İslam cəmiyyətinin mənəvi yayınmasına dair sayıqlıq
Aşura dərsdən əlavə bir ibrət səhnəsidir. İnsan ibrət almaq üçün bu səhnəyə baxmalıdır. İbrət almaq nə deməkdir? Yəni özünü vəziyyətlə ölçüb hansı halda olduğunu, nəyin təhdid etdiyini və nəyin lazım olduğunu bilsin. Buna ibrət deyillir. Məsələn, siz yolla gedəndə bir avtomobilin çevrildiyini, qəzaya uğradığını, əzildiyini, sərnişinlərinin öldüyünü görür, dayanıb baxırsınız. Nə üçün? İbrət almaq üçün. Yəni sizə məlum olsun ki, bu şəkildə sürücülük etmək nə ilə nəticələnir. Bu da başqa növ dərsdir, ibrət yolu ilə dərs almaqdır. İndi bunu bir qədər artıq açıqlamaq istəyirəm.
Aşuradan aldığımız ibrət budur ki, görək necə oldu Peyğəmbərin (s) vəfatından əlli il sonra İmam Hüseyn (ə) kimi bir şəxs İslam cəmiyyətini xilas etmək üçün belə fədakarlığa məcbur oldu. Bir zaman bu fədakarlıq İslamın erkən çağından min il sonra edilir, yaxud İslamla müxalif və düşmən olan ölkə və xalqlar arasında edilir. Bu başqa məsələdir. Lakin Hüseyn ibn Əli (ə) İslamın, Peyğəmbər (s) vəhyinin mərkəzi olan Mədinə və Məkkədə elə vəziyyətlə üzləşir ki, böyük bir qanlı fədakarlıqdan başqa çıxış yolu görmür. Bu, diqqətəlayiq məsələdir. Məgər vəziyyət necə idi ki, Hüseyn ibn Əli (ə) İslamın yalnız onun fədakarlığı ilə yaşayacağını, əks təqdirdə, əldən çıxacağını düşündü? İbrət bundadır. Biz baxıb görməliyik ki, necə oldu İslam cəmiyyətinə Yezid kimi bir adam hakim oldu? Rəhbər və peyğəmbərləri Məkkə və Mədinədə müsəlmanların əlinə bayraq verir, onlar da Ərəbistan yarımadasının ucqar bölgələrinə və Şam sərhədlərinə gedib Roma imperiyasını təhdid edir, düşmən əsgərləri də onların önündən qaçır və müsəlmanlar qələbə ilə qayıdırdılar. Məscidlərində Quran səsi ucalan belə bir İslam cəmiyyəti, Peyğəmbər (s) kimi bir şəxsin öz səsi və nəfəsi ilə xalqa Quran ayələrini oxuduğu, nəsihət verdiyi, insanları hidayət yolunda sürətlə apardığı bir cəmiyyət və ölkə necə oldu ki, İslamdan bu qədər uzaq düşdü və Yezid kimi bir şəxs hakimiyyətə gəldi? Nə üçün vəziyyət elə bir həddə çatmalıdır ki, Hüseyn ibn Əli (ə) kimi bir adam tarixdə misli görünməyən böyük fədakarlıqdan başqa çıxış yolu tapmasın? Nə oldu ki, cəmiyyət bu vəziyyətə düşdü? Bu, ibrətdir. Bu gün biz buna diqqət yetirməliyik. Bu gün biz bir İslam cəmiyyəti kimi baxıb görməliyik ki, İslam cəmiyyətində hansı nöqsan yarandı və onun nəticəsində Yezid xəlifə oldu? Necə oldu ki, İmam Əlinin (ə) şəhidliyindən iyirmi il sonra xəlifəlik etdiyi bir şəhərdə onun övladlarının başlarını nizələrə taxıb küçələrdə gəzdirdilər. Əmirəlmöminin (ə) əlində qamçı Kufənin bazarlarında gəzir, insanları yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirirdi. Onun məscidindən gecə-gündüz Quran səsi gəlirdi. İndi isə bu şəhərdə onun qızlarını və ailəsini əsir kimi bazarda gəzdirirlər. Necə oldu ki, iyirmi ildən sonra belə bir vəziyyət yarandı? Cavab budur ki, başında İslam Peyğəmbəri (s) və Əmirəlmöminin (ə) kimi bir şəxsin durduğu cəmiyyəti bir neçə onillikdən sonra bu vəziyyətə çatdıracaq bir xəstəlik var. Bu, təhlükəli xəstəlikdir və biz də bundan ehtiyatlı olmalıyıq. Bizim böyük imamımız özünü Peyğəmbərin (s) bir şagirdi saysaydı, fəxrin zirvəsində durardı. Onun fəxri Peyğəmbərin (s) təlimlərini dərk, onlara əməl və onları təbliğ etməsi idi. Bizim imamımız hara, Peyğəmbər (s) hara?! Peyğəmbərin (s) qurduğu bir cəmiyyət bir neçə ildən sonra o vəziyyətə düşdüsə, bizim cəmiyyətimiz çox ehtiyatlı olub bu xəstəliyə tutulmamalıdır. İbrət bundadır. Biz o xəstəliyi tanımalı, böyük bir təhlükə bilməli və ondan qorunmalıyıq. Mənim fikrimcə, bu gün Aşuranın bu mesajı bizim üçün digər dərs və mesajlarından daha vacibdir. Biz bilməliyik ki, o cəmiyyətin başına nə gəldi və nə üçün İslam dünyasının birinci şəxsi, müsəlmanların xəlifəsi olan Əli ibn Əbu Talibin (ə) oğlu Hüseyn ibn Əlinin (ə) başı atasının xilafət kürsüsündə oturduğu bir şəhərdə gəzdirildi və heç bir hadisə baş vermədi. Görək necə oldu ki, həmin şəhərdən gələn insanlar Kərbəlada onu və səhabələrini susuz şəhid etdilər və Əlinin (ə) ailəsini əsir apardılar? Bu barədə söz çoxdur. Mən bu suala cavab olaraq bir Quran ayəsi söyləyəcəyəm. Quran bizim cavabımızı vermişdir. Quran dərdi və xəstəliyi müsəlmanlara göstərir. O ayə budur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər".326 Bu ümumi azğınlığın əsl səbəbi iki amildir: Biri timsalı namazdan ibarət olan Allah zikrindən uzaqlaşmaq, Allahı və mənəviyyatı yaddan çıxarmaq, duanı, zikri, ibadəti, təvəssülü, Allah-Taaladan uğur istəməyi, Allaha arxalanmağı unutmaq və həyatda ilahi qaydaları kənara qoymaqdır. İkinci amil isə nəfsin, ehtirasların ardınca getmək, dünyagirlik, mal-dövlət toplamağa çalışmaq, dünya ehtiraslarına qurşanmaq, onları əsas saymaq və amalları unutmaqdır. Bu, mühüm və böyük dərddir. Bizim də bu dərdə düçar olmamız mümkündür. Əgər bizim İslam cəmiyyətimizdə amalçılıq hissi itsə, yaxud zəifləsə və hər kəs özü haqda düşünsə, dünya işlərində digərlərindən geri qalmamağa çalışsa, özünü və öz maraqlarını cəmiyyətin maraqlarından üstün tutsa, eyni vəziyyətin yaranacağı bəllidir. Məlumdur ki, şüarları zəiflətmək, İslam və inqilab prinsiplərinə etinasız yanaşmaq, hər şeyi maddi qaydalarla anlamaq və bəyan etmək cəmiyyəti belə vəziyyətə doğru aparır. Onlar bu səbəbdən həmin vəziyyətə düşdülər. Bir zaman müsəlmanlar üçün İslamın inkişafı, Allahın razılığı, din təlimi, İslam və Quran bilgiləri ilə tanışlıq önəmli idi, hökumət - ölkəni idarə edən komanda iman, təqva, dünya bəzəklərinə və şəxsi ehtiraslara etinasız idi. Bunun nəticəsində xalq Allaha doğru böyük hərəkət etdi. Belə bir vəziyyətdə Əli ibn Əbu Talib (ə) kimi bir şəxsiyyət xəlifə, Hüseyn ibn Əli (ə) kimi bir şəxsiyyət görkəmli şəxsiyyət olur. Meyarlar bunlarda hamıdan çoxdur. Meyar Allah, təqva, dünyaya etinasızlıq, Allah yolunda mücahidlik olduqda, bu meyarlara malik olan insanlar daha önə çıxır, cəmiyyəti idarə edirlər və cəmiyyət İslam cəmiyyəti olur. Lakin ilahi meyarlar dəyişildikdə kim daha dünyagir, daha şəhvətpərəst, şəxsi mənafeyi əldə etmək üçün daha bacarıqlı, həqiqətə və səmimiyyətə daha yaddırsa, iş başına gəlir. O zaman nəticədə Ömər ibn Səd, Şimr və Übeydullah ibn Ziyad kimilər başçı olurlar, Hüseyn ibn Əli (ə) kimilər qətlgaha aparılır, Kərbəlada şəhid olurlar. Bu, qəti bir qaydadır; ikini ikiyə vuranda dörd edir.327
İslam Peyğəmbərinin (s) vəfatı ilə onun ciyərparəsinin şəhadəti arasında əlli il fasilə düşdüsə, dövrümüzdə bu fasilənin çox az olması, dəyərlərin və dəyər sahiblərinin daha tez qətlgaha aparılması mümkündür. Belə bir halın yaranmasına qoymamalı, düşmənin bizi məcburən sürüklədiyi yayınma qarşısında möhkəm dayanmalıyıq. Aşuradan ibrət almaq budur.328
Əsas vəzifəni təyin etmək müsəlmanların həmişə zəif cəhətlərindən olmuşdur. Yəni xalq, İslam dünyasının qabaqcıl və görkəmli şəxsləri müəyyən bir dövrdə əsas vəzifəni səhv anlayıb, onun nə olduğunu bilmir, nəticədə yerinə yetirmir, lazım olduqda digər işləri ona qurban vermir və nəyin ikinci dərəcəli vəzifə olduğunu anlamırlar. Hər bir işə özü qədər əhəmiyyət vermək və uğrunda çalışmaq lazımdır.329
Bir xalqın oyanış əlamətlərindən biri budur ki, anları tanısın, zamanı başa düşsün və əhəmiyyətinin nə qədər olduğunu bilsin.330
Sayıqlıq bir xalq üçün çox dəyərli amildir: "Dövründən xəbərdar olan insana şübhələr hücum etməz"331. Dövrə və düşmənin təxribatına dair məlumatın və ayıqlığın xüsusiyyəti budur.332
Düşmən bizim indiki vəziyyətimiz qarşısında 100, 50 il öncəki hərbi jesti tutmur. Buna əsasən, düşmənin yeni üsullarını bilmək lazımdır. Təbii ki, bilib yatsaq da məhv olacağıq, "Kimsə yatmışdırsa, bu onun düşməninin də yatması anlamına gəlmir"333 sözü bizə aid olacaq. Döyüş adamı oyaq olmalıdır. Sən yatmısansa, bu, qarşı səngərdəki düşmənin də yatması demək deyil; onun oyaq olması da mümkündür.334
Düşmən heç zaman düşmən görkəmində qarşıya çıxmır, nifaqla, ikiüzlülüklə, hiylə ilə, təbliğatla, şayiə yaymaqla, məyus etməklə, milli, tarixi, məzhəbi və digər maraqları qabartmaqla özünü göstərir. Odur ki, xalq sayıq olmasa, İmam Həsənin (ə) dövründə və digər dövrlərdə müsəlmanların başına gələnlər onun da başına gələcək. O zaman haqq xalqın ayıq olmadığına görə məğlub oldu. Deməli, əvvəlcə ayıqlıq olmalıdır. Bu olduqda birlik də olacaq.335
İlahi mənəviyyatın İrandan ibarət mərkəzi dünyanı bütün zülm, təcavüz və çirkinlikləri rədd etməyə çağırır. Buna görə qlobal güclər bu mərkəzi fiziki cəhətdən məhv etmək, bacarmadıqları təqdirdə isə mahiyyətini dəyişdirmək qərarına gəlmişlər. Belə bir şəraitdə bizim vəzifəmiz budur ki, bir tərəfdən mənəvi təhriflə mübarizəyə hazır olub inqilabımızı daxildən məhv etməyə qoymayaq, digər tərəfdən isə qüvvələrimizi fəal, güclü və hazır saxlayaq.336
Bu gün bizim əleyhimizə hərbi hücum yoxdur. Düşmənin açıq şəkildə bizə qarşı vuruşduğu səkkiz il ərzində də zahirdə bizə qarşı vuruşan İraq idi, amma onun arxasında ABŞ, NATO və bütün mürtəce dövlətlər dayanmışdılar. Biz bunu müharibənin səkkiz ili boyu dəfələrlə dedik, amma çoxları inanmaq istəmədi. Bu gün isə İraqı bizim əleyhimizə silahlandıranların özləri bunu etiraf edirlər. Hərbi müharibə zamanı əslində bütün küfr və hegemon dünyası İslamla və İslam Respublikası ilə mübarizə aparırdı. Bu gün hərbi hücumdan başqa bütün hücumlar bənzərsiz şiddətlə davam edir. Odur ki, İslam cəmiyyəti bu hücumun qarşısında canlı, sayıq, güclü, ümidli, zərbə vurmağa hazırlıqlı olmalı və müqavimət göstərməlidir.337
Bir (oğrudan) soruşdular ki, nə edirsən? Cavab verdi ki, nağara çalıram. Dedilər ki, bəs səsi nə üçün çıxmır? Dedi ki, səsi sabah çıxacaq. Əgər siz xalq və mədəniyyət işçiləri Allah eləməmiş, ayıq olmasanız, düşmənin məxfi və peşəkar hücumu nəticəsində mənəvi dəyərlərin dağılmasının səsini elə bir vaxt eşidəcəksiniz ki, daha çarə qılmaq mümkün olmayacaq.338
Bəzi maddi ehtiyacların və kiçik məsələlərin ayıqlığın qarşısını almasına qoymayın, ayıqlığınızı qoruyun, düşməninizi tanıyın. Düşmənin müxtəlif hiylələri var və yalnız aldanmayan xalq uğur qazanacaq. Düşmən imanlı bir xalqın inqilabçı arzularını onların nəzərində kiçiltməyə, maddi və kiçik ehtiyacları böyük göstərməyə çalışır. Maddi ehtiyac da ehtiyacdır, amma hər halda candan üstün deyil. Allah yolunda canını qurban verməyə hazır olan bir xalq üçün düşmənlə mübarizədə digər ehtiyacların nə təsiri ola bilər?! Siz dünyanın bugünkü və dünənki siyasətlərinə baxın. Görün qlobal hegemonizm və avtoritorizmin nə zaman müqəddəs İslam quruluşu əleyhinə təxribat planları olmamışdır?! Onlar İslamın yayılmasından qorxurlar. Açıq şəkildə deyirlər ki, İslam ölkələrində islamçı-inqilabçı təmayüllər genişlənməkdədir. Bu həqiqətdir. Bizim özümüz də bunu görürük.
Bu gün İran xalqı təcrid olunmuş bir xalq deyil. Dünyada müxtəlif ölkələrə, misal üçün, Avropanın ürəyinə baxın. Oraya gedənlərdən soruşun, görün insaniyyət düşmənlərinin mühasirəsində qalmış Bosniya-Herseqovina xalqı kimi bir xalq siz iranlı gənclərin xeyrinə necə şüar verir, alınlarına lent bağlamaqla sizi necə yamsılayır! Görün yolun sizin getdiyiniz yol olduğunu və düşməni məğlub etmək üçün həmin yolu getməli olduğunu necə hiss etmişdir! Bu, günbəgün genişlənən İslam hissləridir. Bu hisslərin mərkəzi sizin müqqəddəs İslam ölkəniz olmuşdur və indi də belədir. Bu səbəbdən hegemonizm müntəzəm şəkildə proqram hazırlayır. Proqramları elədir ki, insan ayıq şəkildə baxsa, onları anlaya bilər.339
Bir cəmiyyətin daxili zəifliyinin düşmən hücumuna şərait yaratması doğrudur, amma düşmən öz imkanları ilə sağlam bir cəmiyyəti məcburən həmin zəifliyə sürükləyir. Odur ki, səhvə yol vermək olmaz. Bu gün İslam cəmiyyətinin istiqaməti təəssüf ki, bütün İslam dünyasına pəncə uzatmış qlobal hegemonizmə qarşı olmalıdır.340
Bir cəmiyyətin rəftarından onun öz kimliyini və heysiyyətini müdafiə etməyə qadir olub-olmadığını anlamaq olar. Xalqın ictimai və ölkə məsələlərindən çox fərdi məsələlərə əhəmiyyət verdiyi, gənclərin fəsada doğru getdiyi, aparıcı şəxsiyyətlərin inqilabın mənafeyinə laqeyd yanaşdığı, ölkənin maraqlarına etinasız olduğu, siyasi, dini, milli ixtilafların, qrup və sinif maraqlarının zirvəyə yüksəldiyi, kişi və qadınların eyş-işrətə, fəsad və rifaha can atdığı bir cəmiyyət özünü, öz maraqlarını, şərəfini və heysiyyətini müdafiə etməyə qadir ola bilməz. Siz bunu gördünüz, yaşlı adamlar gördülər, gənclər də eşitdilər ki, son 100-150 ildə müstəmləkə bizim ölkəmizin, gənclərimizin mədəniyyətinə, bizim məktəblərimizə necə nüfuz etdi, xalqı bikarlığa, fəsada, ixtilaflara və bu kimi işlərə sövq etdi. Bunların səbəbi o idi. Xalqın öz mənafeyini, şəxsiyyətini, xeyrini və gələcəyini müdafiə edə bilməməsini istəyirdilər. Düşmən bir cəmiyyətin özünü müdafiə edə bilmədiyini duysa, bilin ki, təhdid ciddi olacaq, düşmənin niyyəti həyata keçəcək və zərbəsini vuracaq. İnqilabdan sonrakı on ildə bütün problemlərlə yanaşı düşmənin müxtəlif hücumları qarşısında duruş gətirməyimizin və bizdən çox onların zərər çəkməsinin səbəbi bu idi ki, xalqımıza inqilabi əhval-ruhiyyə, dindarlıq və sözbirliyi hakim idi. Xalqımız dinin, inqilaba inamın, İslamın, sözü Quran və İslam məzmunu olan böyük şəxsiyyətin, Quran və İslam təlimlərinin sayəsində bu on ildə müqavimət göstərə bildi və düşmən bizə hücumdan xeyir götürmədi. Düşmən deyəndə yalnız İraq rejimini nəzərdə tutmuram. O, düşmənlərdən yalnız biri idi. Bu bir neçə ildə ABŞ bir xeyir götürmədi, Şərq və Qərb əl-ələ verib İslam Respublikasına təzyiq göstərəndə də xeyir götürmədi. Bizim bu uğurumuzun səbəbi siz gənclərin səhnədə olması, xalqın hazırlığı və inqilabi hissin qeyri-inqilabi hisslərə üstün gəlməsi idi. Belə olduqca düşmənin təhdidləri həyata keçməyəcək. Düzdür, təhdid var, düşmənin çirkin niyyəti var, təhlükə var, amma siz səhnədə olduqca ciddi problem yaranmayacaq.341
Dostları ilə paylaş: |