III F Ə S İ L
Biçində nə qədər əziyyət çəkdilər, nə qədər qan-tər tökdülər! Amma zəhmətləri hədər getmədi. ümid etdiklərindən də böyük uğur qazandılar.
Bəzən işdə çətinliklər yaranırdı. Aydın məsələdir ki, əmək alətləri heyvanlara yox, insanlara uyğunlaşdırılmışdı. Heyvanların ən böyük çətinliyi arxa ayaqlar üstə dayanaraq tələb olunan aləti işlədə bilməmələri idi. Lakin donuzların ağlı sayəsində hər bir çətinlikdən çıxış yolu tapmaq olurdu. Atlara gəldikdə isə onlar tarlaların hər qarışına bələd idilər. Onlar otu biçməyi və tayaya vurmağı mister Consla işçilərindən daha yaxşı bacarırdılar. Donuzlar özləri çol işlərində işləmirdilər. Onlar yalnız təşkilati məsələləri həll edir və ümumi rəhbərliyi həyata keçirirdilər. Təbii ki, bu rəhbər rola özlərinin hərtərəfli bilikləri sayəsində yüksəlmişdilər. Bokserlə Klover gah otbiçən, gah otyığan maşına qoşulur (aydın məsələdir ki, daha döyülməkdən və zorla işlədilməkdən söhbət gedə bilməzdi!) və yorulmadan çəmənlik boyu dövrə vururdular. Arxadan isə donuzlardan biri addımlayır və vəziyyətdən asılı olaraq "Bir az da güc ver, yoldaş!", yaxud "Sürəti artır, yoldaş!" kimi tapşırıqlarla işə rəhbərlik edirdi. Otu tez biçmək və toplamaq üçün hər bir heyvan can qoyurdu. Hətta toyuqlarla ördəklər də səhərdən axşama qədər yandırıcı günəş altında yanlarını basa-basa dimdiklərində nazik ot saplaqları daşıyırdılar. Nəticədə, heyvanlar otu mister Consun vaxtındakından iki gün tez biçib qurtardılar. Ferma qurulandan belə məhsul toplanmamışdı. Heç bir itkidən söhbət gedə bilməzdi. Iti gözləri olan toyuqlarla ördəklər son yonca yarpağına qədər hər şeyi toplamıdılar. Biçin vaxtı heç bir heyvan hətta ağız dolusu ot oğurlamaq fikrinə düşməmişdi.
Bütün yay boyu fermada işlər qurulu saat kimi ahəngdar davam etdi. Heyvanlar işin öhdəsindən gələ bildiklərinə görə çox xoşbəxt idilər. Topladıqları hər çəngə ot sinələrini dağa döndərirdi. Çünki bu məhsul özlərinin idi, onu özləri üçün tədarük etmişdilər, daha acgöz sahiblərinin xəsisliklə verdiyi pay deyildi. Tüfeyli həyat keçirən insan adlı məxluq qovulduqdan sonra indi kimsə bu məhsula göz dikə bilməzdi. Artıq boş vaxtlarında heyvanlara çox şey haqqında düşünmək lazım gəlirdi. Hələ lazımi təcrübələri olmadığından bir sıra çətinliklərlə üzləşirdilər. Məsələn, yayın sonunda dənli bitkiləri biçən zaman taxılı, yaxud arpanı dədə-baba qaydası ilə təmizləyir, nəfəsləri ilə üfürərək dəni qılçıqdan və xırda saman çöplərindən arıtlayırdılar. Çünki fermada taxıldöyən maşın yox idi. Ancaq bir tərəfdən donuzların fəhmi, o biri tərəfdən isə Bokserin güclü əzələləri onları həmişə çətin vəziyyətlərdən çıxarırdı. Bokser işgüzarlığı ilə hamını heyran qoymuşdu. O, Consun zamanında da heç vaxt zəhmətdən boyun qaçırmırdı. Indi isə sanki özündə üç atın gücünü birləşdirmişdi. Elə günlər olurdu ki, fermadakı bütün çətin, ağır işləri öz qüvvətli çiyinlərinə götürməli olurdu. Gün çıxandan şər qovuşana kimi yorulmadan çalışırdı. Onu həmişə işlərin ən çətin getdiyi yerdə görmək olardı. Bokser xoruzların birinə onu səhərlər yuxudan başqalarından yarım saat tez oyatmağı tapşırmışdı. Iş günü baqşlayana qədər Bokser heç bir məcburiyyət olmadan işlərin axsadığı çətin sahələrdə əlləşib mütləq nəyi isə düzəldir, sahmana salırdı. Hər hansı maneə,yaxud çətinliklə üzləşdiyi zaman öz-özünə təkrarladığı sözlər vardı: "Mən daha çox işləyəcəyəm!". Bu sözlər Bokserin həyat şüarına çevrilmişdi.
