4- Universitetlərin və ali təhsil müəssisələrinin rəhbərlərinin rol və vəzifələri
İslam Respublikası quruluşu və onun gələcəyi üçün universtetin əhəmiyyəti və universitet mənsublarının rolu elə məsələlərdəndir ki, ölkə idarəçiləri, xüsusən də mədəni işlərdə çalışanlar onu bir an da unutmamalıdırlar. Bizim mərhum və əzəmətli imamımız onlarla yazılı sənəddə və şifahi tövsiyədə bu mühüm məsələni xatırlatmış, üzərində təkid göstərmişdir. Bizim universtetimiz İslama uyğunlaşsa, ölkənin istiqlaliyyətini, azadlığını və başucalığını məqsəd seçərək elmi işi və cəmiyyətin idarəsini üzərinə götürə, gələcəkdə elmi və siyasi inkişafa təməl ola bilər. Lakin İslama uyğunlaşmasa, keçmiş rejimin on illərlə hakimiyyəti dövründəki bəlaya düçar olar: elmi və əxlaqi süqut, məcburən qaldığı geriliyi və zəifliyi özünün inqilabi əzmkarlığı və imanı ilə düzəltməyə iradə göstərmiş xalqın ehtiyaclarını təmin etməkdə bacarıqsızlıq.517
Bizim fikrimiz budur ki, universitetlər ölkənin ümumi idarəsindən kənarda qala bilməzlər. Belə bir şey mümkün deyil.
Universitetdə müdiriyyət onun dövlətə bağlandığı yerdə mərkəzləşməlidir. Bu yer Ali təhsil və Tibbi təhsil nazirliyindən ibarətdir. Bizim prinsipimiz budur. Universitetlərin ölkənin ümumi inqilabi siyasətindən tam ayrı hərəkət etməsini nəinki qəbul etmirik, hətta ali təhsil sistemində fəsad sayırıq. Universitetlərə ölkənin bütün qurumları kimi İslam quruluşunun ümumi çərçivəsi daxilində baxmaq və onlara vahid siyasəti hakim etmək lazımdır. Düşmən bu ölkənin hər hansı bir sahəsinə müdaxilə imkanı əldə etməməlidir. Hətta universitetdə olmasa belə, azad ticarət zonasında bir sahədə də düşmən quruluşun məqsədləri əleyhinə hərəkət edə bilməməlidir. Biz düşmənə belə bir imkan verməməliyik. Universitetdə isə məsələ dəfələrlə ciddidir. Ölkənin islamçı və inqilabçı hərəkətinin düşmənlərinin universitetlərə sərmayə yatırıb onları İslam Respublikasının siyasətlərinin əksinə aparmaları yolverilməzdir. Bizim inqilabçı quruluşumuz və müsəlman xalqımız üçün belə bir şey əsla məqbul deyil.518
Heç kim elə bilməsin ki, bu gün müəllimlərin, yaxud universitetin müxtəlif sahələrinə rəhbərlik edənlərin dindarlığı çox da vacib deyil, tələbələrin kəmiyyət və keyfiyyətini artırmağımız lazımdır. Fərz edək ki, siz bugünkündən iki dəfə artıq tələbə yetişdirdiniz və keyfiyyət də yüksəldi; hərçənd məncə inqilabi və islami öhdəliklər olmadan keyfiyyəti yüksəltmək çətin məsələdir, biz bunu sınaqdan keçirmişik. Lakin istənilən halda, universitet məzunları ölkəyə və böyük milli arzulara dəyər tanımasalar, ürək yandırmasalar, onlar üçün çalışmasalar, ölkə bir şey qazanmayacaq, sizin zəhmətləriniz də effektsiz olacaq. Odur ki, biz birinci növbədə universitetdə nə yetişdirmək istədiyimizi aydınlaşdırmalıyıq. Əgər inqilaba, onun əsaslarına inanan, inqilabın məqsədləri uğrunda çalışan mütəxəssis yetişdirmək istəyiriksə, - bizim fikrimizcə məhz belədir - universitetdə bu məqsədlə proqram hazırlamaq lazımdır.519
Mən bir neçə il bundan əvvəl bir söz dedim, bəziləri etiraz etdilər. Dedim ki, universitetlərin rəhbərliyi həm də elmi rəhbərlik olmalıdır. İndi də fikrim budur. Universitetin başında elə elmli adam durmalıdır ki, orada çalışanlar bu şəxsi başçı kimi qəbul etsinlər. Sözsüz ki, əməl və etiqadla yanaşı olan elmdən söhbət gedir. Bu quruluşun başının bədənindən ayrılmasını istəyən, ümumiyyətlə İslama etiqad bəsləməyən, yaxud İslamı və hizbullahçıları məsxərə edən, mömin tələbəni ələ salan etiqadsız bir şəxs işlərin başına keçməməlidir. Xeyr! Onun qolundan tutub kənara qoyun. Bizim siniflərimizdə dərs demək istəyirsə, eybi yoxdur. Hansı müəllim gəlib dərs desə, qəbul edərik. Biz hər kəsin elmindən bəhrələnərik; hətta bizi qəbul etməyənlərin belə. Elmini öyrətsin, biz çox təvazökarlıqla oturub ondan elm öyrənərik, quruluş onun elmindən istifadə edər. Lakin universitetin idarəsində həlledici olması əsla yolverilməzdir. Kimsə çadralı, yaxud hicablı qıza təhqir gözü ilə baxsa, onu təhqir edin, heç nəyi nəzərə almayın; kimsə saqqal saxlayan hizbullahçı gəncə təhqir gözü ilə baxsa, belə gəncləri süründürsə, onu təhqir edin. Bəzən bizə belə məlumatlar çatır. Bu məlumatlar doğrudursa, belələrini təhqir edin, doğru deyilsə, heç.
Dəyər Allaha itaətdə, imanda, ölkəyə və cəmiyyətə qayğıdadır, şıq geyinməkdə deyil. Ləzzətindən və yeyib-içməyindən keçməyən, ağır işlərə yaxın durmayan bir insan hansı haqla bu quruluşda mühüm şəxsiyyət olduğunu deyə bilər?! Elmi də onun şəxsi həyatına və qarnına qulluq edir, xalqdan ötrü deyil və dəyəri yoxdur. Sizin nazirliyinizdə, universitetinizdə inqilabla eyni istiqamətdə hərəkət etməyənin elminin də dəyəri yoxdur. Bəli, elmini tələbələrimizə öyrətsə və tələbələrimiz ondan istifadə etsələr, sözümüz yoxdur; bu şərtlə ki, öyrətsin. Mən eşitmişəm ki, bəziləri hətta elmlərini də əsirgəyirlər. Mən bilmirəm, siz araşdırın, görün həqiqətən belədir, yoxsa yox. Deyilənə görə, sinifdə bir şey öyrətmir və tələbə yetişdirmirlər. Belə bir şəxs ümumiyyətlə işə yaramır. Elmini öyrətmək istəyən şəxsdən isə öyrənsinlər; universitetdə dərs desin, problem yoxdur. Amma bu quruluşa, bu təfəkkürə, İslam hərəkatına və inqilaba etiqadı olmayınca, ona geniş imkanlar verməməliyik. Bu meyarlara cavab verən bir müəllim, yaxud rektor təyin etdikdə isə hamı ona hörmət etməli və doğrudan da gözünün üstündə saxlamalıdır. Tələbə də belə şəxsə hörmət etməlidir.520
Mən xahiş edirəm universitetlərin rektorları və hər iki nazirliyin rəhbərləri bu məsələyə diqqət yetirsinlər: mümkün deyil ki, bizim bir tələbə oğlanımız dindar görkəminə və yaxud qızımız hicabına görə etinasızlıqla üzləşsin, Allah eləməmiş, aşağılansın. Qəti olmasa da, indiyədək mənə belə məlumatlar çatıb. Onların bir-ikisi bir müddət qabaq yəqinə yaxın həddə çatdı, mən də reaksiya verdim. Biz bir müddət öncə tələbələrə dedik ki, inqilabi məsələlərə çox da əhəmiyyətli yanaşmayan müəllimlərlə işiniz olmasın, qoyun gəlib dərs deyib getsinlər. Amma həmin müəllimin sinifdə, yaxud imtahan otağında müsəlman və inqilabçı tələbənin təhlükə hiss edəcəyi şəkildə rəftar etməsi əsla məqbul deyil. Cənablar buna diqqət yetirsinlər; əgər belə bir müəllim tapsanız, ona qarşı ciddi tədbir görün. Bu həddə inqilaba qarşı çıxmaq yolverilməzdir. Şagirdini öz övladı kimi sevməli olan bir müəllim çadrasına görə şagirdinə pis münasibət göstərirsə, bu, onun ürəyində dinə, İslama və inqilaba qarşı çox böyük ədavətin olduğunu göstərir. Və əgər belə bir ədavət varsa, sizin belə bir müəllimdən istifadə etmənizə nə zərurət var?!521
Bu gün siz (Mədəniyyət və Ali təhsil nazirliyinin əməkdaşları) inqilabı öz işinizdə xülasə etməlisiniz. Hər halda, bir çörəkçi də arxa cəbhədə çörək bişirirsə, onun çörəyi pis olsa, az olsa, yaxşı bişməsə və ya geciksə, bu da öz qədərincə inqilabın taleyinə təsir göstərəcək. Bir çörəkçinin, yaxud adi bir tacirin əməli təsirlidirsə, görün mədəni və dini bir quruluşda ən yüksək fəalliyyətlərdən olan və belə bir nəsillə çalışan universitet işləri nə qədər əhəmiyyətlidir. İnqilab sizin üçün beynəlxalq siyasət və müharibə haqda düşünmək deyil, universitetləri inqilabın gözlədiyi şəkildə qurmanız və bunun üçün oturub fikirləşmənizdir. Universitetlərin rektor və rəhbərləri iclas və seminarlar keçirib həqiqətən çıxış yolu haqda düşünsünlər.522
Tələbə yetişdirməkdə iki əsas amil var. Onların heç birinə əhəmiyyətsiz yanaşmaq olmaz; əhəmiyyətsiz yanaşsaq, ziyanını çəkəcəyik. Bu amillərin biri elm, tədqiqat, elmi işgüzarlıq, elmi istedadların çiçəklənməsi və bu tip məsələlərdən, biri də dindarlıqdan, düzgün hərəkətdən, tələbənin mənəvi və psixoloji sağlamlığından ibarətdir. Universitetlərdə bu iki amili bir-birindən ayırmamaq, ölkənin bütün imkanları daxilində onlara riayət etmək lazımdır .Birinci amildə səhlənkarlığın nəticəsi aydındır. Tələbəyə elm və tədqiqat öyrədə bilməyən, tələbəni bir alim, müəllim, yaradıcı və nəhayət, cəmiyyətin saysız-hesabsız sahələrindən biri üçün aktual müdir edə bilməyən bir mərkəzdən universitet çıxmaz. Bu sahədə müəllim, dərs vəsaiti, təhsil şəraiti, laboratoriya, elmi jurnallar və digər məsələlər var. Bunlar bizim diqqətimizdədir. Mədəni İnqilab Ali Şurasının üzvləri kimi, sizin təxminən hamınız universitet mənsubu olduğunuza görə, bu məsələləri çox yaxşı bilir və ölkənin imkanları həddində təmin edirsiniz. Bu məsələlərə daha çox diqqət ayırmaq lazımdır. Təbii ki, ikinci amil də yaddan çıxmayıb. Mən həm belə bir qrupun təbii şəkildə ikinci amildən xəbərsiz olmadığını bilirəm, həm də sizin təxminən hər birinizlə istər bu şurada, istər şura xaricində münasibətdə olduğuma görə. Lakin ümumi olaraq, ölkənin universitet aləmində ikinci amilə - yəni tələbənin dindarlıq və ayıqlıq məsələsinə, onun məqsədsiz bir elm adamı halından çıxıb məqsədli elmi kadra çevrilməsi amilinə yetərli diqqət mövcud deyil.
İnsan kompüter deyil. Kompüterə bir proqram yükləyirlər, o da məsələnin cavabını hesablayır. İnsan isə belə deyil. İnsan özü öz proqramını tənzim etməli, qərar verməli, istiqamət seçməlidir. Biz bu ikinci istiqaməti yaddan çıxarsaq, universitet imamın dəfələrlə xəbərdarlıq etdiyi universitet olacaq. Universitetin dindən ayrı və dinə yad olması böyük bir faciə deməkdir. Universitetdə çalışmış, onu bizdən yaxşı tanıyan, həm də dini hisslərə malik olan sizlər bunu yaxşı dərk edirsiniz. Bu faciəni aradan qaldırmaq olduqca çoxlu tələfatlara və böyük problemlərə səbəb ola bilər. Bu problemlərin aradan qalxıb-qalxmayacağı da bəlli deyil.
Universitetin məzunu nə inqilaba, nə dinə, nə ölkəyə, nə milli istiqlaliyyətə və böyük milli arzulara qarşı məsuliyyətli olacaqsa, bu universitet elmi baxımdan nə qədər yüksək olsa da, dəyəri olmaz, onun məhsulu və məzunu asanlıqla müxtəlif siyasi qüvvələrin ixtiyarına keçər. Biz universitetdə dini, inqilabi ruhu və milli asılılığa nifrəti tələbələrin ruhuna və beyninə yeritməliyik. Asılılıq məsələsi xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, bu gün dünyanın siyasi mövqe baxımından kiçik ölkələri, necə deyərlər, keçmiş üçüncü dünya və əsasən müsəlman ölkələri belə asılı vəziyyətdədirlər. Bu asılılığı elm öyrənməyə həvəslə səhv salmaq olmaz.523
Universitetdə tələbələrin inqilabi ruhuna çox diqqət yetirmək lazımdır. Çünki tələbə nəsli, tələbə təbəqəsi dünyanın hər yerində inqilabın əsas dayaqlarından sayılır. Bunu qorumaq lazımdır.
Tələbələr heç zaman inqilabi məsələlərdə soyuqluq hiss etməməlidirlər. Təbii ki, bunun üsulları var, bu ruhu fərman və sərəncamla qorumaq olmaz. Tələbələrə deyə bilmərik ki, siz inqilabın məqsədləri istiqamətində həvəslə hərəkət edin. Çünki həvəsi yaratmaq lazımdır, yalnız deməklə əmələ gəlmir. Hər halda, universitetdə tələbələrin inqilabi ruhuna xələl gəlməməlidir. Hətta elə etmək lazımdır ki, laqeyd olanlar da inqilabi istiqamətlərə və inqilabi həvəsə meyllənsinlər, Allah eləməmiş, əksinə, bu istiqamətdə olanlar da tədricən laqeyd olmasınlar. Bu da çox böyük təhlükədir.524
Məktəblərdə, xüsusən də universitetlərdə çox əhəmiyyətli bir məsələ islami və inqilabi düşüncə, inam və ruh məsələsidir. Gənclər həqiqətən cəmiyyətin mühərrikidirlər, cəmiyyətdə müsbət və ya mənfi olan böyük hərəkətlərə səbəb olurlar. Əgər univeristet adlı bir yerə toplaşmış bu gəncləri inqilaba və İslama yönəldə bilsək, ölkə və inqilab ən böyük faydanı görəcək.525
Universitet tələbəsi müstəsna bir varlıqdır. Hətta gənc hövzə tələbəsi də bəzi cəhətlərdən universitet tələbəsindən fərqlənir. Təhsil almaqda olan gənc universitet tələbəsi azad çevrələrlə tanış olur və çoxlu insanların toplaşdığı bir yerdə təhsil alır. Bu xüsusiyyətlər ümumilikdə özəl bir kompozisiya, hal və təsirlər yaradır. Bunu qəbul etmək lazımdır.
Biz tələbə təbəqəsinin icraçı qurumların bütün siyasətləri qəbul etməsini gözləyə bilmərik. Təbii ki, ölkə məmurlarının siyasətləri qarşısında hamı tabe olmalıdır. Şübhə yoxdur ki, ölkənin icraçı qurumlarının çıxardığı qərarlara əməl etmək lazımdır. Lakin tələbəyə bu hüququ vermək lazımdır ki, gəncliyindən, həvəs və aktivliyindən irəli gələrək sualı, etirazı və ya təklifi olsun. Buna dözmək, bunu qəbul etmək lazımdır. Bu, tələbə təbəqəsində həvəskarlığı və fəallığı qoruyub saxlayan amillərdəndir. Sözsüz ki, tələbə çevrələrinin peşəkar siyasətbazların at oynatdığı meydana çevrilməsindən ehtiyatlı olmaq lazımdır. Bayırdan kiminsə universitetə girib siyasi qərəzi və qeyri-sağlam məqsədi üçün oranı bir-birinə vurması və bir qrup tələbənin beynini qarışdırması əsla məqbul deyil. Belə yerlərdə tələbələrin özləri bu insanları tanıyıb universitetdən çıxarmalıdırlar ki, tələbə çevrəsi tələbələrə xas və təmiz qalsın. Çünki siyasi ayıqlığa və baxışa malik olmaq bir məsələdir, siyasətbazların təhrikinə məruz qalmaq isə başqa bir məsələ. Hər halda, universitetdə bu məsələlər nəzərə alınsa, təbii ki, dini məsələlərə də öz-özlüyündə riayət olunacaq. Təəssüf ki, mənim eşitdiyim qədərincə, dövlət və özəl universitetlərin vəziyyəti bu baxımdan çox da xoşagələn deyil. Bu məsələ ilə hərtərəfli məşğul olmaq lazımdır.526
Tələbələr ölkənin gələcəyini quran qüvvələrdir. Tələbələr üçün hər cəhətdən - düşüncə, elm, dərs, maddiyyat və rifah cəhətlərindən sərmayə qoymaq lazımdır. Allaha şükür olsun ki, hökumət bu işlərlə məşğuldur, yaxşı proqramları var və ümidvaram bu proqramlar bəhrəsini versin.527
Dostları ilə paylaş: |