Uçot siyasəti və izahlı qeydlərdə maliyyə vəziyyəti haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya
Təşkilat maliyyə vəziyyəti haqqında hesabatda hər bir təqdim edilən maddəni onun uçot siyasəti və izahlı qeydlərində təşkilatın əməliyyatlarına müvafiq olaraq yarımsiniflərə bölməlidir. Uçot siyasəti və izahlı qeydlərdə maliyyə vəziyyətinə dair hesabatdakı məlumatların təfərrüatı ilə açıqlanması Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərindən və göstərilən maddələrin xarakterindən, funksiyasından və onların məbləğlərinin həcmindən asılıdır. Təşkilat səhm kapitalına malik olmadıqda, maliyyə vəziyyətinə dair hesabatda göstərilən xalis aktivləri (kapitalı) uçot siyasəti və izahlı qeydlərdə aşağıdakı kimi ayrı-ayrılıqda açıqlamalıdır:
Təşkilata məxsus nizamnamə kapitalının nominal dəyərindən onun ödənilməmiş hissəsi çıxılmaqla müəyyən edilən ödənilmiş nizamnamə kapitalı;
Ehtiyat fondları, o cümlədən xalis aktivlər/kapital çərçivəsində hər bir ehtiyat fondunun xüsusiyyəti və məqsədinin təsviri;
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).
Təşkilat səhm kapitalına malik olduğu zaman uçot siyasəti və izahlı qeydlərdə aşağıdakı informasiyanı açıqlamalıdır:
hər bir sinif üzrə səhm kapitalının dəyəri;
buraxılacaq səhmlərin sayı;
buraxıldıqdan sonra tam ödənilmiş və tam ödənilməmiş səhmlərin sayı;
səhmin nominal dəyəri və ya səhmlərin nominal dəyərə malik olmadığının açıqlanması;
hesabat dövrünün əvvəlində və sonunda dövriyyədə olan səhmlərin sayının üzləşdirilməsi;
müvafiq sinfə aid hüquqlar, imtiyazlar və məhdudiyyətlər, həmçinin dividendlərin bölüşdürülməsi və kapitalın geri qaytarılmasına dair məhdudiyyətlər;
təşkilatın həmin təşkilat, onun törəmə və ya asılı müəssisələri tərəfindən saxlanılan səhmləri.
Təşkilatın xalis aktivlər (kapital) çərçivəsində hər bir kapital ehtiyatının xüsusiyyətləri və məqsədi açıqlanmalıdır.
Uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya
Gəlir və xərc maddələri əhəmiyyətli olduqda, onların xüsusiyyətləri və məbləğləri ayrıca açıqlanmalıdır.
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilmiş təsnifləşdirilmiş məcmu gəliri yarımmaddələrə bölməklə təqdim etməlidir.
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilmiş məcmu xərclərin xarakterinə görə təsnifatı əsasında təhlilini təqdim etməlidir.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərclər xarakterinə görə aşağıdakı kimi təsnifləşdirilməklə əks etdirilir:
istifadə edilmiş materialların dəyəri;
tikili və avadanlıqların amortizasiyası;
əmək haqqı və sosial sığorta xərcləri;
sair xərclər.
Xarakterinə görə təsnifləşdirilmiş xərclərin təhlili maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilmiş xərclərin hər bir maddəsi üzrə ayrı- ayrılıqda aparılır.
Uçot siyasəti və izahlı qeydlərdə xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabatda göstərilən məlumatları aşağıdakı kimi açıqlamalıdır:
mülkiyyətçilərin statusu çərçivəsində fəaliyyət göstərən mülkiyyətçilərə edilən bölüşdürmələri ayrıca açıqlamaqla, onlarla aparılan əməliyyatların məbləğləri;
hesabat dövrünün əvvəlinə və sonuna yığılmış mənfəət və ya zərər və dövr ərzində dəyişikliklər;
hesabat dövrünün əvvəlinə və sonuna olan xalis aktivlərin/kapitalın komponentinin balans dəyəri və dövr ərzində dəyişikliklər.
Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabatda uçot siyasətinin dəyişdirilməsi və səhvlərin düzəldilməsi nəticəsində xalis aktivlər/kapitalın hər bir komponentinə edilən ümumi düzəlişlər ayrıca açıqlanmalıdır;
Göstərilən dəyişikliklərin həyata keçirilməsi üçün retrospektiv düzəlişlər tələb edildikdə və ya bölüşdürülməmiş mənfəətin (ödənilməmiş zərərin) qalıqları üçün retrospektiv düzəlişlərə və retrospektiv yenidən təqdim etmələrə ehtiyac yarandıqda bu düzəlişlər təqdim olunan hər keçmiş dövr və hesabat dövrünün əvvəli üçün açıqlanmalıdır.
Uçot siyasəti və izahlı qeydlərdə pul vəsaitləri və onların ekvivalentlərinin komponentləri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya:
Uçot siyasəti və izahlı qeydlərdə təşkilat, pul vəsaitləri və onların ekvivalentlərinin komponentlərini açıqlamalı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilmiş məbləğlərin balans hesabatında göstərilmiş ekvivalent məbləğlərlə uyğunluğu açıqlanmalıdır.
Bu məqsədə nail olmaq üçün təşkilat “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması”nda təqdim edilmiş aşağıdakı maddələri açıqlamalıdır:
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği;
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin məbləğinin xalis, o cümlədən fəaliyyətlər üzrə artması (azalması);
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri;
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan məbləği.
Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması
Dostları ilə paylaş: |