210
OKTAY RZA
BƏRDƏ
Gözəllikdə tutub qərar
Yaşıllıqda üzən Bərdə
Qoruğunda qırqovullar,
Göyərçinlər süzən Bərdə.
Şam – göy donlu mələkmidir,
Sərv ucalan diləkmidir,
Qovaq nəhəng lələkmidir,
Köksü nərgiz, süsən Bərdə.
Nizaminin sözü dastan
Nüşabənin özü dastan
Babəklərin izi dastan
Adı eli gəzən Bərdə.
Bağlarının yığ barını,
Səslə payız toylarını,
İlin bütün aylarını
Gəlin sayaq bəzən Bərdə.
Ş. ABDULLAYEV
BƏRDƏYƏ GƏL...
Kür qırağı tamaşa
Hər yan yaşıl meşələr
Zümrüd çəmən, göy tala
Ara-sıra bərələr...
Tül örpəkli tarlaya,
Bol nemətli çölə bax.
“Ağ qızıl”ın diyarı,
Qarabağdır, Qarabağ!
Qonaqsevər elləri
Varın düzər süfrəyə
Nüşabənin vətəni
Bərdəyə gəl, Bərdəyə!
211
***
Göy donunu dəyişib,
Ağ geyər yayda tarla
Payızda tel-tel olub
Gülümsəyər vüqarla.
Qızlar sükan tutanda
Ay boylanır səmadan
Bunkerdən “ağ qızılı”ı
Boşaltdıqca qəhrəman
Ellər taya düzəldir
Çöllər dönür sərgiyə
İnanmırsan, a dostum,
Bərdəyə gəl, Bərdəyə!
***
Tərtər üstdə bir şəhər
Ay üzündə xal kimi
Görüşdürür yolları
Şirin bir vüsal kimi
Sahilləri xiyaban
Yol kənarı al-əlvan
Gündüzləri günəşli,
Gecələri çıraqban
De kim tanımır onu
Baxma heç xəritəyə
Sür maşını birbaşa
Bərdəyə gəl, Bərdəyə!
212
ƏJDƏR FƏRZƏLİ
BƏRDƏNİN ŞÖHRƏTİ
(Lirik poema)
1
Sən aranın taxtısan,
“Ağ qızıl” paytaxtısan.
Ətalət dağlarını
Kökündən uçurmusan,
Hünər adlı bir dağın
Zirvəsində durmusan.
Qaliblər yarışında
Həmişə birincisən.
Vətən – bir qızıl tacdır,
Sən – orda bir incisən!
İlkin nəğməni babam,
Ulu Nizami dedi.
Pozulmasın yurdumda
Elin nizamı – dedi
El bir olsa, basılar,
Dönər həramı – dedi.
Baxdı gül camalına,
Coşdu ilhamı – dedi.
Nizami bu ellidir,
Gəncəli, Bərdəlidir.
Qoy bilsin hamı – dedi.
Onun, sənin Nüşabən
İdrakın qüdrətilə
Mat qoydu İsgəndəri.
Fəth etdi
Yer üzünü
Fəth edən cahangiri,
Susduruldu yadelli,
Kamalının önündə
Döndü, çəkildi geri,
Şöhrətin aşdı gəldi
İlləri, əsrləri!
213
2
Həşəmətli dünənim,
Dünyanın ən basılmaz
Qalasına dönənim.
Bu gün də hünərinlə
Alınmaz bir qalasan,
Bu nişanda qalasan!
Sənin zəhmət toyuna
Dedilər qonaq olum,
Sevincinə balan tək
Mən də qoy ortaq olum.
Qoşuldum o nurlu gün
“Ağ qızıl” karvanına,
Gəldim ana qoynuna.
Ruhuma lay-lay çaldın.
Sən məni məndən aldın.
Od yurdu bir dastandır,
Sən onun bir nəğməsi.
Od yurdu bir ümmandır,
Sən onun bir ləpəsi.
Od yurdu bir çəməndir,
Sən onun tər laləsi.
Od yurdu bir səmadır,
Sən orda bir ulduzum!
Ürəyimdən keçdi ki,
O bircə ulduzuma
Mən də bir nəğmə yazım.
3
Ürəksiz ötüşmək olmaz yanından,
Ulduzlar saçılır asimanından.
Qonağa mehriban, dosta mehriban,
Ocağı Bərdənin, közü Bərdənin!
Almazlar, incilər yağanda düzə,
Qarışır bu yerdə gecə gündüzə.
Yaraşır əzəldən nəğməyə, sözə,
Söhbəti Bərdənin, sözü Bərdənin!
214
Gəl, orda sirdaş ol sən də hünərlə,
Açılsın səhərin min bir zəfərlə.
Səni qarşılasın xoş müjdələrlə,
Oğulu Bərdənin, qızı Bərdənin.
İlham çeşməsidir torpağı, daşı,
Odur ki, göylərə ucalır başı.
Ellərin dilindən qopur alqışı,
Ağdır el yanında üzü Bərdənin.
Onun şəfəqilə mən də nur oldum!
Ayna sularında axdım, duruldum.
Nəğməsi gur oldum, səsi gur oldum.
Güləndə körpə tək gözü Bərdənin!
4
Bərdənin şöhrətini
Çöllərində arayın.
Gümüşü pambığının
Tellərində arayın,
İgidlərinin polad
Qollarında arayın.
Bol bəhrəsi daşınan
Yollarında arayın.
Qocasının, gəncinin
Fikrində, arzusunda,
İnamında arayın!
Zəhmətindən aldığı
İlhamında arayın!
Aradım, düzə çıxdım,
Gücü ana torpaqdan.
Odu Günəşdən alan,
Yüz igid əli sıxdım.
Yer asiman kimiydi –
Hər yanı ulduz-ulduz!
İnci, almaz yığırdı
Burdan min bir oğul, qız.
Çöllərin yaxasına
İnsan da yaraşırdı,
Maşın da yaraşırdı,
Günəş də yaraşırdı!
215
“Ağ qızıl” meydanında
İnsan da yarışırdı,
Maşın da yarışırdı,
Günəş də yarışırdı!
Bu ecazkar yarışdan
Qalib çıxırdı insan!
5
Yol verin, a cərgələr,
Qoynuna Tərlan gəlir!
Adı bu gün Bərdəyə
Şərəf, şan olan gəlir,
Möhkəm tutub sükandan,
O zəfər çalan gəlir!
Yığır “mavi gəmi” si,
Yığır çölün barını.
Bu çöllərdə qazanıb
Tərlan öz hünəriylə
Elin etibarını
Çöllərin ətəyindən
Kür gümüşlənib gedir,
Kür təzə bir nəğməni
Gördüm zümzümə edir:
Ana yurdu qəhrəmansız görmədim,
Ana yurdun qəhrəmanı Tərlanım!
Bu torpağı şərəf-şansız görmədim,
Bu torpağın şərəf-şanı Tərlanım!
Düzlərinin azalmasın heç barı,
Çiçək açsın arzuların baharı.
El də sevir təmiz andı, ilqarı
Elin əziz, mehribanı Tərlanım.
Əllərindən axsın bolluq çeşməsi,
Aşıb, daşsın el-obanın süfrəsi.
Məhsətinin, Nüşabənin nəvəsi,
Bəzə bizim gül məkanı, Tərlanım!
İgid gərək öz yurduna yaraşa!
Zaman ilə çıxa hər gün yarışa,
Arzum budur qarış-qarış dolaşa,
Adın gəzə bu cahanı, Tərlanım!
216
Oxuduqca bu nəğməni
Kürün gümüş dodaqları,
Nəğmə gəzdi ağız-ağız
Yaxınları, uzaqları.
O nəğmənin qanadında
Gəzdim dağı, həm aranı,
Nişan verdi ellər mənə
Neçə-neçə qəhrəmanı.
Çoxdur gördüm Bərdəmizin
Dağ üstündə dağ qoyanı!
Bu torpağın Hümbəti var,
Yaxasında “Qızıl ulduz”,
Qolunda dağ qüvvəti var!
Bu torpağın Aydını var,
Xalidi var, Yusifi var,
İslamı var.
Tərlan kimi, hər birinin
Gəzir adı diyar-diyar.
Mən onların gözlərilə
Seyr elədim gen düzləri,
Nur çilədi üfüqlərə
Ömürlərin gündüzləri.
6
Xəzan bilməz gülüm Bərdə!
Tutdu səni könlüm Bərdə!
Çox görmüşəm büsatını,
Görüm bir də,
Görüm Bərdə!
Bu gün fərəh ümmanısan.
Qəhrəmanlar diyarının
Cən də bir qəhrəmanısan!
Qurub-yaratmaq eşqilə
Vəcdə gəlir insanların.
Bürünüb el sevincinə
Küçələrin, meydanların.
Sənin məhsul bayramına
Axın-axın ellər gəlir.
Şərəf, şöhrət bayrağından
Möhkəm tutan əllər gəlir.
217
Sirdaş olub arzulara,
Aylar gəlir, illər gəlir.
Sinə gərib o kürsüyə
Alnı açıq Rüstəm əmi,
Salamlayır igidləri
Qədirbilən ata kimi.
Deyir ki, biz təbiətdən
Gözləmədik mərhəməti,
Yaxşı tutdu qolumuzdan
Dağlar yıxan el qüvvəti!
Ağlımıza, gücümüzə inamımız,
Dözümümüz, inadımız
Heyran qoydu təbiəti.
Maymaqlığı, qorxaqlığı
Asmasaydıq, kəsməsəydik,
Biz hər kolun üzərində
Ana kimi əsməsəydik,
Şirin-şəkər yuxumuzdan
Bilə-bilə kəsməsəydik,
O “ağ qızıl” dağlarımız
Başı qarlı Şah dağından
Yüz qat uca olardımı?!
Ürəklərdən səda gəlir,
Gülür qoca, cavan, Bərdə,
Tarixlərdə izi qalan,
Min söhbəti, sözü qalan
Qoca yaşlı cavan Bərdə!
Söz verilir komsomola:
– Əlimizlə, – deyir, gərək
Bütün dünya cənnət ola.
Qızıl kürsü qabağından
Gül balalar gəlib keçir.
Boynu qızıl qalstuklu
O körpələr də and içir:
Sabah biz də olacağıq
Hümbət kimi, Tərlan kimi!
Sərdar kimi, Şaban kimi!
Döşlərdəki ordenlərdən
Medallardan göz qamaşır.
Dalğalanır insan seli
Ümmandımı, aşır-daşır?!
218
Bu təntənə, bu toy-büsat
Bu gün daha çox yaraşır,
Aranımın gül taxtına,
“Ağ qızılın” paytaxtına!
Cərgə-cərgə, alay-alay
Gəlib keçir qəhrəmanlar,
Bolluq dağı yaradanlar!
Neçə qorxmaz ər böyüdən
Neçə igid, nər böyüdən
Ağbirçəkli ana keçir.
Düzlərimin yaraşığı
Neçə nazlı sona keçir.
Çirkinlik də, bədbinlik də
Gendən, yana-yana keçir.
Hər baxışdan nur ələnir
Ömürlərin xoş baxtına
“Ağ qızılın” paytaxtına!
“Azərbaycan” kolxozunun
İgidləri qabaqdadır.
Gedir mətin sıralarla,
Əllər qızıl bayraqdadır.
Vətən sözü, Vətən andı
Min nəğməli dodaqdadır.
Əmək, hünər cəbhəsindən
O müzəffər çıxanlara,
Ulduzları yaxasına
Qoşa-qoşa taxanlara,
Dönüb qeyrət qılıncına
Geriliyin başı üstə
Şimşək kimi çaxanlara,
Tək Qarabağ deyil, bu gün
Şirvan baxır, Muğan baxır,
Bütün Azərbaycan baxır
Şəhərlərin xoşbaxtına,
“Ağ qızılın” paytaxtına!
7
Xoş sevdalı bir nida
Dolanır izdihamı,
Yayılır dalğa-dalğa
219
Vətənin vuran qəlbi
Moskvanın salamı!
Dilimizin əzbəri,
Azad xalqlar şəhəri,
Sülhün enməz qalası
Moskva da söyləyir:
– Sağ ol, ağ günlü Bərdə!
Toylu-düyünlü Bərdə!
Bu sevincə birinci
Üzeyirlər vətəni –
Ağcabədi qoşulur,
Qonşu kimi, dost kimi,
Bərdənin əllərini
Dönə-dönə sıxır o,
Dönə-dönə şad olur.
Suqovuşandan gəlir
Sabirabadın səsi.
Nəğmələrə qarışır
Mirbəşirin, Yevlağın,
Ağdamın da nəğməsi.
Neçə qardaş təbriki
Zərdabdan, Füzulidən,
Qədim Salyandan gəlir,
Özbəkistandan gəlir,
Türkmənistandan gəlir,
Min bir diyardan gəlir,
Gəlin bahardan gəlir!
8
Təkcə Bərdə deyil bu təmtəraqda,
Hər kəndim, şəhərim toy-büsatlıdır.
Sorağı ellərdən-ellərə çatan
Müjdələr necə də quş qanadlıdır.
Hər gələn bu yerdə bayrama gəlir.
Ulduzlar qoynuna salama gəlir.
Könüllər dil açıb ilhama gəlir,
Bu şöhrət sənindir, Azərbaycanım!
Dünya heyran qalıb cah-cəlalına,
Mənsə vurulmuşam gül camalına,
Alqış bu gününə, istiqbalına
Bu qüdrət sənindir, Azərbaycanım!
220
Əlində müzəffər qızıl bayrağın,
Üfüqlər ardından gəlir sorağın,
Hər qəlbi isidir odun, ocağın,
Bu hörmət sənindir, Azərbaycanım!
Görüb növrağını Mil, Muğan gülür.
Gülür Qarabağım, Naxçıvan gülür.
Qədim Gəncə, Qazax, Lənkəran gülür,
Bu sərvət sənindir, Azərbaycanım!
Gülür qızıl Bakı, paytaxtım mənim!
O odlar beşiyim nur taxtım mənim!
Xoş taleyim mənim, xoş baxtım mənim,
Bu dövlət sənindir, Azərbaycanım!
Haqqa sadiq qalıb nəsillərimiz,
Lenindən dərs alıb mərd ellərimiz!
Yol açır sabaha əməllərimiz,
Bu cürət sənindir, Azərbaycanım!
Əzəldən bəhrəli, nemətli yurdum,
Bitib-tükənməyən sərvətli yurdum
Mənim qəlbi açıq, qeyrətli yurdum!
Bu qüvvət sənindir, Azərbaycanım!
Dost ellər söz açır səxavətindən,
Dostluğa əbədi sədaqətindən,
Ali məclislərdə ləyaqətindən,
Bu ülfət sənindir, Azərbaycanım!
Ey ulu beşiyi şeirin, sənətin,
Nizamin fəxridir bəşəriyyətin!
Heyranın olmamaq çətindir, çətin
Rəşadət sənindir, Azərbaycanım!
Hələ min igidin, qəhrəmanın var,
Üzeyirin, Vurğunun, Nərimanın var!
Hələ çox söhbətin, çox dastanın var
Səadət sənindir, Azərbaycanım!
Ey müqəddəs adı ulduzlar aşan,
Hüsnünə baxdıqca gözüm qamaşan,
Qəlbimdə hər zaman çağlayıb daşan,
Məhəbbət sənindir, Azərbaycanım!
Sədaqət sənindir, Azərbaycanım!
Dostları ilə paylaş: |