Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


Quzey Azərbaycanın rus işğalı altında keçən illrinə ötəri bir nəzər



Yüklə 2,81 Mb.
səhifə33/36
tarix31.01.2017
ölçüsü2,81 Mb.
#6956
1   ...   28   29   30   31   32   33   34   35   36

4. 8. Quzey Azərbaycanın rus işğalı altında keçən illrinə ötəri bir nəzər
Sözügedən müqaviləyə təbəə mübadiləsi ilə əlaqədar 12, 14 və 15-ci maddələrin daxil edilməsi bilavasitə bölgədəki demoqrafik tarazlığın imperiyanın lehinə dəyişdirilməsinə yönəldilmiş strateji bir addım olmaqla yanaşı, bölgə üçün ən faciəvi məqamlardan biri sayılmalıdır. Həmin maddələrə əsasən imperiyanın cənub hüdudlarında etibarlı xristianlardan ibarət bir qurşağın təşəkkülü məsələsi aktuallıq qazandı. Xüsusilə sonuncu maddədə Qacar şahının nəinki “Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlama əta etməsinə”, hətta ”hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan heç kəsin öz hərəkətinə, müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmayacağına” dair öhdəliyini də üzərinə götürməsi maraq döğurur.

Daha sonra Qacar hökumətinin də iştirakı ilə çar hökumətinə Şimali Azərbaycandakı əhalinin mövcud etnik tərkibini öz mənafeyinə uyğun dəyişdirmək imkanı verildi. Bu da bölgədəki yerli xalqların, xüsusilə Azərbaycan türklərinin ata-baba yurdu hesabına özlərinə vətən əldə etmək xülyası ilə yaşayan erməni millətçiləri üçün tarixi fürsət oldu. Gələcəkdə bölgənin başına sonsuz bəla və müsibətlər gətirəcək bu xəbis niyyətin həyata keçirilməsində Eçmiədzindəki erməni ruhaniləri ilə yanaşı, çar ordusunda xidmət edən erməni mənşəli zabitlər də böyük rol oynadılar. Bu güm “İran” adlandırılan ərazilərdəki ermənilərin Şimali Azərbaycana köçürülmə işinə rəhbərlik isə bilavasitə erməni mənşəli polkovnik Lazarevə həvalə olundu.

Türkmənçay müqaviləsi üzrə 26 fevral-11 iyun 1828-ci il tarixləri arasında gerçəkləşdirilən ilk köçürmə kampaniyası 1830-cu ilə qədər davam etdi və 40 mindən çox ermənini əhatə etdi. Köçürülən ermənilər əsasən İrəvan, Qarabağ və Naxçıvan ərazilərinə yerləşdirildi. Bu məqsədlə 200 min desyatindən çox münbit xəzinə torpağı ayrıldı və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alındı. Türkiyə ərazisindən köçən 84 min erməni və qeyri-rəsmi köçənlərlə birlikdə məskunlaşan ermənilərin sayı 200 mini ötüb keçdi. Bu köçürmələr nəticəsində əhalisinin 73,4 faizi türklər olan İrəvan xanlığının yerində “Erməni vilayəti” yaradıldı, Naxçıvanda və İrəvanda yaşayan yerli müsəlman bəylərinin irsi torpaqlarını əllərindən alınaraq orada İrandan köçürülmüş ermənilər yerləşdirildi. Çoxlu sayda ermənini Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağa, yerləşdirən imperiya yerli xalqın mənafeyini tapdalayaraq özünün mənfur niyyətlərini gerçəkləşdirməyə nail oldu.

Məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsində 1823-27-ci illərdə Qarabağ əyalətində məskunlaşmış əhalinin cəmi 8 faizini təşkil edən ermənilərin sayı 1828-30-cu illərdə 35 faizə, Naxçıvan əyalətində müvafiq olaraq 13 faizdən 49 faizə, nəhayət qondarma “Erməni vilayəti”ndə isə 24 faizdən 54 faizə çatdırıldı. Təbii ki, bunun müqabilində də eyni illərdə Azərbaycan türklərinin sayı Qarabağda 91 faizdən 65 faizə, Naxçıvan əyalətində 86 faizdən 51 faizə və “Erməni vilayəti”ndə 73,8 faizdən 46,2 faizə düşmüş oldu. Rus müəllifi Şavrovun da etiraf etdiyi kimi, XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu diyarın köklü sakinləri olmayıb çar Rusiyası tərəfindən məskunlaşdırıldı.

Rusların bu istiqamətdə gördüyü ən xəbis işlərdən biri də alban katalikosluğunu ləğv edərək, erməni katalikosluğuna tabe etməsi və Eçimədzini ermənilərə hədiyyə etməsidir. Bu barədə çarın xüsusi fərmanı olmuşdur ki, həmin sənədin foto-surəti kitabın sonunda təqdim edilir.

İşğalın ilk dövründə hərbi əməliyyatlar nəticəsində işğal olunmuş xanlıqlarla

müqayisədə digərlərinə qarşı nisbətən yumşaq davranan çar Rusiyasının bu addımının bir müddət sonra sadəcə taktiki gediş olduğu anlaşıldı. Azərbaycana imperiyanın potensial xammal mənbəyi kimi baxıldığı və imperatorluğun digər bölgələrində yaşayan xalqlar üçün yeni məskunlaşma ərazisi kimi görüldüyü ortaya çıxdı. Tezliklə qeneral Yermolovun ideyası əsasında evli əsgərlərin, sonrakı dövrlərdə isə qismən alman kolonistlərinin, əsasən də xristianlığın bidətçi təriqət mənsublarının, eyni zamanda yunanların bölgəyə yerləşdirilməsi prosesinə başlandı.

Şübhəsiz ki, bu prosesdə Osmanlı dövləti və Qacar Azərbaycanı ilə müharibələrdən sonra, xüsusilə Paskeviçin zamanında köçürülən, həmçinin mütəmadi olaraq məqsədyönlü şəkildə bölgəyə yerləşdirilən ermənilərə müstəsna yer verilirdi. Sonuncuların bölgəyə yerləşdirilməsi və hökmranlıq iddiaları sonralar elə bir həddə çatdı ki, imperiyanın yüksək dairələrində müəyyən narahatlığa səbəb oldu. Təbii ki, yerləşdirilən kolonistlərə hərbi-strateji, coğrafi və münbitlik baxımdan ən əlverişli ərazilər verilirdi. Bu məsələdə müqaviməti aradan qaldırmaq məqsədilə Rusiyanın Qafqazdakı hərbi müstəmlələkəçi təsisatlarının həyata keçirdiyi digər bir tədbir də əsrlər boyu formalaşmış torpaq münasibətlərini aradan qaldırmaq və ali təbəqəni sındırmaq oldu.

Ali təbəqəni özündən asılı vəziyyətə salmaq məqsədini güdən siyasət nəticəsində tiyul sahibi mülkədarlar dədə-baba torpaqları üzərindəki bütün mülkiyyət və vərəsəlik haqlarını itirdilər. Əvəzində əldə etdikləri xəzinə kəndlərini müvəqqəti idarəetmə hüququna sahib dövlət məmuru statusu oldu. Bu statusun davam etməsi isə onların Rusiya imperiyasına sədaqətli xidməti ilə şərtləndirilirdi. Bəy və ağaların torpaq hüququndan məhrum edilməsi üçün “hökumətə xəyanət”, “düşmənlə Rusiyanın mənafeyinə ziyan vuran əlaqələrin saxlanması” və “dövlət məmurlarına itaətsizlik” kimi ittihamlar kifayət edirdi. Çar Rusiyasının Azərbaycana qarşı məqsədyönlü qərəzkar siyasətini və normal məntiqlə uzlaşmayan ədalətsizliyini Gürcüstan zadəganlarına qarşı fərqli münasibətində, daha doğrusu onların bütün torpaq və silki hüquqlarına sərbəstlik verməsində, görmək mümkündür. Bununla irsi torpaq hüquqlarından məhrum olan müsəlman ağalar tamamilə imperiyadan asılı vəziyyətə salındı və onların üzərinə hərbi-polis nəzarəti qoyuldu.

