Corc oruell



Yüklə 454,5 Kb.
səhifə5/8
tarix28.01.2017
ölçüsü454,5 Kb.
#6547
1   2   3   4   5   6   7   8

İş ağır olsa da həmin yay heyvanların yaşayışı o qədər də pis deyildi. Yemək Consun vaxtındakından çox olmasa da, hər halda az da sayıla bilməzdi. Həm də indi onlar yalnız özlərini yedirmək qayğısına qalırdılar. Daha beş nəfər Insan adlanan, əlini ağdan-qaraya vurmayan tənbəl, bədxərc məxluqu saxlamaq haqqında düşünmürdülər. Bu elə güclü hiss idi ki, heyvanları bir çox məhrumiyyətlərə sinə gərməyə məcbur edirdi. Məhz heyvan kimi işləmək bəzi hallarda səmərəliliyi artırır və əməyi yüngülləşdirirdi. Məsələn, insan heç zaman tarlaları heyvanlar qədər yaxşı gübrələyə bilməzdi. O biri tərəfdən, indi heç bir heyvan oğurluq etmədiyindən otlaqları əkin yerlərindən ayıran çəpərlərin çəkilməsinə və təmirinə ehtiyac qalmırdı. Amma bütün bunlara baxmayaraq yayda gözlənilməz çətinliklər özünü göstərməyə başladı. Parafin yağı, mismar, məftil, it biskviti, nal almaq lazım idi. Bu məhsulların heç biri fermada istehsal olunmurdu. Sonra toxum və süni gübrələrə ciddi ehtiyac olduğu aşkara çıxdı. Digər tərəfdən, müxtəlif iş alətləri, nəhayət dəyirman üçün avadanlıq da alınmalı idi. Bütün bunların hansı yolla əldə ediləcəyini heç kəs təsəvvürünə də gətirə bilmirdi.

Bir bazar günü səhər heyvanlar həftəlik tapşırıq almağa toplaşanda Napoleon yeni siyasi kursa keçməklə bağlı qərar qəbul etdiyini bildirdi. Artıq Heyvanıstan qonşu fermalarla ticarət əməkdaşlığına başlayır. Təbii ki, məqsəd qazanc əldə etmək deyil. Sadəcə son dərəcə zəruri olan mal və materialları almaq lazımdır. "Hər şey dəyirman tikintisinin tələblərinə tabe tutulmalıdır!" - deyə vurğulayan Napoleon bir neçə ot tayasını və bu ilki buğda məhsulunun bir hissəsini, habelə gələcəkdə pula ehtiyac yaranarsa, Uillinqton bazarında yumurtaları satmaq fikrində olduğunu bildirdi. Napoleon istehsal etdikləri məhsulun satılmasının toyuqların dəyirman tikintisinə töhfəsi kimi alqışladığını ayrıca diqqətə çatdırdı.

Əvvəlcə heyvanlar pərtlik hissi keçirdilər. Heç vaxt insanlarla əlaqə saxlamamaq, heç vaxt ticarətlə məşğul olmamaq, heç vaxt puldan istifadə etməmək-məgər Consun fermadan qovulmasından sonra ilk təntənəli toplantıda bütün bu məsələlər barəsində yekdilliklə qərar qəbul olunmamışdı? Heyvanlar hamısı həmin qətnamələri yaxşı xatırlayırdılar.Ən azı onların yaddan çıxmadığını düşünürdülər. Napoleon Məşvərət şurasının iclaslarını qadağan edən zaman etirazlarını bildirmək istəyən dörd donuz yenə də çəkinə-çəkinə səslərini qaldırmaq istədilər. Lakin itlərin qəzəbli mırıltısı onları dərhal sakitləşdirdi. Sonra həmişəki kimi qoyunlar "Dörd ayaq yaxşıdır, iki ayaq pis!"-deyə xorla mələşdilər və ani pərtlik hissi aradan qalxdı. Napoleon ayağını qaldıraraq hamını sakitliyə çağırdı, məsələ ilə bağlı artıq lazımi göstərişlər verdiyini bildirdi. Həm də heyvanlardan heç birinin etimad doğurmayan Insan adlı məxluqla ünsiyyətinə əsla ehtiyac olmayacaqdı. Bu ağır yükü Napoleon öz çiyinlərinə götürürdü. Uillinqtonda yaşayan vəkil Uimper Heyvanıstanla qalan dünya arasında vasitəçilik etməyə razılıq vermişdi. Bundan sonra o, hər həftənin birinci günü səhər lazımi təlimatlar almaq üçün fermaya gələcəkdi. Napoleon nitqini həmişə olduğu kimi "Yaşasın Heyvanıstan!" şüarı ilə bitirdi. "Ingiltərə heyvanları" himni ifa olunduqdan sonra hamı dağılışdı.

