AZƏRBAYCAN ƏLYAZMA KİTABININ BƏDİİ TƏRTİBATI
Azərbaycan əlyazma kitabının məzmun və forma cəhətdən çoxçalarlı olması. Azərbaycan əlyazma kitabının tərtibat baxımından 3 yerə ayrılması:
1. Adi kitablar,
2. Orta səviyyədə tərtib olunmuş kitablar,
3. Yüksək bədii tərtibatlı sənət abidələri.
Adi və orta tərtibatlı kitabların daha böyük əksəriyyət təşkil etməsi. Belə kitabların geniş kütlənin ehtiyacını ödəmək üçün sürətlə köçürülməsi, xüsusilə mədrəsələrdə, məscidlərdə, ailələrdə, hətta bazar və kitab dükanlarında tələbələr, müəllimlər və mirzələr tərəfindən köçürülməsi. Adi kitablardan fərqli olaraq, orta tərtibatlı kitabların ilk vərəğində müəllifin və əsərin adının iri kalliqrafik xətlə, müxtəlif rənglərlə yazılması; başlıqların, yarımbaşlıqların qırmızı mürəkkəb və ya qızılı rənglə ayrılması, üstündən rəngli xətlər çəkilməsi, mətnin bir və ya bir neçə əlvan rənglərlə çərçivəyə salınması, sonunda mətnin həndəsi fiqurlar (romb, üçbucaq və s.) arasına alınması, bəzən başda minarə, bitki şəkillərinin çəkilməsi.
Yüksək bədii tərtibatlı sənət əsərləri olan əlyazma kitablarının çox mürəkkəb bir üsulla çoxlu sayda sənətkarların böyük, çətin zəhməti hesabına yaranması. Bunun üçün ilkin şərt kimi kağızın yüksək keyfiyyətli olması. Bu cür kağızların Bağdad, Buxara, Xorasan, Səmərqənd, Təbriz və Misirdə hazırlanması. Əksər hallarda, tam emaldan keçməmiş kağız alınması, onların yerli kitab emalatxanalarında kraxmal, müxtəlif bitki və dərman yağları ilə şümallanması, kağızın suya davamlı olması üçün bəzən ona yumurta sarısı çəkilməsi. Adi kağızların kətandan hazırlandığı halda, keyfiyyətli kağızların düyü küləşindən hazırlanıb, düyü həlimi ilə ovxarlanması. İpək qatışığı, ya da təmiz ipəkdən hazırlanan kağızların ən keyfiyyətli kağız sayılması. Oxunan zaman gözü yormasın deyə, çox parlaq kağızların üzünə açıq sarımtıl, narıncı, bəzən də yaşılımtıl rəng çəkilməsi.
Dostları ilə paylaş: |