BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)



Yüklə 1,8 Mb.
səhifə3/20
tarix31.01.2017
ölçüsü1,8 Mb.
#7128
1   2   3   4   5   6   7   8   9   ...   20

Şəhidlərə mərsiyə
Bir ildir bir müsibət üzür Azərbaycanı,

Asimana ucalır xalqımızın fəğanı

Ağlamaqdan bir gözüm Arazdır, bir gözüm Kür,

Ahım buluda dönüb, tutubdur asimanı.

Dilim fəryad qoparır, göz yaşım selə dönüb,

Qorxuram göz yaşımdan qopa Nuhun tufanı.

Çəkilməz dərdlərimlə dustağam daş zindanda,

Qaranlıq zindanımın kafirdir zindanbanı.

Bənizlər tutqun solğun, könüllər dərdli, yaslı.

Yenə dolur, boşalır şəhidlər xiyabanı.

Insanlar asta – asta, sıx cərgələrlə, dərdli.

Ziyarətə gəlirlər bu müqəddəs məkanı.

Nə insanın sayı var, nə gülün, nə çələngin,

Bu məzarlıq mat edib gülzarı, gülüstanı.

Al - əlvan qərənfillər, qızıl güllər hüznlə

Bəzəyir matəm dolu yaslı məzarıstanı.

Qışın şaxtalı çağı, qar yağır, ayaz kəsir

Burda güllər, çiçəklər bürüyübdür hər yanı.

Yenə əli qoynunda zarıyıb inləyirəm,

Dərdimin nə loğmanı, nə də yoxdur dərmanı.

Dərd məni elə üzüb, dostlar tanımır məni,

Bir kölgəyəm, bir də səs, bada vermişəm canı.

Yasxananı sazlayın, ağı deyin ağlayın

Çoxdan ölüb getmişəm, çağırmayın loğmanı.

Şəhidlərlə bir öldüm iyirmi yanvarda mən,

Kim deyir ölməmişəm, kim deyir bu yalanı?!

Çoxdandır ki, bircə yol ürəkdən gülməmişəm,

Çoxdandır qınayıram güləni, oynayanı.

Sözüm qəm donu geyib, söhbətim matəm donu,

Şeirim ağı, mərsiyə, kim dinlər bu giryanı?

Sevinib şənlənməyi fələk alıb əlimdən,

Qırıb yazıb – pozduğum qələmi, qələmdanı.

Bu qəmxana dünyada dərdlərimlə tək qaldım,

Şəhid oldu dostlarım, tərk etdilər dünyanı.

Bu matəmə yas tutur həm bəşər, həm mələklər,

Lənətləyir müdam Qarapeti, İvanı.

Yox imiş azğınların insafı, mərhəməti,

Qana hərislər tökər nahaqdan nahaq qanı.

Göygöz, kürən iblislər, baltaburun şeytanlar

Birləşib, başımıza dar etdilər dünyanı.

Göylər də yas saxlayır, yerlər də şəhidlərə,

Binnətəm, şəhidlərin yerdə qalmasın qanı.


20.01.1991
Şəhid anasıyam
Oğlu şəhid olmuş bir anayam mən,

Gəlini dul qalmış qaynanayam mən,

Dərd əlindən dəli-divanəyəm mən.

Qalmayıb gözümdə yaş ağlamaqdan,

Tükənib taqətim yas saxlamaqdan.

Fələyi kar edib amanım, ahım,

Dərddir, ah-nalədir axşam-sabahım.

Şəhidlər qəbridir ziyarətgahım.

Sızlayıram hər məzarın yanında,

Müqəddəs Şəhidlər xiyabanında.

Orda yüz-yüz məzar sıralanıbdır,

Hamımızın qəlbi yaralanıbdır,

Üzüm haqda, əlim göydə qalıbdır.

Alaq yağılardan, yadlardan qisas,

Biz də bayram edək, saxlamayaq yas.