Fermanın digər sakinləri də bacardıqları qədər işləyirdilər. Məsələn, taxıl biçini vaxtı toyuqlarla ördəklər tarlalardan bir-bir topladıqları dənlər sayəsində ümumi anbara beş buşel məhsul gətirmişdilər. Oğurluq, yemək payı üstə qanqaraçılıq, dava-dalaş, söz-söhbət, paxıllıq, qısqanclıq - keçmiş vaxtlar üçün adi sayılan bütün bu ürəkbulandıran hallar birdəfəlik aradan qaldırılmışdı. Demək olar ki, heç kəs heç nədən şikayətlənmirdi. Doğrudur, sübh tezdən yuxudan oyanmaq Mollinin o qədər də xoşuna gəlmirdi. Yaxud dırnaqlarının arasında daş qalması bəhanəsi ilə hər an işi yarımçıq atıb qaçmağa hazır idi. Pişik də bəzən özünü çox qəribə aparırdı. Tezliklə məlum oldu ki, bir iş görmək lazım gələndə onu axtarıb tapmaq mümkün olmur. Pişik saatlarla ortalıqda gözə dəymirdi. Sonra isə ya nahar vaxtı, ya da axşam iş qurtarandan sonra gəlib çıxır və özünü sanki heç nə olmamış kimi aparırdı. Amma bu zaman elə səmimiyyətlə üzr istəyir, elə nəzakətlə miyoldayırdı ki, niyyətinin xeyirxahlığına inanmamaq mümkün olmurdu. Qoca uzunqulaq Bencamin isə deyəsən, Üsyan zamanından bəri zərrəcə dəyişməmişdi. O, heç vaxt əlavə işə öz xoşu ilə can atmır, ancaq heç bir işdən də boyun qaçırmırdı. Consun zamanında olduğu kimi astagəl inadkarlıqla çalışırdı. Bencamin Üsyan və onun nəticələri haqqında danışmaqdansa susmağa daha çox üstünlük verirdi. Ondan Cons qovulandan sonra özünü xoşbəxt hiss edib-etmədiyini soruşanda burnunu altında donquldanırdı: "Eşşəklərin ömrü uzun olur. Hələ heç biriniz ölü eşşək görməmisiniz". Bu sözləri eşidənlər onun nə demək istədiyi üzərində baş sındırmalı olurdular.
Bazar günləri iş yox idi. Səhər yeməyi həmişəkindən bir saat gec yeyilirdi. Yeməkdən sonra hamı hər həftənin istirahət günləri mütləq keçirilən mərasimə tələsirdi. Əvvəlcə təntənəli şəkildə bayraq qaldırılırdı. Snouboll anbardan missis Consun köhnə yaşıl süfrəsini tapmışdı. Süfrənin üzərində ağ rənglə dırnaq və buynuz təsviri çəkmişdi. Hər bazar günü səhər bu bayraq bağın ortasındakı bayraq dirəyinin üzərinə qaldırılırdı. Snoubollun izahatına görə yaşıl rəng Ingiltərənin yaşıl çöllərinin rəmzi idi. Dırnaqla buynuz isə insan nəslinin hakimiyyəti tamam devrildikdən sonra qurulacaq Heyvanıstan Respublikasını təcəssüm etdirirdi. Bayraq qaldırma mərasimi başa çatan kimi hamı böyük anbara, Məşvərət şurasının iclasına toplaşırdı. Burada növbəti həftə ərzində görüləcək işlər planlaşdırılır, müxtəlif qətnamələr irəli sürülür və müzakirə edilirdi. Qətnamə təklifləri bir qayda olaraq donuzlardan gəlirdi. Qalan heyvanlar necə səs vermək lazım olduğunu bilirdilər, lakin heç vaxt öz qətnamələrini hazırlamaq fikri ağıllarına gəlməmişdi. Snoubolla Napoleon müzakirələrdə hamıdan fəal iştirak edirdilər. Lakin heç vaxt ümumi fikirdə olmamaları heyvanların diqqətindən yayınmamışdı. Biri nə isə təklif edən kimi digəri mütləq onun əleyhinə çıxırdı. Bəzən hətta əvvəlcədən haqqında qərar qəbul edilən və əlavə müzakirələrə ehtiyac duyulmayan məsələlərdə də onların arasında qarşıdurma yaranırdı. Məsələn, bağın arxasındakı kiçik otlaq yerində əmək fəaliyyətlərini başa vuran heyvanlar üçün istirahət guşəsi yaradılması ideyası gündəliyə çıxanda hər növdən olan heyvanların təqaüd yaşının fərdi qaydada müəyyənləşdirilməsi haqqında qızğın mübahisələr başlanmışdı. Məşvərət həmişə "Ingiltərə heyvanları" mahnısının oxunması ilə başa çatırdı. Günortadan sonra heyvanlar istirahət edirdilər.
Əvvəllər qoşqu alətləri saxlanan anbarı donuzlar öz qərargahlarına çevirmişdilər. Burada fermadan tapdıqları kitabların yardımı ilə onlar axşamlar dəmirçilik, dülgərlik və başqa vacib sənətlərin sirlərinə yiyələnirdilər. Snouboll bu işlərlə yanaşı digər heyvanların "Heyvan Komitələri" adlandırılan qurumlarda təşkilatlanması ilə məşğul olurdu. Bu işə bütün varlığı ilə bağlanmışdı. O, oxuyub-yazma kurslarından başqa toyuqlar üçün Yumurta Istehsalı Komitəsi, inəklər üçün Təmiz Quyruqlar Cəmiyyəti, siçovullar və adadovşanları ilə tərbiyəvi iş aparmaq üçün Vəhşi Yoldaşların Yenidən Maarifləndirilməsi Komitəsi, qoyunların yunlarını çirk və pıtraqdan qorumaları üçün Ağ Yun Hərəkatı və bir sıra digər ictimai qurumlar yaratmışdı. Lakin nədənsə bu layihələrin hamısı uğursuzluğa düçar olurdu. Vəhşi heyvanların əhliləşdirməsi ilə bağlı təşəbbüslərin səmərəsizliyi də çox tezliklə üzə çıxdı. Vəhşi yoldaşlar özlərini əvvəlki kimi aparır, xoş münasibət və nəcib rəftar görəndə isə bundan dərhal öz xeyirləri üçün yararlanmağa çalışırdılar. Məsələn, pişik Yenidən Maarifləndirmə Komitəsinin üzvləri sırasına daxil olmuş və bir neçə gün böyük fəallıq göstərmişdi. Onu hətta bir dəfə damda oturaraq yaxınlıqdakı qarğalarla söhbət etdiyini görmüşdülər. Pişik qarğalara danışırdı ki, indi bütün heyvanlar yoldaşdırlar və hər hansı bir qarğa çəkinmədən gəlib onun caynaqlarına toxuna bilər. Amma qarğalar arada məsafə saxlamağı daha üstün tutmuşdular.
Savad kursları isə heyvanlar arasında böyük uğur qazanmışdı. Payıza doğru demək olar ki, hər bir heyvan müəyyən dərəcədə savad əldə etmişdi.
Donuzlar mükəmməl yazıb-oxuyurdular. Itlər də oxumağı sürətlə öyrəndilər. Amma onları Yeddi Prinsipdən başqa heç nə maraqlandırmırdı. Müriel adlı keçi oxumağı itlərdən də yaxşı bacarırdı. Bəzən axşamlar zibillikdən tapdığı qəzet parçalarını digər heyvanlar üçün oxuyurdu. Bencamini də donuzların hər biri qədər savadlı saymaq olardı. Amma o, heç vaxt öz qabiliyyətini nümayiş etdirməyə can atmırdı. Söhbət düşəndə dodaqaltı oxumağa yararlı bir şey tapılmadığından şikayətlənirdi. Klover də əlifbanı axıra çıxmışdı, lakin hərfləri yan-yana düzüb söz qoşa bilmirdi. Bokserin hövsələsi isə yalnız D hərfini öyrənməyə qədər çatmışdı. O, iri dırnaqları ilə tozun üzərində A, B, C, D hərflərini cızır, sonra qulaqlarını şəkləyib yalmanını çırpır, diqqətini cəmləyib sonrakı hərfi xatırlamağa çalışırdı. Bəzən Bokser novbəti E, F, G, H hərflərini də oyrənməyə müvəffəq olurdu, lakin bu zaman təccüblə əvvəl oyrəndiyi A, B, C və D-nin yadından çıxdığını görürdü. Nəhayət o, savadını əlifbanın ilk dörd hərfi ilə məhdudlaşdırmaq qərarına gəldi. Bokser yaddaşını təzələmək üçün bu hərfləri gündə bir və ya iki dəfə toz üzərində yazırdı. Adındakı dörd hərfi öyrənəndən sonra Molli də təhsilini davam etdirməkdən boyun qaçırdı. O, kiçik budaqları hərflər şəklində düzərək adını yazır, hərflərin bəzi yerlərinə bir və ya iki gül taxır, o tərəf bu tərəfə gəzişərək yaratdığı sənət nümunəsinə heyranlıqla tamaşa edirdi.
Fermadakıların çoxu isə A hərfindən o yana keçə bilmədilər. Kütbeyinlikləri ilə ad çıxarmış qoyun, ördək, toyuq kimi heyvanların isə hətta Yeddi Prinsipi əzbərləməyə də qabiliyyətlərinin çatmadığı aşkara çıxdı. Bunu görən Snouboll çox fikirləşəndən sonra Yeddi Prinsipin mahiyyətinə elə bir ciddi xələl gətirmədən onların "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!" ifadəsi ilə əvəzlənməsini təklif etdi. Onun fikrincə, animalizm təliminin bütün mahiyyəti bu ifadədə öz əksini tapmışdı. Kim bu müdrik sözləri dərindən mənimsəsə, insanların məhvedici təsirindən həmişəlik xilas ola bilərdi. Lakin quşlar əvvəlcə ifadənin özlərinə qarşı çevrildiyini düşünüb incidilər. Çünki insanlar kimi onların da iki ayağı vardı. Snouboll isə bu fikrin yanlış olduğunu sübuta yetirərək dedi:
-Yoldaşlar, quşların qanadları fəaliyyət orqanı deyil, hərəkət orqanıdır. Başqa sözlə desək, onların qanadları da ayaq sayılmalıdır. Insanın fərqləndirici əlaməti isə ƏL-dir. O, məhz əlləri vasitəsi ilə özünün bütün yaramazlıqlarını həyata keçirir.
Quşlar Snoubollun uzun-uzadı danışıqlarından bir şey anlamasalar da, məsələnin mahiyyətini başa düşdülər. Xüsusi əqli qabiliyyəti ilə seçilməyən bütün heyvanlar dərhal yeni aforizmi əzbərləməyə başladılar. "DÖRD AYAQ YAXŞIDIR, IKI AYAQ PISDIR" kəlamı iri hərflərlə anbarın arxa divarına, Yeddi Prinsipdən baş tərəfdə yazıldı. Yeni kəlamın mənası nəhayət qoyunlara da çatdı və sözlər o dərəcədə xoşlarına gəldi ki, həmin gündən örüşdə uzandıqları zaman xorla "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!", "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə saatlarla mələşir və yorulub əldən düşənə kimi eynu şeyi təkrarlayırdılar.
Napoleon Snoubollun yaratdığı komutələrin işinə qətiyyən maraq göstərmirdi. Onun fikrincə, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq yaşa dolanlarla işləməkdən daha önəmli idi. Napoleon yeni nəsillə bağlı fikirlərini ilk dəfə ot biçinindən sonra, Cessi ilə Blyubel dünyaya doqquz sağlam küçük gətirəndə açıqlamışdı. Balacalar analarının döşündən ayrılan kimi Napoleon onları yanına apardı və təlim-tərbiyələri ilə şəxsən özünün məşğul olacağını elan etdi. Küçüklərə çardaqda yer düzəldildi. Həmin çardağa isə yalnız donuzların qərargahı olan anbar binasından keçib getmək mümkün idi. Küçüklər burada tam qapalı şəraitdə saxlanırdılar. Bir müddət keçəndən sonra ferma sakinləri onların mövcudluqlarını yerli-dibli unutdular.
Tezliklə südün yoxa çıxması ilə bağlı sirli hadisə də aydınlaşdı. Sən demə, donuzlar onu hər gün öz yemlərinə qarışdırırmışlar. Bir azdan meyvə bağında ilk almalar yetişdi. Ağacların altındakı çəmənlik budaqlardan qopub tökülən meyvələrlə doldu. Heyvanlar bu meyvələrin hamının arasında bərabər bölünməsini təbii sayırdılar. Lakin günlərin birində yerə tökülən almaların toplanaraq donuzların istifadəsi üçün onların qərargahına gətirilməsi haqqında əmr elan olundu. Əmri eşidən heyvanlar burunlarının altında donquldandılar. Lakin bir faydası olmadı. Bütün donuzlar bu məsələdə yekdillik nümayiş etdirdilər. Hətta Napoleonla Snoubollun da mövqeləri üst-üstə düşdü. Çığırğan müvafiq izahat işləri aparmaq üçün heyvanların yanına göndərildi.
-Yoldaşlar!-deyə o, zil səsi ilə qışqırmağa başladı.- Ümid edirəm ki, donuzların bu hərəkətini onların eqoizmə qapılmaları, yaxud özlərini başqalarından artıq hesab etmələri ilə əlaqələndirməyəcəksiniz. Əslində çoxumuzun süddən və almadan xoşu gəlmir. Şəxsən mən özüm onlara baxa bilmirəm. Alma və süddən istifadədən yeganə məqsəd sağlamlığımızı qorumaqla bağlıdır. Süd və almanın tərkibində (bunu artıq Elm sübuta yetirib, yoldaşlar!) donuzların özlərini həmişə yaxşı hiss etmələri üçün zəruri olan maddələr vardır. Biz donuzlar əqli fəaliyyətlə məşğuluq. Fermadakı bütün idarəçilik və təşkilati işlərin məsuliyyətini daşıyırıq. Gecə-gündüz sizin rifahınızın keşiyində dayanırıq. Yalnız SIZIN rifahınız üçün bu südü içir, bu almaları yeyirik. Əgər donuzlar öz vəzifələrini yerinə yetirmək qüdrətində olmasalar bunun nə ilə nəticələnəcəyini bilirsinizmi? Bilmirsinizsə, bilin – o zaman Cons geri qayıdacaq! Bəli, Cons yenidən geri qayıdacaq! Yoldaşlar, mən tam əminəm ki, – nitqinin bu yerinə çatanda Çığırğan quyruğunu tərpədə-tərpədə daha sürətlə o tərəf bu tərəfə atıldı və ağlamsındı, – sizin aranızda Consun qayıtmasını istəyən bir heyvan da yoxdur!
Həmin dəqiqələrdə heyvanların tam əmin olduqları bir şey vardısa da, o da heç birinin Consun geri qayıtmasını istəməmələri idi. Məsələ bu şəkildə qoyulandan sonra etiraz etməyə heç bir heyvanın sözü qalmadı. Donuzların sağlamlığı qayğısına qalmağın zəruriliyi fikri hamıya aydın oldu. Odur ki, müzakirə aparmadan südün və yerə düşən almaların (habelə yetişəndən sonra ağaclardakı meyvənin əksər hissəsinin) donuzların istifadəsinə verilməsi haqqında qərar qəbul edildi.
IV F Ə S İ L
Yayın sonunda Heyvanıstanda baş verən hadisələrlə bağlı xəbər ölkənin xeyli hissəsinə yayıldı. Snoubolla Napoleon qonşu fermaların sakinləri ilə əlaqə yaradıb onlara Üsyanın tarixi haqqında məlumat vermək və "Ingiltərə heyvanları" manhısının melodiyasını öyrətməkçün göyərçinləri hər gün səmaya qaldırırdılar.
Fermadan qovulandan sonra mister Cons vaxtının çoxunu Uillinqdondakı "Qırmızı Şir" meyxanasının barında keçirirdi. Söhbətinə qulaq asmağa razı olan hər kəsə taleyinə yazılmış dəhşətli ədalətsizlikdən - bir sürü alçaq heyvanın bütün var-yoxunu əlindən almasından şikayətlənirdi. Qonşu fermerlər əslində onun halına acıyırdılar, ancaq hər hansı bir kömək göstərməyə tələsmirdilər. Ürəklərinin dərinliyində hər biri gizlicə mister Consun fəlakətindən öz xeyirlərinə necə istifadə etmək haqqında fikirləşirdi. Iş elə gətirmişdi ki, Heyvanıstanın qonşuluğunda yerləşən iki fermanın sahibləri arasında münasibətlər həmişə gərgin olmuşdu. Bu fermalardan Foksvud adlanan birincisi ərazicə böyük, amma başlı-başına buraxılmış, əkin sahələrini alaq basmış, otlaq yerləri örənimiş, hasarları orada-burada uçulub-dağılmağa başlayan malikanə idi. Onun sahibi mister Pilkinqton bütün il boyu mövcümdən asılı olaraq vaxtının çoxunu ov etmək, yaxud balıq tutmaqla keçirən əhlikef centlmenlərdən sayılırdı. Pinçfild adlanan digər ferma kiçik olsa da, daha yaxşı vəziyyətdə saxlanırdı. Onun sahibi gününü məhkəmə çəkişmələrində keçirən, bir şillinqdən otəri qardaşının boğazını üzməyə hazır olan mister Frederik adlı kobud, yaramaz bir adamdı. Mister Pilkinqtonla mister Frederikin bir-birlərini görməyə gözləri yox idi. Qarşılıqlı nifrətləri o qədər güclü idi ki, hətta ümumi maraq xatirinə dava-dalaşı bir tərəfə buraxıb müəyyən razılığa gəlməyi ağıllarına da gətirmirdilər.
Amma bununla belə Heyvanıstandakı üsyan xəbərindən bərk qorxmuşdular və öz heyvanlarının bu məsələdən xəbər tutmalarının qarşısını almaq üçün çalışırdılar. Xəbəri eşidəndə əvvəlcə fermanı müstəqil şəkildə idarə etmək fikrinə düşən heyvanları ələ salıb gülmüşdülər. Qonşular iki həftəyə hər şeyin dağılıb gedəcəyini deyirdilər. Onlar "Malikanə" fermasındakı (mister Pilkinqtonla mister Frederik inadla fermanı köhnə adı ilə çağırır, yeni, "Heyvanıstan" adını eşitmək belə istəmirdilər) heyvanların tezliklə ya bir-birləri ilə əlbəyaxa olacaqları, ya da sadəcə acından öləcəkləri barəsində peyğəmbərlik edirdilər. Lakin aradan bir müddət keçəndən və qonşu fermada heç bir heyvanın acından ölməyə hazırlaşmadığı məlum olandan sonra Frederiklə Pilkinqton valı dəyişmdilər. Indi onlar Heyvanıstanda hökm sürən qəddarlıq və amansızlıq barəsində danışmağa daha çox üstünlük verirdilər. Hamını inandırmağa çalışırdılar ki, Heyvanıstanda heyvanyeyənlik baş alıb gedir, güclü heyvanlar zəiflərə qızardılmış şişlə işgəncə verirlər, bütün dişi heyvanlar ümumiləşdirilib və s. "Təbiətin qanunları əleyhinə üsyan qaldırmağın cəzası budur"-deyə Frederiklə Pilkinqton müdrikcəsinə başlarını tərpədərək sözlərinə yekun vururdular.
Lakin onların danışdıqları heç vaxt tam həqiqət kimi qəbul olunmurdu. Insanların qovulduğu, idarəçiliyin tamamilə heyvanların əlinə keçdiyi əsrarəngiz ferma haqqındakı söhbətlər ağızdan-ağıza keçərək daha geniş miqyasda yayılırdı. Bütün il boyu qonşu ərazilərdə heyvanların həyəcan doğuran müqavimət təşəbbüsləri barəsində xəbərlər dolaşırdı. Həmişə itaətkarlıqları ilə seçilən öküzlər birdən-birə vəhşiləşmişdilər. Qoyunlar ağılın qapısını sındırır və yoncalıqları tapdalayırdılar. Inəklər süd vedrələrini vurub aşırırdılar. Atlar maneələrə yaxınlaşanda tərslik edir və şahə qalxaraq süvariləri bellərindən atırdılar. Bütün bunlar azmış kimi, "Ingiltərə heyvanları" mahnısının musiqisi, hətta sözləri hər yerdə yayılmağa başlamışdı. Mahnı heyrətamiz sürətlə hər tərəfə yol tapırdı. Insanlar onun gülünc olduğunu söyləsələr də, mahnını eşidən zaman qəzəblərini cilovlaya bilmirdilər. Onlar bir tərəfdən heyvanların bu cəfəng, hərzə sözlərinin mənasını başa düşmədiklərini deyirdilər, o biri tərəfdən də hansı heyvanı bu mahnını oxuyan yerdə yaxalasalar qamçı ilə cəzalandırırdılar. Lakin mahnı yenə də səslənməkdə davam edirdi. Qaratoyuqlar hasara qonub onu cəh-cəh vururdular. Goyərçinlər budaqlarda yerlərini rahatlayıb mahnının sözlərini quruldayırdılar. Dəmirçi çəkiclərinin gurultusunda, kilsə zənglərinin cingiltisində manhının melodiyaları duyulurdu. Bu səsi eşidən insanlar özləri də hiss etmədən qorxudan əsirdilər. Hiss edirdilər ki, bu səs yaxın gələcəkdəki məhşər günlərinin əks-sədasıdır.
Oktyabrın əvvəllərində, zəmilərin biçilib tayaya vurulduğu, taxılın bir hissəsinin doyüldüyü işli-güclü günlərin birində havada dövrə vuran bir dəstə göyərçin çox həyəcanlı halda Heyvanıstan ərazisinə qondu. Öz əlaltıları ilə birlikdə Cons, eləcə də Foksvud və Pinçfild fermalarından onlara qoşulmuş bir yığın adam artıq malikanənin beşlaylı darvazasından içəri keçmişdilər və əsas yolla düz ferma binasının üstünə gəlirdilər. Consdan başqa hamısının əlində dəyənək vardı. Hamıdan qabaqda addımlayan keçmiş ferma sahibi isə tüfənglə silahlanmışdı. Onların fermanı geri qaytarmaq üçün gəldiklərinə şübhə ola bilməzdi.
Heyvanlar bu hücumu çoxdan gözləyirdilər. Odur ki, vaxtında lazımi hazırlıq işi görülmüşdü. Yuli Sezarın apardığı müharibələr haqqında fermanın ambarından tapdığı köhnə kitabı diqqətlə öyrənən Snouboll müdafiənin təşkilini öz üzərinə götürmüşdü. Əmrlər ildırım sürəti ilə verilirdi. Iki dəqiqədən sonra artıq hər bir heyvan əvvəlcədən ayrılmış mövqedə idi.
Insanlar ferma tikililərinə çatanda Snouboll ilk zərbəni endirdi. Sayları otuz beşə çatan göyərçinlərin hamısı eyni vaxtda adamların üzərində o tərəf-bu tərəfə uçuşur, onların başlarına nəcis tökürdülər. Insanlar əl-qol hərəkətləri ilə göyərçinləri qovmağa çalışan zaman hasarın arxasında pusquya yatmış qazlar irəli atılaraq onların baldırlarını amansızlıqla dişləməyə başladılar. Lakin bu sadəcə hücuma keçənlərin sıralarını pozmaq və diqqəti yayındırmaq üçün düşünülmüş yüngül manevr idi. Təbii ki, adamlar əllərindəki dəyənəklərlə qazları asanlıqla qovub pərən-pərən saldılar. Bu zaman Snouboll ikinci cinahı döyüş meydadına çıxardı. Müriel, Bencamin, habelə Snoubollun özünün rəhbərliyi ilə bütün qoyunlar irəli atılaraq insanları mühasirəyə aldılar. Onlar başları ilə hər tərəfdən düşmənlərə kəllə atırdılar, Bencamin isə adamların ətrafında dövrə vurur və şıllaq zərbəsi endirməyə çalışırdı. Lakin yenə də insanlar əllərindəki dəyənəklər və altı nallı çəkmələrlə sərt müqavimət göstərirdilər. Qəflətən Cnouboll ciyiltili bir səs çıxardı. Bu, geri çəkilmək işarəsi idi. Bir an içərisində heyvanlar mütəşəkkilliklə çəkilib darvazadan həyətə girdilər.
Insanların zəfər çığırtıları ətrafı bürüdü. Hər şey düşündükləri kimi olmuşdu: düşmən qabaqlarından qaçmışdı. Onlar nizamsız halda heyvanları təqib etməyə başladılar. Snoubolla da elə bu lazım idi. Basqınçılar həyətə girəndə pəyənin yanında pusquda durmuş üç at, üç inək və donuzların qalanları irəli atılıb insanların geri qayıtmaq yolunu kəsdilər. Snouboll hücum komandası verdi, özü isə birbaşa Consun üzərinə atıldı. Cons onun yaxınlaşdığını görüb tüfəngini qaldırdı, atəş açdı. Snoubollun kürəyini yalayaraq keçən və arxasınca qanlı şərid buraxan güllə yaxınlıqdakı qoyunların birini yerindəcə öldürdü. Lakin atəş səsi Snoubollu qorxutmadı, o, bədəninin bütün ağırlığı ilə özünü Consun ayaqlarına çırpdı. Müvazinətini itirən Cons peyin yığınının üstünə yıxıldı, tüfəngi əlindən yerə düşdü. Düşmənlərin canına ən çox qorxu salan isə Bokser idi. O, qızmış ayğır kimi şahə qalxaraq yaxın gələni nallı ayaqları ilə vurub yerə sərirdi. Ondan ilk zərbəni yeyən və huşsuz halda palçığın içərisində yıxılıb qalan foksvudlu mehtər oldu. Bir neçə nəfər bunu görüb əllərindəki dəyənəkləri tulladılar və arxalarına baxmadan qaçmağa başladılar. Insanlar vahiməyə düşdülər. Heyvanlar isə onları bütün həyət boyunca təqib edir, buynuzlayır, şıllaqlayır, dişləyir, itələyirdilər. Fermada bacardığı şəkildə insandan öz intiqamını almağa can atmayan bir heyvan da qalmamışdı. Hətta sakitcə özünü damda günə verən pişik də qəflətən naxırçılardan birinin çiyninə atılıb caynaqlarını onun ətinə elə ilişdirdi ki, zavallı gücü gəldikcə çığırmağa başladı. Ozlərini çətinliklə açıq qapıya çatdıran insanlar böyük yola çıxmaq üşün bir-birlərini itələyirdilər, qaçıb qurtarmağı qənimət sayırdılar. Heyvanların üstünə hücumdan heç beş dəqiqə keçməmişdi. Lakin indi hamısı az öncə fermaya gəldikləri yolla biabırçı şəkildə geri qaçırdılar. Qazlar isə insanların dallarınca dabanqırma gəlir, arada fürsət tapıb baldırlarını dişləyirdilər.
Bir nəfərdən başqa hamı qaçıb canını qurtarmışdı. Həyətin arxa tərəfində Bokser dırnaqlarnı işə salıb üzüquylu düşmüş mehtəri ehtiyatla arxası üstə çevirməyə çalışırdı. Lakin o, tərpənmirdi.
-Ölüb! - deyə Bokser kədərlə dilləndi. - Mən belə olmasını istəmirdim. Ayaqlarımdakı dəmir nallar tamam yadımdan çıxmışdı. Ancaq kim mənim həqiqətən də bu insanı öldürmək istəmədiyimə inanacaq?
-Sentimentallığı bir kənara burax, yoldaş!-deyə yarasından hələ də qan axan Snouboll qışqırdı. -Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır!
-Mən heç kəsin, hətta insanın da ölümünə bais olmaq istəməzdim,-deyə Bokser bir də təkrar etdi. Onun gözləri yaşla dolmuşdu.
-Bəs Molli haradadır?-deyə kimsə soruşdu.
Molli doğrudan da yoxa çıxmışdı. Bir anlığa fermada boyük həyəcan yaşandı: insanların Mollini vurub şikəst etmələrindən, yaxud əsir götürmələrindən ehtiyatlanırdılar. Lakin az keçməmiş Mollinin tövlədə olduğu bilindi. O, başını axurun içərisindəki ota soxub qorxusundan titrəyirdi. Tüfəng səsi eşidilən kimi qaçıb özünü bura salmışdı. Heyvanlar bu mənzərəyə tamaşa edib təzədən həyətə qayıdanda Bokserin zərbəsindən huşunu itirən mehtər də özünə gəlib aradan çıxmışdı.
Yalnız bu zaman heyvanlarda dəhşətli bir sevinc hissi peyda oldu. Hər kəs qışqırtısı ilə qarşısındakının səsini batırmağa çalışaraq özünün döyüş meydanındakı rəşadətindən danışırdı. Dərhal kortəbii qələbə bayramı başlandı. Təntənəli şəkildə bayraq qaldırıldı, təkrar-təkrar "Ingiltərə heyvanları" mahnısı oxundu. Sonra həlak olmuş qoyunun təntənəli dəfn mərasimi keçirildi, məzarı üzərində xanıməli kolu əkildi. Snouboll təzə məzar önündə kiçik nitq söylədi. Lazım gələn anda bütün heyvanların öz həyatlarını Heyvanıstan yolunda qurban verməyə hazır olmalarının zəruriliyini vurğuladı.
Dostları ilə paylaş: |