3.7. Siçan qurğusu
"Siçan" (ingiliscə "Mouse") xüsusi göstərici, idarəetmə və
daxiletmə qurğusudur. Ona "siçan" adı xarici görünüşünün siçana
oxşamasına görə verilmişdir. O, ekranda kursorun asan və tez
hərəkət etdirilməsi, lazımi obyektin seçilməsi, köçürülməsi,
sürüşdürülməsi və s. işlərin yerinə yetirilməsini çox asanlaşdırır.
Tamekranlı və qrafik rejimlərdə işləyən (məsələn, Microsoft
Windows, Macintosh və s.) sistemlərdə siçan əvəzsiz rol oynayır
və işi xeyli asanlaşdırır.
Hazırda siçan qurğularının bir neçə növü istifadə olunur.
Mexaniki qurğular siçanın altında olan sərbəst fırlanan kürələrin
vasitəsilə göstəricini idarə edir. Siçanı müstəvi səth üzərində
hərəkət etdirdikdə kürə sürtünmə nəticəsində fırlanır, fırlanmaların
sayı və istiqaməti işığa həssas xüsusi elementlər vasitəsilə oxunur
və kompüterə ötürülür. Siçanın hərəkət istiqamətinə müvafiq
olaraq göstərici də proqram təminatının köməyi ilə ekranda
hərəkət etdirilir.
Optik siçanlarda isə xüsusi həssas və əks etdirici ekran olur.
Ekranın üzərində barmağı hərəkət etdirməklə və ya siçanı səth
üzərində sürüşdürməklə göstəricini idarə etmək olur. Bu zaman
barmağın ekran və ya siçanın səth üzərindəki hərəkəti (istiqamət
və məsafə) ekranın üzərinə çəkilmiş xüsusi ştrixlər vasitəsilə
müəyyən edilir və onlara uyğun olaraq ekranda göstərici də
hərəkət edir.
Klaviaturaya analoji olaraq, siçanlar da sistem blokunun
arxasında onun üçün nəzərdə tutulmuş "yuva"ya qoşulurlar. Lakin
son zamanlar infraqırmızı şüaların köməyi ilə işləyən siçanlar da
istifadə olunmağa başlanmışdır.
|