Çıxmır xəyalımdan o yanvar, o qış,

Heç zaman nahaq qan yerdə qalmamış.

Ölməyəm düşməndən qisas almamış,

Şəhidlərin qanı qalmasın yerdə,

Yurduma qara qış gəlməsin bir də.


24.01.1992
Əlim də getdi
Vaxtsız xəzan vurdu, soldu gülşənim,

Çiçəyim də getdi, gülüm də getdi.

Bağ-bağçamı talan etdi düşmənim,

Çəmənim də getdi, çölüm də getdi.

Dağıtdılar Xocalını, Laçını,

Məhv etdilər dağda-daşda qaçqını.

Döydü dizlərinə, yoldu saçını

Anaların saçı əlində getdi.

Biz yaraqsız olduq, düşmən yaraqlı,

Biz suçlu sayıldıq, suçlular haqlı.

Əsir apardılar qolları bağlı,

Əlil sağ qalanın belində getdi.

Qisasdır, zəfərdir istəyim mənim,

Qanla sulanıbdır çölüm, çəmənim.

Şəhid, əlil oldu min-min sevənim,

Məcnunum da getdi, Leylim də getdi.

Bezməyək düşmənə qəbir qazmaqdan,

Dığaların səflərini pozmaqdan.

Qarabağın dərdlərini yazmaqdan

Dəftər də, qələm də, əlim də getdi.

Binnət, hər misranı mənayla bəzə,

Haqq gəzənlər getdi gedər-gəlməzə.

Ədalət, həqiqət, haqq gəzə-gəzə,

Sabir də, Möcüz də, Cəlil də getdi.


16.02.2011
Azərbaycan ordusu!
Təlimlər başa çatır, yetişir son imtahan,

Azğın qəsbkarlara vermə döyüşdə aman.

Sənin şücaətinə güvənir Azərbaycan,

Qoy başlansın son döyüş-haqq-ədalət davası,

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Bəsdir tapdaq altında inlədi torpağımız,

«Şun»a, «xoz»a yurd oldu aranımız, dağımız.

Xankəndində yellənsin qələbə bayrağımız,

ATƏT-in BMT-nin olmadı bir faydası

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Koroğlutək nərə çək yad titrəsin səsindən,

Düşmən bağrı çatlasın Babəklər nərəsindən!

Azad et Qarabağı quduzlar pəncəsindən!

Qələbədir-qələbə dərdimizin davası,

Silahlan, hücuma keç, Azərbaycan ordusu!
Öz yurduna qayıtsın yurdu talan olanlar,

Sevinsinlər, gülsünlər ağlar - giryan olanlar!

Gözüdar, dili haça, qəlbi ilan olanlar.

Bəsdi aranı qatdı, bəsdi bulandırdı su.

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Üzəvarı danışan riyakar həmsədrlər

Öz xeyirləri üçün ancaq gəlib-gedirlər.

Utanmayırlar, bizdən güzəşt tələb edirlər,

Ara düzəltməz, əyər, məslək, vicdan oğrusu.

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Aşkar silahlandırır hələ yağı-yağını,
Birləşib,zəbt edirlər Zakirin torpağını.

Doğru deyiblər, basmaz it-itin ayağını

Quzğunlara qalmasın Laçınların yuvası,

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Kömək, imdad gözləmə “brat”dan, “bəradər”dən,

Üzünə gülümsəyib, qımışsalar da hərdən.

Mərifət ummaq olmaz “xoz”dan, “medved”dən, “xər”dən,

Bir bezin qırağıdır bu cındırlar hamısı.

Silahlan, hücuma keç, Azərbaycan ordusu!
ABŞ-ın, Fransanın şamı bizə nur salmaz.

Hər qərəzli dost olmaz, hər yad yada yer almaz.

Şəhidin qanı yerdə, qisas məhşərə qalmaz.

Cəsur şirlərin olmaz tülkülərdən qorxusu.

Silahlan, hücuma keç, Azərbaycan ordusu!

