«Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununa (5 iyun 1996-cı il) görə
torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin
aparılması yolu ilə əsaslı yaxşılaşdırılması meliorasiya, bu tədbirlər nəticəsində münbitliyi artırılmış torpaqlar
isə meliorasiya olunmuş torpaqlar adlanır.
Meliorasiya və irriqasiya tədbirlərinin planlaşdırılması meliorasiya və irriqasiya üzrə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramları,
habelə bələdiyyələrin, birliklərin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi
şəxslərin sifarişləri əsasında aparılır.
Meliorasiyanın bu və ya digər növünün seçilməsi isə müvafiq ərazinin təbii-iqlim xüsusiyyətlərindən və
kənd təsərrüfatının ehtiyaclarından asılı olaraq müəyyən edilir.
Bələdiyyələrin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişi ilə
meliorasiya və irriqasiya tədbirləri planlaşdırılarkən meliorasiyanın növləri və meliorasiya və irriqasiya
tədbirinin miqyası müvafiq standartlara, normalara və qaydalara uyğun olaraq müəyyənləşdirilir.
Meliorasiya işləri aparılan müddətdə meliorasiya tədbirləri aparılan sahələr əkin altında istifadə olunmur.
Onlara bitişik torpaqlardan isə qanunvericiliyə uyğun olaraq istifadə oluna bilər.