Fəlsəfə tarixində insan varlığı geniş tarixi-nəzəri səpkidə araşdırılır; həyatın mənası, insanın mahiyyəti, məqsədi və idealı kimi məsələlər tədqiq edilir. Belə ki, fəlsəfi kateqoriya kimi məhz «insan» çıxış edir. Bu elə anlayışdır ki, ağıllı varlığı başqa təbii hadisələrdən fərqləndirir. Lakin insan həm də onu şəxsiyyət kimi müəyyənləşdirən keyfiyyət və xassələrin daşıyıcısıdır. İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. Antik fəlsəfi fikirdə insana əsasən Kosmosun bir hissəsi kimi baxılırdı, özünün insani təzahürlərində ali başlanğıc olan taleyə tabe edilirdi. Sokratın fikrincə fəlsəfənin başlıca məqsədi insanın mahiyyətini dərk etməkdir, nə qədər ki, insan öz mahiyyətini dərk etməyib, o yerdə qalan dünyanı da dərk edə bilməz.
İnsan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı 'yerini, həm mənşəyinə, həm də indiki mövcudluğuna görə öz mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi və fərqi müəyyənləşdirməyə çalışır. Onun indiki zamanda az və ya çox düzgün istiqamət götürmək, özünün keçmişini aydınlaşdırmaq və gələcəyini proqnozlaşdırmaq üçün heç olmasa təsəvvürlər, intuitiv duyğular, hətta mistik görüşlər səviyyəsində belə biliklərə ehtiyacı var. İnsan həyatı həm cəmiyyət həyatı planında, həm də fərdi həyat planında bir-biri ilə sıx əlaqədə olan istehsal, istehlak, ictimai-siyasi, mədəni (mənəvi istehsal), ailə (nəslin davamı) və başqa həyati fəaliyyət formalarında cərəyan edir. / j K.Marks belə bir fikir irəli sürmüş və əsaslandırmağa çalışmışdır ki, insan öz mahiyyətinə görə yaradıcıdır; o həm özünü, həm də öz dünyasını yaradır. Həyat haqqında çoxlu müxtəlif fikirlər var: həyat əzab-əziyyətdir (Budda, Şopenhauer və b.); «insan həyatı acınacaqlıdır» (Seneka); «həyat axmaq tərəfindən danışılan, hay-küylə, qəzəblə dolu, lakin mənasız hekayədin> (Şekspir); «bütün həyat aldadılmış ümidlərin qiymətidin> (Didro); «insanın bütün həyatı yalana batıbdın> (Nitsşe); «biz bilmirik nə yaxşıdır, yaşamaq yoxsa ölmək» (Qandi) və s. Ümumiyyətlə həyat haqqında mənfi fikirlər daha çoxdur
İnsan həyatının mənası probleminin həlli haqqında çoxsaylı fikirləri əsasən üç qrupa bölürlər: 1) həyatın mənası ilk başlanğıcdan onun dərin qatlarında əbədi mövcuddur. Belə izah daha çox dini təlimlərə aiddir; 2) həyatın mənası həyatdan kənarda mövcuddur. Belə izahın əsasında dindən azad (sekulyar) fikir dayanır. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, insan dünyanı xeyir və ədalət əsasında yenidən qura bilər. Bu məqsədə doğru hərəkət tərəqqi adlanır. Tərəqqi məqsədi nəzərdə tutur, onu şərtləndirir, məqsəd isə insan həyatına məna verir; 3) həyatın mənası subyektlərin özü tərəfindən yaradılır. Həyatın mənası yoxdur, yalnız biz özümüz şüurlu və ya kortəbii, bilə-bilə və ya qeyri-ixtiyari olaraq həyata məna veririk və bununla da öz insani mahiyyətimizi seçir və yaradırıq.
Tez-tez həyatın mənasını axtarmaq haqqında elə danışırlar ki, elə bil bu məna haradasa hazır şəkildə saxlanılır və onu yalnız axtanb tapmaq lazımdır. Lakin məna mahiyyət demək deyil, hərçənd bu anlayışlar bir-birinə oxşayırlar. Əgər mahiyyət hadisələrin görünməyən, daxili hissəsinə aiddirsə, məna bizim hadisələrə münasibətimizi, onları öyrənməyimizi, qiymət verməyimizi bildirir, bu isə insana nə lazım olmasını müəyyənləşdirmək baxımından mümkündür. İnsan yeganə varlıqdır ki, özünün ölümlü olduğunu başa düşür və bu halı düşüncə predmeti edə bilir. Bunu anlayan insanın reaksiyası ilk baxışda ümidsizlik və çaşqınlıq hissi olmalıdır. Bu əhvali-ruhiyyəni aradan götürərək insan yaşamaqda davam edir, hərçənd həyatının müvəqqəti olduğunu bilir. Belə biliyə malik olan insan zəruri olaraq çox ciddi və kəskin sual ilə qarşılaşır: həyatın mənası və məqsədi nədir? Belə bir fikir daha çox yayılıbdır ki, bütün bəşəriyyətin yaşamasının mənası və mövcudluğunu saxlamaq və onun tərəqqisini təmin etmək üçün səyi gücləndirmək və çoxaltmaqdır. Ayrılıqda götürülmüş hər bir insanın həyatının mənası da elə bununla müəyyən edilir. Hər bir şəxsin həyatının məqsədi və mənası eyni zamanda bütün insan tarixinin, insanın yaşadığı cəmiyyətin məqsəd və mənasına böyük təsir göstərən sosial ideyalar və fəaliyyətlər ilə də sıx əlaqədədir.
Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə yanaşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oynamaqdadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş heyvanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.