AZƏRBAYCAN Nadir Şahın dövründə
1736-cı ilin fevralında Muğanda keçirilən qurultayda (Nadir xan Əfşar tərəfdarlarının üstünlüyü ilə keçirilirdi) III Şah Abbas taxtdan düşürülərək Nadir şah seçildi. Bununla da dövlətçilik tariximizdə Əfşarlar sülaləsinin hakimiyyəti başlandı. Nadirin hakimiyyətindən öncə Azərbaycan (Səfəvilər dövləti) necə idi? Ölkə 4 inzibati vahiddən – bəylərbəylikdən ibarət idi. Bunlar Şirvan,Qarabağ,Təbriz və Çuxur-Səəd bəylərbəylikləri idi. Nadir şah bu bəylərbəylikləri birləşdirərək bütün Azərbaycanın,həmçinin Gürcüstan və Dağıstanın idarəsini qardaşı İbrahim xana həvalə etdi. Gəncə-Qarabağ bəylərbəyliyini idarə edən Ziyadoğlu soyu Nadirin deyil, Səfəvilərin hakimiyyətini qəbul etdiyinə görə Nadir şah onların səlahiyyətlərini azaltdı. Qazax və Borçalını Gürcüstan valisi Səfi xanın idarəsinə verən Nadir Qarabağın xristian məlikliklərini birbaşa şah idarəçiliyinə tabe etdi.Ziyadoğullarının əsas dayağı olan Cavanşir,Otuziki və Kəbirli mahallarının əhalisini Xorasana sürgün etdi.
Mərkəzi Asiya və Hindistan yürüşləri ucbatından vergi siyasəti çox kəskin idi. Çərik mükəlləfiyyəti isə əkinçiliklə məşğul olan rəiyyətə də aid edilmişdi. Türklük kimliyini üstün tutan sarayda,divanda,hətta elçilərlə türkcə danışan Nadirin əsas məqsədi Azərbaycan,Mərkəzi Asiya,Osmanlı türklərini eyni məzhəbdə birləşdirərək Qərbi Avropa ölkələrinin Hind okeanı və İran körfəzinə,Rusiyanın isə Xəzər bölgəsinə doğru işğalçılıq yürüşlərinə qarşı Türk xalqlarının birliyinə nail olmaq idi. Lakin,nə Osmanlı,nə də Mərkəzi Asiya xanları məzhəb ayrılığını yox etmək üçün Nadirin mütərəqqi addımlarını müdafiə etmədilər.
Nadir şahın planlarından biri hərbi donanma yaratmaq idi. 1734-1735-ci illərdə hərbi donanma yaradılması işini admiral rütbəsi verdiyi Lətif xana tapşırdı. Lətif xanın ingilis və hollandlardan hərbi gəmilər satın almaq səlahiyyəti var idi. Daha bir addım 1743-cü ildə ingilis kapitanı Con Eltonun Xəzərdə gəmilərin inşasına başlaması oldu.
Üsyanların əsas səbəbi vergi çoxluğu, məmur özbaşınalığı, rəiyyətin hərbi işə cəlb edilməsi idi. 1738-ci ildə Car və Tala bölgəsində baş vermiş üsyanı dəf etmək istəyən İbrahim xan uğursuzluğa düçar oldu. Üsyan yalnız 3 il sonra yatırıla bildi.
Ağır vergi siyasəti 1743-cü ildə Şirvanda üsyana səbəb oldu. Sam Mirzənin başçılıq etdiyi üsyan yatırılsa da, həmin il II Sam Mirzə adı ilə daha bir şəxs üsyana başladı və bu da yatırıldı. 1743-cü ildə Hacı Çələbi üsyan qaldıraraq məlik Nəcəfi öldürərək Şəkini müstəqil xanlıq elan etdi. 1744-1746-cı illərdə Hacı Çələbi “Gələsən – Görəsən“ qalasında müdafiəyə çəkildi. Nadir şahın bu qalanı almaq üçün təşkil etdiyi yürüşlər boşa çıxdı. İki il davam edən döyüşdən sonra Hacı Çələbi Nadirin hakimiyyətini tanıdığını bildirdi. 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi ilə onun qurduğu nəhəng imperatorluq dağıldı və Azərbaycan çox çətin və mürəkkəb siyasi dağınıqlıq dövrünə daxil oldu.
Dostları ilə paylaş: |