227
ƏLİ ƏLİYEV
BƏRDƏM
Tarixin özü tək saçları düm ağ,
Murovtək, Qoşqartək, vüqarlı Bərdəm.
Yazı da, qışı da cahlı, cəlallı,
Əbədi yaşarlı, baharlı Bərdəm.
Tərtər sinən üstə qıvrılır, axır,
Göylər həsrət ilə hüsnünə baxır.
Sübh çağı lalənə şeh sırğa taxır,
Ay mənim axarlı, baxarlı Bərdəm.
Bağlı-bağatlısan, xoş növrağın var,
Gözəl xislətin var, gözəl çağın var.
Min nemət yetirən saf torpağın var,
Palıd tək, çinar tək, vüqarlı Bərdəm.
Cavanşir döyüşdən döyüşə keçdi,
Dəllərdə, yollarda atı su içdi.
Düşmən qorxu çəkdi, lərzəyə düşdü,
Ərləri adına uyarlı Bərdəm.
Nüşabə kamala çatdı burada,
Köksün dalğalandı, görmədi qada.
İsgəndər baş əydi, bu böyük ada,
Binadan olmusan ilqarlı Bərdəm.
Nizami hüsnünə vurulmuş düzü,
Sənə bağlı idi hər şirin sözü.
Sənə qurban olsun Əlinin özü,
Uzaq keçmişlərdən, yadigarlı Bərdəm.
|