Bəsdi sınağa çəkdi daşnaq gədələr bizi,

Qana qəltan etdilər min-min Fəridimizi.

Əlil, şəhid etdilər yüzlərlə Mübarizi,

Qiyamətə qalmasın şəhidlərin qisası,

Silahlan, hücuma keç, Azərbaycan ordusu!


26.11.2011

Kosmonavt
Kosmonavt, peykinlə göyləri dolaş,

Məncə pay-piyada ana torpağı,

Sən dərin göylərin sirrlərini aç,

Mən döndərim gülüstana torpağı.

Uç Aya, Günəşə, uç Yupiterə,

Apar Yerin Göyə salamlarını.

Mənimsə imkanım ola bir kərə

Görəm ayrı düşmüş obalarımı.

Mövhümat, cəhalət bəsdir bu qədər

Həqiqəti dandı, haqqı unutdu

Sən ərşi dolandın, qazandın zəfər

Qəhrəmanlığına bir şübhə yoxdu.

Sən uçdun göylərə nəzər salmaqçün,

Gördülər enməyin sayılır zəfər.

Daha da alçaldı ucalmaq üçün

Alçala-alçala ucalan kəslər.

Şimşək həsəd çəksin, yar buludları,

Uçmaq insanlarda sönməz həvəsdir.

Sənin olsun dünya mükafatları,

Mənə azad Vətən, azadlıq bəsdir.



15.04.1962
Budur
Ən şərəfli ömür Vətənə şərəflə xidmət etməkdir.

Ən şərəfli ölüm Vətən uğrunda ölməkdir.

Binnət Eloğlu.

Vətənini sevəsən, elinə vurulasan

Bax, əsl ülfət budur, əsl məhəbbət budur!

El oduna yanasan, elin oğlu olasan

Bax, əsl qeyrət budur, əsl ləyaqət budur!

Xeyirxah iş görməyə hamı girə yarışa,

Sərhədləri sökələr, el-elinə qarışa.

Rəhbər də, rəiyyət də Vətən üçün çalışa

Bax, əsl vəhdət budur, əsl cəmiyyət budur!

Aravuran xəbislər aralığı qatmaya,

Yadlar doğmalarını evdən çölə atmaya.

Öz elində qohuma, dosta əlin çatmaya

Bax, əsl həsrət budur, əsl müsibət budur.

Qonşusunu dalayır yalı artan, quduran.

Şah ədalətli olsa, qan qusar qan udduran.

Hər yerdə məhəbbətlə deyər yerindən duran:

Bax, əsl dövlət budur, əsl hökümət budur!

Evinə sahib çıxa çust yamayıb silənlər,

Səni evindən qova, sənə qonaq gələnlər,

Deyəsən, eşitməyə dərdini dərd bilənlər,

Bax, əsl dəhşət budur, əsl məşəqqət budur!

Özündən böyük oldu millətin dərdi-səri.

Millətə “ata” oldu müstəbid, gic, sərsəri.

Otuz ildə taladı eli “ellər rəhbəri”

Bax, əsl nifrət budur, əsl xəyanət budur!

Biclər əlifbamızın başında turp əkdilər,

Müqəddəs ocaqları dağıtdılar, sökdülər.

Gizli, aşkar millətin qəlbinə dağ çəkdilər,

Bax, əsl möhnət budur, əsl fəlakət budur!

Qanunları pozdular, əyildikcə əydilər,

Yerimizi böldülər, haqqımızı yedilər,

Qəzetlərdə yazdılar, kürsülərdən dedilər:

“Bax, əsl adət budur, əsl ədalət budur!”

Gündə bir dəyyus elə kələk gələ, aldada,

Xalqın başından basa, heykəl ucalda yada.

Gizli, aşkar Vətəni gah dağıda, gah sata,

Bax, əsl qarət budur, əsl tələfat budur!

Başına qapaz vurub, ovcuna tum tökələr.

Mədrəsəni dağıdıb, məscidini sökələr,

Elini parçalayıb, tikanlı sədd çəkələr.

