XÜSUSİ HİSSӘ YEDDİNCİ BÖLMƏ SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 67
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 68
Maddə 100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100.2. Təcavüzkar müharibəni aparma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 101. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.69
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən törədildikdə—
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 102. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 105. Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. 70
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108. Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108-1. Məcburi hamiləlik 71
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə -
on ildən on beş ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olduqda— 72
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110. İnsanları zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 111. İrqi ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum etmə vasitəsilə təqib etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 112. Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17-ci fəsil
Dostları ilə paylaş: |