İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular.
Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi. Yeniyetməlik və ilk gənclik illərində Bertran Rassel tənhalıqdan əziyyət çəkmiş, hətta bu səbəbdən bir neçə dəfə intihar fikrinə düşmüşdü. Etirafına görə yalnız riyaziyyata marağı və üzərində işlədiyi riyazi məsələlərin həllini sona çatdırmaq istəyi onu bu qaramsar niyyətindən çəkindirmişdi.
Həyatı
Britaniya səfirliyinin fəxri attaşesi kimi 1895-ci ildən Parisdə yaşayan Rassel iqtisadiyyatla bağlı tədqiqatlar aparmaq məqsədi ilə bir müddət Almaniya və ABŞ-də da olmuşdu. "Alman sosial demokratiyası" (1896) və "Leybnis fəlsəfəsinin tənqidi şərhi" (1900) kitablarının yazılmasında bu səfərlər mühüm rol oynamışdı. 1910-1913-cü illərdə Bertran Rassel Triniti-kollecin professoru N.Uaythedlə birlikdə "Riyaziyyatın əsasları" adlı 3 cildlik fundamental tədqiqat çap etdirmişdi. Bu dövrdə alim həm də ictimai-siyasi fəaliyyətlə məşğul olurdu. O, İngiltərədə sosializm ideyalarını yayan Fabian cəmiyyətinin üzvü idi. Qadınlara seçki hüququ verilməsi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi. Parlament seçkilərinə qatılsa da, dini baxışlarına görə lazımi miqdarda səs toplaya bilməmişdi.
İngiltərənin Birinci Dünya müharibəsində iştirakı Rasselin sərt tənqidi ilə qarşılanmışdı. O, "Sosial yenidənqurmanın prinsipləri" (1916), "Müharibə və ədalət (1916)", "Siyasi ideallar" (1917), "Azadlığa aparan yollar: Sosializm. Anarxizm. Sindikalizm" (1918) kitablarında dəyişməkdə olan dünyanın mənzərəsini yaratmağa çalışmışdı. Müharibə əleyhdarı Bertran Rassel orduda xidmətdən boyun qaçırdığına görə böyük məbləğdə cərimə ödəməli, hətta bir müddət həbsxanada yatmalı olmuşdu. ABŞ-nin müharibədə iştirakına kəskin tənqidi reaksiyası nəticəsində 1918-ci ildə o ikinci dəfə həbsxanaya salınmışdı.
Həyatı
1920-ci ildə Bertran Rassel beş həftə SSRİ-də olmuş, Lenin, Trotski və Maksim Qorki ilə görüşmüşdü. Sosialist ideyalarına müəyyən rəğbətlə yanaşsa da, "Bolşevizmin nəzəriyyəsi və təcrübəsi" (1920) kitabında sovet rejimini ciddi tənqid etmişdi. 1920-1921-ci illərdə Rassel Asiya ölkələrinə uzunmüddətli səyahətə çıxmış, bir müddət Pekin universitetində mühazirələr oxumuşdu.
Bertran Rassel təhsil problemlərinə mühüm diqqət yetirmişdi. Hətta bir ara pedaqogika ilə sıx maraqlanmış və özünün təcrübə məktəbini təşkil etmişdi. "Təhsil haqqında" (1926), "Təhsil və təmiz həyat" (1926), "Təhsil və ictimai quruluş" (1932) əsərlərində filosof-alimin müasir təhsillə bağlı fikirləri əks olunmuşdur. ikinci Dünya müharibəsi başlayanda Bertran Rassel pasifist baxışlarından imtina etmişdi. Xüsusən faşist Almaniyasının Polşaya hücumundan sonra İngiltərənin hərbi əməliyyatlara mümkün qədər tez qoşulmasının qızğın tərəfdarlarından biri kimi tanınmışdı. Müharibə illərində əsasən ABŞ-də yaşamışdı. Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumuş, Siti-Kollecin və Harvardın fəlsəfə professoru olmuşdu. ABŞ-dəki oxuduğu mühazirələri əsasında 1945-ci ildə "Qərb fəlsəfəsinin tarixi" monoqrafiyasını çap etdirmişdi.
Əsərləri
Riyaziyyatın prinsipləri (The Mathematica Prinsipa)