«Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununa (14 iyun 2005-ci il) görə,
ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi,
özünüməşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin
genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Odur ki, Qanun mülkiyyətində və
icarəsində olan torpaqdan və əmlakdan istifadə etməkdə bu qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd
yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir. Lakin, kənd yerlərində fəaliyyət göstərən hüquqi
şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.
Ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər,
qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından
ibarətdir. Burda olan torpaq sahələri ailə üzvlərinin pay torpaqları, alqı-satqı yolu ilə satın alınmış torpaqlar və
mülkiyyətçidən icarəyə götürülmüş torpaqlar ola bilər.
Qanunvericiliyə görə – ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi mülki və torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin, bu təsərrüfatın illik dövriyyəsinin yuxarı
həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə, o, öz statusunu itirir və sahibkarlıq
fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir.