GÖYTÜRK VƏ UYĞURLARIN ETNOGENEZİ İLƏ BAĞLI MİFOLOJİ MOTİV VƏ SÜJETLƏRDƏ ƏCDAD KULTU VƏ TÜRKLƏRİN İLKİN ATA YURDU
Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlardan biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir ( Heyət, 1993, s. 72).
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi ( Heyət, 1993, s. 72; Гумилев, 2002, c. 26-27).
İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin, yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina (aşina) adlanırdı. Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir, onu böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd dənizin şərq tərəfinə keçirir və orada 10 oğlan uşağı doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir:
Göytürklər qədim Xsiunq-Nunun (hunların, xəzərlərin) soylarından yaranmışlar və onların bir qoludurlar. Özləri isə A-şin-na (“Tövrat”da və “Albaniya tarixin”də Aşkenaz // Askenaz – sarmatların soy babası) adlı bir ailədən törəmişlər. (Sonradan çoxalaraq) ayrı oymaqlar halında yaşamağa başladılar.
Daha sonra Lin (Alan, Alaniya) adlananbir məmləkət tərəfindən məğlub edildilər. (Məğlubiyyətdən sonra göytürklər) bu məmləkət tərəfindən bütünlüklə öldürüldülər.
(Tamamilə qırılan) göytürklər içində yalnız on yaşlı bir uşaq qalmışdı. (Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik olduğunu görüb (ona yazıqları gəlmiş və) öldürməmişdilər. Uşağın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki otların arasına tullayıb getmişdilər.
(Bu zaman) uşağın yanında bir dişi qurd peyda oldu və ona ət verərək bəslədi. Uşaq bu minvalla böyüdükdən sonra da dişi qurdla ər-arvadlıq etməyə başladı. Qurd da bu yolla ondan hamilə qaldı.
(Göytürkləri məğlub edən və hamısını qılıncdan keçirən Lin məmləkətinin) kralı bu uşağın hələ də yaşadığını eşitdi və əsgərlərini onu öldürməyə göndərdi. Uşağı öldürməyə gələn əsgərlər qurdla uşağı yan-yana gördülər. Əsgərlər qurdu öldürmək istədilər, amma qurd (onları görən kimi) tez qaçdı və Kao-ç-anq (Kuşan) məmləkətinin şimalındakı dağa getdi. Bu dağda dərin bir mağara, mağaranın içində isə böyük bir ovalıq var idi. Çevrəsi də bir neçə yüz mildən artıq deyildi. Dörd yanı sıldırım qayalarla əhatə olunmuşdu. Qurd qaçaraq bu mağaranın içinə girdi və orada on uşaq doğdu.
Vaxt keçdikcə bu on uşaq böyüdü və bayırdan qızlar gətirərək, onlarla evləndilər. Beləliklə evləndikləri qızlar hamilə qaldılar və bunların hər birindən bir soy törədi. A-şi-na ailəsi də bu on boydan biridir.
Onların oğulları və nəvələri çoxaldılar və yavaş-yavaş yüz ailə halına gəldilər. Ju-julara tabe oldular. Altay ətəklərində yerləşdilər. Bundan sonra da Ju-juan dövlətinin dəmirçiləri oldular... (Ögəl, 2006, s. 36).
Buradakı Aşina adı üzərində xüsusi durmağımıza ehtiyac var. Bu adı monqol dilindəki “çino” (qurd) sözü ilə bağlamağa çalışırlar. Daha doğrusu, bu fikir elmi ədəbiyyatda artıq kifayət qədər möhkəmlənib. Biz isə “Aşina” (Asina) adının Yafəs oğullarından Aşkenazın (Askenazın) adının Çin dilinə uyğunlaşdırılaraq bir qədər təhrif edilmiş forması hesab edirik. Belə düşünməyimizə səbəb Musa Kağankatlının Aşkenazı (Askenazı) sarmatların cəddi adlandırması (Kalankaytuklu, 1993, s. 15), Pliniyin türkləri sarmatların bir qolu sayması, Pomponiy Melanın isə türklərlə sarmatların qonşu olduqlarını yazmasıdır (Гейбуллаев, 1991, s. 329-330, 334). Xəzər xaqanı İosifin on türk, o cümlədən xəzər soyunun cəddi kimi Aşkenazın qardaşı Toqarmanın (Türkün) adını qeyd etməsi də (Плетнева, 1976, с. 7) fikrimizə haqq qazandırmaqdadır. Bütün bu faktlar barədə irəlidə bir qədər daha ətraflı söhbət açılacaqdır.
Türklərin genezisi ilə bağlı ikinci rəvayətin məzmunu belədir:
Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları Xsi-hai, yəni Qərb dənizinin (Xəzərin) sahillərində yaşayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), böyüklü-kiçikli hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məmləkət tərəfindən məhv edilmişlər. (Türklərin hamısını qırdıqları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə, onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın içindəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.
(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm uşağı, həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu).
Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa getmişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerləşirdi. Bu dağın altında isə çox dərin mağara var idi. (Qurd buraya gəlincə) dərhalhəmin mağaranın içinə girmişdi. Bu mağaranın arxasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.
Qurd burada on oğlan uşağı doğmuşdu. (Göytürk dövlətini quran) A-si-na (“Tövrat”da və “Albaniya tarixi”ndə Askenaz) ailəsi bu uşaqlardan birinin soyundan törəmişdir (Ögəl, 2006, s. 38).
Qeyd edək ki, məşhur fransız alimi, Çin mənbələri üzrə tanınmış mütəxəssis J. Dögin Çin mənbələrindəki “Xsi-hai” dənizinin (Qərb dənizinin) Xəzər dənizi olduğunu təsdiqləməkdədir (Tahirzadə, 1991, 68).
Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə üç məqam diqqəti xüsusi cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl lll-ll minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl l minilliyə aid Urartu mənbələri təsdiqləyir.
Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəlki Akkad və Aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ata yurdu barədə o vaxta qədər rus - sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (Tahirzadə, 1991, s. 62-64). Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çəkilir. Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən "turukku" etnonimi "türk"etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır (Ağasıoğlu, 2005, s. 39)
İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofiq Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar.Yusif Yusifovun yazdığına görə, "türk" adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka", Xotən mətnlərində "ttrruki", Tibet mənbələrində "druq" və "druqu" formasında rast gəlmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 78).
Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir (İsmayıl, 1955, s. 7).
Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular. Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.
Aşşur mixi yazılarından belə məlum olur ki, aşşur hökmdarı l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökmdarı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:
"O ki qaldı Şuşarra olkəsinə, siz mənə yazırsınız ki,bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim,onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz." (Azərbaycan tarixi, 1994, s. 73, 74).
Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını "türk" enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar. Biz də bu fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid akkad və aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl l minilliyə aid Urartu mənbələrində "truxi" kimi rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə, Vl-Vlll əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur. Boz qurdla bağlı əldə olan etnoqonik miflərin təhlili göytürklərin Mərkəzi Asiyaya, o cümlədən Monqolustan ərazisinə Ön Asiya və Qafqazdan gəldiklərini. Türklərin ilkin ata yurdunun Azərbaycan və Şərqi Anadolu ərazisi olduğunu söyləməyə tam əsas verir.
Digər mənbələr də eyni fikri təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin "Xəbərlər" əsərində (Vll əsr) yazılır ki, xəlifə l Müaviyə (661 - 680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da "Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır" - deyə cavab vermişdir (Буниятов, 1964, с. 5; Буниятов, 1965. с 183). Eyni fikir 1126 - cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:
"Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir" (Буниятов, 1965. с 183).
Bələmi özünün məşhur əsərinin “Haris ibn Şəddad” adlı bölümündə Azərbaycandan türklər ölkəsi kimi bəhs etmişdir:
“O (ərəb sərkərdəsi Haris ibn Şəddad), Azərbaycana girdi. O zaman hər şey türklərin əlindəydi, hər şeyi türklərin əlindən aldı, onlara qalib gəldi (Toğan A. Zeki Velidi, 1970, s. 403)
Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120 alimin kollektiv əməyinin nəticəsi olan "Bəşəriyyətin ümumi tarixi" kitabının "At-ropatena" bölümündə yazılanlar da böyük önəm daşımaqdadır:
"...Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər yaşamaqdadır (Tahirzadə, 1991, s 62).
Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi, Yafəsin oğlu Toqarmanın (Türkün) 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın (Albaniyanın) 4-cü şahı olmuşdur (Kalankaytuklu, 1993, s. 19).
Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.
Su ölkəsi harada yerləşmişdir?
Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki lll-ll minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşamış kuti, lulu, subar, kuman və turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda və Su ölkəsinin adı çəkilməkdədir.
Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir:
"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər" (Azərbaycan tarixi, 1994, s. 81).
Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin - Aratta dövlətinin başqa bir adıdır.
Mövzu ilə bağlı Lev Qumilyov yazır:
"...Əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən... məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əfsanədəki "So" nu Altayın quzeyindəki Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə - ku kijilərlə (ku kişiləri, ku adamları) ... eyniləşdirmişdir." (Гумилев, 2002, c. 26-27).
Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim və toponimləri kimi söz açılmışdır (Azərbaycan tarixi, 1994, s. 80).
Qədim mixi yazılarda (e.ə.Xlll-Xll) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir (Azərbaycan tarixi, 1994, s. 83). "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (Гумилев, 2002, c. 26-27). İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında - tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər (Süleymenov, 1993, s. 94-96).
Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y. Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:
"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı" (Azərbaycan tarixi, 1994, s. 83).
Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq:
"(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər... (Vl.22) ...Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı..." (Дьяконов, 1951, c. 10).
Aşşur şahı ll Adadnerari (e.ə.911-890) də öz kitabəsində kumanları yad etmişdir (Дьяконов, 1951, c. 21).
Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları (Zeynalov, 1981, s. 232) misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir (Zeynalov, 1981, s.167-168). Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur.
Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (Kalankaytuklu, 1993, l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarandığını ("Alban tarixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş (Гейбуллаев, 1991, c. 117). Hazırda eyniadlı kənd Cəlilabad rayonu ərazisində mövcuddur.
Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur." (İsmayıl, 1955, s. 15).
Su ölkəsi ilə bağlı türk genoloji (etnoqonik) əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda ( e. ə. XXlll əsrdə ) Akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur. (Ağasıoğlu. 2005, s. 39).
Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göytürk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə, oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qalmamış olsun. Belə bir mənbə isə həqiqətən də var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qotların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından gedir:
"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır." (The Gothic Histoy of Jordanes, 1960, V.).
Müəllif bir qədər sonra isə deyir:
"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi- nə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar." (The Gothic Histoy of Jordanes, 1960, V.).
İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s. müəlliflərin əsərlərində də söz açılan bu xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "seres" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir ( Гасанов, 2000, c. 112-113).
Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.
ll əsr müəllifi Klavdi Ptolomey yazır:
"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir."
Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:
"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə yerləşir..."
Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiya-şünas alim bu ölkənin şəhərlərinin - Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:
“Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o tayında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, İskitlər ölkəsi) ilə, şimaldan Fuludan keçən paralel xətt üzrə uzanan bataqlq torpaqlarla, şərqdən son ucu 180◦ / 63◦ və 180◦ / 35◦ arasında yerləşən naməlum torpaqlarla, cənubdan isə öncə Qanq çayının o tayında yerləşən Hindistanla, 173◦ / 35◦ xətti ilə, sonara isə eyni xətt üzrə sonu bilinməyən Çinlə əhatələnmişdir.
Serikadan (Türk - sirlər ölkəsindən) keçən dağlar bunlardır: Son ucu 153◦/ 60◦ və 171◦/ 56◦ arasında yerləşən “Annib” adlandırılan dağlar; 167◦ / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən Avzak dağlarının şərq tərəfi; 167 / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağlar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ arasında qalan Kasi dağları; ortası 170◦ / 43◦ - yə düşəm Faqur dağı; sonu 165◦ / 36◦ ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169° / 36° və 176° / 39° arasında qalan Ottorokara dağı.
Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mənbəyini yeri artıq qeyd edilmiş Avzak dağlarından, digər mənbəyini isə Asmirey dağlarından (174° / 47°30′) alan, 160° / 49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da oradan (161° / 44°15′) alan Oyxard və mənbələrini eyniylə Kasi (160° / 43◦), Ottorkara (176° / 39°) və Emod (160° / 37°) dağlarından alan Bautis.
Serikanın şəhərlərinin adları bunlardır: Damna - 156° / 51° 40′; Piada -160° / 49°40′; Asmireya - 170° / 48° 20′; Aspakara - 162°30′ / 42°40′; Drosaxa - 167°40′ / 42°30′; Paliana - 162°30′ / 41°-; Abraqana - 163°30′ / 39°30; Foqara -171°20′ / 39°40′; Daksata - 174◦ / 39◦40′; Orosana - 162◦ / 37◦30′; Ottorokara - 165° / 37°15′; Solana - 169° / 37°30′; paytaxt Sera - 169° / 37°30′...
Paytaxt Sera 14 saat 45 dəqiqəyə bərabər olan ən uzun günə sahibdir və Aleksandriyadan (İskəndəriyyədən) 7 saat 50 dəqiqə və ya tam 8 saat şərqdə yerləşir...” (Пьянков, 1986, c. 7-10).
İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqları və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır (The Gothic Histoy of Jordanes, 1960, V.).
Sir və ya ser xalqının kim olduğunu biz Orxon-Yenisey abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı "türk sir xalqı" adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:
" Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı). (Rəcəbov, Məmmədov, 1993, s. 117).
Eyni abidənin 11-ci sətrində isə deyilir:
"Türk sir bodun yerintə idi yorımazun"(Türk sir xalqının yerində yiyə yürüməsin) (Rəcəbov, Məmmədov, 1993, s. 118).
Tonyuquq abidəsinin 60, 61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq:
"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək taxtda oturur) (Rəcəbov, Məmmədov, 1993, s. 121).
Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötügenə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yerləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, yəni Dərbəndin də adını çəkməkdədir:
"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk." ( Doğma türk xalqını Ötügen yürinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17 - ci sətir) (Rəcəbov, Məmmədov, 1993, s. 118).
"Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun Təmir Kapığka." (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər) (Rəcəbov, Məmmədov, 1993, s. 120).
Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının addının "Tonyuquq" abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək lazımdır.
Türklərin qədim Çin mənbələrində əbədiləşərək dövrümüzədək ulaşan “Boz qurd” dastanının, daha doğrusu qurda totem münasibətinin Qafqaz xalqları içərisində geniş yayılması da türk - sirlərin coğrafi areal baxımından Qafqaz mənşəli olmasının əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək ki, bənzər mifik süjetə osetinlərin, xevsurların, çeçenlərin, meqrellərin və s. Qafqaz xalqlarnn əsatirlərində də rast gəlinir.
Azərbaycanda qeydə alınmış bir mif isə Çin qaynaqlarında qeydə alınmış mifin cüzi fərqlər nəzərə alınmazsa, demək olar ki, tam əsli mahiyyətindədir:
Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzmuş. Çox qubannan, nəzir-niyazdan sora bının bir oğlu olur. Uşax dörd-beş yaşına çatır, əmmə yeriyəmmir, heş ayax üsdə durammır. Dədəsi başdıyır ağlamağa ki, bə mən ölənnən sora bı şikəs olumun axırı nolacax?
Elə bı vaxdı düşmannar basqın eliyillər, bı tayfanı qırıp-çatırlar. Bütün kişiləri öldürüp, arvad-uşağı qul eliyillər. Bı uşağı da şikəs olduğuna görə aparmıllar, atıllar bir daşın dibinə ki, qurt-quş yesin.
Düşmannar tutduxları əsirləri də götürüp gedənnən sora bir canavar gəlir. Uşağı əmizdirir, sora götürüp aparır öz yuvasına, başlıyır bını saxlayıp bəsləməyə. Neçə illər keçir, uşağın ayaxları açılır. Özü də bir pəhlivan olur. Nərəsi gələndə şir, pələh girməyə deşik axtarır. Oğlanın adı hər yana yayılır. Düşmannar da bının sorağın eşidip gəlillər onu öldürməyə. Ancax bir yannan oğlan, o biri yannan da canavar bınnarın əhdin kəsir, bir nəfərin belə sağ bıraxmayıp hammısın öldürür. Sora gedir tayfasınnan sağ qalanları da qurtarır, gəlillər öz torpaxlarına, oğlanı başçı seçip başdıyıllar yaşamağa.
O vaxtdan bı tayfaya qurtlar tayfası deyillər. Naxçıvanın qurtlar məhləsi də onnardan qalmadı (Azərbaycan mifoloji mətnləri, 1988, s. 43-44).
Yeri gəlmişkən qeyd edək ki, Mirəli Sеyidоv Göyçay, Şamaxı, Qarabağ, Naxçıvan, Оrdubad, Təbriz, Gəncə və s. şəhərlərdə qurd məhəlləsi, qurd mеydanı оlduğunu qеyd еtmişdir (Seyidov, 1990, s. 72).
Məshəti Ismayıl Rüstəm qızının yazdığına görə, “Qurdlar məhəlləsi” sadəcə yеrə vеrilən ad оlmamışdır. Bu adlar məlum tayfaların adından da götürülə bilər:
“1177-ci ildə Misirdə Еyyubilər sülaləsinin hakimiyyətinin əsasını qоymuş Azərbaycan türkü Əli Səlahəddinin tayfa adı qurddur. Sultan Səlahəddinə siz kürdmüsünüz sualına о xеyir biz Azərbaycandanıq, əmim Şirkuh dеyərdi ki, Biz əz-zib – yəni qurd tayfasındanıq. Görkəmli alim Əbülfəz Еlçibəy ərəb alimi Ibnin «Görkəmli adamların ölüm tarixi» (Vəfayat əl-Ayan) əsərində bu mənbəni axtarmış və alim Ibn bеlə məlumat vеrmişdir. Şirkuh dеmişdir ki, bizim nеsеbimiz (sоy kökümüz) Gök Bоri (Göy Qurd)-dir!” (Ismayıl Rüstəm qızı, 2008, s. 136).
Azərbaycandan toplanan və müəyyən qədər uyğurların “Köç” və göytürklərin “Ergenekon” dastanlarıyla səsləşən başqa bir mifoloji mətn isə daha böyük maraq doğurur.
“Köç” dastanının qısa məzmunu belədir:
Müqəddəs buyruğa əməl edən xalq böyük bir yurdu tərk edərək köçə hazırlaşdı. Yola düzəldilər. Durub dayanmadan, yorulmaq bilmədən getdilər, getdilər. Hara getdiklərini, harda dayanacaqlarını bilmirdilər. Bu zaman onların qarşısına göy tüklü, göy yallı bir qurd çıxdı və onların qabağına düşdü. Uyğurlar da qurdu tanrının göndərdiyini başa düşüb onun dalınca getdilər. Qurd gətirib onları dümdüz ovalıq bir yerə çıxardı. Uyğurlar burada yerləşib yurd saldılar (Bozqurd, 1992, s. 37).
Azərbaycandan toplanmış mifoloji mətnlərdən birində isə deyilir:
Allahdan vəh gəlir, Nuh peyğəmbər də insanlara deyir, söylüyür ki, bə tufan olacax, dünyanın üzünü su alacax. Heş kim bına inanmır. Nuh peyğəmbər bir gəmi qəyirir, bütün cannılardan bir cüt qoyur gəmiyə. Bunun yeddi oğlu varımış, Oğlannarınnan altısı gəmiyə minir, biri minmir, deyir ki, su gələndə çıxaram dağın başına, mənə heş zad olmaz.
Çox keçmir ki, dünyanın üzünü su alır. İnsannar boğulup ölür. Nuh peyğəmbər baxır ki, dağa çıxan oğlu da boğulhaboğuldadı. İstiyir ki, gəmini ona sarı sürsün. Allahdan səs gəlir ki, ya Nuh, çıx get, bı oğlan sizlərdən deyil.
Nuh gəmini sürüp gedir. Çox keçmir ki, tufan dayanır, su yatır. Nuh peyğəmbər oğlannarına deyir ki, istədiyiniz heyvandan götürüp düşün quruya, yaşayın, nəslinizi artırın.
Oğlannarından birinin adı Türk idi. Bu Türk qoyunnan qoçu götürüp torpağa düşdü. Gəmi çıxıp getdi. Demiyəsən türkün düşdüyü torpax cəzirəymiş. Hər tərəfi su olduğuna görə bu cəzirədən çıxmaq olmazımış.
Türk dörd yüz əlli il bu cəzirədə yaşayır. Onun heyvannarı oqqədər çoxalır ki, bütün cəzirəni tutur. Ta cəzirədə ot-ələf, kol-kolavat qalmır, heyvannar hamısını yeyip qurtarır. Elə gün gəlip çıxır ki, heyvannar yeməyə heş nə tapmayıp başlıyıllar qırılmağa. Nuh oğlu Türk görör ki, belə getsə, heyvannar da öləcəh, bının özü də öləcəh. Ha fikirləşir bir nicat yolu tapammır. Qalır məhətdəl, bilmir neynəsin.
Günnərin bir günü Türk görür ki, bir heyvanı parçalayıp yeyiplər. Öz-özünə deyir ki, axı, bu cəzirədə qoyundan başqa heş bir heyvan yoxdur. Bə bını nə yeyip?
Türk çox təəccüblənir. Gecəni yatmayıp güdür. Bir də baxır ki, uzaxda suyun içiynən bir qaraltı gəlir. Bı qaraltı gəlip cəzirəyə çatanda tanıyır ki, bı irəhli qurtdu. Boz qurt cəzirəyə çıxan kimi cumur bir heyvanın üstünə. Bıyızdan da Türk çıxır. Boz qurt Türkü görüp gəldiyi yolunan dala qəyidir. Türk də düşür bının dalına. Xeylah gedillər. Türk baxır ki, qurdun getdiyi yerrərdə su heş topuğa qalxmır. Birəz gedənnən sora quruya çıxıllar. Bınnan da Türk xilas olur. Qəyidip heyvannarı da həmin yolunan gətirir quruya. Sora Türk fikirrəşir ki, bə məni bu boz qurt xilas elədi. Gərəh mən də boz qurdun şəklini çəkəm öz bayrağıma.
Belə də eliyir. Soralar türkün nəsli çoxalanda hammısına deyir ki, qurd bizim xilaskarımızdı, əgər o, yol göstərməsəydi, nə mən olardım, nə də siz olardız. Ona görə də gərəh həmmişə boz qurda inanasınız. Boz qurdun şəklini bayrağınıza çəkip həmişə bı bayrağın dalınca gedəsiniz. Çətinliyə düşsəz, boz qurdu çağırasınız. Türkün övladları bu nəsihətə həmişə əməl eliyillər (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42-43).
Təqdim olunan mifin uyğurlardan qeydə alınmış mifik süjetlə üst-üstə düşməsi bu türk xalqının da etnogenezinin ilkin mərhələlərində Azərbaycanla bağlı ola biləcəyini düşünməyə ciddi əsas verir. Əldə olan təkzibedilməz tarixi və linqvistik faktlar isə bu düşüncəyə tam haqq qazandırır.
Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqur", "onoqur" və s. adlarla qeyd edilmişlər (Zeynalov, 1981, s. 268). İrəlidə görəcəyimiz kimi, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır. Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər (Rəcəbov, Məmmədov, 1993, s. 390).
Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir. Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar (Zeynalov, 1981, s. 268, 269). On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:
"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub... Orxon çayı..." ( Moyunçur abidəsi, 3-cü sətir) (Rəcəbov Ə., Məmmədov Y., 1993, s. 149).
Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında qoyulmuşdur (Rəcəbov, Məmmədov, 1993, s. 134-135).
Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının "Albaniya tarixi"ndə, istərsə də bir çox başqa mənbədə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbələrdə onların adı "honoğur", "onoqur" kimi qeyd edilmişdir (Əliyarov, 1991, s. 139; Джафаров, 1985, c. 41-68). Yeri gəlmişkən qeyd edək ki, Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azərbaycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyu kimi təqdim edilməkdədir (Ağasıoğlu, 2005, s. 29).
Bir sözlə, tarixi mənbələr uyğurların Monqolustan, Sibir və Şərqi Türküstana (Uyğurustana) köçməmişdən öncə Qafqaz və Şərqi Avropada, o cümlədən Azərbaycanda yaşadıqlarını birmənalı şəkildə təsdiq edir. Uyğur türklərinin hazırda yaşadıqları əraziyə kənardan gəldiklərini bu xalqın Güveyni tərəfindən qeydə alınmış etnoqonik mif, əfsanə və rəvayətləri də təsdiqləməkdədir. Onlardan birində deyilir:
Bögü xan bir gecə yatarkən yuxuda ağ geyimli bir qoca gördü. Qoca ona yaxınlaşdı və şam qozaları boyda bir daş verərək, belə dedi:
-Əgər sənbu daşı qoruyub saxlaya bilsən dünyanın dörd tərəfi sənin buyuruğun altında toplanacaqdır.
Bögü xanın vəziri də həmin gecə eyni yuxunu görmüşdü. Ertəsi gün hamı bir yerə toplandı və bu yuxunu danışaraq, ona bir məna verməyə çalışdılar. Bunun üçün ordularını səfərbər edib qərbə tərəf yürüşə çıxdılar. Gedə-gedə gəlib Türküstan sərhədlərinə çatdılar. Burada cəyırlı-çəmənli, axar suyu bol olan bir yerə rast gəldilər. Bu yer hamının xoşuna gəlmişdi. Buna görə də burada bir şəhər saldılar. Bu şəhər indi Quz balıq (Oğuz şəhəri) adı verilən Balasağun şəhəri idi (Ögəl, 2006, s. 89).
Burada söhbət çox gümün ki, Şərqi Türküstandakı tarixi Balasaqun şəhərindən deyil, Azərbaycanda mövcud olmuş eyniadlı şəhərdən gedir. Şəhərin adı, eləcə də onun Türküstanın qərb sərhədləri yaxınlarında olması faktı uyğurların ilkin ata yurdunun hara olduğunu, yəni onların yeni vətənlərinə haradan köçüb gəldiklərini anlamağa yardımçı olur. Çünki onlar bu adı özləri ilə əski vətənlərindən yeni vətənlərinə, yəni Şərqi Türküstana da aparmışdılar. Tarixdən bu adı daşıyan iki şəhərin olduğu məlumdur. Onlardan biri Şərqi Türküstanda, digəri isə Azərbaycanda idi. V əsrdə Azərbaycanda, Muğanda salınmış eyni adlı şəhər mənbələrdə həm də “Balasakan” kimi keçməkdədir. Bu şəhərin salınmasını isə boylarından biri honoğurlar (on uyğurlar), digərləri isə saroğurlar (sarı uyğurlar) olan Ağ hunların adı ilə bağlayırlar (Marquat, 1914, p. 119; Буниятов, 1965, с. 180).
Yeri gəlmişkən qeyd edək ki, Balasaqun ağ hunların Azərbaycanda saldıqları yeganə şəhər deyildi. Onlar ondan qərbdə, Araz çayına yaxın bir yerdə Varasan adlı başqa bir şəhərin də əsasını qoymuşdular və hun eltəbərinin iqamətgahı bu şəhərdə yerləşirdi (Marquat, 1914, p. 98).
Tarixi mənbələr 488 - ci ildə Azərbaycanda iki hun tayfası - ağacəri və sarı uyğurlarla fars-Sasani şahı Firuz arasında baş vermiş savaş barədə məlumat verməkdədirlər (Marquat, 1914, p. 98). Bu döyüşdə Firuz hunların (Təbəridə türklərin) xaqanına əsir düşmüş və yalnız onun ayaqları altına düşdükdən sonra bağışlanmışdı (Tahirzadə, 1991, s. 82).
Ən əski çağlardan Azərbaycan, İran, Gürcüstan və Ərməniyyədə yaşayan türk uluslarından biri də onoğur // onuyğurlar idi. Erməni tarixçisi Moisey Xorenatsi (V əsr) bu xalqın Ərməniyyə ərazisində e.ə. ll əsrdə məskunlaşdığını bildirməkdədir (Qukasyan, 1983, s. 41).
Türkiyəli alimlər N. Boratav və Şərif əski mənbələrə dayanaraq yazırlar:
“Onoğurların (onuyğurlar) bir qismiErmənistana köçdükdən sonra Vl əsrdə onlara qatılan sabirlərin qalıqlarıyla birlikdə utiğur (utiqur, otuzuyğur) boybirliyini təşkil etdilər (Boratav, Şerif, 1941, s. 72).
Dilçi alimlərin çoxdan bəri diqqətini çəkmiş Azərbaycan – uyğur dil izoqlosları da tarixi mənbələrin söylədiklərini təsdiqləməkdədir. Dilçi alim Elbrus Əzizov deyir:
"Dilçilik tariximizdən bəllidir ki, yaxın areallarda yerləşmiş qohum dillərin uyğun xüsusiyyələri daha çox olur. Lakin bir-birilədən uzaq areallarda yerləşmiş qohum dillərdə elə uyğun əlamələrə təsadüf edilir ki, bunları heç də həmişə dillərin müasir vəziyyəti və daxili inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün olmur. Bəzən də elə olur ki, eyni dil xüsusiyyəti müxtəlif areallarda təkrar olunur. Belə rəngarəng mənzərə türk dillərində çox aydın müşahidə edilir və bu hal sinxronik yox, daha çox diaxronik baxımdan şərh olunmalıdır. Müxtəlif türk dillərinin və dialektlərinin izoqlos təşkil edən bəzi xüsusiyyətləri həmin dillərin formalaşmasında iştirak etmiş eynicinsli tayfa dilləri ilə bağlı olaraq meydana çıxır. Bu bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən qaynayıb qarışması ilə, miqrasiyalar ilə bağlıdırsa, digər tərəfdən müxtəlif dialektlərin eyni bir kökdən nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır" (Əzizov, 1991, s. 118).
Bu baxımdan görkəmli ədəbiyyatşünas alim Zeynallının 1926-cı ildə dərc etdirdiyi bir məqalədə söylədiyi fikirlər çox maraqlıdır:
"Bugünkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər qrupundan sayırlar. Lakin bir az dərin araşdırılsa, bunun bir yanlışlıq nəticəsi olduğu görünəcəkdir. Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, bir şəhərin özündə bir yerdə "əv", o biri yerdə "ev", üçüncü bir yerdə isə "öv" və yaxud "öy" deyildiyinə diqqət olunsa, bu surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır. O zaman bəlkə də Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar ki, bu da yeni mövzu olacaqdır" (Zeynallı, 1983, s. 114).
A. Samoyloviç yazmışdır:
"...İranın və Azərbaycanın türk şivələri özünün əsas əlamətlərinə görə türk dillərinin cənub-qərb qrupuna daxil olsa da son vaxtlar aydınlaşır ki, Azərbaycanda son dərəcə qarışıq mənşəli türk ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. Bunlar hazırda şimal-şərq və uyğur da daxil olmaqla tamamilə başqa qruplarda mövcuddur" (Самойлович, 1926, c. 7).
Türk ləhcə və şivələrinin kök türkcədən ayrılma tarixi və məkanı barədə alimlər arasında fikir birliyi yoxdur. Məsələn, Nizami Cəfərovun fikrincə, bu, l mi-nilliyin sonu, ll minilliyin əvvəllərində baş vermişdir.
Nizami Cəfərov bildirir:
"Qədim ümumtük dilinin bölünməsi prosesi l minilliyin sonu, ll minilliyin əvvəllərində əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır: oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin - ümumtürkcənin dialektləri təsəvvürünü yaradırlar" (Cəfərov, 2002, s. 112).
Nizami Xudiyev isə bir qədər fərqli düşünür.Onun fikrincə, bu proses ən geci eradan əvvəl l minilliyin ortalarında baş vermişdir:
"Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, xüsusilə professor Əhməd Cəfəroğlunun tədqiqatları göstərir ki, müxtəıif türk etnik-mədəni regionlarında meydana çıxan türk ədəbi dillərinin tarixi ümumi türk dili tarixi anlayışını istisna etmir, əksinə, tamamlayır və belə qənaəti möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir türk ədəbi dil mühitinin məhsulu olub, məhz həmin mühitin əks olunduğu coğrafi arealda formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir, dəyişikliyə uğrayır, yerinə yeni ədəbi forma gəlir. Lakin hər bir yeni forma mütləq özündən əvvəlki normativ formanın təcrübəsinə və ümumi tük ədəbi dili ünsürlərinin inkişafına əsaslanır.
Qədim türk dili ən qədim zamanlardan eramızdan əvvəl V əsrə qədərki dövrü əhatə edir. Təqribən eradan əvvəl l minilliyin ortalarından geç olmayaraq bu dilin differensasiyası başlamışdır" (Xudiyev, 1997, s. 9-10).
Elbrus Əzizov deyir:
"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ədəbiy-yatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu gösərmişdir. Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz - qıpçaq dili olduğunu təsdiq etdilər. Əhməd Cəfər isə dilimizin oğuz-qıpçaq mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir" (Əzizov, 1991, s. 119).
Əhnəd Cəfər isə yazmışdır:
"Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır" (Вопросы диалектологии тюркских языков, 1963, s. 22).
Bu fikirlər də Elbrus Əzizova məxsusdur:
"Müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn, "a-e" səsdəyişməsini gözdən keçirək. Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir. Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir" (Əzizov, 1991, s. 119).
Yenidən tarixi mənbələrə qayıdaraq söyləyək ki, Selenqa daşı (Moyoncur abidəsi) artıq Vlll əsrdən etibarən onuyğurların doqquzoğuzlarla birlikdə Qafqazdan köç edərək, Şərqi Türküstanda, daha dəqiq desək, bugünkü Monqolustan və Uyğurustan ərazilərini əhatə edən geniş bir məkanda məskunlaşıb, orada böyük bir xaqanlıq qurduqlarını sübut edir. X əsr ərəb müəllifi Məsudi doqquzoğuzlardan Xorasanla Çin arasında məskunlaşan, manixey dininə sitayiş edən bir xalq kimi söhbət açır.
Tarixi mənbələrdən onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur (Гумилев, 2002, c. 472-473).Görünür, öncələr Albaniyada yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə də elə bu din səbəb olmuşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı (Kalankaytuklu, 1993, s. 53-55). Bu üzdən də başqa din və təriqətlərin nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.
Nizami Xudiyev deyir:
"lX-Xll əsrlərdə ümumi türk dilinin inkişafında maniçi türk ədəbiyyatı müəyyən rol oynamışdır. Bu ədəbiyyatın dili qədim türk dilidir. Bununla belə, həmin dil artıq başqa mədəniyyət tipologiyasına xidmət edir. Ümumiyyətlə, lX-Xll əsrlərdə türklər qədim türk Tanrı dininin yerinə islam, buddizm, maniçilik, xristianlıq kimi dinləri qəbul edirlər və qədim türk dilinin əsas lüğət fondu, hətta ümumən leksikası dəyişmir. Eləcə də bir çox maniçi mətnlərdə yeni dinin xüsusi terminologiyasına xas elementlərə rast gəlinmir. Yəni maniçilik türk ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olunmuşdur" (Xudiyev, 1997, s. 55).
Cavad Heyət yazır:
"Uyğur dili göytürkcənin davamıdır. Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur edib yeni dinlərin təsirilə göytürklərdən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb olmuşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türkcə adı verilmişdir...
... Tarım hövəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə ayrılır:
1.Maniçi ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat;
2.Buddaçı ədəbiyyat.
Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki yerə ayrılır.Maniçi şerlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir.Bundan başqa ahəng ünsürü də vardır.Bəzən iç qafiyə və iç alterasyon da vardır.Misralarda heca sayı eyni deyil, 3-dən 15-ə qədər dəyişir.
Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədəbiyyatında müəllifi bəlli olan ilk şerlər onun iki şeridir:
"Bizim Tenqrimiz edqüsi redni tiyor,
Bizim Tenqrimiz edqüsi redni tiyor.
Rednidə yig mening edqü Tenqrim, adlım,
bekrəgim,
Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim.
Beleküsuz yiti vajir tiyor.
Beleküsuz yiti vajir tiyor.
Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum
Vayirdə ötüy bilikligim,bilgəm,yanqam..."
Tərcüməsi:
"Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,
Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.
İtilənməmiş itidir almaz deyirlər,
İtilənməmiş itidir almaz deyirlər.
Almazdan daha kəskindir mənim hikmət sahibim, əsillim, igidim,
Almazdan daha kəskindir mənim hikmət sahibim, müdrüküm, filim" (Heyət, 1993, s. 87-88).
Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətində və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və Avropada yayılmışdı.Təbii ki o dövrdə və o məkanda da manixey ədəbiyyatı nümunələri yaranmamış deyildi.Ən azı bu dinin əsasını qoymuş Maninin şer yazdığı və öz dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur. Lakin çox təssüflər olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.
Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki, Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimalda yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan cadugər, sehirbaz və büpərəstlərə (şamanistlərə) qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı. Müəllif həmin dövrdə Albaniya və Ermənistanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir (Kalankaytuklu, 1993, s. 53-55,79).
Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər. Belələrindən biri də onuyğurlar idilər.
Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar, yəni nestorianlar idilər. Maraqlıdır ki, bu təzyiqlər nəticəsində Azərbaycanı tərk edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.
Uyğurların bir qismi əski dinlərinə - Göy Tenqri dininə sitayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.
Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlifbanın yaradıcıları Orta Asiyada yaşayan irandilli söğdlar idilər. Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində "uyğur əlifbası" adı ilə məşhur olan əlifbadır. Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini söyləyən İohannes Fridrix yazır:
" Soğd yazısı... soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, lakin paralel inkişaf etmişlər... İndi uyğur yazısının soğd əlifbası əsasında yaradıldığı ehimalı daha ağlabatan görünür, belə ki, uyğurlar da digər türk xalqları kimi "p" səsini "b" səsindən və "k" səsini "q" səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası kimi bu səslər eyni işarələrlə-"p" və "k" hərfləri ilə yazılırdı...Çünki soğd dilində "b" və "q" səsləri yox idi.Bundan başqa soğd dilində "l" səsi də olmamışdır.Odur ki, onlar xarici sözlərdəki "l" səsini ifadə emək üçün "r" hərfinin dəyişik formasından istifadə edirdilər... Uyğur yazısında da... "l" səsini ifadə etmək üçün "r" hərfinin dəyişik formasından istifadə edilmişdir" (Фридрих, 1979, c. 167).
Maninin dinini qəbul emiş türklər isə elm aləmində "manixey əlifbası" adı ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada "p" və "b" səsləri, eləcə də "k" və "q" səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlifbada digər türk əlifbalarında olduğu kimi, "l" səsi üçün də ayrıca işarə var idi. İohannes Fridrix yazır:
"Şərqi Türküstandan İran və şərqi türk dilləində, arami mənşəli ayrı-ayrı əlifbalarla yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası adlanır. Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox önəmlidir. M. Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və dekorativ Palmir yazısı ilə qohumdur...Bu yazıda bütün saitləri ifadə edən işarələr var" (Фридрих, 1979, c. 167).
Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyildir. Manixey əlifbasında "L" səsini ifadə edən ayrıca hərfin olması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ burasındadır ki, qədim soğd dilində "L" səsi olmayıb (Фридрих, 1979, c. 167). Eyni sözləri digər İran dilləri barədə də söyləmək olar. Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V. İ. Abayevin yazdığına görə, bu dildə əskidən "L" səsi olmamış və bu səs sözügedən dilə X əsrdə daxil olmuşdur (Kasım, 2001, s. 14).
Məlumat üçün bildirək ki, elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215 - ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülaləsindən idi. Bu sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, baranlu) qəbiləsindən idi (Azərbaycan Sovet Ensiklopediyası, l, 423, Arşakilər), yəni Arsaklar sak mənşəli idilər.
İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətlərinə (e.ə.250-b.e.224) son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Ərməniyyə (62-428) və Albaniya (l əsrin ortaları-510) qalmışdı (Azərbaycan Sovet Ensiklopediyası, l, 423, Arşakilər).
Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgen etdilər.Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı.Mani- dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.
Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ide- oloji bir sistem qurmaq qərarına gəldi.
Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir:
"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi.Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı.Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar" (Cəfərov, 2002, s. 290).
"Xuastuanift" məhz bu cümlələrlə başlayır.Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir.Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir.Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır.
Fəqət tədqiqatçıların gözdən qaçıtdıqları və ya böyük əhəmiyyət vermədik-ləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan.
Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir (Cəfərov, 2004, s. 290). Maniçilikdə bu obrazın "Şimnu" adından istifadə edilmişdir.Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?
Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin
müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.
----------------------------------------------------------------------------------------------------
Qədim türkcə Yakut türkcəsində Avestada
----------------------------------------------------------------------------------------------------
Tenqri Menqu Tanqra Menqu Anqra Manyu
Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqü" də deyirdilər. "Menqü" qədim türk dilində əbədi deməkdir (ДТС, с. 342). Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində "Tanrı","Tenqri" əvəzinə "Tanqara" forması işlədilməkdə, "Tenqri Menqü" ifadəsi də "Tanqara Menqü" kimi səslənməkdədir (Алексеев, 1984, c. 35).
Türklərə dərin nifrət ruhunda qələmə alınmış Avestada Tanqra Menqunu "Anqra Manyu" adı altında iblis elan edilmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürülmüş Ahura Məzda, yəni Hörmüz, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə fars tanrıları qoymuşdur, Hörmüz və fars tanrıları xeyrin, işığın rəmzi kim qələmə verilmişdir. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın ,iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.
Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını farsların ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mi-fologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan aşağı tutmuşdur:
"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır" (Cəfərov, 2002, s. 291).
Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edilməkdədir (Алексеев, 1984, c. 43). Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var.Yalnız bundan sonra onlar Gün,Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər.Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.
Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər:
"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
Turunqlar,kamağ bəglər,kadaşlar,
Tanq Tenqriq ögəlim!
Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!
Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."
Tərcüməsi:
"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!
Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!
Şəhərlər,bütün bəylər,qardaşlar,
Dan Tanrını öyəlim!
Parlaq Gün Tanrı, siz bizə nəzər salın!
Parlaq Ay Tanrı,siz bizi qurtarın!..." (Xudiyev, 1997, s. 55; Heyət 1993, s. 89; Cəfərov, 2002, s. 122-123).
"Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın "Xuastu- anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:
"Tüzün bilgə kişilər, üriləlim,
Tenqrinin bitiqin biz işidəlim.
Törən iliq tenqrilərkə tapınalım,
Tört uluq emgəkdə kurtulalım.
Tört iliq tenqrilərdə tanıqmalar,
Tenqri nomun todaqmalar.
Tünerliq yeklərkə tapunuqmalar,
Tümənliq irincü kılıqmalar
Tüpüntə olunma ölməki bar,
Tünərliq tamuğa tüşməki bar.
Tümərlq yeklər gəlir tiyür,
Tumanlıq yeklər ayar tiyür."
Tərcüməsi:
" Düzülun bilikli kişilər,nəfəs dərəlim,
Tanrının kitabını biz eşidəlim.
Təntənə ilə tanrılara tapınalım,
Dörd ulu əzabdan qurtulalım.
Dörd ...tanrını tanımayanlar,
Tanrı qaydasına uymazlar.
Dörd zülm iblisinə tapınanlar,
On min günaha baş vurarlar.
Dibində olumun ölməyi də var,
Qaranlıq cəhənnəmə düşməyi də var.
Zülmət iblisləri gəlir deyir,
Duman iblisləri iş görür deyir" (Cəfərov, 2002, s. 125-127).
Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir şübhə yoxdur. Şerin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan arami sösləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçiliyin əsas dini kitabının adı olan "Nom" kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi dilindən götürülmüşdür (Гумилев, 2002, с. 424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları "Nom Bitik" (ДТС, с. 360) adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də düşünmək olar. Mətndə "Tenqri nomu" və "Tenqri bitiyi" terminlərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şer parçası manixeylərin dini kitabı "Nom"dan bir parçadır və Maninin öz qələminə məxsusdur.
Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıldığını təsdiq edir. Çünki uyğurlar müəyyən qədər soğd mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uyğurlar yalnız şərqdə yaşamırdılar, artıq qeyd etdiyimiz kimi, Avropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi. Məsələn, Prisk və Menandr onlardan "oqur" adı altında bəhs etmişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda olan sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir (Джафаров, 1985, c. 30). Uyğur boylarından saroqurların (sarı uyğurların), utiqurların (otuzyğurların), kutiqurların, onoqurların (onuyğurların) Atillanın başçılıq etdiyi Avropa Hun İmperatorluğunun həyatında önəmli rol oynadıqları məlumdur (Плетнева, 1976, с. 15). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. Hərçəndki, Albaniya və Sasanilər imperiyasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vilayətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:
"Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbuatında ("Ədəbiyyat və incəsənət" qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış "Uyğur səyahətnaməsi"nə əsaslanaraq verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağlarının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar" (İsmayıl, 1955, s. 18).
Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi olduqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsaklara çox sədaqətli idilər (Алиев, 1987, c. 35).
Bütün bu deyilənlərdən də göründüyü kimi, Azərbaycanda qeydə alınmış miflə uyğur mifi arasındakı bağlılıq qətiyyən təsadüfi deyildir.
Təqdim olunan mifin (Azərbaycan variantı) ən maraqlı tərəflərindən biri də burada türklərin əcdadı rolunda Nuh oğlu Türkün (Yafəs, Bulca, Abulca, Olcay) çıxış etməsidir ki, bu hala bir çox türk etnoqonik mif, rəvayət, əfsanə və dastanlarında rast gəlirik.
Dostları ilə paylaş: |