Elmin zati dəyəri
Elmi elita ölkənin mənəvi sərvətidir. Dünyada mənəvi sərvətlərə maddi baxış onların pula çevrilmə imkanı ilə ölçülməsinə səbəb olmuşdur; bu elm nə qədər pula çevrilə bilər; bu incəsənət nə qədər pula çevrilə bilər. İslamda isə belə bir meyar yoxdur. Təbii ki, elmin, incəsənətin və digər mənəvi dəyərlərin pula çevrilməsi qadağan olunmur. Xeyr! Elm rifah amili, incəsənət həyatın rövnəqlənməsinin və qiymətlənməsinin səbəbkarıdır. Eybi yoxdur. Lakin buna baxmayaraq, bu mənəvi sərvətin özünün də İslama görə uca dəyəri var. Yəni bu sənətkarın sənət əsərini kimsə tanımasa və ondan heç kəs istifadə etməsə də, İslama və mənəvi baxışa görə, ona sahib olmağın özü bir dəyərdir. Bir alim inkar olunsa və onun elmini heç kəs öyrənməsə də, o elmə malik olmanın özü bir dəyərdir. Düzdür ki, elm əməlin müqəddiməsidir. Düzdür ki, bilik bacarıq alətidir. Lakin bu bacarıq, bu əməl zəruri olaraq həmişə maddi sərvətə çevrilmir. Biz bu baxışı gücləndirməliyik.
Bir cəmiyyətdə yoxsulluğa, yaxud təcrübənin azlığına görə elmə, tədqiqata, incəsənətə və yaxud bu kimi digər mənəvi sərvətlərə maddi qarşılıq vermək mümkün olmaya bilər. Bizim cəmiyyətimizdə və dünyanın çoxlu yerlərində də mütləq belədir. Bu, elm və incəsənət işlərinin dayanmasına səbəb olmamalıdır. Mən elm və ədəbiyyat tarixinə baxanda görürəm ki, bəşərin elm və incəsənətdə ən mühüm inkişaflarının bir hissəsi nəinki maddi qarşılıq görməmiş, hətta bəzən təhqir və inkara məruz qalmışdır. Onları işə vadar edən amil həvəs, eşq və mənəvi hisslər olmuşdur. Bunu inkar etmək, bunun önünü kəsmək olmaz. Elm, tədqiqat və incəsənət hər yerdə pulla mübadilə olunmur, pulla ölçülmür.31
Dostları ilə paylaş: |