Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
  1   2   3   4   5   6   7   8   9   ...   46

BABURNAMƏ 

 

3



 

 

 



 

 

QAZİ ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR: 

HƏYATI, ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİ

1

 

 

          «Bütün  Şərq fatehlərindən fərqli olaraq o çox-çox insan-

pərvər idi... Adamlar onun barəsində başqa mənada nə düşünür-

lərsə düşünsünlər, biz bu böyük qəlbli və ünsiyyətcil nəhəngə 

dərin rəğbətlə yanaşmaqdan başqa onun haqqında heç nə düşünə 

bilmərik».  

B.N.Morlend. 

  «Müsəlman Hindistanının aqrar sistemi» kitabından. 

 

Məlum olduğu kimi, dünyanın  ən zəngin, köklü dillərindən biri olan 



türk dili üç böyük qrupa – oğuz, qıpçaq və qarluq qruplarına ayrılır. Hər 

qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola 

bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və 

sair dillər daxildir. Vaxtilə mövcud olmuş qaraxani və çağatay dilləri isə 

qarluq türkcəsinin tarixi etaplarıdır. Üstəlik, bu dillərdə  zəngin  ədəbiyyat 

yaranmışdır. Qaraxani dönəmində Mahmud Kaşğari «Divanü lüğat-it-türk»ü, 

Yusif Balasağunlu isə «Qutadğu bilig»i yazmışdır. Bunlar ortaq türk ədə-

biyyatının və türk dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün 

böyük önəm daşıyan əsərlər qələmə alınmışdır.     

XX  əsrdə qardaş Türkiyənin humanitar elmlər sahəsində yetirdiyi ən 

böyük  şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü çağatay 

türkcəsini «Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan 

çağatay, elxani və Altın Ordu imperatorluqlarının mədəni mərkəzlərində 

XIII-XIV əsrlərdə inkişaf edən və teymurilər dövründə, bilxassə XV əsrdə, 

klassik bir mahiyyət alaraq zəngin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya 

ləhcəsi» kimi səciyyələndirmişdir. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, 

Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bay-

ram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yarat-

mışlar. Bunların arasında  şanlı türk hökmdarı  və dövlət xadimi, baburilər 

dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğ-

rafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zəhirəddin Məhəmməd 

Babur şahın xüsusi yeri var.         

                                                           

1

 Bu ön söz bizim Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 



328 s. kitabına yazdığımız ön sözün genişləndirilmiş variantıdır. Burada Baburun poetik 

yaradıcılığından bəhs edən qismlər çıxarılmış, yerinə «Baburnamə»  əsərinin məziyyətləri 

haqqında düşüncələr və təhlillər əlavə edilmişdir.  


Zəhirəddin Məhəmməd BABUR  

 

 



Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur.  Onun atası, 

Fərqanə hakimi Ömər  Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası 

Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. 

Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca 

Nəsrəddin Übeydullah Əhrarın yanına gələrək körpəyə ad qoymasını xahiş 

etmişdir. O,  əvvəlcə «Zəhirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir 

az düşünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağırdır, qoy onlar 

«Babur Mirzə» desinlər» demişdir. Babur sözü əski türkcədə bəbir, pələng 

mənasına gəlir. 

 Baburun  anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük bacısı, 

Monqolustan xanı Yunusun qızı idi.  Babur ana nənəsi İsən Dövlət bəyimin 

yanında böyümüş, ondan tərbiyə almışdır. Bu qadın bütün Orta Asiyada 

qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir 

düşəndə  şahzadələrdən biri ona təcavüz etmək istəmiş,  İsən Dövlət bəyim 

kənizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə 

tullamışdı. Səhər məsələ məlum olanda o, hamının hüzurunda belə demişdi: 

«Bu adam şəriəti pozaraq mənim namusuma toxunmaq istədi, mən də onu 

öldürdüm. Buna görə bir suçum varsa, çəkməyə hazıram». Öldürülən  şah-

zadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bil-

dirmiş və bütün əsirləri azad etmişdi. 

Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən 

Əndicana vali təyin edir. Bundan iki il sonra bir qəza nəticəsində, daha doğ-

rusu, Axsi qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazi-

nətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 

iyun 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır.  

Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Sə-

mərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və  Bədəxşanda 

dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II 

Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların ba-

şında  Şah  İsmayıl Xətai, özbəklərin başında  Şeybani xan dururdu. Hindis-

tanda isə hər vilayətdə, hətta hər şəhərdə bir mirzə (bu söz əmirzadə sözü-

nün qısaldılmış variantı olub, əsasən,  Əmir Teymurun törəmələrinə  şamil 

edilirdi), xan və ya bir racə hakim idi.    

Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmisindən və 

dayısından qorumaq məcburiyyətində qalır. Ağlı-fərasəti və ətrafındakı ya-

xın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayı-

sına güzəştə getməklə  təhlükəni sovuşdurur. Yavaş-yavaş güclənən Babur 

1497-ci ildə  Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət 

burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş 

kimi, Baburun ən inandığı  bəylərindən biri, Axsi qalasının komendantı 

Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir 



BABURNAMƏ 

 

5



olub «Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar» 

deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrin-

dəki 250 nəfərlik dəstə ilə  Əndicana üz tutur, lakin şəhərin  ələ keçdiyini 

öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndica-

nı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndica-

nı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, la-

kin bacı gözü ilə baxdığı əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bə-

yimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu 

tərk edir.  

Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Ba-

bur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-

ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır. 

Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk 

edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlə-

nir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nə-

fərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda payi-piyada 

Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda 

onun digər dayısı  Əhməd xan Monqolustandan Daşkəndə  gəlir.  İki qardaş 

Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri  ələ keçirərək 

Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən basqına uğrayır, 

çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zər-

bəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur. 

Sonra onlardan ayrılaraq, yolboyu xarabalıqlarda gizlənə-gizlənə bir təhər 

dayılarının yanına qayıda bilir.   

Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, on-

ları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağ-

lara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xo-

rasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və 

uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola 

çıxır.    

Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xa-

qanın törəməsini böyük sevgi ilə qarşılayır,  şahın qardaşı Baqi Çağanyani 

başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında 

böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana de-

yil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğun-

dan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda 

çox sevdiyi Mahım bəyimlə evlənir. 

Şah  İsmayıl Xətai 1510-cu ildə  Şeybani xanı öldürür. Ən  əsas düş-

mənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata 

mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İs-

mayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə  kəsdirir. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətainin hərbi qüvvələ-

rinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur osmanlı-

səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən 

tutduğu torpaqları yenidən itirir. Xətainin Çaldıran savaşında osmanlılara 

məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur 

dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafi-

yaya yönəldir. 1519-cu ildə siyasi məqsədlərlə Şah Mənsurun qızı Bibi Mü-

barəkə-Əfqani Ağaçə ilə evlənir.     

Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pəncabı 

(1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini 

ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökm-

ranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoyur.  

Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat ya-

xınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputla-

rın başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını 

Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur 

1527-29-cu illərdə öz nəzarətindəki yerlərdə üsyanları yatıraraq, müstəqil 

knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökm-

darını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.  

Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qız-

dırmasından  əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir 

dəfə  zəhərləyirlər.  İbrahim Ludinin anası  tərəfindən aşpaz  Əhmədin  əli ilə 

verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.  

Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabın-

da atasının həyatının son aylarını müfəssəl  şəkildə  təsvir etmişdir. Onun 

yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura 

öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına 

üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bu-

nu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayunun 

vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi get-

dikcə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğul-

ları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gül-

çöhrə  və Gülbədən bəyimləri), bəylərini və  sərkərdələrini yanına çağırır. 

Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün 

– 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olu-

nur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə 

baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı 

bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir. 

Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Baburilər, Böyük 

moğollar və ya Gürganilər dövləti adlandırılan imperiyanın sonrakı tarixi 

haqqında da qısa məlumat vermək istəyirik. Baburdan sonra onun böyük 



BABURNAMƏ 

 

7



oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıxmış, lakin 1540-cı ildə qardaş-

ları ilə girişdiyi iqtidar mübarizəsində  məğlub olaraq Səfəvilərə  sığınmış, 

yalnız 1555-ci ildə onların köməyi ilə Dehlini alaraq hökmdar olmuşdur. 

Onun yerinə keçən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hin-

distan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iq-

tisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Səfəvilər, özbəklər və portuqaliya-

lılarla siyasi əlaqələr qurmuşdur. Onun oğlu Səlim Cahangir şah dönəmində 

(1605-27) ingilislər Hindistana ayaq açmışlar. Cahan şahın hakimiyyəti illə-

rində (1628-58) ölkədə  mədəniyyət, xüsusilə memarlıq sahəsində böyük 

uğurlar qazanılmış, dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahal məq-

bərəsi tikilmişdir. Övrəngzib Aləmgir  şah dövründə (1658-1707) imperiya 

inkişaf etsə də, ondan sonra tənəzzül, daxili çəkişmə, taxt qovğaları və üs-

yanlar başlamışdır.  Şahi-Aləm Bahadır  şah (1707-12), Cahangir İskəndər 

şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-

cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat şah və II Cahan şah qısa 

müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakit-

lik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə 

yenidən xaosa sürüklənmişdir.  Əhməd Bahadır  şah (1747-53), II Aləmgir 

şah (1753-59) və III Aləm Şah (1759-1806) zamanı ingilislər çox fəallaşmış 

və 1766-cı ildə imzalanan Allahabad müqaviləsi ilə ölkənin idarəsini öz 

əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Bahadır şahın (1837-58) 

hakimiyyəti formal xarakter daşımışdır. 1858-ci ildə Baburilər səltənətinə 

son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə 

Viktoriya Hindistanın kraliçəsi elan edilmişdir.   

* * * 

Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanması bir sıra amil-



lərlə bağlıdır. Hər şeydən əvvəl, ulu tanrının inayəti ilə hökmdara xas olan 

bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə 

uyğun olan ilahi mənşəli xarizmadır. Onun Çingiz xan və Əmir Teymur nəs-

linə mənsub olması türklərdə hökmdara bağlılıq duyğusu ilə birləşərək xalq-

da Babura, Baburda isə özünə sarsılmaz bir inam aşılamışdır. On yaşından 

etibarən dövlət idarəçiliyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi 

olması onun bütöv şəxsiyyət kimi yetişməsində, xarakterinin formalaşma-

sında mühüm rol oynamışdır. Buna fitrətdən sahib olduğu iti zəka, analitik 

ağıl, parlaq istedad da əlavə edilincə, ortaya düha səviyyəsində mükəmməl 

bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təh-

sil almağa vaxtı olmayan bir insanın elmin müxtəlif sahələrində bu qədər 

dərin bilik qazana bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq ça-

lışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, dincəldiyi zaman 

çadırında, arxayın vaxtlarda saraydakı kitabxanasında daima kitab oxumuş, 

yazı yazmışdır. Özünün qeydlərinə görə, bir dəfə çadırında yazı yazmaqla 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



məşğul olarkən qəfildən gur yağmur yağmış və qopan fırtına çadırı sovur-

muş, onun əlyazmaları və kitabları islanmışdır. Babur sabaha qədər yatma-

yaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.     

Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oy-

natmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memar-

lıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya, 

coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə  dərin bilik sahibi, eyni za-

manda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, mu-

siqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az 

adama nəsib olmuşdur. 

Polad iradəli Babur qorxu nə olduğunu bilməmiş, gözünü budaqdan 

əsirgəməmiş, prinsiplərindən əsla vaz keçməmişdir. Düşmənin adı-sanı, hər-

bi qüdrəti qarşısında titrəməmiş, zəiflik göstərməmişdir. Mülkü, vilayətləri, 

torpaqları bir neçə  dəfə  əlindən çıxsa da, onları geri qaytarmaq uğrunda 

əzmlə mübarizə aparmışdır. Üstəlik, bütün savaşlarda komandan olmaqla 

yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfələrlə yaralanmışdır. Bu hərə-

kət ordunu ruhlandırmış, onun şəxsiyyəti ətrafında bir əsrar haləsi yaratmış-

dır. Hətta bir yürüşdə şiddətli qar fırtınasına yaxalananda yaxındakı mağa-

raya sığınmaq barədə israrlı təklifləri qəbul etməmiş, hamı kimi çuxur qa-

zaraq qar altında gizlənmişdir. Səfərlərdə  əsgərlərlə  bərabər yemək yemiş, 

bütün məhrumiyyət və məşəqqətlərə onlarla birlikdə qatlanmışdır. 

Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevilməsinin bir səbə-

bi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sərkər-

dələrin və əsgərlərin adı ilə bağlamasıdır. Babur ətrafındakı insanların kön-

lünü fəth etməyi bacarmış, hər kəsin məziyyətlərini, xidmətlərini layiqincə 

qiymətləndirmiş, bəzi silahdaşlarına şeirlər həsr etmiş, onları öymüşdür.  

Babur  ədalətli bir şah kimi haqsızlığa qarşı  həmişə barışmaz olmuş, 

yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını, 

mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli 

təbəənin bir küpə yağını zəbt etdiyi üçün öz əsgərini ölüncəyə qədər şallaq-

latmışdır. Baburun bu xasiyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əs-

gərləri də eyni aqibətə uğramışlar. 

Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth et-

diyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri, 

hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların bir qismini 

şəxsən özü layihələndirmiş, memarların və mühəndislərin çalışmalarına da-

im nəzarət etmiş, layihələri yoxlayaraq öz dəyərli məsləhət və göstərişlərini 

vermiş, bunların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə çalışmış, 

interyer ve eksteryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.  

Ticarət yolları üzərində karvansaralar, düşərgələr tikdirmiş, çeşmələr 

çəkdirmiş, quyular qazdırmış, yolçular üçün iaşə mərkəzləri, heyvanlar üçün 



BABURNAMƏ 

 

9



yem anbarları, asayişi və  təhlükəsizliyi təmin etmək məqsədilə indiki mə-

nada polis məntəqələri yaratmış, məsafələri göstərməklə yol işarələri qoy-

durmuşdur. Onun əmri ilə Kabildən Aqraya qədər olan məsafə dəqiq ölçül-

müşdür. Baburun sayəsində Hindistanda memarlıqda və incəsənətdə ortaq 

hind-türk (Orta Asiya) üslubu yaranmış, qarşılıqlı mədəni mübadilə baş ver-

mişdir. 


Babur şah yaşıllığa da xüsusi diqqət yetirmişdir. Gördüyü ekzotik bit-

kilərin və güllərin əkildiyi parkların və bağların planlaşdırılması zamanı Or-

ta Asiyadakı çarbağ sistemini tətbiq etmış, gözəl hovuzlar və fəvvarələr dü-

zəltdirmişdir. Məsələn, İbrahim Lodinin üzərində qələbə şərəfinə Kabil-bəxt 

adlanan nəhəng bir park saldırmışdır. Onun Zərəfşan, Baği-vəfa, Baği-səfa, 

Həşt-behişt adı verdiyi bağlar da öz qeyri-adi gülləri və  ağacları ilə seçil-

mişdir. Bunların əksəriyyəti əsrlərlə qorunaraq bugünə qədər gəlib çatmışdır. 

Baburun əmri ilə Orta Asiyadakı bəzi meyvələr, özəlliklə ən yaxşı qovun və 

üzüm növləri Hindistanda da becərilməyə başlanmışdır. Bu ölkədə indi də 

ənquri-səmərqəndi adlı üzüm növü çox məşhurdur.  

Böyük siyasi xadim və alim Cəvahirləl Nehru Baburun bu fəaliyyətinə 

yüksək qiymət verərək yazmışdır: «Baburun Hindistana gəlməsi ilə böyük 

tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi

mədəniyyətin digər sahələri isə qarşılıqlı  təmasa keçdi. Babur valehedici 

şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, 

incəsənəti,  ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı». Bu fikri 

elə  həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə alınmış «Tarixi-

Rəşidi», «Hümayunnamə», «Tarixi-Hümayun şah», «Əkbərnamə», «Təbə-

qəti-Əkbəri», «Tarixi-Fəriştə», «Cahangirnamə» kimi tarixi qaynaqlarda 

göstərilən faktlar da təsdiq edir.            

Zəhirəddin Məhəmməd Babur cəmiyyətin bütün təbəqələri ilə daim 

əlaqədə olmuşdur. Xüsusilə alimlərlə, şairlərlə, din adamları ilə tez-tez gö-

rüşmüşdür. O, Əlişir Nəvai və digər  şairlər haqqında xoş sözlər söyləmiş, 

bir çox sevdiyi şairin və müasirinin müəmmalarını və beytlərini öz divanına 

daxil etmişdir. Babur eyni zamanda alimlərlə yaxınlıq etmiş, böyük astro-

nom Uluğ bəyin rəsədxanasına getmiş, orada aparılan tədqiqatlarla yaxından 

tanış olmuşdur. O həmçinin Nəsirəddin Tusinin elmi yaradıcılığı, Marağa 

rəsədxanası, eləcə də hind və yunan astronomları barədə çox dərin məlumat 

sahibi olduğunu göstərmişdir. Ömrünün son dövründə sufiliklə ciddi maraq-

lanmış, bu sahəyə aid ədəbi-bədii əsərləri mütaliə etmişdir.   

Baburun bədii yaradıcılığı onun şəxsiyyətinin, humanizminin və xa-

rakterinin başqa bir tərəfidir. Bu barədə irəlidə geniş söhbət açılacaq. Təbii 

ki, o, şair və hökmdar olaraq içki və əyləncə məclisləri də qurmuşdur. Bu-

nun üçün kifayət qədər çox səbəb olmuşdur: hərbi zəfərlərin qeyd edilməsi, 

ova getmək, ovdan qayıtmaq, müxtəlif idman yarışları keçirilməsi, yüksək 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



10

rütbəli qonaqların, səfirlərin gəlişi, bayramlar, seyranlar, dövlət  ərkanı ilə 

məsləhətləşmələr, yəni divan toplantıları, dostlarla görüşmək ehtiyacı, nəha-

yət, həyatdan zövq almaq arzusu. İncə ruhlu Babur musiqi alətlərində çal-

mağı bacarmış, musiqi bəstələmiş, hətta oxumuşdur. Bu cür məclislər içki-

siz ötüşə bilməzdi. Babur arada içkiyə meyl etmiş, hətta mübtəla olmuşdur. 

28 yaşından etibarən getdikcə artan dozada içki içmiş, intensiv olmamaqla 

birlikdə tiryəkdən də istifadə etmişdir. Yalnız 1528-ci ildə, ölümündən iki il 

əvvəl tövbə edərək bu iki pis alışqanlığından vaz keçmişdir. 

Baburun  şəxsiyyətindən danışarkən onun bəxtini və  şansını da qeyd 

etmək lazımdır. O, ilk gənclik illərində dəfələrlə hər şeyini itirmiş, köməksiz 

və arxasız qalmışdır. Hər dəfə bir möcüzə sayəsində yenidən dirçəlmiş, əv-

vəlkindən də qüvvətli olmuşdur. Bu işdə bəxtinin yavər getməsi ilə yanaşı 

dərin zəkası və mahir diplomat olması onu xilas etmişdir. O, döyüş meydan-

larında dəfələrlə ölümlə üzləşsə də, hətta ağır şəkildə yaralansa da, müxtəlif 

xəstəliklər keçirsə də, həyatda qalmış, nəhayət, bəxti və bacarığı sayəsində 

dünyanın ən möhtəşəm imperiyalarından birini qura bilmişdir. Yaşadığı tam 

olmayan qırx səkkiz il ərzində neçə uzun ömrə sığmayacaq qədər böyük iş-

lər görmüşdür. Az yaşamasına gəlincə, «Allah sevdiyi qullarını öz yanına 

tez aparır» deyə bir ifadə vardır. Bəlkə bu fani dünyanı erkən tərk etmək özü 

də bir şansdır. 

* * * 


Babur özünün bəzi həmkarları – Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, 

Cahan  Şah Həqiqi,  Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni 

Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də  şairdir,  əlavə 

olaraq, parlaq istedadlı nasir və mahir tərcüməçi, poetikaya, islam hüququna 

(fiqhə), musiqiyə və hərb sənətinə dair dərin məzmunlu risalələr müəllifidir. 

O, «xətti-baburi» adı verdiyi xüsusi bir əlifba da kəşf etmişdir.   

Babur çağatay ədəbiyyatının Əlişir Nəvaidən sonra poeziyada ən uca 

zirvəsidir. O, poeziyanın bütün janrlarında qələmini sınamış, qəzəllər, məs-

nəvilər, rübailər, tüyuğlar, mətlələr, müəmmalar, qitələr yazmışdır.  

Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə  tərtib 

edilmiş «Kabil divanı», ikincisi 1528-29-cu ildə Aqrada tərtib olunmuş 

«Hind divanı»dır. Hazırda müxtəlif yerlərdə bu iki divanın bir sıra əlyazma-

ları qorunur. Bir-birindən həcm və ehtiva etdiyi əsərlərin sayı etibarilə fərq-

lənən əlyazmaların ən mükəmməli İstanbul Universitetinin (kataloq nömrəsi 

3743) kitabxanasındaki nüsxədir. «Divani-Babur şahi-çağatayi» adlı bu nüs-

xə 105 vərəqdir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xoca Übey-

dullah Əhrarın «Risaleyi-validiyyə»sini əhatə edir.  

İkinci  əlyazma Parisdə Milli Kitabxananın türkcə  əlyazmalar kollek-

siyasında (kataloq nömrəsi 1230) saxlanır. Cəmisi 50 vərəqdir, haşiyələrdə 

türkcə və farsca xeyli qeydlər var. Buradakı şeirlərin sayı universitet əlyaz-



BABURNAMƏ 

 

11



masındakından xeyli azdır: cəmi 87 qəzəl və digər janrlarda qələmə alınmış 

əsərlər var.  

Topqapı sarayındakı əlyazma da (nömrəsi R.741) həcmcə kiçikdir (55 

vərəq). Sərlövhədə  əsərin adı «Divani-sultanül-əzəm Babur Mirzə  əleyhir-

rəhmətü vəl-ğürfan» şəklində yazılmışdır. Burada şairin 111 qəzəli və başqa 

şeirləri toplanmışdır. 

Digər bir nüsxə İstanbulda 100-cü il Atatürk bələdiyyə kitabxanasında 

qorunur. Müəllim Cövdət (əl)yazmaları kataloqunda K. 332 nömrəsi ilə qey-

də alınan bu nüsxə «Divani-Babur Mirzə» adlanır. 74 vərəqdir. Həcminə və 

burada verilmiş əsərlərin (82 qəzəl və başqa şeirlər) sayına baxaraq bu nüs-

xənin Topqapı nüsxəsindən köçürülmüş olduğu ehtimal edilir. 

Hindistanın Rampur şəhərindəki Nəvvab kitabxanasında saxlanan nüs-

xə cəmisi 20 səhifədir. Burada Xoca Übeydüllah Əhrarın «Risaleyi-validiy-

yə»sinin tərcüməsi və Baburun özünün bir qəzəli, bir neçə məsnəvisi, rübai-

si və  mətləsi, «Əruz risaləsi»ndən bir parça, farsca bir neçə rübai, qitə  və 

mətləsi verilmişdir. Bu nüsxənin yeganə özəlliyi odur ki, buradakı bir rübai 

Baburun öz xəttilə yazılmışdır. Bu barədə Cahan şahın haşiyədə xüsusi qey-

di var. 


Tehranda Səltənət kitabxanasında qorunan nüsxə isə, əslində, bir kül-

liyyatdır. Bu külliyyat 5 bölümdən ibarətdir. Birinci bölümdə (s. 1-186) şai-

rin tövhid, nət və dini şeirləri yer alır. İkinci bölümdə (s. 187-377) vəzn və 

bəhrlər haqqında mənzum və mənsur qismlər, üçüncü bölümdə (s. 379-455) 

şeir vəznləri haqqında mənsur hissə, beşinci bölümdə (s. 457-1012) Baburun 

xatirələri (farsca tərcüməsi ilə birlikdə) verilmişdir. Son bölümdə isə (s. 

1013-1036) şairin bəzi qəsidələri və bir risaləsi var. 

Məşhur baburşünas Dr. Bilal Yücəl «Babur divanı» kitabında (Ankara, 

1995) bütün nüsxələri  ətraflı  təsvir etmişdir. Türk aliminin bu kitabı  dərin 

elmi məzmununa və faktların dəqiqliyinə görə seçilir. Türkmən alimi Rə-

himməmməd Kürənov «Babur divanı»nı (Aşqabad, 2005) məhz Bilal Yücə-

lin kitabı  əsasında hazırlamışdır. Biz bu iki kitabla yanaşı  şairin Özbəkis-

tanda nəşr olunmuş «Seçilmiş əsərləri»ndən də (Daşkənd, 2008) faydalandıq. 

Ədalət naminə demək lazımdır ki, Bilal Yücəlin kitabı baburşünaslıqda ən 

mötəbər mənbədir.   

Bilal Yücəl bütün nüsxələri tutuşdurmaqla Baburun divanında 122 qə-

zəl olduğunu ortaya çıxarmışdır ki, onlardan biri çarpaz qəzəldir. Şairin bu 

anda elm aləminə 18 məsnəvisi, 216 rübaisi, 1 müəmması, 19 qitəsi, 15 tü-

yuğu, 79 mətləsi, 7 məsnu  şeiri, 16 natamam qəzəli, 3 nəzmi, 16 müsərrə 

beyti, 11 müfrədi, 4 kiçik mənsur parçası məlumdur. Divana daxil edilən bu 

mənsur parçalar şairin başqa əsərlərindən alınmışdır. Bunlardan başqa, onun 

farsca yazdığı 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur parça var. Be-

ləliklə, Baburun divanında 600-dən artıq əsər vardır. Biz Baburun «Seçilmiş 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



12

əsərləri» kitabına farsca yazıları daxil etmədik, türkcə şeirlərdən 56-sı başqa 

şairlərə aid olan müəmmaları, 4 kiçik mənsur parçanı və bəzi beytləri çıx-

maqla 500-dən çox əsəri müasir dilimizə uyğunlaşdıraraq verdik. Əlavə ola-

raq, Baburun «Etiqadiyyə» risaləsini və şairin tərcümə etdiyi «Risaleyi-vali-

diyyə»ni də həmin kitaba saldıq. 

Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik:  əvvəla, di-

vanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar və di-

gər janrdakı əsərlər ərəb əlifbasına uyğun olaraq alfabetik ardıcıllıqla deyil, 

gəlişigözəl düzülmüşdür, hətta çox zaman bir-birinə qarışmışdır.  

Biz həmin kitabı hazırlayarkən orijinala imkan daxilində sədaqət gös-

tərdik,  şeirlərin azərbaycanca yaxşı  səslənməsi və rahat anlaşılması üçün 

«köp» və «ana» tipli sözləri qafiyə kimi işləndikləri məqamlar xaricində as-

sosiasiya yaratmamaları üçün «çox» və «ona» şəklində verdik, bəzi yerlərdə 

isə -ay, -əy tipli şəkilçiləri anlaşıldığı üçün olduğu kimi saxladıq. Qəzəl, qis-

mən də  qəsidə, rübai və tüyuğlar bölməsində  səhifə altında qəliz  ərəb-fars 

sözləri lüğətini yerləşdirdik, çünki mütaliəni yarımçıq kəsib bu və ya digər 

sözün mənasını kitabın sonundakı lüğətdə axtarmağın nə qədər xoşagəlməz 

iş olduğu hamımıza məlumdur. Hər ehtimala qarşı sonda böyük bir lüğət 

verməyi də lazım bildik. 

Baburun poeziyası mövzu baxımından çox əlvandır. Onun ən  əsas 

mövzusu, təbii ki, eşq və məhəbbət, həsrət və hicrandır. Lakin bununla ya-

naşı  şairin bir çox lirik əsəri avtobioqrafik məzmun daşıyır. Burada hərbi 

yürüşlərə, içki məclislərinə, dostlarına, məmurlarına və yaxın adamlarına, 

zövcələrinə, özünün şəxsi qüsurlarına həsr etdiyi şeirlər də az deyil. Babu-

run şeirləri sanki tənha bir guşədə düşünülərək yazılmamış, söhbət əsnasın-

da, hamının yanında bədahətən söylənmişdir. Onlarda sonsuz bir sadəlik və 

təbiilik müşahidə olunur.  

Baburun  şux və oynaq qəzəlləri, ictimai-fəlsəfi məzmunlu rübailəri, 

tüyuğları, məsnəviləri, qitələri, mətlələri barədə «Seçilmiş əsərləri»nə yazdı-

ğımız ön sözdə geniş məlumat verilmiş, onlar müxtəlif ədəbi yönlərdən ye-

tərincə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:   

  

      Xəttin ara üzarın – səbzə içində lalə, 



      Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.  

 

      Bütün pərilər, ey can, gərdində zarü heyran, 



      Guya ərər nümayan ay dövrəsində halə. 

       


      Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar, 

      Cövrü cəfanı bisyar qıldın mana həvalə. 

 


BABURNAMƏ 

 

13



      Hicrində, ey pəriru, gözümdən uçdu uyğu, 

      Hər gecə dana doğru işimdir ahü nalə. 

 

     Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var, 



     Eşqində Babur yazar bu növ yüz risalə.  

 

Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında risalələr çox mühüm 



yer tutur. Bunlardan «Əruz risaləsi» (1523-25), adından da göründüyü kimi, 

ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Risalə əruz vəzni haqqında türkcə 

və farsca yazılmış  əsərlərdən fərqlidir. Müəllif  əsas diqqətini türk əruzuna 

yönəltmiş, bizə xas olan şeir  şəkillərindən tüyuğ, qoşuğ, tarxani, öləng və 

digər janrları ətraflı təhlil etmişdir. Babur əruzun 21 bəhri və 272 vəzni haq-

qında geniş məlumatla yanaşı türkcə və farsca nümunələr vermişdir. 

Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır (1521). Burada islamın 

hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, xüms, əşar, xərac və s.) 

haqqında məsnəvi tərzində  məlumat verilir. «Kitab nəzminin səbəbi» qis-

mindən anlaşıldığına görə, Babur bu əsəri övladları Hümayuna və Kamrana 

öyüd-nəsihət vermək məqsədilə qələmə almışdır.  

 Şairin «Etiqadiyyə» risaləsi də dini mövzudadır. Babur bu əsərində 

dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində bildiyi-

ni nümayiş etdirmişdir. 

Mütəfəkkir şair 1504-cü ildə «xətti-baburi» adlı xüsusi bir əlifba kəşf 

etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qu-

rani-kərim yazdırmışdır. 

Bunlardan başqa, Babur tarixi mənbələrdə qeyd olunan iki risalə  də 

qələmə almışdır. «Musiqi elmi» və «Hərb işi» adlanan bu əsərlər, təəssüf ki, 

indiyə qədər tapılmamışdır. 

Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən biridir. 

Ağır xəstə olduğu zaman əgər bu xəstəlikdən qurtulsam, o zaman mənə Ba-

bur adını qoyan Xoca Übeydullah Əhrarın «Risaleyi-validiyyə»sini farsca-

dan türk dilinə tərcümə edəcəyəm deyə əhd edən Babur 1528-ci ilin 6 noya-

brında tərcüməyə başlamış, «Baburnamə»də yazdığına görə, tək bir gün ara 

verməklə  əsəri iki həftə  ərzində tamamlamışdır. Babur bu risalənin müəl-

lifinə dərin hörmət və sonsuz ehtiram bəslədiyi üçün həmin əsər Baburun di-

vanının  əvvəlinə qoyulmuşdur. Baburun tərcüməçilik fəaliyyətinin örnəyi 

olan «Risaleyi-validiyyə» onun «Seçilmiş əsərləri»nə daxil edilmişdir. 

*** 


Qazi Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında «Baburnamə» 

(digər adları: «Vəqaye» və «Baburun xatirələri») əsəri mühüm yer tutur, ona 

görə də bu əsər haqqında xüsusi danışmaq lazımdır. Türk və islam ədəbiy-

yatında memuar janrında yazılmış ilk əsər olan «Baburnamə» 1494-1529-cu 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



14

illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün 

hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və 

ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda o regionun flora və faunası, 

coğrafiyası, etnoqrafik özəllikləri barədə geniş  məlumat var. Əsərin ondan 

artıq əlyazma nüsxəsi mövcuddur. 

«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuş-

dur. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilmişdir. Yek-

dil rəyə görə, ən yaxşı tərcümə Əbdürrəhim xani-xanana məxsusdur (1586). 

O, Baburun yaxın silahdaşı, məşhur türkmən sərkərdəsi, çağatay, türkmən, 

eləcə də bizim ədəbiyyatın klassiki Bayram xanın oğludur. Baharlı boyuna 

mənsub olan Bayram xan əvvəlcə bir müddət Şah İsmayıl Xətainin yanında 

qulluq etmişdir. 

«Baburnamə»nin  şöhrəti qısa müddət  ərzində Avropaya da yayılmış, 

Vitsen onun haqqında holland dilində (1705), C.Leyden və V.Erksin ingilis 

dilində (1826), Pave de Kurteyl fransız dilində (1871) yazılar yazmış, bəzi 

hissələrini tərcümə etmişlər. Əsər ilk dəfə 1857-ci ildə məşhur rus türkoloqu 

N.İ.İlminski tərəfindən Kazanda çapdan buraxılmışdır. A.N.Samoyloviç isə 

1917-ci ildə Sankt-Peterburqda «İmperator Baburun şeirləri» adlı kitabı rus 

dilində nəşr etdirmişdir. 

«Baburnamə»nin ilk tam tərcüməsi tanınmış ingilis alimi Annet Su-

sanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilmişdir. O, əsərin Heydə-

rabad nüsxəsinin faksimilesini sinkoqrafiya üsulu ilə çap etmiş, tərcüməsini 

vermiş, on səhifəlik önsöz yazmış, kitabın axırına  şəxs, qəbilə, tayfa, boy 

adları və coğrafi adlar göstəricisi əlavə etmişdir. Annet xanım Baburun xa-

tirələrini Gibbonun və Nyutonun memuarları ilə müqayisə etmişdir. Daha 

sonra böyük özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bə-

zi fraqmentləri çap etdirmişdir.  Əsər ordinarius professor Rəşid Rəhməti 

Arat tərəfindən türk dilinə (1940), Bevericin ingiliscə tərcüməsinin əsasında 

Mixail Salye tərəfindən rus dilinə çevrilmiş, 1943-cü ildə Daşkənddə, 1958-

ci ildə isə Moskvada çapdan buraxılmışdır.

 

«Baburnamə»



 ümumən dörd də-

fə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir 

dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilmişdir.

 

Baburun irsinin öyrənilməsinə özbək alimləri də mühüm töhfələr ver-



mişlər. «Baburnamə» 1948-ci ildə Daşkənddə iki cild halında məşr edilmiş, 

1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görmüş, 1956-66-cı illər-

də üçcildliyi çap olunmuşdur. Tanınmış baburşünas Parsa Şəmsiyev 1960-cı 

ildə bir neçə nüsxə əsasında «Baburnamə»nin elmi-tənqidi mətnini hazırla-

mışdır. 1982-ci ildə M.Salyenin rusca tərcüməsi yenidən oxuculara təqdim 

edilmişdir. 

1980 və 1985-ci illərdə «Baburnamə» UNESCO xətti ilə S.Əzimcano-

vanın (Özbəkistan),  Əbdülhey Həbibi (Əfqanıstan) və Mühibül Həsənin 



BABURNAMƏ 

 

15



(Hindistan) redaktorluğu, tanınmış fransız türkoloqu Lui Bazenin ön sözü 

ilə fransız dilində iki dəfə nəşr olunmuşdur. 1994-cü ildə yapon şərqşünası 

İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.  

Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından ma-

raqlandırmışdır. Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 

1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar 

yazmışlar. Təbii ki, bu əsərlərin  əsasında «Baburnamə»dəki faktlar dayan-

mışdır. Məşhur  ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman 

qələmə almışdır. Bu əsərlər arasında  ən populyarı amerikalı yazıçı Harold 

Lambın 1961-ci ildə Nyu-Yorkda çapdan çıxan «Babur the Tiger.

 

First of 



the Great Mogols» kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə dəfələrlə nəşr 

edilmiş, 2000-ci ildə Moskvada rus dilində «Бабур-тигр. Великий завоева-

тель Востока» adı ilə çap olunmuşdur. 

Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Bay-

kabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov 

«Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburinamə» poves-

tində Baburun ölməz surətini canlandırmışlar. 

Baburun yadacılığı, xüsusilə «Baburnamə» əsəri ilə bir çox ölkələrin 

alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erksin, L.M.Pull, S.M. 

Edvards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Tal-

bot, İ.Mano, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şarma, 

A.K.Sinqh, N.Veselovski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədə-

bi irsinin tədqiqində mühüm işlər görmüşlər. 

Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrən-

mək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minə ya-

xın kitab və sənəd «Babur və dünya sivilizasiyasında onun yeri» adlı  xatirə 

muzeyində qorunur. Bu kitablar arasında Baburun müxtəlif dillərə çevrilmiş 

əsərləri ilə yanaşı «Baburnamə»nin tərcümələri, Böyük moğol imperiyasının 

tarixi haqqında qələmə alınmış tədqiqatlar xüsusi yer tutur. U.Erksinin öz-

bəkcəyə çevrilmiş «Hindistanda Baburi dövləti» (Daşkənd, 1997) və P.Şar-

manın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi fundamental araşdırmalar 

xüsusilə diqqətəlayiqdir.  Əndicanda salınmış Babur parkında onun rəmzi 

qəbri qoyulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır. 

***


 

«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə 

Baburun taxta çıxdığı  10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş 

verən hadisələr öz əksini tapır. Bu on il ərzində Babur taleyin bir sıra ağır sı-

naqlarına məriz qalmış, ata mülkünü dəfələrlə itirmiş  və qazanmış, axırda 

yenə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir. 

«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 

12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə bö-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



16

yük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak etmiş, nə-

hayət, bəlli bir coğrafiya üzərində öz səltənətini qura bilmişdir. Maraqlıdır 

ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf 

coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çar-

pışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmiş-

dir. 1510-cu ildə Şeybani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Ba-

bur Kabili əlində saxlamaqla əski torpaqları  uğrunda mübarizə aparmışdır. 

Bundan da bir şey çıxmayınca Hindistana yönəlmişdir. 

  «Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı il-

dən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisələrini əhatə edir. Əs-

lində, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin 

vaxtdan sonra Hindistana beş dəfə yürüş etmiş, Pəncabı (1519/20), Qənda-

harı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirmiş, Əfqanıs-

tanı, Bəlucistanı  və  şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük 

moğollar imperiyasının təməlini qoymuşdur.  Əsərin «Hindistan» qismində 

Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputla-

rın başçısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfaları və benqallarla sa-

vaşı öz əksini tapmışdır. 

Baburun xatirələri beş yerdə  qırılır. Xorasana getmək üzrə  vətənini 

tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsilir, 

909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur.  

Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on  il 7 aylıq fasi-

lədən sonra 925-ci ildə təkrar başlayır. Yəni kitabda 1508-ci ilin mayından 

1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur. 

Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci il-

dən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur. 

Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı 

əhatə edən və açıqlanmayan bir kəsinti də var. 

Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529-cu 

il) sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya 

bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyül-

əvvəl günü (25 dekabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş ve-

rən hadisələrin qısa icmalını  mətnaltı haşiyələrdə verərək mənzərəni qaba 

şəkildə tamamlamağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.  

Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlu-

mat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, 

münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə 

almış, xüsusi gündəlik tutmuşdur. Lakin əsərdə bunu təsdiq edən ciddi bir 

işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya 

ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda ya-

zıb bitirmişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri 



BABURNAMƏ 

 

17



günbəgün təsvir edir, hətta səhər, günorta, ikindi, axşam, gecə baş verən ha-

disələri də müfəssəl nəql edir.  Bəzi məqamlarda bu və ya digər hadisə və ya 

şəxs haqqında təhkiyəni kəsən müəllif bu barədə sonra məlumat verəcəyini 

bildirir. Tək bir yerdə isə (3 mart 1529-cu ildə) bunu qeyd edir: «Xoca Yəh-

yanın nəvəsi Xoca Kəlan isə məndən yazmaqda olduğum Vəqayeni istəmiş-

di. Surətini çıxartdırmışdım, onu da Şəhrək vasitəsilə göndərdim».     

«Baburnamə»də faktiki materail, bir-birinə qarışan hadisələr, alışma-

dığımız adlar hədsiz dərəcədə çoxdur, lakin buna baxmayaraq əsər sonsuz 

maraqla, bir macəra ədəbiyyatı nümunəsi kimi zövqlə oxunur. Baburun di-

linin sadəliyi, obrazlılığı, müşahidələrinin zərifliyi, qeyri-adiliyi, dəbdəbə-

dən uzaq təhkiyə tərzi, səmimiyyəti insanı heyran edir. 

Babur hər şey haqqında obyektiv və dəqiq yazmışdır. Müasiri olduğu 

və ya özündən əvvəl yaşamış hökmdarlar, onların nəsəbi, həyatı, xasiyyəti, 

savaşları və meydan müharibələri, adbaad göstərməklə arvadları və cariyə-

ləri, oğulları və qızları,  əmirləri və bəyləri, saraylarında yaşayan alimlər, şa-

irlər, rəssamlar, müsiqiçilər, xəttatlar və başqa sənətkarlar haqqında geniş və 

maraqlı məlumatlar vermişdir. Gəzib gördüyü yerlərdəki tarixi abidələr, ay-

rı-ayrı xalqlara, tayfa və qəbilələrə xas olan etnoqrafik özəlliklər, adət-ənə-

nələr, yeməklər, geyimlər onun nəzərindən yayınmamışdır. Babur təbiətin 

gözəlliklərini, fərqli coğrafi ərazilərdə bitən ağac və gülləri, meyvə və bitki-

ləri, heyvanları, quşları, balıqları da eyni  həssaslıq və diqqətlə təsvir etmiş-

dir. O, musiqi, xüsusən də muğamlar haqqında dərin məlumat sahibi oldu-

ğunu göstərmişdir. Bu mənada «Baburnamə» o dövrün bir ensiklopediyası 

sayıla bilər.   

Babur hətta öz şəxsi qüsurlarını göstərməkdən, özünə  tənqidi yanaş-

maqdan, bəzən də istehza etməkdən çəkinməmişdir. Onun içki məclisləri, 

məcun, kəmali, tiryək qəbul etməsi də xatirələrdə öz əksini tapmışdır. Babur 

öz tabeliyindəkilərə və qohumlarına da obyektiv qiymət vermişdir. Hətta öz 

əmisi uşaqları ona qarşı  xəyanət edəndə, dövlət çevrilişi təşkil edib taxtı 

onun əlindən almaq istəyəndə belə Babur onları bağışlamışdır. 

Babur bir çox yerdə əmilərinin, dayılarının, xalalarının ona və anasına 

qarşı haqsızlıq etdiklərini vurğulamış, onlardan etibar və şəfqət qörmədiklə-

rini qeyd etmişdir: «Bunları yazmaqdan məqsədim şikayət deyil, gerçəkləri 

söyləməkdir, bu söylənənlərdən məqsəd özümü tərif deyil, gerçəkləşmiş 

olanları bəyan etməkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi 

yazmağı gərəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı 

və pis nə eşidilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da 

nə qüsur və ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, 

eşidənlər də qınamasın». 

 «Baburnamə»də yüzə yaxın şeir parçası var. Bunların bir qismi şairin 

öz əsərləri, bir qismi başqa şairlərin, əsasən də Sədi Şirazinin şeirləridir. Ye-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



18

ri və  məqamı  gəldikcə Qurandan alıntılar, farsca və türkcə bir neçə atalar 

sözü var. Farsca şeirlərin və atalar sözlərinin orijinalını sətri tərcümələri ilə 

birlikdə verməyi məqsədəuyğun saydıq. 

Bu mötəşəm əsəri ana dilimizə çevirərkən onun türkcə (Rəşid Rəhməti 

Arat), rusca (Mixail Salye) tərcümələri ilə yanaşı Parsa Şəmsiyev tərəfindən 

hazırlanmış özbəkcə-çağatayca nəşrindən istifadə etdik. Baburun dili, xüsu-

sən də mürəkkəb cümlələr sintaktik baxımdan farscanın təsiri altındadır. Mi-

sal üçün: «Sabahı divanda Qulubəy kim, Kaşğarğa Sultan Səid xan qaşına 

elçilikkə barıb idi, kəlib mülazimət qıldı». Sadə cümlələr isə tam tükcədir. 

Ona görə də bəzi cümlələri daha dəqiq anlamaq üçün onları türkcə və rusca 

mətnləri ilə tutuşdurmaq lazım gəlirdi. Bundan başqa, həmin dövrdə həyatın 

müxtəlif sahələrində  işlənmiş çoxsaylı termin və  təbirlərin qarşılığını tap-

maq asan deyildi. Bu baxımdan türkcə  və rusca tərcümələr bizə müstəsna 

dərəcədə kömək etdi. Əsərin koloritini qorumaq üçün bəzi termin və deyim-

ləri olduğu kimi saxladıq və kitabın sonunda verilən qeydlər və izahlar qis-

mində onların mənasını açıqladıq.  

Şübhəsiz ki, bu böyük həcmli mürəkkəb  əsərin tərcüməsi nöqsan və 

qüsurlardan da xali deyildir. Bizim arzumuz bu tərcümədən sonra daha mü-

kəmməl tərcümələrin meydana çıxmasıdır. Yoxsa ki, ucuz şöhrətə və birin-

cilik palmasına sahib olmaq kimi bir istəyimiz, əlhəmdülillah, yoxdur və ola 

da bilməz. Bizim türklüyə təmənnasız xidmətdən başqa bir qayəmiz yoxdur.    

Mötərizə içində qara şriftlə a-b ilə verilən rəqəmlər Heydərabad nüs-

xəsinin səhifələrini göstərir. 

Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən parlaq sima-

larından biri olan Zəhirəddin Məhəmməd Babur çağatay ədəbiyyatında poe-

ziyada Əlişir Nəvaidən sonra ikinci ən uca zirvə, nəsr sahəsində isə birinci, 

fəth olunmamış zirvədir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, 

həmişə  də bununla fəxr etmişdir. Türklüklə  və Baburla fəxr etmə növbəsi 

indi bizdədir. Baburun şəxsiyyətinin və  əsərlərinin tanıdılması  və  təbliği 

türk ziyalılarının birinci dərəcəli vəzifələrindəndir. Zira gənc nəslə türk ulu-

larını tanıtmadan, onun tarixi yaddaşını  təzələmədən keçmişlə bugün, bu-

günlə gələcək arasında sağlam körpü qurmaq mümkün deyil. Halbuki müa-

sir dövrdə, qloballaşan dünyamızda buna böyük ehtiyac var. 

Dünya tarixinə türk adını öz kəskin qılıncı  və  zərif qələmi ilə  qızıl 

hərflərlə yazmış Zəhirəddin Məhəmməd Baburun bugünə qədər ölkəmizdə 

yalnız bir kitabı  nəşr edilmişdir. Mütəxəssislər xaricində onun sənəti ilə 

çox az adam tanışdır. Bu acı gerçəklə üzləşmək mümkündür, ancaq onunla 

barışmaq olmaz. Ona görə  də biz Baburun «Seçilmiş  əsərləri»ndən sonra 

onun məşhur «Baburnamə»sini də ana dilimizə tərcümə və nəşr etməyi qə-

rara aldıq. Ürəkdən inanırıq ki, Azərbaycan oxucuları və ədəbi ictimaiyyət 

Baburun bu kitabını da böyük rəğbətlə qarşılayacaq, bu azman şair-hökm-



BABURNAMƏ 

 

19



darla bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddət-

dən bəri mövcud olan boşluq, gec də olsa, doldurulacaqdır.  

Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TürkSOY kitabxanası 

seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su 

sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inki-

şafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyə-

tə kiçik bir töhfə verdiyimizə inanırıq. 

Burada bir məsələni növbəti (on ikinci!) dəfə vurğulamaq istəyirik: 

TürkSOY kitabxanası seriyası layihəsi bütünlüklə könüllülük əsasında hə-

yata keçirilir. Layihədə  iştirak edən hər kəs, o cümlədən kitabı türkcə  və 

rusca tərcümələrindən istifadə etməklə orijinalından ana dilimizə çevirən,  

ön sözün, qeyd və izahların müəllifi bəndəniz Ramiz Əskər, redaktoru hör-

mətli Prof. Dr. Hüseyn İsmayılov bu işi türklüyə bir xidmət olsun deyə heç 

bir məvacib və honorar almadan təmənnasız yerinə yetirmişlər. Tərcümə 

zamanı mənə Ankaradan müxtəlif elmi ədəbiyyat göndərən, bir sıra texniki 

məsələlərin həllində kömək edən əziz dostum, Avrasiya Yazarlar Birliyinin 

orqanı «Qardaş qələmlər» jurnalının redaktoru Ömər Məhmətoğluna və bu 

kitabdakı farsca şeirlərin sətri tərcüməsinin hazırlanmaslnda  əməyi keçən 

dostum İlqar ƏIfioğluna, xüsusilə tərcümə üzərində işlədiyim zaman mənə 

hər cür şərait yaradan, mənəvi cəhətdən dəstək olan həyat yoldaşım Solmaz 

xanıma sonsuz təşəkkürümü bildirirəm.  

 

 



    Ramiz ƏSKƏR. 

Bakı, 24 mart 2011-ci il. 

 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin