Corc oruell



Yüklə 454,5 Kb.
səhifə8/8
tarix28.01.2017
ölçüsü454,5 Kb.
#6547
1   2   3   4   5   6   7   8

Üç gün sonra həyatını xilas etmək üçün göstərilən bütün səylərə baxmayaraq onun Uillinqton xəstəxanasında keçindiyi elan olundu. Xəbəri heyvanlara çatdırmaq üçün Çığırğan özü gəlmişdi. Dediyinə görə, həyatının son saatlarına qədər Bokserin yatağının yanından çəkilməmişdi.

-Bu bütün ömrüm boyu gördüyüm ən təsirli səhnə idi. - deyə Çığırğan dırnağı ilə göz yaşlarını silərək danışırdı.-Axırıncı dəqiqəyə qədər onun yatağının başında dayanmışdım. Ən son anda, dodaqlarını qulağıma yaxınlaşdırıb bizdən həmişəlik ayrılarkən yeganə dərdinin yalnız dəyirmanın yarımçıq qalması olduğunu dedi. "Irəli, yoldaşlar!-deyə pıçıldadı. - Üsyanımız naminə irəli! Yaşasın Heyvanıstan! Yaşasın yoldaş Napoleon! Napoleon həmişə haqlıdır!" - Bunlar Bokserin son sözləri idi, yoldaşlar!

Bu yerə çatanda Çığırğanın sifəti dəyişildi. Bir anlıq susdu, yenidən nitqinə davam etməzdən əvvəl xırda gözləri ilə şübhəli-şübhəli dörd bir tərəfə baxdı.

Çığırğan daha sonra Bokserin müalicəsi zamanı fermada yayılan səfeh və qərəzli şaiyələrdən xəbəri olduğunu bildirdi. Kimsə Bokseri xəstəxanaya aparan furqonun böyründə "At Sallaqxanası" sözlərini oxuyub və buradan tələsik belə nəticə çıxarılıb ki, guya onu öldürməyə aparırlar. "Hər hansı bir heyvanın bu dərəcədə axmaq olması inanılmaz şeydir!" - deyə Çığırğan quyruğunu yuxarı qaldırıb sola-sağa atıla-atıla qışqırırdı. -Bəlkə belələri bu məsələləri sevimli rəhbərimiz yoldaş Napoleondan daha yaxşı bilirlər? Əslində hər şeyin çox sadə izahı var. Əvvəllər bu furqon həqiqətən də sallaqxananın olub. Lakin sonra baytarlıq xəstəxanası onu satın alıb. Sadəcə köhnə yazıların üstünü rəngləməyə imkan olmayıb. Anlaşılmazlıq da buradan əmələ gəlib".

Heyvanlar bu sözləri eşidib içərilərində bir rahatlıq duydular. Sonra Çığırğan olüm yatağında olan Bokserə böyük qayğı göstərilməsindən, Napoleonun əsla tərəddüd etmədən onun müalicəsi üçün ən bahalı dərmanlar alınmasına göstəriş verməsindən yerli-yataqlı danışdı və nəticədə heyvanların sonuncu şübhələri də dağıldı. Ürəklərində yoldaşlarının itkisindən yaranan kədər hissi öz yerini Bokserin xoşbəxt ölümü ilə bağlı işıqlı düşüncələrə verdi.

Novbəti bazar günü səhər Napoleon şəxsən özü toplantıya gəldi və Bokser haqqında qısa nitq söylədi. "Təəssüf ki,-dedi, - mərhum yoldaşımızın nəşinin qalıqlarını gətirib fermanın ərazisində dəfn etmək mümkün deyildir. Lakin mən artıq fermanın bağında dəfnə budaqlarından böyük bir əklil hazırlamağı və onu bizim adımızdan Bokserin məzarı üzərinə qoymağı əmr etmişəm. Bir neçə gün sonra isə donuzlar Bokserin ruhunun şərəfinə böyük ziyafət verməyi təklif edirlər". Napoleon nitqini mərhum Bokserin tez-tez təkrarladığı iki cümlə ilə bitirdi: "Mən daha çox işləyəcəyəm!" və "Yoldaş Napoleon həmişə haqlıdır!". Daha sonra əlavə etdi: "Hər bir heyvan bu sözləri səmimiyyətlə qəbul edib öz həyat şüarına çevirməlidir".

Ziyafət günü dükançının furqonu Uillinqtondan fermaya böyük taxta çəllək gətirdi. Axşam isə ferma binasından bağırtı ilə oxunan mahnılar eşidilməyə başladı. Sonra, deyəsən, qalmaqal başlandı və vəhşi çığırtılar ətrafa yayıldı. Saat on birdə cingilti ilə sınıb yerə tökülən şüşə səsləri ilə ziyafət başa çatdı. Ertəsü gün günortaya qədər fermada heç bir donuz gözə dəymədi. Ortalıqda onların haradansa pul tapıb viski almaları haqqında şaiyələr dolaşırdı.


X F Ə S İ L
İllər keçirdi. Yazlar və payızlar biri-birini əvəz edir, qısa heyvan ömürləri başa çatırdı. Nəhayət, elə bir gün gəldi ki, fermada Klover, Bencamin, əl qarğası Moses və donuzlardan başqa Üsyandan əvvəlki köhnə vaxtları xatırlayan bir heyvan qalmadı.

Müriel vəfat etmişdi. Artıq Blyübell, Cessi və Pinçer də olmüşdülər. Cons da həyatını haradasa uzaqlarda, içki düşkünləri üçün olan sığınacaqda başa vurmuşdu. Snouboll yaddan çıxmışdı. Onu yaxından tanıyan bir neçə heyvanı çıxmaq şərti ilə, Bokseri də xatırlayan yox idi. Klover qocalıb şişmanlamışdı, dizləri bükülməyən, gözləri daim irinləyən qoca yabıya çevirmişdi. Təqaüd yaşından iki il keçirdi, lakin indiyə qədər heç bir heyvan təqaüdə göndərilməmişdi. Otlaq sahəsinin bir hissəsinin təqaüdçü heyvanlara veriləcəyi haqqındakı söhbətlər çoxdan unudulmuşdu. Napoleon çəkisi yüz əlli kiloya çatan nəhəng, heybətli qabana çevrilmişdi. Çığırğan o qədər kökəlmişdi ki, göz qapaqlarını güclə açırdı. Yalnız qoca Bencamin dəyişməmişdi. Düzdür, sifətinin tükləri bir az ağarmışdı. Bir də Bokserin ölümündən sonra lap qaraqabaq olmuş, öz içinə çəkilmişdi.

Təbii artım uzun illər bundan əvvəl gözlənilən kimi böyük olmasa da, indi fermada xeyli heyvan yaşayırdı. Yeni doğulanların əksəriyyəti üçün Üsyan illərin arxasında qalan və sadəcə əks-sədası yaşayan dumanlı bir ənənə idi. Yeni alınanlar isə özlərindən əvvəl baş vermiş hadisələrdən xəbərsiz idilər. Kloverdən başqa fermada indi üç təzə at da yaşayırdı. Onlar namuslu heyvan, vicdanlı işçi və yaxşı yoldaş kimi tanınırdılar. Lakin çox səfeh idilər. Heç biri əlifbanı "B" hərfindən o yana öyrənə bilməmişdi. Onlar Üsyan və animalizm prinsipləri haqqında danışılanların hamısı ilə razılaşırdılar. Xüsusən də bu söhbətləri hər üçünün hörmətlə yanaşdıqları Kloverdən eşidəndə inamları daha da artırdı. Lakin eşitdiklərindən nə isə anlamaları böyük sual altında idi.

Işlərin yaxşı təşkili sayəsində ferma daha da inkişaf etmişdi. Mister Pilkinqtondan alınmış iki yeni sahənin hesabına hətta ərazi də genişlənmişdi. Nəhayət, dəyirmanın tikintisi uğurla başa çatdırılmışdı. Taxıldöyən maşın alınmış, elevator və bir neçə yeni bina tikilmişdi. Uimper özünə ekipaj almışdı. Lakin yeldəyirmanından elektrik işığı əldə etmək niyyəti baş tutmamışdı. Burada un üyüdülür və yaxşı qazanc götürülürdü. Dəyirmanın tikilməsi iiə heyvanların əzab-əziyyəti başa çatmamışdı. Indi də burada dinamo quraşdırılmalı idi. Ancaq Snoubollun bir zamanlar heyvanlara təsvir etdiyi bolluq və rifah- tövlələlrdə elektrik işığı, isti və soyuq su, üç günlük iş həftəsi haqqında daha heç kim danışmırdı. Napoleon belə ideyaların animalizm ruhuna zidd səsləndiyini elan etmiş, həqiqi xoşbəxtliyin yalnız ağır zəhmət və sadə həyatda olduğunu bildirmişdi.

Fermanın get-gedə zənginləşdiyini görməmək olmazdı. Amma donuzlardan və köpəklərdən başqa bu zənginliyin heç bir heyvana faydası yox idi. Bəlkə də, çoxlu donuz və köpək olması sayəsində belə təsəvvür yaranırdı. Təbii ki, onlar yaxalarını işdən kənara çəkmirdilər. Çığırğanın yorulmadan təkrarladığı kimi, donuzların üzərinə fermadakı işlərin təşkili və nəzarətin həyata keçirilməsi kimi çox ağır vəzifə düşürdü. Səviyyələri çatmadığından heyvanların çoxunun bu işlər haqqında sadəcə təsəvvürləri yoxdu. Məcələn, Çığırğan izah edirdi ki, donuzlar hər gün saatlarla "məlumat", "hesabat", "arayış", "protokol", "yaddaş qeydi" kimi mühüm işlərlə məşğul olurlar. Bunlar böyük kağız vərəqələrdə sıx xətlə yazılırdı. Yazılıb tamam¬lanandan bir müddət sonra isə fermanın buxa¬rısında yandırılırdı. Çığır¬ğan deyirdi ki, fermanın rifahı üçün bu sənədlər son dərəcə zəruridir. Lakin indiyə qədər donuzlarla köpək¬lər öz zəhmətləri ilə heç bir məhsul istehsal etməmiş¬dilər. Əvəzində isə hə¬mişə əla iştahları ilə seçilirdilər.

Digər heyvanlar isə həyatlarında elə bir ciddi dəyişiklik baş vermə¬diyinin fərqində idilər. Həmişə aclıq hiss edir¬dilər, gölməçələrdən çirkli su içirdilər, əprimiş samanın üstündə yatır və gecə-gündüz tarlada çalışırdılar. Qışda soyuqdan, yayda isə mığmığa və ağcaqanadlardan əziyyət çəkirdilər. Bəzən aralarındakı yaşlı heyvanlar dumanlı xatirələrini eşələyir, Üsyanın ilk günlərində, Cons qovulandan dərhal sonra indikindən yaxşı, yoxsa pis yaşadıqlarını aydınlaşdırmağa çalışırdılar. Amma heç nə xatırlaya bilmirdilər. Indiki həyatlarını keçmişlə müqayisə etmək üçün əllərində Çığırğanın rəqəmlərindən başqa heç bir məlumat yox idi. Çığırğan isə hər dəfə çoxsaylı rəqəmlərin köməyi ilə vəziyyətin günbəgün yaxşılaşdığını sübuta yetirirdi. Heyvanlar həllolunmaz müşküllə qarşılaşdıqlarını başa düşürdülər. Bir də ki, ümumiyyətlə bu məsələlər ətrafında müzakirə aparmaq üçün vaxtları yox idi. Yalnız qoca Bencamin uzun illərin hər bir təfərrüatını yaxşı xatırlayırdı. Və bilirdi ki, işlər həmişə eyni qayda ilə gedib - nə çox yaxşı olub, nə də çox pis. Aclıq, məhrumiyyət, ümidsizliklər biri-birini əvəzləyib. Bencamin deyirdi ki, bu həyatın dəyişməz qanunudur.

Lakin heyvanlar heç vaxt ümidlərini itirmirdilər. Eyni zamanda Heyvanıstan sakini olmağın gətirdiyi qürur və şərəf duyğusunu yaddan çıxarmırdılar. Onlar hələ də bütün Ingiltərə ərazisində heyvanların özlərinə məxsus olan və özləri tərəfindən idarə edilən yeganə ferma sakinləri idilər! Heyvanlardan heç biri - hətta ən cavanları da, Heyvanıstandan on beş-iyirmi millik məsafədəki fermalardan bura pənah gətirənlər də möcüzə ilə bağlılıq hissini itirmirdilər. Yaylım atəşinin səsini eşidəndə, yaşıl bayrağın səmada qürurla dalğalandığını görəndə ürəkləri iftixar hissi ilə döyünürdü. Söhbət dərhal Consun qovulduğu, Yeddi Prinsipin işlənib hazırlandığı, işğalçı insanların amansız döyüşlərdə məğlubiyyətə uğradıldığı uzaq və əfsanəvi günlərə gedib çıxırdı. Köhnə arzuların heç biri yaddaşlardan silinməmişdi. Qoca Mayorun Ingiltərənin insan tapdağından xilas olmuş yaşıl çöllərində qurulacaq Heyvanıstan Respublikası ilə bağlı arzularına inam hələ də böyük idi. Həmin gün gələcəkdi. Bu lap tezliklə də ola bilərdi. Yaxud indiki heyvan nəsli həmin günü görməyə bilərdi. Lakin o gün mütləq gələcəkdi! Hətta gizlicə "Ingiltərə heyvanları" mahnısının melodiyası fermanın künc-bucağında səslənirdi. Bərkdən oxumağa cürət etməsələr də, heyvanların çoxu bu manhını bilirdilər. Bəli, ola bilsin ki, həyat çətin idi. Bəlkə də bütün arzuları çin olmamışdı. Lakin istənilən halda onlar başqa heyvandan fərqləndiklərini anlayırdılar. Əgər ac qalırdılarsa, bunun səbəbi qəddar insan nəslini yedirdib-bəsləmələri deyildi, əgər çox işləyirdilərsə, yenə də özləri üçün işləyirdilər. Aralarında iki ayağı üstə gəzən bir varlıq yox idi. Heç bir heyvan başqasına "Cənab" deyə müraciət etmirdi. Bütün heyvanlar bərabər idilər.

Yayın ilk günlərindən birində Çığırğan qoyunlara ardınca gəlməyi əmr etdi və onları fermanın ucqar küncünə, cavan ağcaqayın pöhrəliyinə apardı. Onlar bütün günü burada yaşıl otlardan yeyərək Çığırğanın nəzarəti altında keçirdilər. Qaranlıq qovuşanda Çığırğan özü fermaya qayıtdı. Qoyunlara isə hava isti olduğundan yerlərində qalmağı əmr etdi. Beləcə, qoyunlar bütün həftəni pöhrəlikdə keçirdilər. Başqa heyvanlardan heç biri bu müddət ərzində onları görmədi. Çığırğan hər gün vaxtının çoxunu qoyunlarla birlikdə olurdu. Dediyinə görə, yeni mahnının sözlərini öyrədirdi. Bundan ötəri isə tək qalmalarına ehtiyac vardı.

Qoyunlar geri qayıdandan az sonra axşam tərəfi iş gününü başa vurub fermaya dönən heyvanlar həyətdən qorxu dolu at kişnərtsi eşitdilər. Heyvanlar təəccüb içərisində yerlərində mıxlanıb qaldılar. Bu Kloverin səsi idi. O, yenidən kişnədi və bu dəfə bütün heyvanlar dordayaq fermaya götürüldülər. Həyətə girib Kloverin nədən belə qorxu ilə kişnəməsinin səbəbini anladılar.

Həyətdə bir donuz şəstlə arxa ayaqları üzərində gəzişirdi.

Bəli, bu Çığırğan idi. Addımlarını ehtiyatla atırdı. Deyəsən, hələ iri qarnını iki ayağının üstündə gəzdirməyə alışmamışdı. Lakin müvazinətini asanlıqla saxlayaraq həyətdən keçib ferma binasına girdi. Bir neçə dəqiqə sonra isə dal qapıdan hamısı arxa ayaqları üstündə yeriyən bütöv bir donuz dəstəsi çıxdı. Bəzilərində iki ayaq üstə yerimək yaxşı alınırdı. Bəzilərinin ehtiyatla yeridikləri sezilirdi. Bir, yaxud iki donuz isə hər addımbaşı sanki yıxılmaqdan qorxurlarmış kimi istinadgah axtarırdılar. Amma heç biri yıxılmadı və uğurla dövrə vurub ferma binasına qayıtdılar. Ardınca isə köpəklərin dəhşətli hürüşməsi və qara xoruzun zil səslə banlaması eşidildi. Napoleon özü həyətə çıxdı. Ağır, hökmlü nəzərlərlə hamıya yuxarıdan aşağı baxaraq köpəklərin əhatəsində iki ayağı üstə meydandan keçdi.

O dırnaqları arasında qırmanc tutmuşdu.

Ortalığa ölü sükut çökdü. Qorxmuş, özlərini itirmiş heyvanlar dayanıb donuzların dəstə ilə həyətdə iki ayaqları üstə gəzməsinə tamaşa edirdilər. Elə bil bütün dünya gözləri önündə kəllə-mayallaq aşmışdı. Nəhayət, hamını bürümüş ilk sarsıntı anı keçdi. Kopəklər qarşısındakı qorxu-hürküyə, nə hadisə baş versə də, heç bir tənqidi fikir söyləməmək, heç nəyə etiraz bildirməməklə bağlı uzun illərdən bəri Heyvanıstanın bütün sakinlərinə aşılanmış vərdişlərə baxmayaraq narazılıq səsləri eşidilməyə başladı. Ancaq elə bu anda qoyunlar əmr alıblarmış kimi var səsləri ilə mələməyə başladılar:

-Dörd ayaq yaxşıdır, iki ayaq daha yaxşıdır! Dörd ayaq yaxşıdır, iki ayaq daha yaxşı! Dörd ayaq yaxşıdır, iki ayaq daha yaxşı!

Qoyunlar beş dəqiqə dayanmadan mələdilər. Onlar sakitləşəndən sonra isə daha etiraz etməyin mənası qalmamışdı. Artıq donuzlar ferma binasına qayıdırdılar.

Bencamin kiminsə burnunun çiyninə toxunduğunu hiss etdi. Çeriyə çevrildi. Klover idi. Kloverin irinli gözləri daha da bulaşmışdı. O, heç bir söz demədən Bencaminin yalından yapışıb arxasınca Yeddi Prinsipin yazıldığı anbar divarına tərəf çəkdi. Bir-iki dəqiqə sonra onlar artıq ağ rəngli hərflərin həkk olunduğu divarın qarşısında dayanmışdılar.

-Gozüm yaxşı görmür!-deyə Klover sükutu pozdu. - Əslində, cavan olan¬da da burada nə yazıldığını oxuya bilmirdim. Ancaq mənə elə gəlir ki, divar¬dakı yazılar indi bir az dəyişib. Yeddi Prinsip necə, Bencamin, dəyişilibmi?

Həyatında ilk dəfə Bencamin öz qaydalarını pozmağa razılıq verdi və divardakı yazını oxudu. Prinsiplər əvvəlki idi. Yalnız bir Prinsip dəyişilmişdi:


BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR.

LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX

BƏRABƏRDİRLƏR!
Bunun ardınca ertəsi gün fermada işlərin gedişinə nəzarət edən donuzların dırnaqları arasında qırmanc tutmaları heç kəsə qəribə görünmədi. Donuzların özlərinə radioqəbuledici almaları, yaşadıqları yerə telefon çəkdirmələri, "Con Bull", "Tit-bit", "Deyli Mirror" kimi nəşrlərə abunə yazılmaları da heç bir heyvanı təəccübləndirmədi. Indi fermanın bağçasında ağzında qəlyan gəzişən Napoleonun görünüşü də daha heç kəsi heyrətləndirmirdi. Bütün bunlar azmış kimi tezliklə donuzlar mister Consun paltarlarını da dolabdan çıxarıb geyinməyə başladılar. Napoleonun əynində artıq qara pencək, dar balaqlı şalvar, ayaqlarında uzunboğaz ovçu çəkmələri vardı. Onun sevimli donuz xanımı isə missis Consun yalnız bazar günləri geyindiyi ipək paltarda gəzirdi.

Bir həftə sonra günorta vaxtı fermada bir neçə ekipaj göründü. Qonşu fermalardan dəvət edilən nümayəndə heyətləri Heyvanıstanın həyatı ilə daha yaxından tanış olmaq üçün gəlmişdilər. Ferma qonaqlara göstərildi. Gördükləri hər şeyə, ilk növbədə isə dəyirmana heyran qaldıqlarını gizlətmədilər. Heyvanlar bu vaxt çuğundur tarlasının alağını edirdilər. Onlar gözlərini torpaqdan çəkmədən çox ciddi-cəhdlə işləyirdilər. Kimdən - donuzlardan, yoxsa qonaq gəlmiş insanlardan daha çox qorxduqları bilinmirdi.

Axşam fermanın əsas binasından mahnı və gülüş səsləri eşidilirdi. Səsi eşidən heyvanlar birdən-birə içlərində qarşısıalınmaz arzu hiss etdilər: maraqlıdır, heyvanlarla insanların ilk dəfə bərabərhüquqlu tərəf kimi görüşdükləri bu anlarda nə baş verə bilərdi? Heyvanlar əvvəlcədən razılığa gəliblərmiş kimi sakitcə fermanın bağçasına tərəf getdilər. Həyət qapısını keçib tərəddüd içərisində dayandılar. Lakin Klover qabağa düşüb hamını arxasınca apardı. Onlar barmaqlarının ucunda evə yaxınlaşdılar. Boyları nisbətən uca olanlar pəncərədən içəri boylandılar. Yemək otağındakı uzunsov masanın arxasında altı nəfər fermer və altı tanınmış donuz oturmuşdu. Napoleon masanın baş tərəfindəki fəxri yeri tutmuşdu. Donuzlar saymazyana bir şəkildə yumşaq kreslolarda yayxanmışdılar. Hamının başı kart oyununa qarışmışdı. Sadəcə yeni sağlıq deyiləndə bir anlıq oyunu dayandırırdılar. Masanın üstündəki böyük qrafin tez-tez bu başdan o başa ötürülür, parçlar ağzına kimi pivə ilə doldurulurdu. Heyvanların pəncərə şüşəsinə yapışmış təəccüb dolu sifətlərinə fikir verən yox idi.

Foksvuddan gəlmiş mister Pilkinqton pivə parçını götürüb ayağa qalxdı. "Möhtərəm məclis iştirakçılarının indi söyləyəcəyim sağlığa içmələrini xahiş edirəm- dedi. - Lakin içməzdən əvvəl zəruri saydığım bir neçə sözü diqqətinizə çatdırmaq istəyirəm".

"Böyük məmnunluq hissi ilə bildirirəm, – deyə mister Pilkinqton sözünə davam etdi, – və hamının fikirlərimə şərik olacağına əminəm ki, münasi¬bətlərimizdə uzun müddət davam edən anlaşılmazlıq və inamsızlıq artıq keçmişdə qalmışdır. Artıq elə bir zaman gəlmişdir ki, - həm də bu tək mənim fikrim deyil və burada əyləşənlərin də sözlərimə şərik olacağını düşünürəm, - Heyvanıstanın hörmətli rəhbərləri qonşularına nəinki düşmənçilik hissləri bəsləmədən, hətta müəyyən inam və etimadla yanaşa bilərlər. Bütün xoşagəlməz hadisələr unudulmuşdur, zərərli ideyalar bir tərəfə atılmışdır. Bir vaxtlar belə fikir yayılmışdı ki, donuzların hakimiyyəti altında olan və onlar tərəfindən idarə edilən Heyvanıstanın mövcudluğu qeyri-təbii hadisədir və qonşulara pis təsir göstərə bilər. Bir çox fermerlər qeyd-şərtsiz şəkildə Heyvanıstanda dərəbəylik və anarxiya hökm sürdüyünü düşünürdülər. Onlar sizin ölkənin nümunəsinin öz fermalarındakı heyvanlara və hətta deyərdim ki, insanlara pis təsir göstərəcəyindən qorxurdular. Lakin indi heç bir şübhə və həyəcanımız qalmayıb. Bu gün mən və dostlarım Heyvanıstana gələrək hər şeyi öz gözümüzlə gördük, diqqətlə nəzərdən keçirdik və bilirsinizmi, nə aşkara çıxardıq? Yalnız buradakı müasir təsərrüfatçılıq üsulları deyil, illərlə bərqərar olmuş qayda-qanun və dəmir intizam da bütün fermerlər üçün ilhamverici nümunə ola bilər". Daha sonra mister Pilkinqston Heyvanıstanda iş heyvanlarının bu ərazidə yerləşən digər fermalardakı həmkarlarının hamısından daha çox işlədiklərini və daha az yemək tələb etdiklərini söyləsə, heç bir səhvə yol verməyəcəyinə əmin olduğunu bildirdi. O və həmkarları səfər zamanı Heyvanıstanda çoxlu yeniliklər görmüşlər və vaxt itirmədən bunları öz fermalarında tətbiq etməyə çalışacaqlar.

"Çıxışımı Heyvanıstanla qonşuları arasında qurulmaqda olan dostluq əlaqələrinin vacibliyini bir daha xatırlatmaqla bitirmək istəyirəm. Donuzlarla insanlar arasında indi heç bir mənafe toqquşması yoxdur və ola bilməz. Bizim mübarizələrimiz də, ətinliklərimiz eynidir. Məgər işlə bağlı problemlər hər yerdə eyni deyilmi?" Mister Pilkinqton çıxışının bu yerində əvvəlcədən hazırladığı müdrik kəlamı söyləmək niyyətində idi, lakin həyəcanlandığından demək istədiklərini yada sala bilmədi. Bir qədər duruxub nəhayət dilləndi: "Əgər sizdə işçi heyvanlar varsa, bizdə də işçi sinif var". Masa arxasından şən bir uğultu keçdi. Mister Pilkinqton donuzları fermada müşahidə etdikləri sərt idarəçilik üsulu, uzun iş günü, ərzaq payının azaldılması və heç bir heyvanın nazı ilə oynanılmaması münasibəti ilə təbrik etdi.

Pivə parçlarının doldurulduğuna əmin olduqdan sonra mister Pilkinqton hamıdan ayağa qalxmağı xahiş etdi və çıxışına təntənəli şəkildə yekun vurdu: "Cənablar, Heyvanıstanın çiçəklənməsinin şərəfinə badə qaldırıram!"

Alqışlar və döşəməyə zərblə vurulan ayaq tappıltıları eşidildi. Napoleon görünməmiş iltifat göstərib kreslosundan qalxdı, masanın ətrafında dövrə vurdu və pivəsini son damlasına qədər içməmişdən əvvəl parçını mister Pilkinqtonun parçı ilə toqquşdurdu. Alqış səsləri sakitləşəndən sonra hələ də ayaq üstündə dayanan Napoleon özünün də deməyə bir neçə sözü olduğunu bildirdi.

Napoleonun bütün danışıqları kimi bu dəfəki nitqi də qısa və işgüzar idi. Napoleon da qarşılıqlı anlaşılmazlıq dövrünün artıq arxada qalmasından çox məmnun olduğunu bildirdi. "Uzun müddətdən bəri idi ki, bizi gözləri gotürməyən düşmənlərimiz, - belə düşünmək üçün hər cür əsasımız var, - şəxsən mənim özümün və həmkarlarımın şübhəli, hətta deyərdim ki, inqilabi baxışlara tərəfdar olmağımız haqqında şaiyələlər yayırdılar. Guya biz qarşımıza qonşu fermalardakı heyvanları öz sahiblərinə qarşı üsyana hazırlamaq məqsədi qoymuşuq. Bu fikir qədər həqiqətdən uzaq olan başqa bir uydurmanı təsəvvürə gətirmək mümkün deyildir. Keçmişdə də, indi də əsas məqsədimiz bütün qonşularımızla dinc yanaşı yaşamaq və qarşılıqlı biznes münasibətləri qurmaq olmuşdur. Mənim rəhbərliyində təmsil edilmək şərəfinə layiq görüldüyüm ferma əslində kollegial şəkildə idarə olunan bir qurumdur. Indi mənə məxsus olan idarəçilik hüququ donuzların ümumi mübarizəsi sayəsində əldə edilmişdir".

Napoleon daha sonra dedi: "Mən köhnə şübhələrin tam şəkildə aradan qaldırıldığına inanmıram, lakin son zamanlar fermanın idarəçiliyində həyata keçirilən dəyişikliklərin bundan sonra etimad və qarşılıqlı inam mühiti yaradacağına, fərqlərin aradan qalxacağına əminəm. Məsələn, indinin özündə də fermadakı heyvanların biri-birlərinə "yoldaş" deyə müraciət etmək kimi axmaq vərdişləri var. Buna birdəfəlik son qoyulacaq. Mənşəyi bizə naməlum qalan başqa bir qəribə ənənə də movcuddur: hər bazar günü səhər heyvanlar qoca donuzun bağda kötüyün üstünə qoyulmuş kəlləsi önündən təntənəli marşla keçirlər. Buna da tezliklə son qoymaq lazım gələcək. Həmin kəllə sümüyünü isə təcili şəkildə dəfn etmək lazımdır. Nümayəndə heyətinin üzvləri yəqin meydanda dalğalanan yaşıl bayrağı gördülər. Əgər yaxşı fikir veriblərsə, yəqin ki, əvvəllər bayrağın üstündə olan buynuz və dırnaq təsvirinin indi oradan pozulduğu diqqətlərindən yayınmayıb. Bundan sonra bayrağımızda sadəcə tərtəmiz yaşıl rəng olacaq".

"Mənim mister Pilkinqtonun mehriban qonşuluq ruhu ilə aşılanmış gözəl nitqinə yalnız bir düzəlişim var, - deyə Napoleon sözünə davam etdi. - Mister Pilkinqton Heyvanıstan haqqında danışanda təbii ki, bilmirdi, - əlbəttə, bilə də bilməzdi, çünki mən özüm də bu barədə ilk dəfə sizin yanınızda söz açıram, - "Heyvanıstan" adı bu gündən etibarən ləğv edilmişdir. Ölkəmiz bundan sonra "Malikanə" ferması adlanacaq. Inanıram ki, bu tarixi cəhətdən daha dəqiq və həqiqi addır".

-Cənablar!-deyə Napoleon nitqinə yekun vurdu. - Mən də sizə eyni sağlığa, lakin təbii ki, bir qədər dəyişdirilmiş şəkildə içməyi təklif edirəm. Stəkanlarınızı ağzına qədər doldurun. Cənablar, mənin deyəcəyim sağlıq budur: "Malikanə" fermasının çiçəklənməsinin şərəfinə!

Bu tost da əvvəlki sağlıq kimi ürəkdən alqışlandı. Parçlardakı pivə son damlasına qədər içildi. Pəncərə şüşəsi arxasından bu mənzərəni seyr edən heyvanlarda elə təsəvvür yaranmışdı ki, içəridə sanki çox qəribə hadisələr baş verir. Donuzların sifətlərində bu dəyişikliyi yaradan nə idi? Kloverin nurunu itirməkdə olan irinli gözləri donuzların birinin sifətindən o birinə yönəlirdi. Bu sifətlərin birində beş buxaq, o birində dörd buxaq, başqalarında isə üç buxaq vardı. Bu sifətlər onun gözləri qarşısında ifadələrini dəyişir, əriyib bir-birlərinə qarışırdılar. Alqış səsləri bitəndən və dəstə yenidən qumar masasının ətrafına qayıdandan sonra heyvanlar da sakitcə pəncərənin önündən çəkildilər.

Lakin beş-on addım aralanmamış onlar ayaq saxlamalı oldular. Ferma binasından qulaqbatırıcı bağırtı səsləri gəlirdi. Heyvanlar yenidən özlərini pəncərənin qabağına çatdırıb içəri baxmağa başladılar. Qonaq otağında mərəkə qopmuşdu. Qəzəbli çığırtılar və zərblə masaya dəyən yumruq səsləri eşidilir, şübhə dolu baxışlar qarşılaşır, təkziblər və etirazlar səslənirdi. Həyəcanın səbəbi Napoleonun da, mister Pilkinqtonun da eyni anda tuz çıxarmaları idi.



On iki səs əsəbiliklə mübahisə edirdi. Bu səslərin hamısı bir-birinə bənzəyirdi. Donuzların sifətində baş verən dəyişikliyin səbəbi heyvanlara yalnız indi aydın oldu. Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib dönə-dönə baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu soyləmək mümkün deyildi




Yüklə 454,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin