Şüurun meydana gəlməsi məsələsi ən mürəkkəb məsələlərdən biridir. İnsanın və onun şüurunun meydana gəlməsi problemləri ilə xüsusi elmlər məşğul olur, fəlsəfə isə bu problemlərin həll edilməsi üçün zəruri olan nəzəri əsası hazırlayır. Hələ qədim mifologiyada şüuru, bədəni idarə edən sehirli başlanğıcın fəaliyyəti hesab edən fikir sonralar bütün dünyaya aid edilir. Beləliklə, maddi olmayan başlanğıc təsəvvürü meydana gəlir. Platonun şüur haqqında dedikləri də bu fikrə yaxın idi. Onun dediyinə görə insanın bədəni ölür, çünki bədən ölməz ruhu özündə müvəqqəti saxlayan yerdir və ruhun quludur; maddi olmayan Kosmos ruhu bütün Kainatı idarə edir. Bəzi alimlər sübut etməyə çalışırlar ki, Kainatın şüuru və yaxud Kosmik ağılın mövcudluğundan danışmaq heç də mənasız deyil. Kainatın özü də Yaradıcı Varlıq kimi, hətta tamam başqa ölçülü məkanda və bizə məlum olmayan zamanda baş verənləri də anlayıb dərk edən Fövqəl şüura malikdir. Orta əsrlərdə belə bir fikir də irəli çəkilirdi ki, hələ dünyanın yaradılmasından əvvəl mövcud olan və dünyanı heç nədən yaradan qeyri-maddi mənəvi başlanğıc dünyanı indi də idarə edir. İnsan şüuru - İlahi şüurun törəməsidir. Dekart təsdiq edirdi ki, yalnız fikirləşə bilən mövcud olur. Beləliklə, «mən düşünürəm, deməli, mən mövcudam» fikri şübhəsizdir. Düşünməyim dayansa yəqin ki, mənim mövcudluğum da dayanar. Dekart hesab edirdi ki, şüur materiyadan asılı deyil. Əgər Dekart şüur və materiyanın bir-birindən asılı olmayaraq mövcudluğunu qəbul edirdisə. Yeni dövrün tanınmış idealistləri hesab edirdilər ki, real gerçəklik tamamilə şüurdan asılıdır. Məsələn, C.Berkli göstərirdi ki, «mənim bir istəyim kifayətdir ki, əvvəlki ideyanı sıxışdınb atan müəyyən ideya yaransın». Deməli, ideya ruhun fəaliyyətidir. İdealizm adətən materiyanı şüurun törəməsi hesab edir.
Materialist fəlsəfədə isə şüur tamamilə başqa mövqedən şərh edilir. Məsələn, Demokrit, Epikur, Lukresi Kar hesab edirdilər ki, şüur insan bədənindən asılı olduğu kimi, ətraf cisimlərin təsirindən də asılıdır. Şüur insanla birlikdə meydana gəlir. Yeni dövr materialistlərinin şüur haqqındakı fikirləri ümumiyyətlə antik fəlsəfənin əsas müddəalarını təkrar edir. Əgər idealistlər şüurun insan bədənindən, onu əhatə edən maddi hadisələrdən, duyğulardan tam müstəqilliyini qəbul edirlərsə, materialistlər, əksinə, şüurun onlardan tam asılılığını elan edirlər. Əgər idealistlər təfəkkürün, iradənin, ruhun demək olar ki, hər şeyə qadir olan fəallığını irəli sürürlərsə və materiyanın passivliyini xüsusi qeyd edirlərsə, materialistlər əksinə, maddi aləmin tam fəallığını göstərirlər. Onların fikrincə, əgər bizim düşüncələrimiz reallığı əks etdirirsə, əgər bu əksedilmə yalnız real obyektlərin təsiri ilə müəyyənləşirsə, onda bu düşüncələr həmin obyektlərə uyğun gəlməlidir. K.Marks yazırdı: «Şüur heç vaxt başa salınmış varlıqdan başqa qeyri bir şey ola bilməz; insanların varlığı isə onların həyatının real prosesidİD>.‘* V.İ.Leninin fikrincə, Marksaqədərki materializmin şüurun izahında çatışmayan əsas cəhəti şüurun sosial təbiətini görməməsidir və seyrçi xarakter daşıdığına görə guya şüurun yaradıcı fəallıq prinsipini düzgün izah edə bilməməsidir, onun praktika ilə əlaqəsini üzə çıxarmamasıdır. Marksistlərin dediyinə görə bu çatışmazlığı dialektik materializm aradan götürmüşdür.