Bax, əsl zillət budu, əsl rəzalət budu!

Haqqını tələb etsən, ağzına daş basalar,

Oğruların əliylə türmələrdə asalar.

Haqsızlıqlara dözməz, divarlar da səs salar.

Bax, əsl vəhşət budur, əsl cinayət budur!

Qazancını verəsən peysəri yoğunlara,

Su aça bilməyəsən, pul verməmiş cuvara,

Əkdiyini yad yeyə, göz yaşların suvara,

Bax, əsl zəhmət budur, əsl əziyyət budur!

Bir xəlbir dən olmaya elin xırmanlarında,

İkiqat şahad yığa yad dəyirmanlarında,

Yadlar qaçaqlıq edə sənin ormanlarında,

Bax, əsl zülmət budur, əsl qiyamət budur!

İşləyən əlli alır, işləməyənlər min-min.

Gah eldə yasaq olur, gah da azad olur din.

Qeyrətlilər, millətin dərdinə əlac edin!

Bax, əsl söhbət budur, əsl məsləhət budur!

Biz üşüdük, qazımız bizdən uzaqda yandı,

Ədalətin adıyla zülm ərşə dayandı.

Haqqını tələb edib, şükür, xalqım oyandı!

Bax, əsl cürət budur, əsl cəsarət budur!

Son qoyduq ahu-zara, sədləri yara-yara,

Axışdıq meydanlara, dözdük çovğuna, qara.

Döndük tunc yumruqlara, monolit divarlara,

Bax, əsl qüdrət budur, əsl dəyanət budur!

Xalq cəbhəsi yaradıb, yağıları yanıdıq,

Bicləri, çuğulları, qorxaqları qınadıq,

Satqınları tanıdıq, mətinləri tanıdıq,

Bax, əsl şöhrət budur, əsl mətanət budur!

Bircə an uzaq düşsəm, könlüm dözməz həsrətə,

Mən əbədi aşiqəm bu elə, bu millətə,

Odu, suyu, torpağı, müqəddəsdi Binnətə,

Bax, əsl hörmət budur, əsl sədaqət budur!

Ölkəni abad edək, yad da sevib, baş əysin,

Gözü götürməyənlər çatlasın, zəhər yesin!

Vətəni cənnət edək. Dost da, düşmən də desin:

Bax, əsl millət budur, əsl məmləkət budur!



20.12.1989
Yoxdur

(bir köçkünün dilindən)
Ay oğul, yaz deyim, kiməm, hardanam,

Qaçqınam, köçkünəm, ünvanım yoxdur.

Yoxdur ev-eşiyim, barım-barxanam,

Səfil-sərgərdanam, məkanım yoxdur.

Qəm deşir sinəmi, açılmır könlüm.

Dərdimi danışsam alışar dilim.

Bezmişəm həyatdan gəzirəm ölüm.

Bu gündən sabaha gümanım yoxdur.

Gülləbaran oldu qohumum, qonşum -

Ərim, oğlum, qızım, bacım, qardaşım.

Dərd alıb ağlımı, dağılıb huşum,

Adımı yadına salanım yoxdur.

Sıxır məngənətək qəlbimi dərdim,

Şirin arzu əkdim, acı qəm dərdim.

Soyadım-Yerazdır, adım-didərgin

Nə desəm elə yaz, yalanım yoxdur.

Yağılara mülküm, varım qalıbdır,

Güllü bağçam, bağım, barım qalıbdır.

Saysız pətəklərim, arım qalıbdır.

Binnət, qisasımı alanım yoxdur.



18.02.1989

Yeddi gündür
Müsibət yasxanasında yas tuturam yeddi gündür.

Nə durur, nə dincəlirəm, nə yatıram yeddi gündür.

Qara geyib, yas saxlayır bütün çalıb oxuyanlar.

Yeddi gündür nə şənlənən, nə gülən, nə oxuyan var.

20 yanvar gecəsi od ələndi başımıza,

Xalqımıza zülm etdilər, qərq olduq göz yaşımıza.

İnsanları əzib, keçdi ağır tanklar, Beteerlər,

Şəhid oldu günahsızlar, yas saxladı göylər, yerlər.

Sınanmamış silahları üstümüzdə sınadılar,

Küçələri, meydanları qanımızla suladılar.

Əliyalın insanları güllələdi qudurğanlar,

El yolunda süngülərə sinə gərdi qəhrəmanlar.

Üstümüzə silahlardan alov yağdı, od töküldü

Ağlar-sızlar halımıza dost ağladı, düşmən güldü.

Əlimdə nə ixtiyarım, nə gücüm var, nə silahım,

Bu günümdə türkdən başqa nə dostum var, nə pənahım.

Dərdimiz elə dərddir ki, qəmimiz elə qəmdir ki,

Binnətə olan bu sitəm, elə ağır sitəmdir ki,

Nə dillər danışa bilər, nə qələmlər yaza bilər.

Bu dərdlərə nə dəmirlər, nə də daşlar dözə bilər.


27.01.1990
Gedir
Şəhidlər xiyabanı... Azadlığın qurbanı

Olanlarla görüşə dərdli bir şəhər gedir.

Göz yaşına qarışıb yanaqların al qanı,

Yaşlı ata-analar, qızlar, gəlinlər gedir.

Qardaşlar gözü yaşlı, bacılar qara bağlı,

Atalar köksü ahlı, analar qəlbidağlı.

Həsrətdir öz elinə, qaçqındır Qarabağlı,

Cəsur oğlanlar, qızlar, gəlinlər əsgər gedir.

Azıb azğın düşmənlər, əliqanlı baş kəsir,

Xocalını yandırıb, Ağdərəyə tələsir,

Silahsız insanları qırır, aparır əsir,

Vətən yolunda fəda ata, oğul-ər gedir.

Torpaq yağıya qalar olmasa mərd obada.

Sərkərdə qaçaq olsa, heç verməz ordu bada.

Sədərəyə top atan göz dikib Ordubada,

Əliyalın əllərdən Laçın, Kəlbəcər gedir.

El qeyrəti çəkənlər qırılır, Allah, hoydu,

Muzdur evində yasdır, düşmən evində toydu.

Ağdamda dava gedir, Bakıda soyhasoydu

Tinlərdə, dalanlarda şıdırğı alver gedir.

Bəsdir şəhid olanlar, bəsdir kəfən geyənlər,

Elin qeydinə qalın, “Vətən”, “Millət” deyənlər.

Kürsülərdən hayqırıb, sinəsinə döyənlər,

Oğul əkəsi torpaq, baba yatan yer gedir.



20.01.1993
Lazımdır Azərbaycana
Çəkilsin qaranlıq. İşıqlı, nurlu,

Səhər də lazımdır Azərbaycana!

Günəşsiz olmasın bircə günü də,

Ülkər də lazımdır Azərbaycana!

Dayansın şimalın qara yelləri,

Çəkməsin sınağa göylər yerləri!

Qoruyaq yağıdan, yaddan elləri.

Çəpər də lazımdır Azərbaycana!

Gəlin tələsməyək şəhid olmağa,

Tələsək düşməndən qisas almağa!

Düşmənin canına lərzə salmağa,

Təpər də lazımdır Azərbaycana!

Görüb hər tufanı, boranı, qarı,

Talanıb sərvəti, dövləti, varı.

Zülmətdən işıqlı sabaha sarı

Səfər də lazımdır Azərbaycana!

Bəsdir, çaşdığımız sual-cavabda,

Gərək aldanmayaq heç bir hesabda.

Müəllim də, məktəb də, dərs də, kitab da,

Dəftər də lazımdır Azərbaycana!

Danışıqla zəfər çalınmaz, qağa!

Gərək hazır olaq qisas almağa.

Təkcə siyasət yox, zəfər çalmağa

Hünər də lazımdır Azərbaycana!

