TFH məruz qalan və ya onun təsir dairəsi altında olan ərazilərin iqtisadi və sosial-coğrafi səciyyəsi nəzərdən keçirilən problemin ilkin tədqiqat mərhələsidir. Bu səciyyənin dəqiqləşdirilməsi tədqiqatın miqyasından asılıdır. İri miqyaslı tədqiqatların həyata keçirilməsi zamanı mövcud ərazidə yerləşən təsərrüfatların, yaşayış binalarının, ayrı-ayrı kənd və su təsərrüfatı sahələrinin, nəqliyyat və kommunikasiya sistemlərinin, digər dövlət və strateji əhəmiyyətli müəsisələrin dəqiq inventarizasiyası aparılmalıdır. Kiçik miqyaslı tədqiqatların həyata keçirilməsi zamanı isə təsərrüfatın əsas struktur komponentlərinin və əhalinin müəyyən ərazidə yerləşdirilməsi səviyyəsini xarakterizə edən əsaslandırılmış göstəricilərdən istifadə olunmalıdır. TFH-nin təsirinə məruz qalan ərazilərin iqtisadi baxımdan qiymətləndirilməsi nəticədə onların mütləq qiymətləri ilə tamamlanmalıdır. Bu gələcəkdə ərazilərin TFH-dən müdafiə olunması metodlarının məqsədəuyğun və səmərəli şəkildə işlənib hazırlanması və tətbiq edilməsi zərurətini yaradır. İlk baxışdan ərazinin çox zəif mənimsənildiyi və burada yerləşən obyektlərin dəyərinin müəyyən edilməsi görüləsi müdafiə tədbirlərindən ucuz olduğu müəyyənləşdirilərsə, onları müdafiə etməyin səmərəsiz olduğu aydınlaşır. Lakin, hər bir hektar torpaq sahəsi gələcək üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan respublikası ərazilərinin kifayət qədər dəyərli olduğunu da nəzərə almaq zəruridir. Buna görə də, hər bir ərazinin potensial imkanlarını qiymətləndirmək, ondan gələcəkdə istifadə etməyin istiqamətlərini proqnozlaşdırmaq və müvafiq olaraq TFH-dən necə qorunmasını əsaslandırmaq lazımdır. Eyni ərazidə TFH-nin müxtəlif növlərinin vurduqları ziyanın həcmi və miqyası da müxtəlifdir. Ümumilikdə TFH-nin yayılması, inkişafı və növ müxtəlifliyi və onların vurduqları zərərlər ərazilərin istifadə olunması xüsusiyyətindən asılıdır. Bununla əlaqədar olaraq ərazilərin dəyərini qiymətləndirməklə, biz belə ərazilərin TFH-dən qorunmasının səmərəliliyini müəyyən edə bilərik.