V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
«Sənin üç dostun var: birincisi – sənin öz dostun, ikincisi – dostunun dostu, və nəhayət, üçüncüsü – düşməninin düşməni»
Həzrət əli (ə.s.).
Geosiyasət – sadə dillə ifadə olunsa, coğrafi mövqeyin strateji əhəmiyyətinə əsaslanan siyasət növüdür. Necə ki, məs., Qərbi Avropa dövlətləri 50-60 ildir onların ərazisində nəhəng derjavaların geosiyasi ambisiyalarının toqquşması və ya kəsişməsindən divident götürür, eynilə Vyetnam və əfqanıstan kimi dövlətlər də yeganə olaraq məhz bu faktor səbəbindən neçə on illərdir normal insan kimi yaşamaq hüququndan məhrumdur – hansıların ki, bəxtinə qəzavü-qədərdən Çin və SSRİ-nin (indi də Rusiyanın) cənub-şərqindəki ən hündür strateji mövqedə yerləşmək bədbəxtçiliyi düşüb.
Lakin kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası bir təkcə coğrafi müstəvidə daşınılmır. Saysız-hesabsız münasibətlər sisteminin bütün sferalarında, o cümlədən, mücərrəd sosial-siyasi fəzada da müxtəlif qütblərin bir-birinin təsirini neytrallaşdırdığı və ya gücləndirdiyi meridianlar yetərincədir ki, təsadüfən bunların hansındasa yerləşmək öz-özünə insanların taleyini həll edir. Verilmiş anda hansı qütb üçün özünün subyektiv dəyərinin nə qədər olduğunu dəqiq hesablayıb, ondan məharətlə yararlana bilmək isə öz ömrünü təsadüflərin buxovlarından azad edib, qismən də olsa öz taleyi üzərində hakimiyyət qazana bilməyin yeganə yoludur. «İkibaşlı siyasət» və ya «balanslaşdırılmış siyasət» deyilən taktika məhz bu prinsipə xidmət edir.
Bura qədər sadalanan metodların xüsusi variasiyası olan bu siyasət növündə, sadəcə olaraq, yuxarıdakı fəndlər artıq ikitərəfli tətbiq edilir. Yəni bu halda qoyulan ‘‘stavka’’nın və ya yürüdülən kursun istiqamətini planlı şəkildə mütəmadi olaraq gah bu, gah da digər (əks) tərəfə dəyişdirməklə təsir, qüvvə və maraqlar balanslaşdırılır. Bu cür ikili münasibət, dinamik kurs, tərəddüdlü mövqe isə əldən çıxmanız və ya düşmən cəbhəsini genişləndirməniz ehtimalı ilə tərəf-müqabilə təzyiq göstərərək onu daim sizinlə münasibətdə güzəştli, mülayim mövqeyə vadar edir. Bu zaman əldən çıxmanız və ya düşmən cəbhəsinin genişləndirmək ehtimalınız, hədəniz isə burada sizə qarşı hər hansı formalı sərt xətti mümkünsüz edib, tərəfdaşların hər ikisini (o cümlədən, məs., rəqib dövlətində həm iqtidar və həm də müxalifəti) sizinlə taktlı, yumşaq, güzəşt dili ilə davranmağa, sizi öz tərəfinə çəkmək uğrunda onların hər ikisini bəhsə, intriqaya, yarışa, rəqabətə girməyə vadar edir ki, bugünkü gündə beynəlxalq siyasətdə bundan aşağıdakı məqsədlər üçün aktiv istifadə olunur:
1) Rəqib dövlətinin iqtidarına təzyiq;
2) Rəqibin cəbhəsi, elektoratı, əhalisi, əsgər heyəti, tərəfdarları arasına və ya müttəfiqləri ilə, yaxud istənilən tərəflə arasına nifaq, ixtilaf, münaqişə, qarşıdurma toxumu səpmək;
3) Rəqib cəbhəsi, elektoratı, əhalisi cəbhəsi daxilində qütbləşmə, cəbhələşmə yaradaraq onu üzülüb əldən düşənə qədər gərginlik içərisində saxlamaq, orada situasiyanı destabilizə edərək onun enerjisini öz-özünə qarşı yönəltmək;
4) Rəqib cəbhəsində hakimiyyət dəyişikliyi törədərək, özü və ya platforması sizə yaxın olan və ya heç olmazsa sizə yaxın olmasa da, rəqibə də yaxın olmayan, imkan olarsa hətta ona əleyh olan ixtiyari qüvvəni hakimiyyətə gətirmək;
5) Qüvvələri parçalayaraq hər bir tərəflə ayrı-ayrılıqda «səmərəli» iş apara bilmək;
6) Qoyulan stavkanı və ya göstərilən təzyiqi növbələməklə (yəni balansı gah bu, gah da digər tərəfin xeyrinə dəyişməklə) iki rəqib tərəfin hər ikisindən mütəmadi pay və ya güzəşt qoparmaq;
7) Öz ətrafında müəyyən rəqabət ehtirası qızışdırmaq;
8) Kimlərləsə kiminsə arasında bufer, balansir, amortizator və ya stabilizator funksiyası yerinə yetirmək və s. məqsədləri üçün.
Nümunə üçün, məs., Ermənistan – Azərbaycan münaqişəsində bu iki tərəf arasındakı problemin həllini məqsədli konservləşdirərək rəqabətlərinin davamlılığını sığortalamağa nail olan Qərb, ilkin mərhələdə bunlardan bir-birinə təzyiq vasitəsi («Domokl qılıncı») kimi istifadə edib, bununla onların xarici iqtisadi, siyasi, hərbi, mədəni və s. kursunu dəyərincə Rusiyadan özünə sarı döndərməyə nail oldu. Sonrakı mərhələdə isə həmin rıçaq ona onların hər ikisini itaət və istismara məcbur etmək funksiyasında gərək oldu: Davamlı qarşıdurmadan üzülüb əldən düşən bu hər iki dövlətdə həyat səviyyəsi gün-gündən ən aşağı həddə qədər enərək onların hər ikisini, onların əhalisini xoş günlər, ali həyat tərzi üçün nəzərdə tutulan hər şeyini – işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etdi. Bunlardan birinə – Ermənistana qarşı Qərbdən mütəmadi sezilən ‘‘xüsusi diqqət’’ isə, onun nisbətən varlı və güclü Azərbaycanla rəqabətində ortaya çıxan qüvvələr disbalansını tarazlamaq və onların hələ uzun müddət bir-birini oyundan çıxarmasına imkan verməmək məqsədindən irəli gəlir. Fəqət, bülbül gözəl səsi ucbatından həmişə qəfəsə düşür, tovuzquşu gözəl lələkləri ucbatından daim quyruğuyoluq vəziyyətdə olur. Sərçə və qarğasa heç bir hünərləri olmadığından, daim azad və firavandırlar!