Saysız açılmamış dəfinəmiz var,

Min ağzı möhürlü xəzinəmiz var,

Var olsun bu halal sərvət, təmiz var,

Gövhər də lazımdır Azərbaycana!

Ordusu olmasa bir məmləkətin,

Onun yaşaması çətindir çətin.

Alaylar pozmağa müzəffər, mətin

Ləşkər də lazımdır Azərbaycana!

Qaçıb gizlənməsin hərə bir küncə,

Birlik pozulanda azalar güc də.

Basılmaz qala da, alınmaz bürc də.

Səngər də lazımdır Azərbaycana!

Qələbə istəyir sağ da, əlil də,

Bu gün millət dərdi çəkən Xəlil də.

Sabir də, Hadi də, Mirzə Cəlildə,

Cəfər də lazımdır Azərbaycana!

Çəkir arabanı hərə bir yana,

Kimisi İrana, kimisi Turana.

Yazıla tarixə, düşə dastana.

Zəfər də lazımdır Azərbaycana!

Pirimdi Xəqani, Qətran, Nəsimi,

Binnətəm, mərdlərdən aldım dərsimi.

Bu gün Babək kimi, Xətai kimi

Sərkərdə lazımdır Azərbaycana!


15.09.1996


Yaraşmaz bizə
Hələ ki, Qarabağ yağılardadır,

Hələ ki, Xocalı, Şuşa dardadır,

Hələ ki, tapdanır Laçın, Kəlbəcər,

Hələ ki, talanır yüz-yüz kənd-şəhər,

Hələ ki, Xankənddə xandır dığalar,

Hələ ki, minlərlə əsirimiz var,

Hələ ki, çarə yox dərdlərimizə

Şənlənmək, sevinmək yaraşmaz bizə.

Çalıb-oynamağı yasaq edələr,

Oynayıb-güləni dustaq edələr,

Şadlıq evlərini möhürləyələr,

Şadlanmaq, sevinmək olmaz deyələr!

Yubileyi, bayramı ləğv eləyələr,

Çalıb oynayana lağ eləyələr.

Hələ də yas tutur gəlinlər, qızlar,

Hələ də anasız, atasızlar var.

Atəşkəsdir, hələ şəhid veririk,

Hələ yaslı gəzib qara geyirik.

Hələ yumruq kimi birləşməmişik,

Tülkülər önündə şirləşməmişik.

Hələ ki, qələbə çalmamışıq biz,

Düşməndən intiqam almamışıq biz,

Qış da çıxıb getsə, bahar da gəlsə,

Göydən üzümüzə günəş də gülsə,

Başımıza çiçək də, gül də tökülsə,

Yolumuza almaz da, ləl də tökülsə,

Çəməndə gül-çiçək, çıxsa da dizə

A, Binnət, şənlənmək yaraşmaz bizə.


08.03.2003


El dərdi
(daxili qafiyə)
Gecə keçib gecədən, nə gələn var, nə gedən.

Məni yuxusuz edən, el dərdidir, el dərdi.

Gədələr şahlıq edir, biclər Allahlıq edir.

Ellər! El əldən gedir, çəkdiyimiz kədərdi.

El elindən qovulur, köçkün didərgin olur.

Vətən boşalır, dolur, bu nə gəldi-gedərdi?!

Qeydimizə qalan yox, könlümüzü alan yox.

Bizi yada salan yox, ah - vayımız hədərdi.

Çöllərə su gətirdik, əkdik, səpdik, bitirdik.

Hər cür nemət yetirdik, biz becərdik, yad dərdi.

Görüləsi iş çoxdur, iş gəzənə iş yoxdur.

Hazırdan yeyən toxdur, aclar becərənlərdi.

Milləti aldadanlar, eli soyub - çapanlar,

Aralığı qatanlar xəbislər, iblislərdi.

Çoxdu kalanlarımız, rüşvət alanlarımız,

Kənddə qalanlarımız qocalar, xəstələrdi.

Uçub dəyirmanımız, dağılıb xırmanımız,

Yaxşı dolananımız hər kənddə beş nəfərdi.

Tərif yazır məddahlar, fələyə çatıb ahlar,

Süd tapmayır uşaqlar kənddə, bu nə xəbərdi?!

Ev tikən evsiz qalır, mülki olan mülk alır,

Evsiz subay qocalır cavanlar dərbədərdi.

Tapılmır ucuz mallar, bazar olub “padvallar”.

Bazarı möhətkirlət soyxanaya döndərdi.


12.07.1988

Ana dili
Yüz dil bilsəm, sevəcəyəm

Yenə ana dilimi.

Yer üzünə dəyişmərəm

Öz yurdumu, elimi.

Qoy hər yetən öyünməsin

“Şeir dilliyəm”,-deyib.

Hələ şeir məclisində

Xalqım susmaq bilməyib.

Başdan-başa şeiriyyətdir

Dağım, düzüm, aranım.

Ruhu oxşar, könül açar

Dili Azərbaycanın.

Hər sözündə min məna var,

Hər şeirində min hikmət.

Fəxr etməyə haqqın vardır,

Ana dilinlə, Binnət.



21.101973
Balakən-Bakı yolunda
Tələsmə, ay şofer, demə ki, gərək

Bir maşın qabaqda olmasın məndən.

Doyunca seyr edim Zaqatalanı,

Bu yerlər narazı qalmasın məndən.

Elə hey baxdıqca baxmağım gəlir,

Ruhu məftun edən bu şən diyara.

Hara tələsirsən, bir də kim bilir,

Haçan düşəcəkdir yolumuz bura?

Baxmağı qalacaq bizə dünyanın,

Bircə yol nə olar, eşit məni də.

Başına döndüyüm Azərbaycanın

Qaxı da gözəldir, Balakəni də.

Bilmirəm, robotsan, nəsən, ay zalım,

Bir bulaq başına çatanda saxla.

Mən sizin yerlərin seyrinə dalım,

Sən də bir maşının yağını yoxla.

Göynükdən keçəndə, sən əziz canın,

Bir az yoldan kənar saxla maşını.

Ismi məhşur olmuş, İsmipünhanın

Qəbrinə hörmətlə əyim başımı.

Harda görməyiblər, ay şofer, səni,

Nə qədər xoşbəxtsən bu dünyada sən.

Kəndbəkənd gəzməkçün ana vətəni

Bəzən, şofer olmaq istəyirəm mən.

Eşidək Şəkinin şirin dilini,

Qədim xan sarayına tamaşa edək.

Böyük Fətəlinin muzey evini,

Ziyarət etməyə çiçəklə gedək.



18.08.1973


Yazaq zəfər marşını

(Məsnəvi)
Bəzən səyyar xəyalımla dolaşsam da dünyanı,

Bircə an da tərk etməyir könlüm Azərbaycanı.

Şair könlüm gərşd etsə də gah yerdə, gah havada

Oxay deyib, dinclik tapır, vətən adlı yuvada.

Yeri-göyü, qarış-qarış dolaşsa da xəyalım,

Aya-Günə, ulduzlara yol açsa da xəyalım,

Ürəyimin hər teliylə vətənimə bağlıyam,

Fəxr edirəm, Odlar Yurdu-Azərbaycan oğluyam.

Ana vətən, bəxtiyaram, şəndir ana qucağın,

Şöhrətindir təmiz havan, odun, suyun, torpağın.

Bir dirilik nəfəsidir yanağından öpən meh,

Abu-həyat çeşməsidir ayağından öpən şeh.

Çəmənlərin könül açır, çiçəklərin solmazdır,

Torpağın ləl-cəvahirat, daşın dürdür, almazdır.

Bir-birindən ətirlidir hər bağçan, hər çəmənin,

Üzə gülür bağ-bağçanda nərgizin, yasəmənin.

Dəniz kimi aşıb-daşır, varın, malın-dövlətin.

Günəş kimi yayılıbdır, cahana şan-şöhrətin.

Yer üzünün hər yerini gəzir sözün-sorağın,

Bu dünya durduqca yansın , vətən, nurlu çırağın!

Sən canımdan, varlığımdan, həyatımdan əzizsən,

Aydan arı, sudan duru, safsan, paksan, təmizsən.

Basılmayan vətənisən qəhrəman bir millətin,

Sarsılmazdır, tükənməzdir sənin polad qüdrətin.

Dağın qarlı, bağın barlı, havan təmiz, suyun-saf

Bəzən sənə hücum çəkib paxıl, xain, nainsaf.

Bəzən alt-üst edilsə də, Beyləqanın, Qəbələn,

Düşmənləri xar eləyib son döyüşdə qələbən.

Tomrislərin, Babəklərin vətənisən-yurdusan,

Xətainin, Cavad xanın ocağısan, odusan.

Vətən, sənə xor baxanın öz çırağı sönübdür,

Ocağına su atanın öz ocağı sönübdür.

Bulağına daş atanın öz suyu qan olubdur,

Torpağımdan pay umanın yurdu viran olubdur.

Vətən, yenə göylərində qara bulud görünür,

Səndən yer uman zəlillər dizin-dizin sürünür.

Bir –birinə arxalanıb quduz “xoz”lar, “çoşka”lar,

Qonşuya xain baxanın öz koması boş qalar.

Bu döyüşdə deməmisən son sözünü hələ sən,

Düşmənləri xar edəcək son döyüşdə qələbən.

XXX

Gözümdə niyyətim də var, ürəyimdə arzum da.


Qələbə marşı səslənsin mənim könül sazımda,

Vətənimin igidləri qoy silaha sarılsın,

Igidlərin nərəsindən düşmən bağrı yarılsın.

Qarabağın göylərindən köçsün qara buludlar,

Yusun qanlı köynəyini güllər ,çiçəklər, otlar!

Deyib-gülsün azad olmuş elin hər oğlu,qızı

Vətənimə həsəd çəksin səhərin dan ulduzu!

Kəsilməsin yurdumuzdan səadətin ayağı,

Gülsün bayram libasında Azərbaycan torpağı

Yurdumuzun məhəbbəti hər könüldə gül açsın,

Şöhrətimiz yer üzünü qarış-qarış dolaşsın!

Qapımıza yol tapmasın aclıq, azar, ehtiyac,

Bir nəfər nə yoxsul olsun, nə dilənçi, nə də ac!
Şəhid olmuş igidlərin qanı yerdə qalmasın,

Vaxtından tez bir çiçək də, bircə gül də solmasın.

Abadlaşsın viran olmuş bütün kəndlər, şəhərlər,

Könüllərə müjdə versin gülər üzlü səhərlər,

Uzaq olsun bu yerlərdən düşmənlərin ayağı

Günəşlə yanaşı dursun Azərbaycan bayrağı!

Bu bayrağın kölgəsində ömür sürək, gün görək,

Fərəhindən dağa dönsün yurdu sevən hər ürək.

Bir qarış da torpağımız tapdaq altda qalmasın,

Yurdumuzda bir yağı da, bircə yad da qalmasın.

Soyunsun yas paltarını oğlu ölmüş analar,

Şəhid vermiş anaların sevinməyə haqqı var.

Gül-çiçəklə qarşılayaq zəfər çalmış ərləri,

Qoy var olsun zəfər çalmış mərdlərin mərd əlləri!

Bundan sonra ağ günlərin bizdən üzü dönməsin,

Elimizdə bir çıraq da, bir ocaq da sönməsin!

Şadlıq, sevinc büsat qursun hamımızın üzündə,

Qələbəni bayram edək bu il Cıdır düzündə.

Binnət kimi kim sevirsə torpağını, daşını,

Gəlsin qızıl hərflərlə yazaq zəfər marşını.


08.05.1993

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin