dərinlik qiymətlərini nəzərə alır və nəticədə həmin strukturun ən optimal xəritəsini təqdim edir (B.Ə.Bağırov,1981). Şək.II.12.-də belə xəritələrin qurulmasının yaxşı öyrənilmiş Suraxanı mədəninin timsalinda verilmişdir.
1- izohipslər; 2- splayn izoxəttləri; 3- tektonik qırılmalar
Şəkil II.12.Suraxanı mədəninin qırməki altı lay dəstəsinin tavanına görə splayn funksiyası ilə qurulmuş struktur xəritə
Burada geoloji quruluşdan, quyuların sayı və yerləşmə sxemindən asılı olaraq müxtəlif qoyuluşlardan istifadə edilə bilər:
sadə quruluşlu strukturlar – burada strukturun bütün sahəsi üçün eyni vaxtda xəritələr tərtib olunur;
tektonik qırılmalarla mürəkkəbləşmiş strukturlar – burada seysmik kəşfiyyat üsullarının məlumatlarından istifadə etməklə xəritəalmanı iki mərhələdə həyata keçirmək lazımdır: əvvəlcə ayrı-ayrı tektonik blokların sahəsi üçün xəritələr qurulur, sonra isə bu məlumatlar ümumiləşdirilərək strukturun bütövlükdə xəritəsi tərtib olunur.
b) Trend-analizi. Trend-analizinin nəzəri əsasını amerikalı alim İ.Krambeyn yaratmış (1969) və geologiyada geniş tədqiq olunmuşdur. Ondan sahəvi dəyişmələri öyrənməkdə, o cümlədən struktur xəritələrin qurulmasında istifadə edilir. Sonralar trend-analizinin dərinlik-profil və həcmi modelləri də yaradılmışdır (B.Ə.Bağırov, 1982). Həll ediləsi məsələnin xüsusiyyətindən asılı olaraq onların imkanlarından istifadə olunur. Bu kitabın “Əlavələr”ində qeyd olunduğu kimi, trend-analizi yataq parametrlərinin, o cümlədən layların yatma dərinliyinin sistematik (qanunauyğun) və təsadüfi dəyişmələrinin aşkar edilməsinə imkan verir.
Bu üsulun üstün cəhədlərindən biri təqdim olunan xəritələrin dəqiqlik dərəcəsinin avtomatlaşdırılmış rejimdə verilməsidir. Odur ki, alınmış xəritələrdə struktur dəyişmələr regional və lokal miqyaslarda öz əksini tapır.
c) Krayqinq analizi. Xəritəalmanın riyazi üsulları arasında krayqinq modelləşdirilməsi özünəməxsus yer tutur. Bu modelləşdirmə quyularda qeyd olunmuş faktiki yatma dərinliklərinin qiymətlərinin məhdudluğu şəraitində müvafiq riyazi ümumiləşdirmə ilə daha etibarlı xəritələrin tərtibinə imkan verir.