Ümumi olaraq deyilən «ikili siyasət», bura qədər sadalanan cəmi (ideoloji, taktiki, strateji və s.) təzyiq metodlarının kombinasiyalı formada istifadəsi hesabına həyata keçirilir. O cümlədən:
V.5.1) Bu halda ayrı-ayrı fərdlər və ya sosial qruplar, təbəqələr arasında təbii olaraq cücərti halında mövcud olan problemlər, çatlar, ziddiyyətlər, narazılıqlar, konfliktlər axtarılıb tapılır, hər vasitə ilə dəstəklənir, daha da dərinləşməsi üçün müvafiq provakasion tədbirlər görülür.
Təbliğat üçün xammal rolu oynaya biləcək belə provakasion məqamlara qismən aid ola bilər:
Burada ayrı-ayrı fərdlər və ya sosial qruplar, təbəqələr və b. arasında tarixən mövcud olan fərq və ziddiyyətlər (problemlər, narazılıqlar, konfliktlər, qarşıdurmalar, fikir ayrılıqları, nə vaxtsa yollarının ayrılması və hətta toqquşması və s.) axtarılıb tapılır, seçmə və ya qurama faktlar, statistikalar, yaxud saxta analiz, arqument, nümunə, nümayiş və s. yolu ilə onların nəzərində qabardılır, onlara izah edilir, başa salınır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]).
Bugünkü gündə aralarında mövcud olan fərq (məs., etnik, dini, sinfi, məhəlli, siyasi, ideoloji və s.) və problemləri (narazılıqları, konfliktlər, qarşıdurmaları, fikir ayrılıqları və s.) axtarılıb tapılır, nəzərlərində qabardılır:
Hər bir tərəfə (və ya elə bir tərəfə) digərindən gözlənilə bilən perspektiv təhlükələr barədə informasiyalar çatdırılır. Bunun üçün, ayrı-ayrı tərəfin hətta sıravi nümayəndəsinin də olsa, hansısa deyim, xüsusiyyət, addım və əlaqələri interpretasiya edilərək, bundan bütövlükdə əks tərəfin cəbhəsi üçün ziyanlı olan nəticələr çıxarılır, bu, qruplararası (millətlərarası) düşmənçiliyin, gizli planın, gizli hazırlığın təsadüfi simptomu, aysberqin görünən üst qatı və s. kimi yozulur.
Nümunə üçün, məs., İngiltərə ilə Fransa arasında soyuqluq, əsgərlər səviyyəsində kin-küdurət yaratmaq məqsədilə Almaniya, İkinci Dünya Müharibəsi dövründə tez-tez fransız əsgərləri arasında Napoleonun Müqəddəs Yelena adasındakı əsirliyini təsvir edən vərəqələr səpirdi;
Yenə həmin müharibədə 21 noyabr tarixində Sovet kəşfiyyat idarələri əsirlərin ifadələrinə əsasən Alman ordusunun 4-cü korpusunda ciddi iğtişaş baş verməsi və burada 3 rumın əsgərinin və bir alman zabitinin ölməsi faktını müəyyənləşdirdi. Həmçinin yenə də həmin gün Don cəbhəsinin operativ kəşfiyyat qrupu ratsiya ilə alman polkovniki V.Neydorfun bir əmrini tutdu ki, burada 47-ci italyan polkundakı pis nizam-intizamdan bəhs olunurdu. Hadisənin artıq səhərisi günü, yəni 22.II.42 tarixdə hər iki fakt müvafiq psixoloji tərtibatla vərəqələrdə çap olunaraq alman cəbhəsindəki rumın və italyan əsgərləri arasında səpildi. Nəticədə, almanlarla bu xalqlar arasında etimadsız atmosfer yaranıb, həddən artıq çox yerdə almanlarla bu xalqların nümayəndələri arasında konflikt, münaqişə faktları qeydə alınmağa başladı (Bu baxımdan Azərbaycan tarixçiləri bu gün Ermənistan və onun ayrı-ayrı xalqlarla, milli azlıqlarla, hazırkı müttəfiqi olan dövlətlərlə və b. ilə tarixən arasında baş verən münaqişələri araşdırsaydılar, Azərbaycanın ideoloji mübarizə işinə daha çox fayda verər və tarixi praktik bir elmə çevirərdilər, nəinki gecə-gündüz Albaniya, Atropatena və b.-nın tarixini araşdırmaqla – hansıların ki, nəticəsinin, onsuz da elmdə heç vaxt obyektiv kimi qəbul edilməyəcəyi qabaqcadan məlum ola-ola);
Bundan əlavə, 2001-ci ilin fevralında Avropa Birliyi ölkələrinin rəhbərlərinin Rusiyada görüş keçirdiyi günlərdə Rusiya ilə Avropa ölkələri arasındakı hər hansı yaxınlaşmaya mane olmaq üçün, ABŞ-ın kəşfiyyat idarələri ilə (Rusiyanın təbirincə) əlaqəli olan «Vaşinqton-Tayms» qəzeti, ABŞ-ın kəşfiyyat peyklərinin bu günlərdə Rusiya tərəfinin öz qərb sərhədlərinə olduqca böyük miqdarda nüvə silahı cəmləmək üzrə olduğunu aşkarlaması barədə məlumat yaydı (NTV t/v. 15.02.2001);
Siyasi partiyaların mütəmadi olaraq bir-birinin daxilində və ya hakim dairələrdə, yaxın vaxtlarda kadr dəyişikliyi olacağı və bu təbəddülatda konkret olaraq kimlərin qurban veriləcəyi və s. barədə guya, «mötəbər mənbələrdən alınmış», əslində isə provakasiya məqsədilə quraşdırılmış saxta informasiyalar (o cümlədən, təkcə birbaşa liderin dili ilə deyil, eyni zamanda, partiyanın, qurumun və s. nəzarətində olan mətbu orqanı vasitəsilə) yaymaları bu qəbildəndir. Hansının ki, nəticəsində istər-istəməz adı hallandırılan şəxs psixi diskomfort vəziyyətə düşüb, vəzifəsinə və liderinə şübhə ilə yanaşmağa başlayası, onunla bağlı ətrafındakılar arasında müəyyən dedi-qodu yaranası, və son olaraq, burada hansısa bir diskriminasiya formalaşasıdır.
V.5.2) Təbii olaraq belə ziddiyyətlər, problemlər yoxdursa, onlar süni yolla formalaşdırılır.
V.5.2.1) Bu məqsədlə ideoloji metodlardan (bax: «Təbliğat» bölümünə [burada səh. 52]) gen-bolluqla istifadə edilir. O cümlədən:
V.5.2.1.1) Rəqib cəbhəsi ixtiyari müştərək əlamətlər əsasında (məs., oxşar zövqlərə, baxışlara, maraqlara, ümumi dəyərlərə, ideallara, peşəyə, keçmişə və hətta ümumi fərqlərə, problemlərə, dərdlərə və s. maliklik əsasında) təsnif edilir və hər bir tərəf üçün fərqli təbliğat apararaq onların məhz bu əlamət üzrə qruplaşmasına və digərləri ilə öz arasında demarkasiya görməsinə nail olunur;
Məşhur Hind abidəsi olan «Kəlilə və Dimnə»nin əsas personajlarının aqibəti yəqin ki, oxuculara məlumdur. Burada meşələr şahı şirlə onun ən yaxın dostu və vəziri olan Şətraba adlı öküzü bir-birləri ilə düşmən salmaq üçün Dimnə adlı çaqqal onların hər biri ilə ayrılıqda dostluq edib hər birinin yanında digərinin qeybətini edir, hər birinə digərinin eyiblərini və onun barəsində olan əks fikirlərini çatdırır. Bununla da, getdikcə onların münasibətinin soyumasına və ən sonda da bir-biri ilə ölüm-dirim vuruşuna çıxıb, bir-birini parçalamasına nail olur.
ABŞ-ın hər bir millət üçün məhz onun öz dilində radio verilişləri yayımlamasının, düşmən düşdüyü dövlətə qarşı ilk tədbir kimi dərhal onun hər bir milli azlığının dilində ayrıca radioyayıma başlamasının başlıca səbəbi məhz budur.
V.5.2.1.2) Hər bir tərəf üçün onun özünün müsbət – yəni onun öz zövqü, baxışı və maraqları (norma və dəyərləri) ilə uyğun, əks tərəfinsə mənfi – yəni onun həmin meyarları ilə uyğun gəlməyən cəhətlərini qabardan təbliğat aparmaqla, onların hər birində yalançı, qürrə, təkəbbür, özünəinam, əks tərəfə qarşısa – həqarətli münasibət formalaşdırılır ki, eqoizmdən doğan antoqonistik meyl, gec-tez öz işini görüb münasibətlərə ‘‘virus salsın’’.
Nümunə üçün, məs., Qərbin postsosialist məkanında SSRİ dağılana qədər millətçilik, ondan sonra isə kosmopolitik əhval-ruhiyyəni təbliğ etməsi bu qəbildən olan təsirlərdən idi;
Deyilənlərə əks olan, yəni həmin tərəflərin nəzərində müsbət kimi xarakterizə oluna biləcək cəhətləri ört-basdır edilir, gizlədilir, yaxud aşkardırsa adiləşdirilir, dəyərsizləşdirilir, artistlik məhsulu kimi, hamıya məxsus adi hal kimi interpretasiya edilərək ikinci-üçüncü dərəcəli bir məsələ səviyyəsinə endirilir və s. (bir daha qeyd edirik ki, burada bütün hallarda deyilənlər bir təkcə ayrıca fərdlərə, o cümlədən, kiminsə nüfuzunu öz cəbhəsində aşağı salmaq məsələsinə yox, eyni zamanda, beynəlxalq arenada hansısa dövlətin əleyhinə kompaniya aparmaq məsələsinə də aiddir).
V.5.2.1.3) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bu cür faktlar süni olaraq quraşdırılıb yayılır, tərəflərin nəzərinə şayiələr, informasiya «sızdırmaları», eyhamlar və s. kanalları ilə çatdırılır. Kəmiyyət dəyişikliyi isə keyfiyyət dəyişikliyi törədib, gec-tez sosial partlayışa gətirib çıxarasıdır.
Nümunə üçün, məs., Almaniya İkinci Dünya Müharibəsi dövründə İngiltərə ilə ABŞ arasındakı ittifaqa xəsarət toxundurmaq məqsədilə, ABŞ-ın burada daha çox zəhmət və xərc çəkib, itkilər verməsi, İngiltərəninsə SSRİ-nin arxasında gizlənib, ABŞ və SSRİ-dən bir alət kimi istifadə etməsi, qələbələrəsə bərabər hüquqla şərik çıxması barədə yalançı statistik faktlar quraşdırıb yayırdı. («LIDER»t/v. 15.10.2000).
Bugünkü gündə Azərbaycanda yayımlanan xarici radiostansiyaların öz verilişlərində mütəmadi olaraq, buradakı işsizlik, təqaüdlərin azlığı, müxtəlif kateqoriyadan olan veteran və əlillərə sosial diqqətin olmaması və s. kimi problemləri qabartmaları bu qəbildən olan faktlardandır. Hansı ki, həmin Qərb keçmiş SSRİ-yə qarşı «Soyuq Müharibə» yürüdəndə, Qorbaçov «Yenidənqurma»sının nəzəri iqtisadi bazası kimi «Şok terapiyası» metodunun tətbiqini təkid edəndə, o cümlədən, «500-gün» proqramını rəsmi şəkildə ekspertizadan keçirib müsbət rəy verəndə, guya, bütün bunların məhz bu cür nəticələrə gətirib çıxaracağını bilmirdi. Həmçinin, böhran vəziyyətində olan iqtisadiyyatı dirçəltməyin başlıca metodu olan «Konyunktur siyasət»in qeyd-şərtsiz olaraq sosial xərclərin azaldılmasını tələb etdiyini, bu siyasəti Azərbaycanda tətbiq etməyin zəruriliyinin Qərbin nəzarətində olan beynəlxalq qurumların özü tərəfindən israr olunduğunu və F.Ruzveltin də, hələ 30-cu illərdə ABŞ iqtisadiyyatını məhz bu yolla xilas etdiyi, həmçinin məşğulluğun azalmasının iqtisadi tənəzzüllə qırılmaz rabitədə olması və tənəzzüldən tərəqqinin ilk pillələrinə qədəm qoyan bütün dövlətlərdə müşahidə olunduğu da, guya, onlara məlum deyil.
Bütün bunların əvəzində isə müxtəlif adamların şikayətlərini səsləndirərək ölkədəki problemləri qabartmaq və emosiyaları qızışdırmaqdansa, bu problemlərdən konkret çıxış yolları göstərmək, ümumən Azərbaycan və onun hər bir kasıb təbəqəsi üçün daha konkret yardım olardı;
Ümumi olaraq deyilənlərlə bağlı bir zəruri formulu yadda saxlamalı: İnsanlar arasındakı ümumiliklər, oxşarlıqlar onları yaxınlaşdırır, fərqlər – uzaqlaşdırır. İndividual aspektdən – ümumi dost və ümumi düşmən, ümumi məqsəd, ümumi xarakterioloji xüsusiyyət, ümumi dərd, ümumi problem, həmçinin sosial baxımdan – irqi, irsi, cinsi, dini, sinfi, milli, ideoloji, siyasi, mədəni və s. müştərəklik və i.a. insanları bir-birinə bağlayan bu cür tellərdəndir. Hansısa qrup və ya iki insan arasına nifaq salmaq üçün də məhz onlar arasındakı bu telləri qırmaq və gələcəkdə də yaranmasına imkan verməmək gərəkdir. Bunun üçünsə, nəinki hamıda eyni bir obyektə (şəxsə və ya məqsədə) qarşı eyni dərəcədə simpatiya, həm də, deyildiyi kimi, eyni dərəcədə antipatiya yaranmasına da yol verilməməlidir. Çünki, deyildiyi kimi, ümumi dərd və ümumi düşmən də, eyni dərəcədə insanları bir-birinə yaxınlaşdıran çox güclü amillərdəndir. Bunun üçünsə, parçalanması planlaşdırılan kütləyə, qrupa, cəmiyyətə hətta nifrət də elə aşılanmalıdır ki, onun bir hissəsinin nifrəti o biri hissənin nifrətinə oxşamasın...
V.5.2.2) Müxtəlif tərəfləri bir-birinin əleyhinə qaldırmaq üçün, həmçinin təşviqat metodlarından (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]) gen-bolluqla istifadə edilir. O cümlədən:
V.5.2.2.a) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. kimi metodlardan fəal istifadə edilir.
Rəqabətdə irəli çıxmaq və rəqibin uğurlarını azaltmaq üçün bəzi estrada müğənnilərinin bu fənddən geniş istifadə etdiyi faktı məlumdur. Belə ki, onlar öz rəqiblərinin konsertinin effektini aşağı salmaq üçün bu konsertdə pərakəndə şəkildə özlərinin xüsusi öyrədilmiş muzdlu adamlarını yerləşdirirlər ki, onlar da, axıra qədər adamlar arasında bu müğənninin səsini, geyimini, maneralarını və s. təhqir, tənə, həqarət atəşinə tutan əleyhtəbliğat aparırlar, hər hərəkətinə qarşı narazılıqlarını bildirirlər, həyatı barədə müxtəlif şayiələr, həqarətamiz əhvalatlar söyləyirlər. Onların adətən 3-4 nəfərlik kiçik qruplar şəklində yerləşmələri və belə halda bir-birini dəstəkləyərək bir-birinin fikrini yeni «arqumentlərlə» qüvvətləndirmələri, istər-istəməz izsiz itib getmir və yerləşdikləri ərazidə ətrafdakılara da sirayət edib, onların o qədər də müğənniyə aludə olub özünü unutmasına, trans vəziyyətinə düşüb fanatik hərəkətlər etməsinə, bir sözlə, konsertin lazımi səviyyədə qızışmasına imkan vermir.
əks fəndi isə, həmin artistlər özlərinə və ya öz yaxınlarına qarşı işlədirlər. Belə ki, qabaqcadan konsert zalında ayrı-ayrı yerlərdə qrup şəklində öz öyrədilmiş xüsusi adamlarını yerləşdirirlər ki, onların da funksiyası bu müğənni zala girib-çıxdıqda, ayrı-ayrı mahnıları ifa etməyə başlayıb-qurtardıqda, müxtəlif işarələr verdikdə və s. onu sürəkli alqış atəşlərinə tutmaq olur ki, bu da, təbii olaraq, dərhal bütün zalı yoluxdurur.
Analoji fənd siyasətdə də aktiv istifadə olunur. Məs., rəqib partiyaların bir-birinin mitinqinə deyilən qaydada öz xüsusi adamlarını yerləşdirib burada onların vasitəsilə emosiyaların lazımınca qızışmasına, kütlə rəyinin lazımi istiqamətə yön almasına imkan verməyən, mane olan pozuculuq fəaliyyəti həyata keçirməsi, təsirlər yayması və s. geniş yayılmış fəndlərdəndir. əksinə, öz mitinqləri zamanı kütlə arasında, pərakəndə qruplar şəklində, onların hər sözünü tərifləyib göyə qaldıran, sürəkli alqış atəşinə tutan öyrədilmiş öz adamlarını yerləşdirirlər ki, bu da, bütün kütləni yer-yerdən yoluxdurub, trans vəziyyətinə gətirmək üçün kifayət edir.
Deyilən fənd təcrübəli bir siyasətçini öz ölkəsində baş qaldıran qiyamlardan birini qansız-qadasız sakitləşdirməyə imkan vermişdi. Güc nazirlərinin də tərəddüd etdiyi bu qiyam zamanı, televiziya və radio vasitəsilə xalqa müraciət edib ölkədəki təhlükəli vəziyyəti onlara çatdıran rəhbər, digər kanalla gecə növbəsində işləyən işçiləri dərhal öz iqamətgahının ətrafına yığıb gətirməyi müvafiq orqanlara tapşırır. Müraciətdən dərhal sonra «rəhbərin iqamətgahının ətrafının sadə kütlə ilə dolması» və «yenilərinin də axın-axın axışıb bura gəlməsi», «rəhbərin müraciətinə cavabən ölkə əhalisinin onu dəstəkləməsi» və onların «qiyamçılara öz etirazını bildirməsi» və s. rəhbərin nəzarətində olan Kütləvi İnformasiya Vasitələri ilə operativ surətdə ölkədə yayımlanır. «Zəncir reaksiyası» və ya «domino effekti» hadisələrin sonrakı eskalasiyasını tənzimləyərək, ilkin kütlənin bura necə yığışması mexanizmindən xəbərsiz olan, eyni zamanda, belə tarixi hadisədə iştirak etmək həvəsində olan olduqca böyük miqdarda kütləni yoluxdurub buraya daşıyır ki, onların da enerjisi, istər bayaqdan tərəddüd edən nazirlərə və istərsə də qiyamçılara sirayət edərək situasiyanı həll edir;
Müxtəlif dövlətlərdə hansısa dini-missioner təşkilatların, ictimai, siyasi qurumların və b. sonradan hansısa xarici dövlət tərəfindən təşkil olunmasının, maliyyələşdirilməsinin və s. faktlarının aşkarlanması kimi geniş yayılan hal da bu kateqoriyadandır;
V.5.2.2.b) Ayrı-ayrı tərəfin, hətta sıravi nümayəndəsini də olsa, müxtəlif növlü təşviqat metodları ilə (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]), o cümlədən, aldatma, şirnikləndirmə, öyrətmə, qorxutma, təlqin və s. vasitəsilə əks tərəfin marağı ilə toqquşan deyilən tipli addımlar atıb, söz danışmağa, əlaqələr qurmağa, situasiyaya düşməyə və s. təhrik edilib, sonra da bu, lazımi provakasion kommentariya ilə əks tərəfin nəzərində qabardılır.
Nümunə üçün, məs., ABŞ-ın Yaxın Şərq siyasətinə aktiv əngəl törədən koalisiyanı, o cümlədən, konkret olaraq, ərəb Dövlətləri Liqası adı ilə tanınan bloku parçalayıb, neytrallaşdırmaq məqsədilə, ABŞ 1978-ci ildə Kemp-Devid razılaşması ilə bu Liqanın yaradıcısı və aparıcısı olan Misirə İzrailin bəzi güzəştlər etməsini (işğal etdiyi Misir ərazisindən öz qoşunlarını çıxarmasını) təşkil etdi. əvəzində isə Misir, əvvəla – bu yerdə İzrail qoşunlarının yerini «çoxmillətli qüvvələr»in tutmasına razılaşmalı idi və razılaşdı da (hansı ki, bu qüvvələr adı altında 1982-ci ildən burada, faktik olaraq, əsasən ABŞ hərbi bazaları yerləşdirildi); ikincisi – İzrailin işğal etdiyi fələstin torpaqlarını (İordan çayının Qərb sahillərini və Qəzza bölgəsini) onun muxtar ərazisi kimi qəbul etməli idi və etdi də; və Nəhayət, üçüncüsü – İzraillə diplomatik əlaqələr qurmalı idi və Misirin Sadat rejimi buna da razı oldu.
Üçtərəfli ABŞ-İzrail-Misir danışıqlarının nəticəsi olan bu fakt (Kemp-Devid razılaşması) – sonradan Misirin separat danışıqları kimi böyük hay-küylə ərəb dövlətləri arasında geniş reklam etdirildi və bütün bunların nəticəsi ondan ibarət oldu ki: (1) 1979-cu ildə ərəb Dövlətləri Liqası özünün yaradıcısı və aparıcısı olan Misiri bu Liqadan xaric etdi; (2) Ona qarşı İslam Konfransı Təşkilatı ilə birlikdə iqtisadi və diplomatik boykot qərarı qəbul etdi (o cümlədən, onunla bütün diplomatik münasibətlər kəsildi və ona kreditlər verilməsi dayandırıldı); (3) Liqanın qərargah-mənzili bu ölkədən Tunisə köçürüldü.
Lakin hansısa bir qardaş ərəb xalqına qarşı bunca sərt qərar da bütün Liqa üzvlərinin eyni dərəcədə ürəyincə deyildi və bu fikir ayrılığı, sonradan yerdə qalan digər Liqa üzvlərini də parçalamaq, təkləmək, qarşı-qarşıya qoymaq işində əhəmiyyətli rol oynaya bildi.
V.5.2.2.c) Onların adından, onların stili ilə bir-birinin marağına toxunan, anonim aksiyalar həyata keçirilir və məsuliyyət, müəlliflik onların öz üzərinə atılır və ya iş elə qurulur ki, tərəflər buna görə qeyd-şərtsiz olaraq bir-birindən şübhələnsinlər:
Nümunə üçün, məs., Yaponiya İkinci Dünya Müharibəsi ərəfəsində özünün bir addımlığı olan Filippində yerləşdirilmiş ABŞ hərbi bazalarını buradan aşağıdakı məzmunlu vərəqə ilə çıxarmağa müvəffəq olmuşdu:
«Zöhrəvi xəstəliklərdən qorunun!
Şübhəli davranışlı filippin qadınları ilə əlaqə səbəbindən, son vaxtlar zabit və əsgərlərimiz arasında zöhrəvi xəstəliklərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Adanın Yaponiya tərəfindən işğalı nəticəsində yaranan ağır maddi vəziyyət, filippin qadınlarını çox cüzi ərzaq müqabilində böyük həvəslə amerikan əsgər və zabitlərinə öz xidmətlərini təklif etməyə məcbur edir. Bundan əlavə, filippin qadınlarında amerikan oğlanlarına qarşı gün-gündən artan simpatiya da onların özlərini çox böyük həvəslə amerikan əsgərlərinin ixtiyarına verməsinə səbəb olan amillərdəndir. Filippin qadınlarında gigiyena barədə təsəvvürün olmaması səbəbindən isə onlar arasında xəstəlik daşıyıcıları olduqca böyükdür. Buna görə də, məsləhət görürük, tibbə məlum olan bütün qoruyucu vasitələrdən istifadə etməklə ehtiyat tədbirləri görəsiniz, müvafiq təhlükəsizlik qaydalarına riayət edəsiniz. Daha yaxşı olardı, ümumiyyətcə, ərli qadınlarla, bakirə qızlarla və ya nisbətən yaxşı tanıdığınız, etibar etdiyiniz qadınlarla əlaqədə olasınız.
ABŞ ordu komandanlığı!»
Vərəqənin məzmunundan göründüyü kimi, burada elə bir əhəmiyyətli, ciddi bir şey yoxdur. Sadəcə, o, ABŞ hərbi rəhbərliyi tərəfindən, Filippindəki öz əsgər və zabitlərinin təhlükəsizliyini qorumaq məqsədilə, ehtiyat tədbiri kimi tərtib edilib, yazılıb, vəssalam. əslində isə, sən demə o, Yaponiya xüsusi idarələri tərəfindən tərtib edilib və Filippinin yerli əhalisi üçün nəzərdə tutulubmuş. əsasən, mülki əhali arasında səpilən bu vərəqələr çox tezliklə ölkənin hər yerində yayıldı. Amerikalıların onlar barədə, onların anası, bacısı, ailəsi barədə olan bu cür həqarətli münasibətindən və «tövsiyyəsindən» «xəbər tutan», hiddətlənən filippin xalqı (ələlxüsus, kişilər) yer-yerdən amerikan əsgərlərinə, ABŞ-ın buradakı hərbi bazalarına qarşı kütləvi etiraz aksiyalarına, təxribat əməllərinə başladılar. Müxalifət bu oda daha da, benzin tökməklə məşğul oldu. Ölkə anti-amerikan əhval-ruhiyyəsi ilə alışıb-yandı. Nəticədə, ABŞ öz bazalarını buradan çıxarmaq məcburiyyətində qaldı (Ermənistandan indiki rus qoşunlarını və gələcəkdə ola biləcək xarici bazaları çıxarmaq üçün də, kiməsə minnət etmədən, bu metodun müəyyən variasiyalarından istifadə etmək fayda verə bilərdi).
Hazırda ayrı-ayrı dövlətlər arasındakı münasibətə xələl gətirmək üçün müxtəlif dövlətlərin xüsusi idarələri bu fənddən aktiv istifadə edir. Məs., təqribən 2000-ci ildə Türkiyədə baş verən terror aktlarından bir neçəsində aksiyadan bir müddət sonra özlərini hansısa islam təmayüllü təşkilatların üzvü kimi təqdim edən anonim şəxslər zəng vurub məsuliyyəti öz üzərlərinə götürürlər. İstintaq nəticəsində bu əməliyyatların bəzilərinin həqiqi günahkarlarını üzə çıxarmaq mümkün oldu. Məlum oldu ki, bunların hər hansı islam təşkilatı ilə heç bir əlaqəsi olmayıb və aksiya Türkiyənin İranla o vaxtkı bəzi yaxınlaşmalarının qarşısını almaq üçün ayrı-ayrı dövlətlərin xüsusi idarələri tərəfindən qurulub, və ya təşkil edilibmiş.
V.5.2.2.d) Buraya planlı demoqrafik müdaxilə edilir, başqa sözlə, sosial «genlərə» məqsədli müdaxilə yolu ilə müxtəlif ictimai paradiqmaların balansı reqlamentləşdirilir, ayrı-ayrı etnik atributların dominantlıq nisbəti dəyişdirilərək, sosial palitra planlı transformasiyaya uğratdırılır. Başlıca metodlarından bir neçəsi aşağıdakılardır:
Planlı «Qarışıq nigah» siyasəti: Bu, fərqli etnos nümayəndələrinin qarşılıqlı izdivacının stimullaşdırılması vasitəsilə həyata keçirilən demoqrafik siyasət növüdür. Bu halda, ailə institutu, ümumi ailə dili və dəyərləri naminə, tərəflərdən ən azı birini öz milli ‘‘Mən’’indən imtina etməyə vadar edir ki, bundan da son nəticədə qazanan hansısa bir universal dil (yəni beynəlxalq dil, ümumi dövlət, ümumimperiya dili – əgər bu millətlərin hər ikisi onun nəzdindədirlərsə və s.) olur. Bu dilinsə onlardan hər hansı birinin doğma ana dili olub-olmaması burada əhəmiyyət kəsb etmir. Burada yeni doğulan körpələr gözlərini ilk açdığı gündən ailədə ümumi ünsiyyət vasitəsi kimi bu dillə rastlaşdığından isə (çünki bir-neçə il ata-anadan hansısa birinin digərinin dilinə yiyələnməsi üçün heç cür kafi deyil) – o faktik olaraq, uşağın doğma dilinə çevrilir və gələcək təlim-tərbiyəsinin də əsasını təşkil edir. Valideynlərin özləri də, adətən bu cür beynəlmiləl uşaqların kosmopolitik ruhda böyüməsində və nisbətən geniş məkana çıxmağa imkan verən universal bir dildə təhsil almasında maraqlı olduğundan, son nəticədə bütün bunlar periferik sosial sivilizasiyada «demoqrafik dəlik» yaradaraq, onun cəbri silsilə üzrə deqradasiya və assimilyasiyasına, hakim sosial sivilizasiyanınsa həndəsi silsilə üzrə tərəqqi və təkamülünə gətirib çıxarır;
Planlı miqrasiya siyasəti: Yerdəyişmənin stimullaşdırılması yolu ilə ayrı-ayrı coğrafi areallarda mental enerjinin neytrallaşdırılması üsuludur. Dünyanın etnik xəritəsi ilə coğrafi xəritəsi arasında sırf paralellik əlaqəsi mövcud olduğundan və müxtəlif etnosların yayılma arealı konkret məkan limiti ilə məhdudlaşdığından, istənilən fərdin müəyyən radius hüdudundan kənara çıxması da, onun əks-mütənasiblik qanunu üzrə, mental diskomfortluğunun artmasına və müəyyən dil, mədəniyyət baryerləri ilə qarşılaşmasına gətirib çıxarır. Başqa sözlə, bu perimetrlərdən kənarda fərd, məs., informasiya və təhsil almaq, ünsiyyətə daxil olmaq və s. kimi məsələlərdə dil problemi ilə üzbəüz qalır ki, bu problemini həll və diskomfortluğunu kompensasiya xatirinə, o, ya yeni arealın dilini öyrənmək məcburiyyətində qalır, ya da çox əksər hallarda olduğu kimi, bu məqsədlə hansısa bir universal dilə üstünlük verir. Analoji problem onun övladlarının və digər sonrakı nəsillərinin də qarşısında durduğundan, onlar, faktik olaraq, mental transformasiyaya uğrayaraq, assimilyasiya olunurlar;
Planlı immiqrasiya siyasəti: Yuxarıda deyilənlər verilmiş arealda qeyri-dominant olan etnik qrup nümayəndələrinin fərdi formada miqrasiyasına aid idi. Bu arealda dili universal ünsiyyət vasitəsi kimi qəbul edilmiş etnos nümayəndələrinin, istənilən formada miqrasiyası onların qarşısında bu cür problemlər doğurmur və onların milli ‘‘Mən’’inin deqradasiyasına gətirib çıxarmır. Belə ki, deyilən arealda periferik (resessiv) etnosun nümayəndəsinin mental məkanı, faktik olaraq, onun dövlət (millət) sərhədləri ilə məhdudlaşdığı halda, dominant etnosun mental məkanı bu sərhəddən çox-çox uzaqlara gedib çıxır və bütövlükdə həmin arealı əhatə edir. Nümunə üçün, məs., Zaqataladan o yanda Azərbaycan dili öz funksiyasını itirdiyi halda, ingilis dili üçün bu baryer praktik olaraq dünyanın sivil cəmiyyətlərinin heç birində yaranmır (hətta ingilisdilli dövlətlərin siyasi təsir dairəsindən kənar olan dövlətlərdə də). Məhz bu incə məqam da, resessiv (periferik) və dominant xalqların miqrasiyalarında asimmetriya meydana çıxarır. Belə ki, bu birincilər – öz yerlərini dəyişdiyi halda mental dissonasla üzləşib öz milli ‘‘Mən’’inini tam və ya qismən itirmək məcburiyyətində qaldığı halda, ikincilər – getdikləri yerə özləri ilə birlikdə öz mentalitetlərini də daşıyır və, faktik olaraq, missionerlik funksiyasını həyata keçirirlər. Bütün bunlarsa, son olaraq, beynəlxalq miqrasiyanın istənilən formasında, o cümlədən, immiqrasiya halında, kiçik xalqların assimilyasiyası hesabına böyük xalqların mental dividentlər əldə etməsi ilə nəticələnir.
HAŞİYə: Deyilən hal təsnifat baxımından millətlər və mədəniyyətlər arasındakı münasibətin könüllü assimilyasiya kateqoriyasına aid olan haldır. Ümumi halda, etnoslararası münasibətin dörd əsas forması mövcuddur: genosid, assimilyasiya, seqreqasiya və inteqrasiya. Mövzudan irəli gələrək, problemlə əlaqədar nisbətən daha dolğun təsəvvür formalaşdırmaq məqsədilə bu münasibətlərin hər biri və onların nəticələri barədə müxtəsər nəzəri arayış:
1) Genosid – sayca və ya texnoloji baxımdan dominant mövqedə olan bir etnik və ya mədəni qrupun kontakta daxil olduğu digər etnik və ya mədəni qrup üzvlərini fiziki cəhətdən məhv etməsidir. Bunun əsaslandırılması və ya bəraətləndirilməsi üçünsə adətən məhv edilən tərəfin irqi, etnik və ya psixi cəhətdən natamam olması tezisi irəli sürülür. Psixoloji baxımdan bu – başqa həyat tərzinə, dünyanın bir başqa mənzərəsinə (etnik və ya mədəni cəhətdən) onu daşıyanların fiziki məhv edilməsinə qədər patoloji dözümsüzlüyün ifadəsidir. Bu dözümsüzlüyün əsasında isə öz dünya mənzərəsinin düzgünlüyünə və universallığına, öz «Mən»inin müsbət obrazına qarşı şübhə təhlükəsi durur ki, bunun da nəticəsində işə düşən psixoloji müdafiə mexanizmləri əks tərəfə qarşı nifrət və aqressivliyə gətirib çıxarır;
2) Assimilyasiya – bir etnik və ya mədəni qrupun könüllü və ya məcburi surətdə dominant olan digərinin adət-ənənəsinə dəyərlərinə, həyat stilinə adaptasiya olunmasıdır. Bir neçə nəsildən sonra azlıq təşkil edən tərəfin üzvləri mədəni və hətta fiziki baxımdan dominant olan tərəfdən seçilmir ki, bu da faktik olaraq həmin azlığın itməsi deməkdir. Psixoloji baxımdan assimilyasiya – bir başqa meyarlara dözümsüzlüyün nisbətən «yumşaq» formasıdır. Burada da, eynilə həmin psixoloji mexanizmlər fəaliyyət göstərir. əsasən iki variantı mövcuddur: könüllü və məcburi assimilyasiya. Könüllü assimilyasiya o zaman baş verir ki – fərd özünü daha kütləvi və daha güclü qrupa aid etməklə mümkün aqressiyalardan qorunmaq və daha yaxşı həyat tərzi əldə etmək məqsədi güdür ki, özlüyündə bu addımı ilə həmin «daha kütləvi və daha güclü» qrupun müsbət obrazını bir qədər də gücləndirmiş olur. Məcburi assimilyasiya isə – artıq real olan təhlükədən xilas olmaq zərurəti qarşısında baş verir ki, burada artıq xilas olmaq üçün öz mənəvi «Mən»ini qurban verməkdən savayı özgə çıxış yolu olmur;
3) Seqreqasiya – milli və ya mədəni qrupların bir-birindən təcrid şəraitdə eyni cəmiyyətdə birgəyaşayış halıdır. Bu təcridçiliksə:
a) istər dominant; və istərsə də,
b) periferik mövqedə olan qrupun təşəbbüsü, arzusu ilə baş verə bilər.
Bu birinci halda – dominant tərəf periferik tərəfi bu yolla müəyyən zəruri mövqelərdən uzaqlaşdırır;
İkinci halda – milli azlıq milli mənsubiyyət və beynəlmiləl nigahların yasaqlaması əsasında bu yolla ayrıca status, mədəni muxtariyyət, milli məktəblər, torpaq mülkiyyəti, digər mülkiyyət əldə edir. Psixoloji baxımdan bu halda bir qrup ona yad olan bir başqa dünyagörüşə malik digər bir etnik və ya mədəni qrupun mövcudluğuna psixoloji planda «yol verir» – lakin bir növ müəyyən bir distansiyada. Həmin bu distansiyasa dünyanın ona yad digər «mənzərəsini» süni aradan qaldırmaqla öz «Mən»inin müsbət obrazını qoruyub saxlamaq üçün zəruridir.
4) İnteqrasiya – hər ikisi üçün eyni əhəmiyyət kəsb edən vahid cəmiyyətdə birləşən fərqli qrupların uzunmüddətli kontakt şəraitində hər ikisinin öz mədəni individuallığını qoruyub saxladığı birgəyaşayış prinsipidir. əgər yuxarıda izah edilən variantlarda öz «mən»inin müsbət obrazı özünə yad xüsusiyyətlərə malik millətlərin (genosid), mədəniyyətlərin (assimilyasiya) və ya onlarla kontaktın (seqreqasiya) məhvi hesabına qorunub saxlanırdısa, burada o, bir başqa həyat tərzi, «dünyanın özgə mənzərəsi» ilə diffuziya hesabına daha da zənginləşdirilir, rəngarəngləşdirilir.
İerarxik baxımdan izah edilən bu variantların ardıcıllığı bəşər təfəkkürünün inkişaf dialektikası ilə üst-üstə düşür. Belə ki, genosid – vəhşi heyvanlara və sivilizasiyanın aşağı pilləsində duran millətlərə xasdırsa, sivilizasiya pilləsinin daha ali pillələrinə doğru getdikcə, ardıcıl olaraq, yerdə qalan o biri münasibətlər müşahidə olunur. Monomilli dövlət olan Ermənistanla, ərazisində yüzə yaxın fərqli millətin bir neçə min ildir mehriban qonşuluq və inteqrasiya şəraitində yaşadığı Azərbaycanın bu kateqoriyalardan hansına aid olduqlarını əsaslandırmağa elə bilirik heç bir ehtiyac yoxdur.
Son olaraq, sadalanan variantlar prizmasından bəşəriyyətin etnik gələcəyi barədə bəzi proqnozlar: Amerikan sosioloqu və filosofu Samuel Hantinqton özünün «Sivilizasiyalar çarpışması» əsərində iyirmibirinci əsrdə Yer üzündə mövcud olan bütün sivilizasiyaların (ələlxüsus, Konfusiyaçılıq, İslam və müasir Qərb sivilizasiyası triadasının) ölüm-dirim savaşına başlayacağını və bu mübarizədə müasir Qərb sivilizasiyasının qalib gələcəyini proqnozlaşdırdığı elmi dairələrdə məşhurdur. Bizim bu kitabımızdan da məqsəd məhz hantinqtonların proqnozlaşdırdığı bu təhlükənin reallığını arqumentlərlə əsaslandırmaq və bu dinamikada təkamülün marşrutunu hamı üçün azeffektli olan assimilyasiyadan hamı üçün mənfəətli olacaq inteqrasiyaya sarı yönəltmək üçün öz şəxsi layihəmizi həyata keçirməkdən ibarətdir.
V.5.2.2.e) Buraya planlı mədəni müdaxilə edilir, başqa sözlə, bu halda assimilyasiya siyasəti mənəvi dəyərlərə ekspansiya yolu ilə həyata keçirilir. Daha dəqiq desək, bu variantda zəif dövlətlərə planlı mədəni müdaxilə edilərək, onun mənəvi deqradasiyası və dezoriyentasiyası hesabına assimilyasiya və inhisarına nail olunur. Başlıca metodlarından bir neçəsi aşağıdakılardır:
Planlı maarifləndirmə yolu ilə ideoloji dezoriyentasiya siyasəti: Bu halda etnosun mental deqradasiya və assimilyasiyası, onun norma və dəyərlərinin ideoloji diversiya vasitəsilə transformasiyaya uğratdırılması hesabına həyata keçirilir. Başlıca vasitəsi maarifləndirmədir. Bunun üçün etnosun gələcək norma və dəyərlər sisteminin müəyyənləşdiriciləri olan bugünkü intellektual gənclik pulsuz təhsil keçmək adıyla səfərbər olunub aparılıb, ideoloji dezoriyentasiya etdirilərək geri qaytarılır; eyni ad altında və eyni məqsədli pulsuz kurslar, ali və orta təhsil müəssisələri elə buranın özündə təşkil edilir; lazımi məzmunlu ədəbiyyatın, o cümlədən, lazımi oriyentasiyalı dərsliklərin (məs., beynəlxalq hadisələrə ‘‘lazım olan’’ bucaqdan baxan tarix dərsliklərinin) yazılması və çapı həmin bu ‘‘sivilizator’’ dövlətlərin nəzarətində olan qeyri-hökumət statuslu təşkilatların (məs., «Sorus fondu» və b.-nın) xətti ilə stimullaşdırılır və ya təşkil edilir; eyni kanallarla intellektual gəncliyin lazımi oriyentasiyalı xarici konfranslara ezamiyyəti maliyyələşdirilir, təşkil edilir; yenə də həmin kanallarla bu cür ideoloji oriyentasiyalı konfranslar, müsabiqələr, seminarlar və s. elə buranın özündə keçirilir; və s.
Sivilizasiya ixracı siyasəti: Lazımi sivilizasiya buraya kütləvi tirajlarla müvafiq incəsənət kanalları ilə (film, ədəbiyyat, musiqi və s. formasında) ixrac edilir; ‘‘sivilizator’’ dövlətin alimləri bu sivilizasiyanın başqalarından daha ‘‘üstün’’, daha ‘‘müasir’’, daha ‘‘tərəqqipərvər’’ olmasını, yerli xalqın mədəniyyətininsə ‘‘köhnəldiyini’’, ‘‘qeyri-sivil’’, ‘‘qeyri-mükəmməl’’ olduğunu və s. hər vasitə ilə onlara «sübut» etməyə çalışır; iqtisadçıları – onu özləri ilə birlikdə ayaqları dəydikləri ərazilərə daşıyır, buralarda onun kök salıb, intişar tapması üçün müvafiq seminarları, konfransları, ədəbiyyatları və s. maliyyələşdirir; siyasətçiləri – onun beynəlxalq normalar tərəfindən tanınması və beynəlxalq standartların hazırlanmasında nəzərə alınması istiqamətində iş aparır və s.
HAŞİYə: Bu və bundan əvvəlki bənddə (V.5.2.2.d və V.5.2.2.e-də) sadalananlardan onların icraçısı olan tərəflərin son məqsədisə ondan ibarətdir ki, əvvəla – özünün ‘‘mədəni’’ ideal və prinsiplərini lazımi ərazilərdə yaymaqla bu ərazinin əhalisini mənəvi-əxlaqi cəhətdən özündən asılı vəziyyətə salmaq, ikincisi – orada çoxdan formalaşmış mədəni-etnik təsəvvürləri, inam və baxışları, norma və dəyərlər kompleksini, stereotipləri və s. qırmaq, dağıtmaqla milli şüurun deqradasiyasına və sosial sferada dinamik tarazlığın pozulmasına nail olmaq; Nəhayət, sonuncusu – bu cür ekspansiya yolu ilə burada milli şüurun sivil transformasiyasını törədib, həmin millətin assimilyasiyasına və perspektivdə bu ölkəni özünün gələcək əyalətlərindən, muxtariyyətlərindən, ştatlarından birinə çevirmək işinə baza yaratmaq.
Hazırda dünya xalqlarının əksəriyyətinin milli mədəniyyətlərinin Qərbin (ələlxüsus ABŞ-ın) «kütləvi mədəniyyət» deyilən sivilizasiyasının bu cür hücumu qarşısında məhvə doğru sürükləndiyi göz önündədir. Məsələni fatal məcraya yönəldən amillərdən daha birisi də, beynəlxalq informasiya kanalları və beynəlxalq səviyyədə yayılan informasiyalar üzərində monopoliyanın məhz Qərbə (bunun 70%-inin ABŞ-a) məxsusluğu və milli mədəniyyətlərin, dillərin, mentalitetlərin bu cür rinqə çıxıb, bərabər rəqabət apara bilmələri üçün praktik imkanlarının yoxluğudur. Bu rinqə çıxa bilənlərsə, ya hansısa məqamda Qərbin marağına xidmət edə bilən detallardır, ya müvafiq transformasiyaya məruz qoyularaq Qərb düşüncə stilinin süzgəcindən keçirilir, qəlibinə salınır, ya da müəlliflik hüququ oğurlanaraq Qərb sivilizasiyasının çalarlarından biri kimi təqdim edilir.
Dostları ilə paylaş: |