BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)



Yüklə 1,8 Mb.
səhifə8/20
tarix31.01.2017
ölçüsü1,8 Mb.
#7128
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Çadır düzündə

(daxili qafiyə)
Unutmuşuq yaylağı, dağı çadır düzündə,

Daz çəkir sinəmizə dağı çadır düzündə.

Qara günə qalmışıq-nə qaz yoxdur, nə işıq,

Qaçqın tapmır bir qaşıq yağı çadır düzündə.

Dığa-kefdə-damaqda, Nağı-qan ağlamaqda,

Dığa-Cıdır düzündə, Nağı-çadır düzündə.

Dərman tapmır xəstələr, vaxtsız ölür körpələr,

Tapmazsan bircə nəfər sağı çadır düzündə.

Qaçqın qəlbində yara, yas tutur, geyir qara,

Ağlayır, anır Qarabağı çadır düzündə.

Yardımkom gəlir kələk, cindir-sifəti mələk,

Vermirlər içək, ölək, ağı çadır düzündə.

Kefi kökdür satqının, eli satan azğının,

Ərşə çıxır qaçqının ahı çadır düzündə.

Əynimizdəki köhnə, un yox, boş qalıb təknə,

Nə yardım görürük, nə qayğı çadır düzündə.

Hər gələn yüz vəd verir, nə çay, nə də qənd verir,

Bizə hələ dərd verir yağı çadır düzündə.

Çadırlar nəm, soyuqdur, nöyüt, qaz, kömür yoxdur,

Bir nəfər məmur yoxdur axı çadır düzündə.

Binnət, bicin, alçağın yerdə qalsın yançağı,

Qış görürük palçığı, lığı çadır düzündə.



19.02.1992
Qoymayın

(daxili qafiyə)
Hələlik qəflətdə yatsın, millət ayıla, qoymayın!

Itir itsin, batır batsın, millət sayıla qoymayın!

Kimin ağzı nədir dinə, salın dilənçi həddinə!

Sail edib salın tinə, evində qala, qoymayın!

Haramxor, acgödən divlər, öz xeyrini güdən divlər,

Maarifə zidd gedən divlər, millət elm ala, qoymayın!

Yığın qoçu başçıları, məhv eləyin yaxşıları.

Başa çəkin naşıları, alim ucala, qoymayın!

Gücünüz var, pulunuz var, nökəriniz, qulunuz var,

Qurdsunuz, qurd yolunuz var, xalqı bu yola qoymayın!

Öz hayına qalsın hərə, pul tapmasın xeyrə-şərə.

Milləti çəkin məhşərə, artıb çoxala qoymayın!

Qoy dilənsin şagird, müəllim, nə dərs olsun, nə də təlim.

Kim desə, - «dağılır elim», onu mahala qoymayın!

Kasıb – kusub əsgər olsun, elindən dərbədər olsun.

Dərd çəksin dərdəcər olsun, dərdi azala qoymayın.

Gəzdiyi haqqdır Binnətin, həddi olar hürriyyətin.

Yumun ağzını millətin, hay-haray sala, qoymayın!

Səsi ucala, qoymayın!

Dinc nəfəs ala, qoymayın!

12.02.1991

Bizə nə?!
Beş nəfər kənddə toxdur, yüz nəfər acdır, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Bizə nə imkansızlar tapmır yavan çörəyə pul,

Ayrana, şora, südə, bircə qaşıq kərəyə pul?

Şomuya, yolotuna, cincilimə, tərəyə pul,

Niyə biz verməliyik yetimə, füqəraya pul?

Əlillər, didərginlər ac-yalavacdır, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Biz Tağıyev deyilik, eyləyək xeyriyyəçilik,

Hələlik dəbdə deyil, neyləyək xeyriyyəçilik?

Kasıbın çıxsın canı, qoy gedib etsin çərçilik,

Hamballıq, muzdurçuluq, qapılarda nökərçilik.

Gülüzlü Tükəzbanlar qul-qarabaşdır, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Bilirik, məmləkətdə kasıb da var, kalan da var,

Rüşvətxor varsa, rüşvət verən də var, alan da var,

Qırx otaqlı mülkdə tox, çadırda ac qalan da var,

Sailə-dilənçiyə döngə də var, dalan da var.

Yer üstə dilənçilər tində dalaşdı, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Bizə nə, Şuşa batdı, Xocalını dağıtdılar,

Ağdamı, Kəlbəcəri, Qubadlını da satdılar?!

Sevgili Haykanuşlar muradlarına çatdılar,

Dul qalan Tükəzləri ağlatdılar, sızlatdılar.

Qarabağ viran olub, xarabalaşdı, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Neftimiz fantan vurdu, ya bahalaşdı, sizə nə?!

Çoxları milyonlarla xaricə qaçdı, sizə nə?!

«Tolkovi» qeyrətlilər «tolkuçka» açdı, sizə nə?!

Bəzimiz heyvərədir, lap danabaşdır, sizə nə?!

Məmləkət viran oldu, xarabalaşdı, bizə nə?!

Ölkədə kasıbçılıq həddini aşdı, bizə nə?!

Bizə nə, qəzet-jurnal böhtan, şaiyə, yalan yayır,

Binnət də qoca vaxtı ağlı çaşıb, sayıqlayır.

Məddahlıq, tamadalıq edir indi şair-mayır,

Mitinqə gedənləri zopalılar tumarlayır

Ara qarışdı, bizə nə?!

Prezident qaçdı, sizə nə?!

Işiniz yaşdır, bizə nə?!

Qəlbimiz daşdır, sizə nə?!

18.04.1991

Qardaş
Xallı dazbaş edir bizə sitəmi,

Gəzmə özgəsində zavalı, qardaş!

Nadanlar adamı saymır adamı,

Qınama taleyi, yığvalı, qardaş.

Sürünü qoruyan yala həsrətdir,

Məmur gəzdirən at nala həsrətdir.

Arı saxlayanlar bala həsrətdir,

Oğrular yeyirlər saf balı, qardaş.

Bir bax, işləyənlər dişləmir daha,

Ahımız, ünümüz yetişmir şaha,

Maaşlar çox azdır, ərzaq çox baha

Haramxorlar rəis olalı, qardaş.

Ölkəmizin varı on ölkə saxlar,

Satıb öz cibinə qoyur alçaqlar.

Muzdurun haqqını vermir bədxahlar

Quldurlar vəzifə alalı, qardaş.

Arsıza kar etmir felyeton, şeir,

Yardımkom qaçqının payını yeyir.

Şairlər mədhiyyə, meyxana deyir,

Müğənnilər atıb qavalı, qardaş.

Həsrətik qatığa, ayrana, şora.

Zəlilər divləşib qan sora-sora,

Işimiz əl çalmaq, sözümüz “ura”

Millət qara günə qalalı qardaş.

Taxtdan düşənləri düşmən sananlar,

Taxta çıxanlara yaltaqlananlar,

Mədhiyyə yazanlar, məddahlananlar

Danışır havalı-havalı, qardaş.

Möhtacıq çirkablı Kürün suyuna,

Millət məcbur olub içə, yuyuna.

Qurddan çoban olmaz, vallah, qoyuna,

Müfəttiş qoymazlar dəllalı, qardaş.

Qulluq edən azdır haqqın dininə,

Rast gəllik kafirin gündə mininə.

Gözətçi qoyurlar toyuq hininə,

Acgödən tülkünü, çaqqalı, qardaş.

Pul alıb qulduru darğa qoyurlar.

Belə darğalar da xalqı soyurlar.

Dövrə bax, rüşvətlə rəis qoyurlar

Dabbağı, qəssabı, baqqalı, qardaş.

Şirin yalanlarla mail olmuşuq,

Vədlərə inanıb zail olmuşuq,

Binnətəm, dilənçi-sail olmuşuq,

Gəzirik qoltuğu torbalı, qardaş!

10.03.1991

Yazmayaq
Şair qardaşlarım, ataq qələmi,

Əl götürək şeiriyyatdan, yazmayaq!

Nadürüstlər bizə ağız büzməsin,

Uzaq olaq məzəmmətdən, yazmayaq!

Yazıb nə qazandı əvvəl yazanlar,

Düz yola qayıtmaz yoldan azanlar.

Xalqa kəfən biçib, qəbir qazanlar,

Əl çəkməzlər xəyanətdən, yazmayaq!

Bizə nə kim verir, kimi də alır?

Rüşvəti dayı da, əmi də alır.

Məmur var-həm verir, həmi də alır,

Bu alverdən, ticarətdən yazmayaq!

Bizə nə, kim xalqı talayır, soyur,

Dağıdır ölkəni-xaraba qoyur?

Bizə nə, kim-kimin gözünü oyur?

Söz açmayaq cinayətdən, yazmayaq!

Sabir nə qazandı, Möcüz nə tapdı?

Cəlilin hər sözü böyük kitabdı.

Bizim yazdığımız hədər, əzabdı,

Qaçaq hədər əziyyətdən, yazmayaq!

Bizə nə, qaçqınlar soyuqdan əsir,

Bizə nə, kim kimin haqqını kəsir?!

Bizə nə, dörd ildir Qarabağ əsir,

Qurtarmayır əsarətdən, yazmayaq?!

Yerlə yeksan oldu Xocalı, neynək?

Niyə yas saxlayaq, qara geyinək?

Bizi eşidən yox, niyə deyinək?

Millət çəkən müsibətdən yazmayaq!

Bizə nə, əlillər, yetimlər sızlar?

Nolsun əsirlikdə gəlin var, qız var?

Bizə nə, bir milyon qaçqınımız var?

Zəlillikdən, zəlalətdən yazmayaq

Biganələr bizi təhnizlər, danlar,

Binnət yazdığını haqq sevən anlar.

Daşqalaq eləyər bizi nadanlar,

Nadanlıqdan, cəhalətdən yazmayaq!



12.03.1992

Yoxdur
Pul verib, vəzifə alıbdır gədə,

Düşünüb - duymaqdan xəbəri yoxdur.

Nə dərkənar qoya bilir sənədə,

Nə möhür vurmaqdan xəbəri yoxdur.

Yekə bir otaqda yalqız oturur,

Krossvord tapmaqla özünü yorur.

«Mərkəz» arağından mərkəzdə vurur,

Mərkəzdən uzaqdan xəbəri yoxdur.

Arvadı evində dərddən çərləyir,

Yanında gündə bir Maşa hərləyir.

Katibə çayından içib tərləyir,

Soyuqdan, sazaqdan xəbəri yoxdur.

Mersedesdə gəzir, son dəbdə geyir,

Qaçqının, əlilin payını yeyir.

O da iclaslarda «Qarabağ»-deyir,

Amma Qarabağdan xəbəri yoxdur.

Gözündən uzaqdır alçalan, enən,

Qapısı bağlanan, ocağı sönən.

Qapı-qapı gəzib çörək dilənən,

Məktəbli uşaqdan xəbəri yoxdur.

Pul yığır əlinə düşəli fürsət,

Şəhərdə mülk alıb, bağda imarət.

Onun qaza, suya, işığa həsrət,

Tovuzdan, Qazaxdan xəbəri yoxdur.

Bilir qaydasını verib-almağın,

Müfəttişi razı yola salmağı.

Ay Binnət, hər şeyi bilən maymağın,

Obadan, oymaqdan xəbəri yoxdur.

20.02.1992

Oxumuram, əl çəkin

(M.Ə.Sabirə nəzirə)
Oxu mənimdir əgər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Sanmayın mən bədbəxtin elmə həvəsi yoxdur.

Isti paltarım yoxdur, məktəb-sinif soyuqdur,

Məktəbə ac getməyin mənə ziyanı çoxdur,

Cana zərərdir, zərər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Nolsun hələ uşağam, yaxşı-yaman sanıram,

Elmin gərək olduğun anlayıram, qanıram,

Müəllim pul yığanda verməsəm, utanıram.

Çəkirəm qüssə-kədər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Eləmirsiz rəhm mənim gözdən axan yaşıma,

Baxmırsız təqaüdü az-tələbə qardaşıma,

Qışda tapa bilmirəm, “şapka” qoyam başıma,

Lütəm, görmürsüz məgər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Əhvalımız bəllidir, a başçılar, sizlərə,

Bir insafa gələsiz, rəhm edəsiz bizlərə,

Inanmıram mən daha dediyiniz sözlərə,

Saymır bizi bir nəfər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Qalan yoxdur qeydimə, yanan yoxdur halıma,

Yoxdur dərdimi çəkib, acıyan əhvalıma.

Nə müəllimə hörmət var sizdə, nə də alimə,

Dilənir tələbələr, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Bəsdir, cəhənnəm olun, bizi çox aldatdınız,

Bol-bol yalan vəd verib, başımızı qatdınız.

Şagirdi, tələbəni kafirə oxşatdınız.

Hamımız olub qul, nökər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Inanıb aldanmışıq, siz kimi laməzhəbə

Nə şagirdə qayğı var, sizdə nə də məktəbə.

Pul tapa bilməyirəm dərslik üçün kitabə,

Bahadır qələm, dəftər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Pulum olmaz, əl açıb sail ola bilməsəm,

Alver edə bilməsəm, maşın yuyub, silməsəm.

Xəstə anam sağalmaz dərman ala bilməsəm,

Bacım acından ölər, oxumuram, əl çəkin!

Nəsihət etməz əsər, oxumuram, əl çəkin!

Şagirdə, tələbəyə budurmu qayğı sizdə?

Minlərlə uşaq dərsə getməyir ölkəmizdə,

Sizdə mərhəmət olsa, dərsə gedərik biz də,

Millətə biganələr, oxumuram, əl çəkin!

Nəsihət etmək əsər, oxumuram, əl çəkin!

Cana zərərdir, zərər, oxumuram, əl çəkin!



24.02.1991

Millət, hələ yat

(daxili qafiyə)
Olsa on bal zəlzələ yat, qorxu bilmə bir belə, yat!

Qopsa tufan, vəlvələ yat, yanğın ola, sel gələ, yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Yastığını elə rahat, döşəyin də olsun üç qat,

Axşamdan gir yatağa yat, ayağını yaxşı uzat,

Nə üstündən yorğanı at, nə səs salıb xalqı oyat.

Olsa fəlakət hələ yat, dönsə məmləkət külə yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Könül ver xabi - qəflətə, nadanlığa, cəhalətə,

Uyma elmə, qiraətə, maarifə, mədəniyyətə,

Fikir vermə siyasətə, aşiq olma hürriyyətə!

Salma canı əziyyətə, düşmə nahaq əngələ, yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Yat, hələ bu qəflətdə qal, yat, xabi- cəhalətdə qal!

Yat, hələ bu illətlə qal, yat, bu halda, bu dərddə qal!

Yat, qalxma səndə yoxdur hal, üstünə üç yorğan da sal

Yat, yorğan üstə qalmaqal davam edir, yat, hələ yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Tərpətsələr oyanma, yat, top atsalar oyanma, yat!

Dinsə sur, qopsa qiyamət, məhşərə gəlsə həzarat,

Zərrəcə olma narahat, yat yerində rahat-rahat.

Yuxundan qalma bir saat, lap göydən Allah gələ, yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Torpağını alsalar da, səni qaçqın salsalar da,

Yatağına dolsalar da, marlar səni çalsalar da,

Övladların yad diyarda əsir-yesir olsalar da.

Qaçaqaçda donsalar da, yadlardan yardım dilə, yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

Unut yüzlərlə yaylağı, yüzlərlə sərin bulağı,

Unut obanı, oymağı. Binnətə çox çəkib dağı-

Şuşada kef çəkir yağı. Unut o yurdu, oylağı-

Dazbaş cənnət Qarabağı satıbdır Vartangilə, yat!

Ayılma, millət, hələ yat!

Sayılma, millət, hələ yat!

12.05.1992

Gülə-gülə

(Həcv)
Nankor bir qohum gələrdi,

Hərdən bizə gülə-gülə.

Itib, onu axtarıram,

Gəzə-gəzə, gülə-gülə.

Kasıb qohuma kəc baxar,

Varlı yada qahmar çıxar.

Böhtan deyər, qara yaxar.

Düzümüzə gülə-gülə.

Dəm vurar namusdan, ardan,

Gileylənər dostdan, yardan.

Qeybət edər qohumlardan

Özümüzə gülə-gülə.

Əl tutmaz əl açsaq əgər,

Pay da verməz acsaq, əgər.

Üzə gülər, kül üfürər

Gözümüzə gülə-gülə.

Ay Binnət, riyadır sözü,

Öz eybini qanmır özü.

Üzdən düşüb sırtıq üzü,

Üzümüzə gülə-gülə.

25.10.1991
Dönmüşük köşəyə, qardaş
Hələ yaza çox var, işıqsız, qazsız,

Qalmışıq üşüyə-üşüyə, qardaş.

Ala bilməyirik pambıq tıxayaq,

Qapı-bacadakı deşiyə, qardaş.

Uşağın üzünə baxa bilmirik,

Aclıqdan yermizdən qalxa bilmirik.

Paltarmız üzülüb, çıxa bilmirik,

Yorğan bürünməsək eşiyə, qardaş

Dilənçilər yollar boyu düzülüb,

Ümidimiz yerdən, göydən üzülüb.

Yorğan üzdən düşüb, mitil süzülüb,

Üz tapa bilmirik döşəyə, qardaş.

Kəndxuda seçmişik ara qatanı,

O da odunçuya verib baltanı.

Hər gün ağac kəsib, odun satanı,

Gözətçi qoyubdur meşəyə, qardaş.

Kasıblıqdan çoxu canından bezib,

Kattamız şişləri manqala düzüb,

Qarnı önə, boynu geriyə süzüb

Kababdan döşəyə-döşəyə, qardaş.

Dözdük-hər ağrını saldıq ürəyə,

Maaşımız çatmır şora, çörəyə.

Binnətəm, həsrətik çaya, xörəyə,

Nazilib dönmüşük köşəyə, qardaş.



11.03.1991

Nə oyan, nə də cəngə bax
(daxili qafiyə)
Mənə nə var deyən qafil, nə oyan, nə də cəngə bax,

Atan atsın, vuran vursun, nə topa, nə tüfəngə bax.

Iclaslarda döşünə döy, «Vətən, Millət»- deyə-deyə,

Hamı sənə baxıb desin:-igidə bax, zirəngə bax.

Mənə nə var, deyə-deyə baş girlədin ömür boyu,

Bir kor olmuş gözünü aç, qaçqına, pəsələngə bax.

A biqeyrət, anan-bacın, əsir-yesir, didərgindir,

Sən hələ Maşalarla gəz, gözələ bax, qəşəngə bax.

Yerli-yersiz zorlulara, yaltaq tula, quyruq bula,

Bir az altdan yanbız yala, nə irqə bax, nə rəngə bax.

Iblistək gir dondan-dona, çuğulluq et bundan ona,

Nə yaxşıdan yaxşıya bax, nə nəhəngdən nəhəngə bax.

Mənə nə var deyən xərdə namus, qeyrət, məslək olmaz,

Barı, bir yol el yolunda Çingiz kimi şəhidə bax.

Bala şəkər, südə su qat, arşını kəs, bir az qısalt,

Çəkidə Binnəti aldat, nə haqqa, nə pərsəngə bax.



20.03.2002

Gədəsən

(Həcv, daxili qafiyə)
Üzünü dolu döysün, üzdəniraq gədəsən.

Nəsli, kökü bədəsil, zatıqırıq gədəsən.

Fırıldağın, felin var, min üzün, min dilin var,

Hər biclikdə əlin var, şeytansayaq gədəsən.

Edirsən qeybət, giley, xoşuna gəlmir heç şey,

Itaətkar qul, lakey, düşük, yaltaq gədəsən.

Yada quyruq bulayan, “Ula”,-desə ulayan,

Sinisini yalayan, acgöz, yalaq gədəsən.

Baş gəzirsən yarmağa, üz gəzirsən cırmağa,

Dostunu da vurmağa, hazıryaraq gədəsən.

Əməllərindən utan, insan ol, eybini qan!

Mərdlikdən, adamlıqdan, tamam uzaq gədəsən.

Binnətəm, ay balqabaq, gəl çəkim şəklini, bax.

Danabaş, dəvədodaq, uzunqulaq, gədəsən!

25.08.2005
Vəzifədə olanda... çıxanda
Tale sənə gülüb, bəxtin yar olsa,

Əlində vəzifə, ixtiyar olsa,

Artar dostların da, tanışların da,

Var üstə var gələr, artar varın da.

Hərə bir yol ilə sovqat gətirər,

Kimi gümüş yəhər, kimi at gətirər.

Məddahlar hey səni mədh eləyərlər,

Yaltaqlar adına tərif deyərlər.

Namusu, qeyrəti, arı atarlar,

Evdə pişiyinə siçan tutarlar.

Tulanı şampunla çimizdirərlər,

Ona qaşıqla tort yedizdirərlər.

Elə ki, vəzifə çıxar əlindən,

Məddahlar, yaltaqlar gen gəzər səndən.



14.08.1962

Olmur olmasın

(Sabiranə daxili qafiyə)
Ata: Dərsə hazır getmə, oğul, qiymətin olmur, olmasın!

Nə dərs öyrən, nə də peşə, sənətin olmur, olmasın!

Oğul: Doğru söz deməyə, ata, cürətin olmur, olmasın!

Öz elində azadlığın, hürriyyətin olmur, olmasın!

Ata: Nə dərsə bax, nə dəftərə, qoşul şuluq edənlərə,

Ol onlar kimi heyvərə, ismətin olmur, olmasın!

Xiffətin olmur, olmasın!

Oğul: Sən də inan yalanlara, get qoşul əl çalanlara,

Əl çalıb alçalanlara nifrətin olmur, olmasın!

Qeyrətin olmur, olmasın!

Ata: Evdən çıxıb məktəbə yox,özünü qumarxanaya sox!

Məktəbdə bir qiymətin yox, hörmətin olmur, olmasın!

Oğul: Gücün yox işə getməyə, məhkumsan ölüb itməyə,

Haqqını tələb etməyə, fürsətin olmur, olmasın!

Cəsarətin olmur, olmasın!

Ata: Meyl et siqara, arağa, şərabdan düşmə irağa,

Səhər yerindən durmağa taqətin olmur, olmasın!

Halətin olmur, olmasın!

Oğul: Orda-burda dilən, dolan, məskənin olsun tin-dalan,

Sail ol, qeydinə qalan cəmiyyətin olmur, olmasın!

Dövlətin olmur, olmasın!

Ata: Dolan restoranda, barda, gündə bir parkda, bulvarda,

Əsgərliyə getmə, yurda xidmətin olmur, olmasın!

Niyyətin olmur, olmasın!

Oğul: El oduna yanma, ata, öz eybini qanma, ata!

Heç kəsdən utanma, ata, izzətin olmur, olmasın!

Xəcalətin olmur, olmasın!

Ata: Bəsdir sinifdə qaldığın, hər dərsdən iki aldığın,

Əfəlsən, yoxdur qandığın, fərasətin olmur, olmasın!

Qüdrətin olmur, olmasın!

Oğul: Mitinqdən, piketdən yığıl, dubinka yedin bir yığın,

Şil-küt oldu əl-ayağın, vəhdətin olmur, olmasın!

Sərvətin olmur, olmasın!

Sən qazan harınlar yesin,

Dövlətin olmur, olmasın!

Bayramlarda da süfrəndə

Yağ, ətin olmur, olmasın!

24.09.1991


Yaltaqlığa hazırıq

(Sabiranə)
Yaltaqlığa, yaranmağa hazırıq,

Bəy nə desə, əl çalırıq çarthaçart.

Ağıllını danışmağa qoymarıq,

Səy nə desə, əl çalırıq çarthaçart.

Unutmuşuq Qarabağı, davanı,

Səngiməyir o vurhavur, athaat.

Cəbhələri tərk eləyib, qaçmışıq.

Başımıza mərmi yağmır şarthaşart.

Biz yenə də konsertdəyik, kefdəyik.

Yehayedir, içhaiçdir, yathayat.

Başdan başa Bakı dönüb bazara,

Hərtərəfdə alhaaldı, sathasat.

Möhtəkirlər dönüb acgöz quldura,

Soyhasoydur, yığhayığdır, çaphaçap.

Hamı aşkar alır, verir, rüşvəti

Alhaaldı, yolhayoldur, qaphaqap.

Kasıbımız çörək tapmır yeməyə,

Kalanımız dollar sayır şırthaşırt.

Alimimiz ac yatır, ac oyanır,

Ziyalımız ölhaöldür, bathabat.

Hərə dartır el malını bir yana,

Sökhasökdür, çəkhaçəkdir, darthadart

Milyonçumuz gündə bir saray yapır,

Qurhaqurdur, tikhatikdir; yaphayap.

Çörək gəzir, iş gəzirik il boyu,

Gəzhagəzdir, qaçhaqaçdır, yorthayort.

Yaxşımızdan gileylənir naşımız,

Axşamadək qeybət edir qırthaqırt.

Elə ağır yatmışıq ki, qəflətdən

Oyanmırıq min top salsa parthapart

El yolunda düşüb zülmün oduna,

Binnət yanıb külə dönür çırthaçırt.



13.06.1991
Köpək oğlusan

(həcv, daxili qafiyə)
Qanımızı sorursan, zəli köpək oğlusan.

Mahala od vurursan, dəli köpək oğlusan.

Çörək gəz qaça-qaça, dilən əl aça-aça.

Yatağan kimi haça dilli köpək oğlusan.

Həya yoxdur üzündə, riya çoxdur sözündə.

Qayə yoxdur özündə, milli köpək oğlusan.

Qənim olsun sənə din, çürütsün qəlbini kin.

Atan iblis, anan cin, bəlli köpək oğlusan.

Dərdi çox millətimin, suçu yox millətimin.

Boğmağa milləti min əlli köpək oğlusan.

Az yolunu hələ az, qisas məhşərə qalmaz.

Qəlbi qara, başı daz, xallı köpək oğlusan.

Binnətin göydə əli, nicat diləyir dili.

Şeytan kimi fitnəli, felli köpək oğlusan.



17.02.1991

Bu bərabərlikdirmi?



Sənin Volqaların var,

Mənim bir atım yoxdur.

Sənin milyonların var,

Mənim manatım yoxdur.

Bu bərabərlikdirmi?
Sənin Bilgəhdə bağın,

Içində-çarx hovuzu,

Şəhərdə beş otağın.

Mən evdə tapmıram su,

Bu bərabərlikdirmi?
Təyyarəyə, esveyə

“Buron”dur yerin sənin.

Mən həsrətəm kupeyə,

Tamburdur yerim mənim.

Bu bərabərlikdirmi?
Soçidə nahar edib,

Yaltada şam edirsən.

Işə yuxulu gedib,

Yorğun qayıdıram mən.

Bu bərabərlikdirmi?

Sənin xəstəxanana

Məni hec buraxmazlar.

Xəstəliyim bir yana,

Üzümə də baxmazlar.

Bu bərabərlikdirmi?


Sənə qulluq göstərən,

Quyruq bulayanlar çox,

Mənə bir kömək verən,

Sözümü eşidən yox.

Bu bərabərlikdirmi?
“Növbə” nədir, “Gözlə”!-nə,

Yəqin çıxıb yadından,

Katibən gözləyənə

Cavab verir adından.

Bu bərabərlikdirmi?
Sənin “get-gəl”-in çoxdur,

Mənim gedib-gəlməyim,

Sənin insafın yoxdur,

Mənimsə dincəlməyim.

Bu bərabərlikdirmi?


16.08.1989



Yaşayırıq

(daxili qafiyə)
Sinəmizi tufanlara gərə-gərə yaşayırıq.

Üstümüzə uçur divar, görə-görə yaşayırıq.

Xallı çəkir bizə dağı, halımıza gülür yağı,

Düşmənlərə Qarabağı verə- verə yaşayırıq.

Hər yan olubdur yasxana, matəmxana, məhbəsxana.

Özümüzə dustaqxana hörə-hörə yaşayırıq.

Hamı işsiz,sail,səfil,Vallah, dözməz bu dərdə fil.

Şəhidlər üstə qərənfil sərə-sərə yaşayırıq.

Baxan yox haqq kitabına, qanun,yasaq kitabına.

Əsarətin çirkabına girə-girə yaşayırıq.

Çiynimizdə dağ boyda yük, danışırıq başdan böyük.

Bölünmüşük bölük-bölük, tirə-tirə yaşayırıq.

Əzab çəkib sübhə qədər, çarə gəzir Binnət hədər,

Sevinc əkib, qüssə-kədər dərə-dərə yaşayırıq.



08.03.1991

Canavar çobanlıq edir
Xudayar kəndxudadır, mahalda fironluq edir.

Xoşuna gəlməyəni çomaqla oyanlıq edir.

Öldürüb eşşəyini biçarə Məmmədhəsənin,

Zeynəbin göz yaşını çörəyinə yavanlıq edir.

Altmışı keçib yaşı, məzara titrəyir başı,

Hələ bu nadan-naşı utanmır cavanlıq edir.

Başına cəm eləyib bu ac qurd yalquzaqları,

Yenə qoyun-quzuya canavar çobanlıq edir.

Oğru darğalıq edir, quldur müfəttişlik edir,

Quşçuluq fermasına tülkü pasibanlıq edir.

Çadırda, vaqonlarda qırılır qaçqınlarımız,

Şuşanı satan satqın Bakıda sultanlıq edir

Çaşıb bu dələduzu, kəndə kəndxuda seçmişik.

Imkanı artan gündən hamıya yamalıq edir.

Binnətəm, yerdə qalıb şəhidlərimizin qanı,

Quldurlar kefə baxır, hələ qudurğanlıq edir.

14.07.1991


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin