Əlavələr 386
İstifadə olunmuş ədəbiyyat 444
GIRIŞ
Siyasi və iqtisadi müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının gələcək iqtisadi və sosial inkişafı eyni zamanda dövlət büdcəsinin tərtibi, təsdiqi və icrasında zəruri dəyişikliklərə səbəb olmuş, respublikada kiçik və orta sahibkarlığın və bazar iqtisadiyyatının inkişaf etdirilməsinə şərait yaratmışdır. Nəticədə dövlət büdcəsinin əhəmiyyəti və rolu heç də azalmamış, əksinə, onun bazar iqtisadiyyatı tələblərinə cavab verə biləcək səviyyədə inkişaf etdirilməsi ciddi zərurət kəsb etmişdir.
Dövlət büdcəsi xalq təsərrüfatı kompleksinə daxil olan külli miqdarda idarə, müəssisə və təşkilatların iqtisadiyyatının və təsərrüfat fəaliyyətinin bütün cəhətlərini əhatə etməklə onların bir-biri ilə, eləcə də dövlətlə, digər təsərrüfat təşkilatları ilə, maliyyə-kredit sistemi ilə qarşılıqlı əlaqələrini əhatə edir, onlara nəzarət edir və bu əlaqələri nizamlayır.
Məlumdur ki, Respublikada bütün sosial-mədəni tədbirlər və elmin inkişafı ilə bağlı xərclər hazırda Azərbaycan Respublikasının Dövlət Büdcəsindən maliyyələşdirilir.
Hal-hazırda Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin çox geniş şəbəkəsi mövcuddur. Respublikada çoxlu sayda ümumtəhsil məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri, geniş elmi-tədqiqat və təcrübə-konstruktor təşkilatları, onlarla şəhər, kənd xəstəxanası, poliklinikalar, digər tibb ocaqları, klublar və s. mövcuddur. Əmək qabiliyyətli əhalinin əksər hissəsi bu sahələrdə çalışır və əhaliyə bu və ya digər formada xidmət göstərir. Respublikanın indiki vəziyyətində bu nəhəng şəbəkənin inkişafı və saxlanması üçün tələb olunan maliyyə vəsaitinin mənbələri və onların xərclənməsi istiqaməti ciddi uçot və nəzarət tələb edir. Ona görə də yaxşı təşkil edilmiş mühasibat uçotu ehtiyat və imkanların üzə çıxarılmasına, qənaət rejiminin gözlənilməsinə, maliyyə intizamının qorunmasına şərait yaradır.
Dövlət büdcəsinin proqnozlaşdırılması büdcənin icrası prosesində mühüm əhəmiyyət kəsb edir. O, büdcə gəlirlərinin daxil olması, vəsaitlərin xərclənməsi,
uçot və hesabatın, ilk, cari və sonrakı nəzarətin təşkili, sosial və iqtisadi inkişafın tələblərinə uyğun olaraq milli gəlirin səmərəli surətdə bölüşdürülməsinə imkan yaradır.
İndiki şəraitdə ölkənin milli ictimai prosesində yeni mərhələlər, bəzən çətin dərk edilə bilən, lakin mütləq və zəruri olan sosial inkişafın səviyyəsindən asılıdır. Dövlət büdcəsi bu proseslərin hər biri ilə əlaqəlidir.
Bu dərslik yazılarkən müəlliflər mövcud metodiki göstərişlərlə yanaşı, hal- hazırda bazar iqtisadiyyatı şəraitində və yeni tipli mülkiyyət formasına əsaslanan müxtəlif təşkilat formalarının meydana çıxması ilə əlaqədar olaraq büdcə sisteminin təşkili və idarə edilməsi, maliyyələşdirmə, uçot, maliyyə nəzarəti və digər fəaliyyət sahələrində baş verməkdə olan dəyişiklikləri də nəzərə almağa çalışmışlar.
Dostları ilə paylaş: |