Müstəmləkə zülmündən qaçaraq Osmanlıya və ya Qacarlara sığınan Azərbaycan türklərinin torpaqları da mənimsənilərək dövlət xəzinəsinin hesabına keçirilirdi. Rus müstəmləkəçilik sisteminin gətirdiyi ağır vergi və mükəlləfiyyətlərin altında əzilən kəndlilər xanlıq dövründə olmayan yeni bir vergi borcu anlayışı ilə qarşılaşdılar. Müxtəlif bəhanələrlə alınan pul və yaxud taxıl, yarma, arpa kimi məhsullardan ibarət vergilərin miqdarı misli görünməmiş rəqəmlərlə ölçülürdü. Dövlət və sahibkar kəndlərindən yığılan gəlirlərin böyük hissəsi işğalçı ordunun və müstəmləkəçi idarələrin saxlanılmasına sərf edilir, bir qismi də hərbi və mülki dövlət məmurları tərəfindən mənimsənilirdi. Mahalların idarəsinə cavabdeh olan naiblər və iltizamçıların zülmləri də həddini aşırdı.

1829-1830-cu illərdə Transqafqazda yoxlama aparan senatorlar Kutaysov və

Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində dövlət məmurları tərəfindən vergilərin çox zaman ikiqat, üçqat yığılması, bu yığımın, onların sözləri ilə deyilsə, ”acgöz erməni tacirlərinə” iltizama verilməsi kimi saysız özbaşınalıq və qanunsuzluqlarla üzləşdilər. Bütün Transqafqazda çox ağır bir durumla qarşılaşan senatorlar Rusiyanın ədliyyə nazirinə ünvanladıqları müraciətdə”... müsəlman əyalətlərinin idarə olunmasını nəzərdən keçirdikdə rəislərin azğınlığı və əhalinin çəkdiyi iztirablardan insan sarsıntı keçirir. Burada insane ləyaqəti artıq bütünlüklə ayaq altına atılmış, hər cür qanunçuluq unudulmuş, qanun yalnız əsarət alətinə çevrilmiş, acgözlük və çılğın özbaşnalıq isə dairə rəisləri, komendantlar, pristavlar və başqa ağalıq edən şəxslərin davranışı üçün yönəldici amil olmuşdur”, deyərək vəziyyətin nə dərəcədə dözülməz olduğunu etiraf edirdilər.

Bölgədə ”hərbi-zoraki” xəttin tərəfdarı olan senatorlar “Bölgənin mülki və siyasi baxımdan Rusiya ilə vəhdət təşkil etməsi, yerli əhalinin özlərini ruslar kimi hiss etməsini, düşünməsini və davranmasını təmin etmək üçün” əhalinin tamamilə ruslaşdırılması məqsədini daşıyan yeni inzibati islahatlar planını təqdim etməyi də unutmadılar. Ən başlıcası, bu planı yerinə yetirəcək yeni imperiyaya sadiq bir ali silkin və ruhani təbəqəsinin formalaşdırılması zərurətini də vurğuladılar. Qarət və talandan başqa ad verilməsi qeyri-mümkün olan bu siyasət çox zaman kəndlilərin kütləvi şəkildə öz doğma yurdlarından qaçmasına gətirib çıxarırdı.

Nəhayət, maliyyə-vergi siyasətinin hərbi üsullarla həyata keçirilməsi nəticəsində ortaya çıxmış ağır müstəmləkə zülmündən cana gələn kəndli çıxışları baş verdi. 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə, 1837-ci ildə isə miqyasına görə ən böyüyü sayılan Quba üsyanı baş verdi. İmtiyazlarını itirmiş yerli feodalların, ruhanilərin təşviqi və iştirakı ilə müxtəlif bölgələrdə baş verən üsyanlar xüsusi qəddarlıqla yatırıldı, çoxlu sayda iştirakçı tutularaq edam edildi və yaxud uzunmüddətli həbs cəzasına məruz qaldı. Bir sözlə, komendant üsuli-idarəsi vasitəsilə yerlərdə müstəmləkə hakimiyyətinin möhkəmləndirilməsi fikri özünü doğrultmadı. 1840-cı ildə çar hökuməti inzibati islahat barədə qanun qəbul edərək komendant üsuli-idarəsini ləğv etməyə və onun yerində qəza adlanan ərazi vahidlərindən ibarət quberniyalar yaratmağa məcbur oldu.

Baş vermış üsyanlarda yerli bəylərin rolu təsbit edildikən sonra etibarsız bəylərin cəzalandırılması, hökumətə sədaqətli şəxslərin isə mükafatlandırılması siyasətinə və sədaqətli zümrənin təşəkkülünə başlandı. Bir sira yerlərdə yerli feodalları kəndlilərin istismarına ortaq edərək iltizamçılar təbəqəsi formalaşdırıldı. Təbii ki, bu prosesdə çarizmin etibarlı müttəfiqi rolunda çıxış edən erməni tacirləri də fürsətdən yararlandılar. Nəticədə, Rusiyaya düşməncəsinə münasibət bəsləyən yerli feodalların siyasi və iqtisadi gücü böyük ölçüdə sarsıldı, lakin imperiya özünə etibarlı sosial dayaq məsələsini tezliklə həll edə bilmədi.

Çarizmin yerli feodallarla ittifaqı 1846-cı ilin 6 dekabr qanunundan sonra intensive səciyyə qazandı. Bu qanuna əsasən işğalın ilk illərində müsadirə edilmiş torpaqları hökumətin “xüsusi iltifatı kimi” geriyə qaytarılan, həmin torpaqlar üzərində mülkiyyət və irsi hüquqları bərpa olunan yerli ağalar və bəylər artıq çarizmin müttəfiqi rolunda çıxış etməyə başladılar. Ali təbəqəni özünə yaxınlaşdırmağa müvəffəq olmuş çar hökumətinin bu addımı xalqın bir təbəqəsinin

əlilə digərini əzməsinə və yerlərdəki kəndlilərin ikiqat zülm altına düşməsinə gətirib çıxardı. Yerli feodalların müqavimətinin qırılması nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlər üçün isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatının payına müstəmləkə iqtisadiyyatının tərkib hissəsinə və çarizm üçün böyük rəqəmlərlə ölçülən gəlir mənbəyinə çevrildi.

Siyasi və iqtisadi cəhətdən Rusiya imperiyasına tabe etdirilmiş Azərbaycana qarşı ədalətsizliklər bununla bitmədi. Müstəqilliyi və varı-yoxu əlindən alınmış azərbaycanlılar bir qayda olaraq etimadsızlıq şəraitində yaşamaq, hər addımda özlərinin imperiyaya sədaqətini sübuta yetirmək məcburiyyəti qarşısında qalırdılar. Əvəzində isə, yenə əsir müamiləsi görür, hər cür təqibə məruz galır və milli varlığına təcavüz davam edirdi. Başqa bir etnosa və inanca sahib olması milli mədəniyyətinin planlı şəkildə təqib edilməsi üçün kifayət edirdi. Hökumət qəsdən milli ədavət törədir, qeyri-rus xalqları rəsmi olaraq “özgə xalq” adlandırır və rusların bu xalqları aşağı irq hesab edib onlara nifrət bəsləməsinə imkan verirdi.

Milli kimliyi ardıcıl surətdə inkar olunan və ölkə əhalisinin böyük əksəriyyətini təşkil etməsinə baxmayaraq, türk etnosu məfhumu aradan qaldırılmağa çalışılır, ”məhəmmədilər”, ”müsəlman-tatar”adı ilə çağrılırdı. Eyni zamanda xalqın milli adət-ənənələrinə xor baxılmasına və onun mədəniyyət baxımından geriliyinə inandırmağa səy göstərilirdi. İmperiyanın strateji maraqlarına uyğun gəldiyinə görə, erməni kartından məharətlə istifadə olunur, nəinki onların dövlət idarəçiliyində, hətta iqtisadi və ticari həyatda hakim ünsür olmaları üçün bütün vasitələrə əl atılırdı. Haqsız rəqabətin hökm sürdüyü bir şəraitdə ermənilərdən formalaşan istismarçı erməni təbəqəsi xüsusilə 60-cı illərdən etibarən yerli əhalinin qanını içirdi.

Pravoslav imperiyasında “xristian təəssübkeşliyi” kartından bəhrələnən ermənilər “panislamizm”iddiasını ortaya atmaqla böyük siyasi və iqtisadi divident əldə etdilər. Digər tərəfdən, imperiyanın da mənafeyinə xidmət edən türk düşmənçiliyindən istifadə edən ermənilər Azərbaycanın maddi sərvətlərinə sahib oldular və əsrin ikinci yarısında Bakı neft gəlirlərinin böyük qismini, ümumən bölgədəki dövlət idarələrinə, mətbuata, banklara və əsas ərzaq məhsullarına nəzarəti ələ keçirdilər. İqtisadi cəhətdən ermənilərin hökmranlığını təmin edən çar Rusiyası yad ünsür kimi gördüyü Azərbaycana, onun dilinə, dininə və mədəniyyətinə etinasız münasibətini nümayiş etdirməkdən də çəkinmirdi.

1828-ci ildə Tiflis hərbi qubernatoru Sinyakinin təklifi və Gürcüstan mülki qubernatoru Xovenin yaxından dəstəyilə təşkil olunmuş “əmanətlər məktəbi”nin timsalında da imperiyanin yeritdiyi qeyri-insani siyasətin mahiyyətini görmək mümkündür. Əslində ”girov götürülmüş əmanətlərin faydalı vətəndaşlar kimi yetişməsi üçün onlara lazımi tərbiyə verən məktəbin açılması” təklifinin altında Rusiyanın yerli əhaliyə qarşı tətbiq etdiyi cəza və şantaj üsulu dayanırdı. Belə ki, Qacar və Osmanlı dövləti ilə müharibə aparan Rusiya yerli əhalinin həmin dövlətlərə yardım etməsinin və onların tərəfinə keçməsinin qarşısını almaq məqsədilə maddi imkanlı, məşhur adamların uşaqlarını girov götürür və onları “əmanətlər” adlandırırdı. Təbii ki, valideynlər girov alınmış uşaqlarının həyatı naminə bütün regionda ruslara qarşı hərəkatın qarşısını almağa məcbur olurdular.

Rus hökuməti girov götürülmüş uşaqları xüsusi açılmış məktəblərə cəlb edərək “ lazımi tərbiyə və təhsil” verməklə onlardan yerli xalqla işləyəcək ruspərəst məmurlar hazırlamaq, Rusiya üçün faydalı vətəndaşlar yetişdirmək məqsədini güdürdü. Maraqlıdır ki, Rusiya müsəlmanlara qarşı lazım gəldikdə ehtiyatlılıq göstərir, zərurət aradan qalxdıqdan sonra isə etinasız davranırdı. Belə ki, 1830-cu ilin iyununda girov götürülmüş uşaqların məsələsinin Peterburqda senatda müzakirə edilməsi Osmanlı ilə müharibədə hərbi üstünlüyün qazanılması ilə eyni vaxta təsadüf edirdi.

Müzakirələr əsnasında senatorların təklifi ilə razılaşmayan, “ Məhəmməd dininə malik şagirdlərə himayədarlıq faydasızdır və hətta ziyandır”, deyən Rusiya xalq maarifi naziri imperiya siyasətinin məğzini açmış olurdu (1,49). Amanat uşaqlar üçün Tiflisdə institut açılması məqsədilə başlamış həmin müzakirələrin nəticəsiz qalması ilə yanaşı zərurət qalmadığına görə məktəbin də ömrü uzun olmadı. Yeri gəlmişkən, Qəbələ hakiminin 8 yaşlı oğlu, sonralar hərbçi və yazıçı kimi yetişmiş İsmayıl bəy Qutqaşınlı da 1813-cü ildə girov götürülmüş uşaqlardan olmuşdur. Araz boyunda, Culfada, Təbrizdə, Urmiyə gölü sahilində, Xoyda rus ordusu tərkibində hərbi yürüşlərdə iştirak etmiş İsmayıl bəyin ömrünün müdrik çağında sədaqətlə xidmət göstərdiyi hökumətin müstəmləkə siyasətinin mahiyyətini dərk etməsi və xalqının maariflənməsi istiqamətində müəyyən addımlar atması son dərəcə ibrətamizdir. Onun 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə etməsi, müəllim və xidmətçilərin maaşlarını ödəməsi, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi çalışması, müxtəlif xeyriyyə fəaliyyətləri ilə məşğul olması, nəhayət, iki dəfə həcc ziyarətinə getməsi çar hökumətinin ondan şübhələnməsi və üzərində gizli hökumət nəzarəti qoyması ilə nəticələndi.

Son misaldan da göründüyü kimi, polkovnik rütbəsinə qədər yüksəlməsinə və imperiya qarşısındakı çoxsaylı xidmətlərinə baxmayaraq, İ. Qutqaşınlı öz xalqının maariflənməsi üçün müəyyən iş görmək istəyincə hər şey unuduldu, imperiyanın etimadsızlığı ortaya çıxdı. Ümumən imperiya orduda hərbi xidmət keçdiyi halda, ali silkin övladlarına qarşı ikili standartını sürdürür və onları hərbi mükəlləfiyyətlə bağlı xüsusi vergidən azad etmirdi. Yuxarıda sayılanlarla yanaşı, qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi üçün xalqın orta əsrlərin zülməti içində qaldığını, öz imkanları ilə geriliyin girdabından çıxa bilməyəcəyini, təbiətən intellektual fəaliyyətə, ümumiyyətlə sivilizasiyaya yad olduğunu sübut etmək lazım idi. Çarizmin ideoloqlarının işləyib-hazırladıqları bu xəbis plan nəticəsində hökumət nəinki Azərbaycanın tərəqqisi üçün heç bir addım atmır, hətta yerlərdən gələn bu qəbil təşəbbüsləri də öz siyasətinə potensial təhlükə mənbəyi olaraq görür və müxtəlif bəhanələrlə qarşısını alırdı.

Daha öncə də qeyd edilmiş amilləri həmin dövrdə mübtəla olduğumuz elmi-mədəni geriliyin obyektiv səbəbi kimi qəbul etmək mümkündür. Lakin həqiqət naminə həmin dövrlə əlaqədar bir sıra subyektiv amillərin də varlığını qəbul etmək lazımdır. Bu amillərin başında yerli hakim təbəqənin və mərkəzi hökumətin mənafeyinin əksər hallarda birləşdiyini nəzərə alsaq, onların da milli tərəqqidə maraqlı olmadıqları ortaya çıxar. Ən önəmlisi isə, milli elitanın olmaması xalqın istismarına imkan verən başlıca səbəblərdən idi. Azərbaycanda ardıcıl həyata keçirilən ruslaşdırma siyasəti, milli mədəniyyəti rus mədəniyyəti ilə əvəz etmək cəhdləri tərbiyə sistemini də güclü deformasiyaya uğratdı. Əsrlər boyu formalaşmış nizam dəyərlərin bir çoxuna yararsız əlavələr edildi.

Çarizm hər vəchlə əhalinin məzhəb fərqliləriklərindən yararlanır, daima yerli əhalidən savaş halında olduğu Osmanlı dövlətinə qarşı istifadə etməyə cəhd göstərirdi. Bölgədə imperiya üçün ciddi təhlükə olan müridizm hərəkatına qarşı Azərbaycanda şiəliyin ön plana çıxarılaraq Qafqaz müsəlmanlarının vahid cəbhədə birləşməsinə mane olunmağa çalışılırdı. İrandan fərqli olaraq ruhani zümrəsinin Osmanlı dövlətilə əlaqələrinə xüsusi tabu qoyulmuşdu. Fürsət düşdükcə müsəlmanların dini hissləri təhqir edilir, əhalinin böyük əksəriyyətinin mənsub olduğu İslam dini qərəzli hücumların obyektinə çevrilirdi. Məsələn, Quba əyalətinin Şeşpər mahalı kəndlərində toplanan zəkatın imkansız müsəlmanlara və yaxud məscid və mədrəsələrin ehtiyacına sərf olunmasının qarşısı alınır, İslamın beş əsaslarından sayılan zəkat, çar məmurları tərəfindən həyasızcasına mənimsənilirdi. Müsəlmanların məscidləri əllərindən alınaraq süni şəkildə sayı getdikcə çoxaldılan xristianlar üçün kilsəyə çevrilirdi. Gəncənin işğalından dərhal sonra şəhərin ən böyük məscidinin kilisəyə çevrilməsi siyasətinin davamı kimi, mövcud iki kilsəyə əlavə olaraq yeni və daha geniş bir kilsə tikilməsi üçün 1821-ci ilin 29 iyununda təşkil olunmuş xüsusi komissiyada İçərişəhərdəki Şah məscidi və Şirvanşahlar türbəsinin xristianların ibadətxanasına çevrilməsi planı ciddi şəkildə müzakirə olunmuşdur.

Bir tərəfdən əsrlər boyu formalaşmış mənəvi dəyərlərin ortadan qaldırmasına, digər tərəfdən isə imkan daxilində yerli əhalinin xristian təəssübkeşliyi ruhunda olmasına xüsusi yer verilirdi. Müstəmləkəçiliyin sədaqətli müttəfiqi rolunda çıxış edən xristianlıq, xüsusilə də onun pravoslav qolu geniş təbliğ edilirdi. Bunun ən bariz örnəyini “Bütpərəstlik kimi, İslamın da yalançı din olduğunu” iddia edən rus pravoslav kilisəsinin rus çarları və onların ailə üzvləri tərəfindən himayə edilməsində görmək mümkündür. Hətta imperiyanın mənafeyinə uyğun gəldiyi üçün alman dilini öyrətmək adı altında Bazel missionerlərinin Şuşadakı fəaliyyətləri belə təqdir olunurdu. Bir çox halda müstəmləkə ideoloqlarına bu da az görünür və onlar onsuz da qeyri-bərabər şəraitdə fəaliyyət göstərən İslam dininə qarşı zorakı üsullara əl atırdılar.

Mədrəsələrdə rus dilinin tədrisi məcburiyyətinin, məscidlərin və mövcüd ruhanilərin sayına məhdudiyyətlərin qoyulması, nəhayət “Qafqaz müsəlmanlarını pravoslavlıq şöləsi ilə işıqlandırmaq və islamizmin qalıqları üzərində həyatverici xaçı yüksəltmək şüarı altında 1850-1858-ci illər arasında Zaqatalanın 11 kəndinin əhalisinin zorla xristianlaşdırılması bunun ən bariz örnəyidir. O zamankı Azərbaycan mühitində din xadimlərinin mövqeyini və oynadıqları rolu yaxından tədqiq edən çar məmurları ilk növbədə onlarla xüsusi məşğul oldular. Bunun da başlıca səbəblərindən biri dini qurumları və üləmaları vasitəsilə Azərbaycanın dini həyatında böyük nüfuz sahibi olan Qacar və Osmanlı dövlətlərinin bilavasitə yaxınlıqda yerləşməsi idi. Digər tərəfdən, İslamın müqəddəs yerləri sayılan Məkkə və Mədinənin, həmçinin təxminən Güney Qafqaz müsəlmanlarının yarısının mənsub olduqları şiə təriqəti davamçıları tərəfindən müqəddəs qəbul edilən və ziyarət olunan Nəcəf, Kərbəla və Məşhədin bilavasitə Osmanlı və Qacar dövlətlərinin ərazisində yerləşməsi bu bölgəyə diqqəti daha da artırırdı.

Müsəlman din xadimlərini öz tərəfınə çəkmək və onları zərərsizləşdirmək məqsədilə çar hökuməti ilk addım olaraq onların malik olduqları mülkiyyətin və istifadə etdikləri imtiyazların toxunulmazlığını elan etdi. Bu imtiyazlar arasında din xadimlərinin vergidən, hər növ xəracdan və hərbi mükəlləfiyyətdən azad olunması da var idi. Eyni zamanda 40-cı illərdən etibarən yerli feodallar kimi onlara da malik olduqları mülkiyyətdən əldə etdikləri gəlirlərə sahib olmaq imkanı verildi. Digər tərəfdən, Tatarıstan, Başqırdıstan və Krımda, həmçinin Orenburq vilayətində daha öncə sınaqdan keçirilmiş din xadimlərinə məmur və yaxud polis səlahiyyətləri vermək taktikası işə salındı.

Bütün bu imtiyazların verilməsinin yeganə məqsədi isə imperiyanın Qafqaz siyasətinə qarşı din xadimləri tərəfindən göstərilə biləcək müqavimətin qarşısını almaq, hətta onları mərkəzi hökumətin imperiya siyasətinə alət etmək idi. Xüsusilə Azərbaycandakı ənənəvi tədrisin də əsasən dini məktəb və mədrəsələr vasitəsilə həyata keçirildiyini nəzərə alsaq imperiyanın təxirəsalınmaz tədbir kimi din xadimlərini mümkün olduğu qədər özünə yaxınlaşdırmaq və yaxud zərərsizləşdirmək siyasətinin mahiyyəti daha yaxşı anlaşılar. Təbii ki, bu məkrli siyasətin arxasında gizlənən başlıca niyyətlərdən biri də ruhani təbəqəsinin hakimiyyətini və nüfuzunu minumuma endirmək cəhdi dururdu. Ümumiyyətlə isə, imperiyanın Qafqazdakı məmurları qarşısında din xadimlərinin mülki və ictimai işlərdə iştirakının tamamilə aradan qaldırılması məsələsi qoyulmuşdur. Bu istiqamətdə atılacaq addımların başında isə vətəndaşlar arasında hüquqi münasibətlərin əsas və yeganə tənzimləyicisi kimi şəriətin aradan qaldırılması gəlirdi. Bu məqsədinə çatmaq üçün çar hökuməti verdiyi müvafiq direktivdə öz məmurlarına “şəriət məhkəmələrinin qəbul etdiyi qərarlar nə qədər əsassız olarsa, onun təsir dairəsi də o dərəcədə tez və gözə çarpmadan daralar, nəticədə xalqın arasında ruhanilərin hakimiyyəti sarsılar” tövsiyəsini verirdi.

Din xadimlərinin nüfuzdan salınmasının başqa bir yolu da dini rütbələrin verilməsındə obyektivliyin aradan qaldırılması, elmi və insani ləyaqəti olmadan təsadüfi adamlara dini rütbələrin verilməsi, bunun da məntiqi nəticəsi kimi şəriət məhkəmələrinin ədalətsiz qərarlar çıxarması, hətta hakimlərin rüşvət almaları üçün şərait yaratmaqdan ibarət idi. Bundan başqa, imperiyanın bu istiqamətdə atdığı addımlar arasında imperiya siyasətinə alət olmaq istəməyən din xadimlərinin sıxışdırılaraq ölkədən getmələrini təmin etmək də var idi.

Acı da olsa etiraf etmək lazımdır ki, çox keçmədən imperiyanın gördüyü tədbirlər nəticəsini verdi. Rusiyanın başqa quberniyalarındakına bənzər üsuliidarənin tətbiqi nəticəsində ruhani təbəqəsi əsasən özünün əvvəlki nüfuzunu və gücünü itirdi. Ruhanilərin məhkəmə icraatı, təhsil sahəsindəki rolu və mütənasib olaraq onların sayı da zaman içində azaldı. Qafqazın işğalının başa çatması və çarın 5 aprel 1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri Haqqında” Əsasnamələrin təsdiq olunmasından sonra müvafiq idarələrin təsisi nəticəsində müsəlman ruhani təbəqəsi ilə əlaqədar Rusiyanın planları da yerinə yetirilmiş oldu. Çarizmin gördüyü tədbirlər nəticəsində fars mədəniyyətinin təsiri altında qalan aşağı təbəqə istisna olmaqla cəmiyyətin yüksək təbəqəsi rus mədəniyyətinin hegemoniyasının girdabına yuvarlandı. 1870-ci ildəki kəndli islahatı ilə təxminən eyni vaxtda məhkəmə islahatını həyata keçirən müstəmləkə rejimi istisnasız olaraq hakimləri yalnız ruslardan təyin etməyə başladı. Bu da öz növbəsində 1840-cı ildə başlanan məhkəmə işlərinin ancaq rus dilində aparılması siyasətinin tamamlanmasına, xalqın dili, adət-ənənəsi ilə tanış olmayan hakimlərin ədalətsiz hökm çıxarmalarına gətirib çıxardı.

Həmin dövrdə çarizmə qarşı mübarizənin önündə gedən üləmalarla yanaşı, heç də hər zaman bəsirətli davrana və xalqa doğru yolu göstərə bilməyən din xadimlərinə də təsadüf olunurdu. Təəssüflər olsun ki, onların bir qismi çar hökumətinin toruna düşərək və şəxsi rifahlarını üstün tutaraq müstəmləkəçi siyasətə alət olur, bilərəkdən və yaxud fərqinə varmadan imperiyaya xidmət göstərirdi. Həmçinin mənsub olduğu dini yüksək səviyyədə təmsil edə bilməyən, bu mövzuda kifayət qədər elmi dünyagörüşə sahib olmayan, insanları Allah xofu, cəhənnəm əzabı ilə qorxutmaqla öz varlıqlarını sürdürən, xürafatı və cəhaləti yayan üzdəniraq din xadimləri də yox deyildi. Hətta təmsil etdiyi uca cahanşümul dini və axirət gününü unudaraq rus işğalçılarına xidmət göstərən üzdəniraq “ din xadimləri” nə də təsadüf olunurdu. Onlardan biri Cənubi Azərbaycanda milli xəyanət yolu tutaraq ruslara yardım göstərmiş, xalqı işğalçılara müqavimət göstərmək fikrindən daşındıraraq Təbrizin qapılarını Paskeviçin üzünə açmış, sonra isə könüllü surətdə cənubdan şimala köçərək xəyanətlər dolu həyatını burada davam etdirmiş Təbriz müctəhidi Təbatəbai Ağa Mir Fəttahın faciəvi aqibəti son dərəcə ibrətamiz idi.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin