44 günlük vətən müharibəsi zamanı gənclərimizin döyüş şücaəti
PLAN:
Zəfərə gedən yol
Vətənpərvər Azərbaycan gəncləri
Qalib ordunun qalib əsgərləri
Zəfərə gedən yol. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun şücaəti, qəhrəmanlığı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirməklə yanaşı, vaxtilə itirilmiş qürurumuzun 44 günlük Vətən müharibəsində Zəfərimizlə bərpasından sonra başı uca, alnı açıqdır. Bu şanlı Qələbənin əsas qəhrəmanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun da var. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu göstərmişdir. Görünür Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Silahlı Qüvvələrinin bu dərsindən nəticə çıxarmadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən əks hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən böyük qətiyyətlə alındı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışını yüksək əhval-ruhiyyə ilə cavablandıran ordumuz düşmənə layiq olduğu yeri göstərdi.
Vətənpərvər Azərbaycan gəncləri.Vətənə sevgi, məhəbbət, düşmənə nifrət hissilə yetişən gənc nəsil Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğalçılardan azad etdi, xalqımıza əvəzsiz sevinc bəxş etdi. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərək demişdir: "Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi".
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda fərdi şücaətləri ilə yadda qaldı. Bu da onların Vətənə məhəbbət hissinin, vətənpərvərliklərinin bariz nümunəsi kimi bugünkü yeniyetmələr üçün örnəkdir. Belə vətənpərvər, qəhrəman gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! Artıq vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpasında, çiçəklənməsində müasir infrastrukturun qurulmasında da əvəzsiz xidmət göstərirlər. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu baxımdan yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Əbədiyaşar ulu öndərimiz müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdiyini qürur hissilə vurğulayaraq deyirdi: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi vardır". Ulu öndərin həmişə etibar etdiyi Azərbaycan gəncliyi praqmatik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün xarüqələr yaradır. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Bəli, birlik, həmrəylik və vətən sevgisi hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. Bu gün fəxarətlə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidentinin müdrik siyasəti, şanlı ordumuzun qətiyyəti və şücaəti sayəsində müqəddəs bayrağımız Qarabağın bütün ərazisində dalğalanır. Son hadisələr bir daha göstərir ki, Azərbaycan gəncliyi cəsurdur, mübarizdir və ərazi bütövlüyümüzün bərpa olunması yolunda bütün təxribatların qarşısını qətiyyətlə almağa qadirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir...".