Həmin gün Çığırğan fermanı dolaşıb heyvanları bir də sakitləşdirdi. O, hamını inandırırdı ki, ticarətlə məşğul olmamaq və puldan istifadə etməmək barəsində qərar yoxdur, ümumiyyətlə belə təklif verilməyib. Onun dediyinə görə bütün bunlar mənasız uydurmalardan və Snoubollun dövriyyəyə buraxdığı yalanların əks-sədasından başqa bir şey deyildi. Lakin bir neçə heyvan hələ də şübhə içində qaldıqlarından Çığırğan bic-bic onlardan soruşurdu: "Bütün bunları sadəcə yuxuda görmədiyinizə əminsiniz, yoldaşlar? Əlinizdə həmin qərarların yazılı mətni var? Onlar haradasa yazılıb?". Həqiqətən əldə heç bir yazılı mətn olmadığından heyvanlar bütün bunları sadəcə yanlışlıq kimi qəbul etmək firki ilə razılaşdılar.


Mister Uimper razılaşdırıldığı kimi hər bazar ertəsi səhər fermaya gəlirdi. O, iri bakenbardlı, balaca boylu, sifətindən hiyləgərlik yağan bir adam idi. Xırda vəkilliklə məşğul olurdu. Lakin Heyvanıstanın nə vaxtsa vasitəçiyə ehtiyac duyacağını və bu işdən yaxşı qazanc götürmək mümkün olduğunu hamıdan əvvəl anlaya bilmişdi. Hər dəfə vəkilin gəldiyini görən heyvanlar səbəbini anlamadıqları qorxu keçirir və ondan mümkün qədər uzaq olmağa çalışırdılar. Amma istənilən halda Napoleonun dörd ayağı üstündə dayanıb ikiayaqlı mister Uimperə əmrlər verməsi heyvanların qəlbini qürur hissi ilə doldurur və onları yeni qaydalarla qismən də olsa barışmağa vadar edirdi. Indi onların insan nəsli ilə münasibətləri əvvəlki vaxtlardakından xeyli fərqlənirdi. Heyvanıstanın tərəqqiyə qovuşduğunu görən insanların qəzəb və nifrəti daha da artmışdı. Bir vaxtlar bütün insanlar fermanın gec-tez iflasa uğrayacağının, dəyirman tikintisini isə uğursuzluqla başa catacağının labüd olduğunu danışırdılar. Pivəxanada görüşərkən onlar müxtəlif sxem və diaqramları bir-birlərinə göstərib dəyirmanın mütləq uçacağını iddia edir, hətta uçmasa belə heç zaman işləməyəcəyini deyirdilər. Ancaq ürəklərində əsla istəməsələr də, öz işlərini baçarıqla idarə edən heyvanlara get-gedə artan hörmətlərini də gizlətmirdilər. Münasibətlərin dəyişməsinin əlamətlərindən biri də insanların fermanın keçmiş "Malikanə" adından imtina etmələri və onu yeni adı ilə "Heyvanıstan" adlandırmaları idi. Onlar artıq özü də fermanın nə vaxtsa geri qaytarılacağına ümidini itirən və başını götürüb harasa gedən Consun iddialarını müdafiə etməkdən əl çəkmişdilər. Hələlik mister Uimperin vasitəçiliyi istisna olunmaqla Heyvanıstanla qalan dünya arasında elə bir əlaqə yox idi. Lakin Napoleonun ya Foksvuddan mister Pilkinqton, ya da Pinçfilddən mister Frederiklə müəyyən iqtisadi razılaşmalar əldə etməsi barəsində şaiyələr gəzib dolaşırdı. Lakin onların hər ikisi ilə eyni vaxtda heç bir danışıq aparılmırdı.

Bu hadisə donuzların gözlənilmədən ferma binasına köçüb orada yaşamağa başladıqları vaxta təsadüf etmişdi. Heyvanlar yenə Üsyandan dərhal sonra evdə yaşamaq əleyhinə qərar çıxarıldığını yada salmağa başladılar. Yenə də Çığırğan onları heç vaxt belə bir qərarın qəbul edilmədiyinə inandırmalı oldu. O deyirdi ki, fermanın beyni olan donuzlara işləmək üçün sakit şərait lazımdır. Digər tərəfdən, Rəhbərin (son vaxtlar o, Napoleonun adı gələndə yalnız bu kəlmədən instifadə edirdi) nüfuzu onun tövlədə deyil, evdə yaşamasını tələb edir. Donuzların yalnız qonaq otağında dincəlmək və mətbəxdə yeyib-içməklə kifayətlənmədiklərini, həm də yorğan-döşəkdə yatdıqlarını eşidən bəzi heyvanların bu xəbərdən qanları lap qaraldı. Bokser "Napoleon həmişə haqlıdır!" şüarı ilə söz-söhbətə son qoymaq istədi. Lakin heyvanların yorğan-döşəkdən istifadəsi əleyhinə qərarı yaxşı xatırladığını düşünən Klover anbarın arxa divarına yaxınlaşdı və Yeddi Prinsipi höccələməyə başladı. Sonda ayrı-ayrı hərfləri oxumaqdan başqa heç bir çey bacarmadığını görüb Mürieli köməyə çağırmalı oldu.

-Müriel, Dördüncü Prinsipi mənə oxu. Orada yorğan-döşəkdə yatmaq əleyhinə bir şey deyilmir ki?

Müriel çətinliklə də olsa, mətni oxudu.

-Burada yazılıb ki, "Heyvanlar mələfə çəkilmiş yataqda yatmırlar".

Yaddaşından heç vaxt şikayətlənməyən Klover Dördüncü Prinsipdə mələfələr haqqında bir şey deyildiyini xatırlaya bilmirdi. Lakin divarda belə yazılmışdısa, deməli belə olmalı idi. Təsadüfən elə bu vaxt Çığırğan iki-üç köpəyin əhatəsində oradan keçirdi. O, dərhal məsələyə aydınlıq gətirdi:

-Yoldaşlar, yəqin indi biz donuzların ferma bunasındakı yataq otaqlarında, çarpayılarda yatdığımızı eşitmisiniz. Niyə də yatmayaq? Siz güman edirsiniz ki, yataqla bağlı hər hansı bir qadağa vardı? Yataq nədir? Yatmaq üçün yer. Yəni, tövlənin yerliyinə döşənmiş bir qucaq saman da yataqdır. Qadağa isə yatağa deyil, özünə hər yerdə rahatlıq axtaran Insanın icad etdiyi mələfəyə qarşıdır. Biz yorğan-döşəklərin üzündən mələfələri götürüb atmışıq və sadəcə odeyala bürünüb yatırıq. Insanların yataqları rahat imiş. Lakin bizim-bütün əqli əməyi öz üzərinə götürmüş donuzların tələblərinə cavab verəcək dərəcədə rahat deyildir. Yoldaşlar, əminəm ki, bizi istirahət hüququndan məhrum etmək haqqında düşünmürsünüz. Gündəlik ağır işlərimizi yerinə yetirərkən tamam yorulub əldən düşməyimizi istəmirsiniz. Nəhayət inanıram ki, heç biriniz Consu yenidən görmək fikrində də deyilsiniz, elədirmi?

Heyvanlar dərhal belə fikirdə olmadıqlarını bildirdilər və yataqla bağlı söz-söhbətə də son qoyuldu. Odur ki, bir neçə gün sonra donuzların səhərlər qalan heyvanlardan bir saat gec yuxudan oyanacaqları elan olunanda heç bir şikayət eşidilmədi.

Payızda heyvanlar hamısı yornuq düşmüşdülər, lakin xoşbəxt idilər. Il ağır olmuşdu. Otun və dənin bir hissəsi satılandan sonra qış üçün ərzaq ehtiyatları yetərli deyildi. Bütün ümidlər dəyirmana bağlanmışdı. Burada isə işlərin ancaq yarısı görülmüşdü. Biçindən sonra aydın, quru havalar xeyli çəkdi. Heyvanlar həmişəkindən daha çox işləyirdilər. Bütün günü ağır daşlarla əlləşir və dəyirmanın divarlarının daha bir neçə fut qalxdığını görüb sevinirdilər. Biçin vaxtı Bokser hətta gecələr də gəlir, ay işığında bir-iki saat işləyirdi. Istirahət vaxtı heyvanlar yarımçıq dəyirmanın ətrafında dövrə vurur, dik yuxarı qalxan qalın divarlara heyranlıqla baxır və özlərinin belə bir bina tikmək bacarıqlarına təəccüblənirdilər. Yalnız qoca Bencamin dəyirmanla bağlı heyranlığı bölüşmürdü. Eyni zamanda eşşəklərin hamıdam çox yaşamaları haqqındakı məsxərəçi sözlərini çıxmaq şərti ilə nə isə başqa bir söz dediyini eşidən də olmamışdı.

Nəhayət, soyuq cənub-qərb küləkləri ilə noyabr ayı gəldi. Tikinti dayandı, çünki yağış beton qarışdırmağa imkan vermirdi. Bir gecə elə dəhşətli tufan qalxdı ki, ferma binası bünövrəsi üzərində silkələnməyə başladı, anbarın damından bir neçə kirəmit qopub yerə düşdü. Yuxudan ayılan toyuqlar qorxu içində vurnuxmağa və qaqqıldaşmağa başladılar. Onlara elə gəlmişdi ki, yaxınlıqda tüfəng atılır. Səhər heyvanlar bayraq dirəyinin sındığını, bağçadakı küknar ağacının isə turp kimi kokündən çıxıb böyrü üstə düşdüyünü gördülər. Təpəyə tərəf baxanda heyvanların sinəsindən fəryad səsləri qopdu. Gözləri önündə dəhşətli bir mənzərə açıldı-dəyirman uçulub-dağılmışdı.

Heyvanlar bir anda təpəyə tərəf götürüldülər. Son vaxtlar gəzməyə nadir hallarda çıxan Napoleon hamıdan qabaqda qaçırdı. Bəli, onların mübarizələrinin bəhrəsi yerlə-yeksan olmuşdu. Tikili bünövrəyə qədər dağılmışdı, daşlar qırılıb-parçalanmış, dörd bir yana səpələnmişdi. Ilk anlar heç kim bir kəlmə danışmadan dayanıb kədərlə daş qalağına baxırdılar. Napoleon da sükut içində var-gəl edir, arada bir əyilib torpağı iyləyirdi. Onun nə haqdasa çox ciddi düşündüyünü göstərən çubuq kimi dik yuxarı qalxmış quyruğu dayanmadan titrəyirdi. Qəflətən axtardığını tapmış kimi yerində dayandı:

-Yoldaşlar!-deyə astadan dilləndi.-Bilirsinizmi, bu kimin işidir? Gecə gəlib dəyirmanımızı dağıdan düşmənin adını bilirsinizmi? Onun adı SNOUBOLL-dur! Qəflətən Napoleonun səsi ildırım kimi şaqqıldadı. -Bəli, bu Snoubollun işidir! Onun ürəyi bizə nifrətlə doludur. O, təxribat törədərək planlarımızı pozmaq, özünün biabırçı şəkildə qovulmasının intiqamını almaq istəmişdir. Bu satqın gecənin qaranlığından istifadə edib ərazimizə soxulmuş, bir illik zəhmətimizi puç etmişdir. Yoldaşlar, mən bu saat, burada xain Snoubolla ölüm hökmü çıxarıram. Bu hökmü yerinə yetirib ədaləti bərpa edən heyvanı "Ikinci dərəcəli qəhrəman heyvan" ordeni və yarım buşel alma mükafatı gözləyir. Kim onu diri tutub gətirsə, bir buşel alma alacaq!

Bu işdə Snoubollun günahkar olduğunu eşidən heyvanlar sarsılmışdılar. Hər tərəfdən narazılıq sədaları eşidilirdi. Hər kəs geri qayıdacağı təqdirdə Snoubollu necə tutmağı fikirləşirdi. Az keçməmiş təpədə əzilmiş otun üstündəki donuz dırnaqlarının ləpiri diqqəti cəlb etdi. Doğrudur, ləpirlər cəmisi bir neçə metrlik məsafədə idi və hasardakı deşiyə çatıb yox olurdu. Napoleon onları diqqətlə iylədi və Snoubollun izi olduğunu dedi. Onun fikrincıə, Snouboll çox güman ki, Foksvud ferması tərəfdən gəlmişdi.

-Bir an da ləngimək olmaz, yoldaşlar!-deyə Napoleon dırnaq izlərini diqqətlə gözdən keçirəndən sonra dilləndi. -Işimiz çoxdur. Elə bu gündən dəyirmanın bərpasına başlayırıq. Qara, yağışa baxmadan bütün qışı tikintini davam etdirməliyik. Bu şərəfsiz xainə bizi belə asanlıqla niyyətimizdən daşındıra bilməyəcəyini göstərməliyik. Yaddan çıxarmayın, yoldaşlar, planlarımızda heç bir dəyişiklik ola bilməz! Onlar günbəgün həyata keçiriləcək. Irəli, yoldaşlar! Yaşasın dəyirman! Yaşasın Heyvanıstan!!
VII F Ə S İ L
Qış çox sərt keçirdi. Yağış və qarın dalınca güclü küləklər əsdi, sonra isə düz fevrala qədər şaxtalar davam etdi. Dəyirmanın bərpasına başlayan heyvanlar var qüvvələri ilə işləyirdilər. Başa düşürdülər ki, kənardan onların işinə göz qoyanlar var, dəyirmanın tikintisini vaxtında qurtarmasalar paxıl insanın əlinə sevinmək və toy-bayram eləmək üçün əlavə bəhanə verəcəklər.

Insanlar isə Snoubollun bu işdə əli olduğuna inanmır, dəyirmanın uçmasını divarların nazikliyi ilə izah edirdilər. Heyvanlar bunun həqiqət olmadığını yaxşı blilrdilər. Lakin hər ehtimala qarşı bu dəfə divarları əvvəlki kimi on səkkiz düym deyil, üç fut qalınlığında tikməyi qərara almışdılar. Bu isə o demək idi ki, daha çox daş yığmaq lazım olacaq. Karxana uzun müddət ərimiş qar suyu ilə dolduğundan bir iş görmək mümkün olmamışdı. Quru, şaxtalı havalar başlananda vəziyyət bir az düzəldi. Lakin iş çox ağır gediridi, heyvanlar isə gələcəyə əvvəlki kimi ümidli deyildilər. Onlar daim aclıqdan, soyuqdan əziyyət çəkirdilər. Ruhdan düşməyən yalnız Bokserlə Klover idi. Çığırğan vətənə xidmətin sevinci və əməyin şərəfi haqqında gözəl nitqlər söyləyirdi. Amma heyvanları ruhlandıran Bokserin gücü və "Mən daha çox işləyəcəyəm!" şüarı idi.

Yanvarda ərzaq çatışmazlığı hiss olundu. Heyvanların dən payı xeyli azaldıldı. Doğrudur, kartofun normadan çox veriləcəyi elan olundu. Amma sonra məlum oldu ki, üstü yaxşı basdırılmadığından kartofun çox hissəsini don vurub. Kartoflar yumşaq və dadsız idi, aralarında tək-tükünü yemək olurdu. Heyvanların dilinə günlərlə saman və çuğundurdan başqa bir şey dəymirdi. Onlar aclıqla üz-üzə qalmışdılar.

Bu faktı mütləq dünyadan gizlətmək lazım idi. Dəyirmanın dağılmasından ruhlanan insanlar Heyvanıstan haqqında yeni yalanlar yayırdılar. Yenə də bütün heyvanların aclıq və xəstəliklərdən qırılması, aralarında dəhşətli qarşıdurma yaranması, heyvanyeyənlik və yeni doğulanların öldürülməsi hallarının artması haqqında şaiyələr dolaşırdı. Napoleon Heyvanıstanda ərzaq qıtlığı ilə bağlı yaranmış vəziyyət haqqında əsl həqiqətin üzə çıxacağı təqdirdə bunun necə ağır nəticələr verəcəyini yaxşı başa düşürdü. Ona görə də əks-təəssürat yaratmaq üçün cənab Uimperin imkanlarından istifadə etmək qərarına gəlmişdi. Heyvanlar fermaya hər həftə təkrarlanan səfərləri zamanı onunla çox nadir hallarda ünsiyyətdə olurdular. Indi isə əvvəlcədən seçilmiş bir neçə heyvana, ələlxüsus da qoyunlara mister Uimperin eşidə biləcəyi şəkildə ərzaq bolluğu haqqında danışmaq tapşırılmışdı. Bundan əlavə, Napoleon ambardakı boş çəlləkləri qumla doldurmağı, üstünü isə fermada qalan taxıl və unla örtməyi tapşırmışdı. Münasib bir bəhanə ilə mister Uimper anbara aparılmış, taxıl və un dolu çəlləklərə baxmasına imkan yaradılmışdı. O da təbii ki, dərhal tora düşmüş, bütün dünyaya Heyvanıstanda heç bir ərzaq qıtlığının olmaması haqqında məlumatlar yaymışdı.

Lakin bütün bunlara baxmayaraq yanvarın sonunda haradan olursa olsun toxumluq dən tapmaq zərurəti yarandı. Həmin günlər Napoleon heyvanların arasına nadir hallarda çıxırdı. Bütün vaxtını hər qapısında heybətli bir köpəyin dayandığı malikanə binasında keçirirdi. Hər dəfə onu sıx əhatə edən və yaxınlaşmaq istəyən hər kəsin üstünə dişlərini qıcayan altı köpəyin müşaiyəti ilə həyətə çıxması isə bütöv bir mərasimə çevrilirdi. Indi Napoleon çox vaxt bazar günləri də görünmür, əmrlərini isə ayrı-ayrı donuzlar, ən çox da Çığırğan vasitəsi ilə çatdırırdı.

Bir bazar günü Çığırğan yenicə anbara girib yerlərini rahatlayan toyuqlara bundan sonra yumurtalarını təhvil verməyi tapşırdı. Napoleon hər həftə bazara dörd yüz yumurta göndərmək barədə Uimper vasitəsilə ilə müqavilə bağlamışdı. Əldə olunan vəsait yayda vəziyyət yaxşılaşana qədər fermanı taxıl və unla təchizinə yönəldiləcəkdi.

Toyuqlar bunu eşidəndə bərk çığır-bağır saldılar. Əvvəlcədən də onlara belə bir fədakarlığın zəruriliyi izah olunmuşdu. Lakin inanmamışdılar. Onlar artıq qırt yatmağa hazırlaşırdılar. Belə vaxtda yumurtalarının əllərindən alınması qatillik idi. Consun qovulmasından sonra ilk dəfə idi ki, fermada üsyana bənzər bir hadisə yaranmışdı. Üç cavan beçənin rəhbərlik etdiyi toyuqlar Napoleonun istəyinə qarşı çıxmağa cəhd göstərdilər. Etiraz forması kimi toyuqların çardaqdakı çatıların üstündə yumurtlamaları qərara alındı. Yuxarıdan düşən yumurtalar döşəməyə dəyib parçalanırdı. Napoleon tez və amansız şəkildə önləyici tədbirlər gördü. O, toyuqların yem payının kəsilməsini əmr etdi, onlara hətta bir buğda dənəsi verənlərin də dərhal edam olunacaqlarını bildirdi. Əmrin icrasına nəzarət köpəklərə tapşırıldı. Toyuqlar beş gün müqavimət göstərdilər. Sonda təslim olub hinlərinə, fallarının üstünə qayıtdılar. Bu müddətdə doqquz toyuq həlak oldu. Onların cəsədləri bağda dəfn olundu və xaricə brüsüllöz xəstəliyindən olmələri haqqında məlumat yayıldı. Mister Uimperin hadisədən yerli-dibli xəbəri olmadı. Artıq yumurtalar səliqə ilə toplanır və həftədə bir dəfə baqqalın furqonlu arabası ilə fermadan aparılırdı.

Bütün bu vaxtda Snoubollu görən olmamışdı. Onun qonşu fermalardan birində-ya Foksvudda, ya da Pinçfilddə gizləndiyi haqda şaiyələr dolaşırdı. O dövrdə Napoleon əvvəlki illərlə müqayisədə qonşuluq münasibətlərini nisbətən yaxşılaşdıra bilmişdi. Bu da on il əvvəl fermadakı cökə meşəliyi qırılan zaman səliqə ilə kəsilib bir tərəfə qalaqlanmış əla ağac materialı sayəsində mümkün olmuşdu. Tələbat vardı və mister Uimper Napoleona onları satmağı məsləhət görmüşdü. Həm mister Pilkinqton, həm də mister Frederik bu materialı məmnuniyyətlə almaq istəyirdilər. Lakin Napoleon onların ikisi arasında tərəddüd edir, hələlik bir qərara gələ bilmirdi. Maraqlıdır ki, Napoleon mister Frederikslə razılığa gəlmək istəyəndə Snoubollun Foksvudda gizləndiyi aşkara çıxırdı, mister Pilkinqtona meyl edəndə isə Snoubollun Pinçfilddə peyda olması xəbəri yayılırdı.

Yazın erkən çağı qəflətən həyəcanlandırıcı bir fakt aşkarlandı: Snouboll gecələr dəfələrlə gizli şəkildə fermaya gəlirmiş! Heyvanlar bundan elə narahat olmuşdular ki, daha tövlələrində rahat yata bilmirdilər. Deyirdilər ki, Snouboll gecənin qaranlığında fermaya gəlir, oğurluq və ziyançılıqla məşğul olurdu. O, taxıl oğurlayır, südlə dolu vedrələri vurub aşırır, yumurtaları sındırır, əkinləri tapdalayır, meyvə ağaclarının qabığını gəmirirdi. Indi Heyvanıstanda hansı iş düz getməsə bütün günahlar Snoubollun üstünə atılırdı. Məsələn, pəncərə şüşəsi sındırılanda, yaxud su borusunun yolu tutulanda dərhal kimsə bunun Snoubollun fermaya gecə səfərlərinin nəticəsi olduğunu əminliklə deyirdi. Ambarın açarı itəndə bütün ferma tərəddüd etmədən Snoubollun onu oğurlayıb quyuya atdığına inanmışdı. Maraqlıdır ki, açar un kisələrinin birinin altından tapılandan sonra da heç kəs fikrini dəyişməmişdi. Inəklər yekdilliklə Snoubollun gecələr gizlicə tövləyə girib onları sağdığını iddia edirdilər. Həmin qış Heyvanıstana böyük narahatlıq gətirən siçovulların da Snoubolla əlbir hərəkət etdikləri söylənirdi.

Napoleon Snoubollun fəaliyyətinin ətraflı təhqiq olunması haqda sərəncam verdi. O, köpəklərin müşaiyəti ilə həyətə çıxıb (heyvanlar arada müəyyən məsafə saxlamaqla ardınca gəlirdilər) ferma tikililərinin hamısını diqqətlə nəzərdən keçirdi. Napoleon addımbaşı dayanır və Snoubollun ləpirlərini tapmaq məqsədi ilə yeri iyləyirdi. Dediyinə görə, iyin köməyi ilə iz sahibinin kimliyini öyrənmək qabiliyyətinə malik idi. Napoleon həyətin hər küncündə, anbarda, inək damında, toyuq hinində, bostanda torpağı iyləyir və az qala hər yerdə Snoubollun izini aşkara çıxarırdı. O, cəhəngini torpağa söykəyir, bir neçə dəfə dərindən nəfəs alır və hər dəfə də dəhşətli səslə bağırırdı: "Yenə Snouboll! O, burada olub. Mən onun iyini uzaqdan hiss edirəm". Hər dəfə "Snouboll" adı çəkiləndə köpəklər dəhşətli səslə mırıldayır, dişlərini qıcadırdılar.

Heyvanlar səksəkə içərisində idilər. Onlara elə gəlirdi ki, Snouboll gözə görünmədən fermada dolaşan, havanı zəhərləyən və hamını təhlükə qarşısında qoyan şər ruha çevrilib. Bir axşam Çığırğan heyvanları bir yerə topladı və sifətindəki həyəcanlı ifadəni gizlətmədən onlara ciddi yeniliklər çatdırmaq istədiyini bildirdi.

-Yoldaşlar!-deyə Çığırğan çiyinlərini əsəbiliklə dartıb qışqırdı.- Ən dəhşətli sirrin üstü açılıb. Snouboll bu gün də bizə hücum edib fermanı əlimizdən almaq niyyətindən daşınmayan pinçfildli Frederikə satılıb. Snouboll hücum başlananda ona bələdçilik etməyi boyun olub. Bundan daha dəhşətli sirlərin də üstü açılıb. Indiyə qədər biz düşünürdük ki, Snoubollun qiyamının əsas səbəbi onun özündən müştəbehliyi və iddialarıdır. Lakin səhv etmişik, yoldaşlar! Bilirsinizmi əsl səbəb bədir? Hadisələrin lap başlanğıcından Snoluboll Consun tərəfində dayanırmış! Bütün bu müddət ərzində o, Consun gizli agenti imiş! Bütün bunlar Snoubollun qoyub getdiyi və bizim yalnız indi üzə çıxardığımız sənədlərlə təsdiq olunub. Fikrimcə, bu çox ciddi məsələdir, yoldaşlar! Məgər Pəyə döyüşündə məğlub və darmadağın olunmağımız üçün onun necə canfəşanlıq etdiyini (şükür ki, qara niyyətinə çatmadı!) gözümüzlə görməmişdikmi?


Heyvanlar yerlərində donub qaldılar. Bu Snoubollun dəyirmanı dağıtmasından da dəhşətli yaramazlıq idi. Heyvanların eşitdikləri xəbəri həzm etmələri üçün bir neçə dəqiqə vaxt lazım oldu. Qəribədir, hamısı Pəyə döyüşündə Snoubollun savaşa necə rəhbərlik etdiyini, necə hücuma atıldığını, hətta Consun açdığı atəş nəticəsində belindən yaralanandan sonra da geri çəkilmədiyini xatırlayır, yaxud xatırladıqlarını düşünürdülər. Bütün bunlardan sonra Snoubollun necə Consun tərəfində olması ilk anda heyvanların heç birinə çatmadı. Hətta çox nadir hallarda sual verən Bokser də təəccüblənmişdi. O, qabaq ayaqlarını qatlayıb uzandı, gözlərini yumdu və böyük çətinliklə fikirlərini sahmana salmağa çalışdı. Nəhayət dilləndi:

-Mən buna inanmıram. Snouboll Pəyə döyüşündə hamıdan cəsarətlə vuruşurdu. Gözlərimlə görmüşəm. Bəyəm biz döyüşdən dərhal sonra ona "Birinci dərəcəli qəhrəman heyvan" ordeni vermədikmi?

-Bu bizim səhvimiz idi, yoldaşlar! Indi isə dəqiq şəkildə bilirik və bütün bunlar aşkara çıxardığımız məxfi sənədlərdə də öz əksini tapıb: əslində Snouboll o zaman bizi tələyə salmaq məqsədi güdürmüş.

-Axı o yaralanmışdı! - Bokser sakitləşmək bilmirdi.- Hamımız yarasından necə qan axdığını gözümüzlə görmüşdük.

-Bu əvəlcədən qurulmuş oyunun bir hissəsi idi!- deyə Çığırğan qışqırdı. -Consun gülləsi onun belini yüngülcə cızmışdı. Əgər oxumağı bacarırsınızsa, özünün bu barədə nə yazdığını sizə göstərə bilərəm. Plana görə hadisələrin ən gərgin anında Snouboll geri çəkilmək əmri verməli və meydanı düşmənə buraxmalı idi. Snouboll niyyətini həyata keçirməyə çox yaxın idi. Yoldaşlar, indi deyə bilərəm ki, əgər qəhrəman Rəhbərimiz Napoleon olmasaydı, o, öz qara niyyətinə çata bilərdi! Consla adamları həyətə soxularkən Snoubollun qəfildən geri qaçmasnı, heyvanları da arxasınca aparmasını xatırlamırsız? Məgər yadınızda deyil ki, hamının vahimə içərisində olduğu, hər şeyin az qala itirildiyi həmin dəqiqələrdə yoldaş Napoleon "Insanlığa olüm!" çığıraraq necə irəli atıldı və dişlərini mister Consun baldırına necə keçirdi? Əlbəttə, hamınız bunu çox gözəl xatırlayırsınız, yoldaşlar!- deyə Çığırşan sağa-sola göz ataraq sözünü bitirdi.

Çığırğan döyüş səhnəsini görüntünü təsvir edəndən sonra heyvanlara elə gəldi ki, hadisələrin məhz belə olduğunu xatırlayırlar. Ən azı döyüşün gərgin anında Snoubollun həqiqətən də qaçması yadlarına düşdü. Lakin Bokser hələ də inamsız görünürdü.

-Mən Snoubollun lap əvvəldən xəyanət yolunu tutduğuna inanmıram-deyə o sozünə yekun vurdu.-Sonrakı hərəkətləri başqa məsələdir. Amma inanıram ki, Pəyə döyüşündə o etibarlı yoldaş idi.

-Rəhbərimiz yoldaş Napoleon,- deyə Çığırğan asta, lakin qətiyyətli səslə dilləndi, - qəti şəkildə, bəli qəti şəkildə yoldaş... nədir, o Snoubollun lap başlanğıcdan Consun agenti olduğunu bildirmişdir. Bəli, başlanğıcdan, hələ Üsyan fikri ortada olmamışdan!


Yüklə 454,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin