Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
Kommentariyasından Çıxarış
3
Maddə 103. Soyqırım: Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir
qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini
öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli
qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə
yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa
yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa
qrupa keçirmə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Azərbaycan Respublikasının 2
iyul 2001-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlə - AR QT, 2001, N
Q
7,
m.455).
1.Bu norma «Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında» 9
dekabr 1948-ci il Konvensiyasının müddəalarının icra edilməsi üzrə Azərbaycan
Respublikasının
öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi
istiqamətində görülən tədbir kimi CM-ə daxil edilmişdir (adı çəkilən Konvensiyaya
qoşulmaq barədə Azərbaycan Respublikasının Milli Məclisi 31 may 1996-cı
il tarixli Qanun qəbul etmişdir).
2.Soyqırım cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini
qrupun bir qrup kimi bütövlükdə və ya qismən məhv edilməsi və ya məhv edilməsi
təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi və s.
dəyərlərinin yer üzündən silinilə getməsi, yaxud belə təhlükənin meydana gəlməsi
ilə xarakterizə olunur. 10 dekabr 1948-ci il tarixli İnsan hüquqlarının Ümumi
Bəyannaməsində, 10 dekabr 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında
3
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası (hüquq elmləri doktoru, professor
Firudin Yusifoğlu Səməndərovun redaktəsi ilə. "Digesta" nəşriyyatı, Bakı, 2009-cu il, 1012 səh.)
47
Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasında irqindən,
milliyyətindən, cinsindən, dinindən asılı olmayaraq bütün insanların bərabər
hüquqlu olması, hər kəsin belə fərqlərdən asılı olmayaraq yaşamaq və şəxsiyyətinə
hörmət olunmaq, habelə barəsində heç bir ayrı-seçkiliyə yol verilməmək hüququ
vardır. Soyqırım cinayəti insanlıq əleyhinə olan cinayət kimi həm sülh, həm də
müharibə vaxtı törədilə bilər.
3.Bu cinayətin obyekti qismində hər hansı milli, etnik, irqi və ya dini qrupların
normal həyat və fəaliyyəti çıxış edir.
4.Bu cinayətin obyektiv cəhəti 1948-ci il Konvensiyasının 2-ci maddəsində
soyqırıma verilən anlayışa daxil olan əlamətlərlə üst-üstə düşür.
Soyqırım cinayəti obyektiv cəhətdən aşağıdakı hərəkətlərin törədilməsi ilə
xarakterizə olunur: hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərini öldürmə;
hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin sağlamlığına ağır zərər
vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma;
hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki
məhvinə yönəlmiş yaşayış şəraiti yaratma;
hər hansı milli, etnik, irqi və ya dini qrup daxilində doğumların qarşısını almağa
yönəlmiş tədbirləri həyata keçirmə;
hər hansı milli, etnik, irqi və ya dini qrupa mənsub olan uşaqları zorla başqa qrupa
keçirmə.
5.Hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək
məqsədi ilə belə qrupun üzvlərini (sayından asılı olmayaraq) öldürmə, onların
sağlamlığına ağır zərər vurma, əqli qabiliyyətlərinə ciddi zərər vurma, qrup
daxilində doğumların qarşısını alma və maddənin dispozisiyasında sadalanan digər
əməllərin törədilməsini CM-in şəxsiyyət əleyhinə olan cinayətləri nəzərdə tutan
normaları ilə deyil, yalnız 103-cü maddəsi ilə tövsif etmək lazımdır.
6.Adam öldürmə cinayətinin anlayışı CM-in 120-ci maddəsinin şərhində
verilmişdir.
7.Sağlamlığa ağır zərər vurmanın anlayışı CM-in 126-cı maddəsinin şərhində
verilmişdir.
8.Milli qrup dedikdə, hər hansı bir millətə mənsubiyyəti olan, milli, tarixi, etnik,
dil, mədəni və s. ənənələri ilə bir-birinə bağlılığı olan insanlar qrupu başa düşülür.
9.Etnik qrup dedikdə, hər hansı bir xalqa (etnosa) mənsubiyyəti olan müəyyən bir
ərazidə sıx və kompakt yaşayan, ümumi tarixi kökləri, dili, mədəni-məişət
ənənələri, mədəniyyəti olan insanlar qrupu başa düşülür.
10.İrqi qrup dedikdə, hər hansı bir irqə (monqoloid, avropoid, neqroid) mənsub
olan, dərisinin, gözlərinin rənginə, boyunun hündürlüyünə və s. görə fərqlənən
ümumi irsi bağlılığı olan insanlar qrupu başa düşülür.
11.Dini qrup dedikdə, hər hansı bir dövlətdə əhalinin əksəriyyətinin mənsub
olduğu dinə deyil, başqa dinə ibadət edən insanlar qrupu başa düşülür.
48
12.Hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin əqli qabiliyyətlərinə
ciddi zərər vurma dedikdə, qrup üzvlərinin ağır psixi xəstəliklərə tutulmasına,
onların şüurlu düşünmə qabiliyyətlərinin yox olmasına və s. yönələn hərəkətlərin
edilməsi başa düşülür.
13.Hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki
məhvinə yönəlmiş həyat şəraiti yaratma dedikdə, qrup üzvlərini öz mövcudiyyətini
saxlaması üçün zəruri olan qidalanmadan, geyimdən, işləyib qazanc əldə etmək
imkanından tamamilə və ya qismən məhrumetmə, ətraf mühiti zəhərləmə və s. başa
düşülür.
14.Qrup daxilində doğumların qarşısının alınmasına yönəlmiş tədbirləri həyata
keçirmə, qrup üzvləri arasında nikahın, cinsi əlaqədə olmanın qadağan
edilməsində, onların məcburi sterilizasiya olunmasında, axtalarılmasında,
hamiləliyin zorla süni pozulmasında və s. ifadə oluna bilər.
15.Bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi hər hansı milli,
etnik, irqi və ya dini qrupa aid olan uşaqların onların valideynlərinin razılığı
olmadan və ya onların iradəsi əleyhinə zorla, məcburi surətdə alınaraq başqa bir
qrupa verilməsini nəzərdə tutur.
16.Soyqırım cinayəti maddi-formal tərkibli cinayətdir. Hər hansı milli, etnik, irqi
və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini
öldürmə, onların sağlamlığına ağır zərər, əqli qabiliyyətinə ciddi zərər vurma
əməlləri kriminal nəticələri - ölümü, sağlamlığa ağır zərər, əqli qabiliyyətə ciddi
zərər vurulmasını nəzərdə tutur. Belə nəticələr baş verdiyi andan cinayət başa
çatmış hesab olunur. Qrupun bütövlüklə və ya qismən məhvinə yönəlmiş həyat
şəraiti yaratma, qrup daxilində doğumların qarşısını alma, bir qrupa mənsub
olan uşaqları zorla başqa qrupa keçirmə cinayətləri belə hərəkətlər törədildiyi
andan başa çatmış sayılır.
Bu cinayətin başa çatması üçün hər hansı milli, etnik, irqi və ya dini
qrupun bütövlükdə və ya qismən məhv edilməsi məqsədinə nail olunub-
olunmamasınm heç bir əhəmiyyəti yoxdur.
17.Soyqırım cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur.
Təqsirkar hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən
məhv edilməsinə yönələn əməllərinin ictimai-təhlükəli olduğunu qabaqcadan dərk
edir və onların törədilməsini arzu edir.
Bu cinayətin subyektiv cəhətinin zəruri elementi cinayətin törədilməsinin
məqsədidir. Təqsirkarın məqsədi hər hansı milli, etnik, irqi və ya dini qrupu
bütövlükdə və ya qismən məhv etməkdən ibarətdir.
18. Bu cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də
vəzifəli olmayan) ola bilər.
Maddə 104: Soyqırımın törədilməsinə təhrik etmə. Bu Məcəllənin 103-cü
maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq
49
təhrik etmə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
1.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi bu
cinayətin subyekti tərəfindən hər hansı milli, etnik, irqi və ya dini qrupu
bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə CM-in 103-cü maddəsində
sadalanan hər hansı bir əməlin edilməsinə başqa saxsı və ya şəxsləri sövq etməklə
xarakterizə olunur. Başqa şəxsi (şəxsbri) soyqırım cinayətini törətməyə sövq etmə
öz məqsədini başqalarınm əli ilə həyata keçirmək niyyətinin təzahürüdür.
2.Soyqırımın anlayışı haqqında CM-in 103-cü mad-dəsinin şərhinə bax.
3.Bu cinayətin obyekti CM-in 103-cü maddəsində nəzərdə tutulan soyqırım
cinayətinin obyekti ilə üst-üstə düşür.
4.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən CM-in
103-cü maddəsində sadalanan hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq
təhrik etmədə ifadə olunur.
Cinayətin təhrikçisi başqa şəxsi (şəxsləri) hər hansı milli, etnik, irqi və ya
dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini
öldürməyə, onların sağlamlığına ağır zərər vurmağa və ya əqli qabiliyyətlərinə
ciddi zərər vurmağa, qrupun fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmağa,
qrup daxilində doğumların qarşısını almağa, bir qrupa mənsub olan uşaqları zorla
başqa qrupa keçirməyə sövq etməlidir.
Soyqırım cinayətini törətməyə təhrik etmə dedikdə, başqa şəxsi (şəxsləri)
ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, tapşırıq verməklə, inandırmaqla,
aldatmaqla, düşmənçilik və nifrət hisslərini gücləndirməklə və s. üsullarla həyata
keçirilə bilər. Cinayətin törədilməsində təqsirkarın seçdiyi üsulun əməlin tövsifinə
heç bir təsiri yoxdur, lakin məhkəmə tərəfindən işin bütün halları əsas
götürülməklə cəza təyini zamanı nəzərə alına bilər.
Bu cinayət soyqırım cinayətinin törədilməsinə bilavasitə və açıq təhrik
etməni nəzərdə tutur.
Soyqırım cinayətinin törədilməsinə bilavasitə təhrik etmə dedikdə, başqa
şəxsi (şəxsləri) CM-in 103-cü maddəsində nəzərdə tutulan hər hansı bir əməlin
törədilməsinə heç bir əlavə vasitələrdən istifadə etmədən, birbaşa sövq etmə başa
düşülür. Bilavasitə təhrik etmə soyqırım cinayətinin obyektiv cəhətini təşkil edən
hər hansı bir əməlin törədilməsi üçün təqsirkarın başqa şəxsə (şəxslərə) birbaşa və
dərhal həyata keçirilən tapşırıqlar verməsində ifadə oluna bilər.
CM-in 104-cü maddəsi üzrə məsuliyyətin yaranması üçün təhrikçilik
hərəkətləri həm də açıq xarakter daşımalıdır. Soyqırım cinayətinin törədilməsinə
açıq təhrik etmə başqa şəxslərin iştirakı ilə onlara birbaşa edilən müraciətdə
(kütləvi toplantılarda və s.), habelə onların ünvanına göndərilən yazılı vərəqələrdə
və s. ifadə oluna bilər. Təhrik etmənin açıq xarakterdə olması başqaları tərəfindən
həmin hərəkətlərin qəbul edilməsini nəzərdə tutur.
50
5.Bu cinayət təqsirkarın başqa şəxsi (şəxsləri) soyqırım cinayəti törətməyə təhrik
etdiyi andan başa çatmış sayılır. Təhrik olunan şəxsin (şəxslərin) soyqırım
cinayətini törədilə-törətməməsinin əməlin tövsifinə heç bir təsiri yoxdur.
Məsuliyyətin yaranması üçün təhrik olunan şəxsin soyqırım cinayətini törətmək
qətiyyətini qismən həyata keçirməsi (məsələn, hazırlıq hərəkətləri etməsi)
kifayətdir.
Əgər təhrik edən şəxs öz iradəsindən asılı olmayaraq başqasını soyqırım
cinayətini törətməyə sövq etməyə nail ola bilməmişdirsə, onun əməli baş tutmayan
təhrikçilik kimi soyqırım cinayətinə (CM-in 103-cü maddəsi) hazırlıq kimi tövsif
ediləcəkdir.
6.Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsi
(şəxsləri) soyqırım cinayətini törətməyə təhrik etdiyini qabaqcadan dərk edir və
bunu arzu edir.
7.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış
hər hansı anlaqlı fiziki şəxs ola bilər.
51
MÜNDƏRİCAT
SOYQIRIM - insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir..................................3
Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya.....................................................................8
Genosid cinayətinin qarşısının alınması və onun
cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq
barədə Azərbaycan Respublikasının Qanunu..........................................................14
"Azərbaycanlıların soyqırımı haqqında"
Azərbaycan Respublikası Prezidentinin Fərmanı....................................................15
Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut
dəqiqəsi elan edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı....................................................................21
Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən Çıxarış.................................22
Beynəlxalq Cinayət Məhkəməsinin Statutundan Çıxarış........................................23
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin
BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciəti...........................................24
Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər Əliyevin BMT Təhlükəsizlik
Şurasının sədrinə və BMT-nin Baş katibinə məktubu............................................25
Xocalı soyqırımı qurbanlarının ailələrinə................................................................27
Xocalı soyqırımının ildönümü ilə əlaqədar
Azərbaycan xalqına müraciət..................................................................................29
Xocalı soyqırımının ildönümü ilə əlaqədar
Azərbaycan Xalqına Müraciət.................................................................................32
Milli Məclisin dünya parlamentlərinə
və beynəlxalq təşkilatlara müraciəti........................................................................35
Xocalı Soyqırımının 10-cu ildönümünün anılması ilə əlaqədar
Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının
təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası
Milli Məclisinin Qərarı............................................................................................37
Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar
Azərbaycan Respublikası Milli Məclisinin qərarı...................................................42
Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar
Azorbaycan Respublikası Milli Məclisinin bəyanatı...............................................50
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı...................................56
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları
İnstitutunun Ekspert Komissiyasının Qətnaməsi.....................................................58
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
52
Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 16-cı
ildönümü ilə əlaqədar bəyanatı...............................................................................63
Xocalı qaçqınlarının BMT-yə, AŞ-a, ATƏT-ə müraciəti........................................68
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Xocalı
məcburi köçkünlərinin BMT-yə AŞ-a, ATƏT-ə müraciəti.....................................73
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
Kommentariyasından Çıxarış..................................................................................77
53
AZE Konsaltinq Qrup
AZƏRBAYCAN RESPUBLİKASI
AZ 1073 Bakı ş., Mətbuat pr., 18/7, məhəllə 539
Aze@aze-consultinggroup.az
www.aze-consultinggroup.az
Çapa imzalanıb: 16.02.2010
Formatı: 60x84 1/16. Ofset çapı. Həcmi: 5.5
Sifariş № 19. Tiraj: 2000
Pulsuz paylanılır.
Dostları ilə paylaş: |