XVII əsrin ədəbiyyatında klassisizm və barokko ilə
yanaşı onların hər ikisinə zidd olan realist burjua ədəbi
cərəyanı da təşəkkül tapmağa başlayır. Bu cərəyana mənsub
olan yazıçıların əsərlərində adi məişətin və sıravi adamların
təsvirinə daha çox diqqət yetirilir, həyat həqiqətlərinin doğru
əks etdirilməsinə daha sox meyl göstərilirdi. İntibah
dövrünün realist ənənələri ilə bağlı olan bu cərəyanı bəzən
məişət realizmi kimi səciyyələndirirdilər. Onların əsərlərində
realizmin sadəlövh səciyyə daşımasına, insanın daxili
aləminin, hiss və ehtiraslarının təsvirinə az meyl
göstərilməsinə baxmayaraq bu ədəbi cərəyan XVII əsr
ədəbiyyatında realizmin formalaşmasında mühüm rol
oynamışdır. Bu cərəyanın əsas xidməti ondadır ki, onun
nümayəndələri feodalizm cəmiyyətini idealizə edən barokko
Afaq Yusifli İshaqlı
162
ədəbiyyatı ilə ciddi mübarizə aparmış, onun presiyoz üslub
və qanunlarına qarşı cəsarətlə döyüşmüşlər.
Bu cərəyanın nümayəndələrinin adi məişət möv-
zusuna, sadəlövh gerçəkliyə meyli presiyoz ədəbiyyatın
nəzakətli şikəst üslubuna qarşı yönəlmişdi. Lakin burada
onlar başqa bir ifratçılığa varırdılar. Əgər bir tərəfdə vulqar
və hamı tərəfindən qəbul olunmuş ənənələr, hadisələr, faktlar
qarşısında qorxudan qeyri-adiliyə və qəribəliyə pərəstiş
hökm sürürdüsə, əks cəbhədə adiliyə maraq bayağılığa
səcdəyə gətirib çıxarırdı. Nəsr sahəsində bu cərəyan ləng
inkişaf
edir,
antik
mənbələrə
ispan
və
italyan
nümunələrindən, İntibah dövrünün novellalarından qidalanır,
onlara istinad edərək, ehtiyatla, yan-yörəsinə baxa-baxa
irəliləyirdi. Jan-Barklayın "Evfortion", Aqrippa d`Obinyenin
"Baron de Fenestanın macəraları", Teofil de Vlonun "Bir
sərgüzəştin fraqmentləri" əsərləri bu istiqamətdə yaranan ilk
əsərlər idi. Lakin realist romanın ilk qiymətli nümunələrinə
Ş.Sorelin yaradıcılığında rast gəlirik.
ŞARL SOREL. /1602-1674/. Sorelin həyatının ilk
dövrləri haqqında məlumat azdır. O, varlı əyalət burjua
ailəsində doğulmuşdur. Atası sonra Parisə gəlmiş və
parlamentdə prokuror vəzifəsi almışdır. Sorel Parisdə
oxumuş, latın dilini öyrənmişdir, lakin elə bu vaxtlar onda
antik dövrə qarşı ikrah oyanmışdır. Kolleci bitirdikdən sonra
hüquq məktəbinə yerləşdirilsə də, hüquq onu cəlb
etməmişdir. Sorel ədəbiyyatçı olmağı arzulayırdı. Onun ilk
təcrübələri, xüsusən şeirləri zəif olmuş, diqqəti cəlb
etməmişdir.
Ədəbi qazancla özünü dolandırmağa çalışan Sorel
1622-23-cü illərdə presiyoz ədəbiyyatının təsiri ilə
"Anjelinin sarayı", "Xrizantlı Ofriza" romanlarını yazır,
novellalar məcmuəsi nəşr etdirir. Kübar dairələrin zövqünə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
163
uyğunlaşmaqla ədəbi şöhrət qazana bilməyəcəyini başa
düşən yazıçı yeni yol seçir. 1623-cü ildə onun "Fransionun
doğru komik həyat tarixi" romanı çap olunur. Burada o
özünü qəhrəman seçmiş, cəmiyyətin müxtəlif dairələrində
keçirdiyi macəralarını sərbəst, sadəlövh bir üslubda təsvir
etmişdir. Roman sadə xalq nümayəndələri arasında böyük
müvəffəqiyyət qazanmış və yazıçının sağlığında, az qala,
otuz dəfə nəşr olunmuşdur.
"Fransion"un müvəffəqiyyəti onun məzmununun
həyatiliyi, dil və üslubunun sadəliyi və xəlqiliyi ilə bağlı idi.
Fransionun macəralarında presiyoz ədəbiyyatda göstərilən
qəhrəmanlar, nəcib xanımlar, şərti mühit və şərait yoxdur.
Oxucunu burada yunan şahzadələri, yunan arxipelaqı
adalarında keçən həyat cəlb etmir. Sorel həmişə onu əhatə
edən, heç də həmişə cəlbedici olmayan real həyat
hadisələrini əks etdirir. Onun qəhrəmanı Fransion dövrün
orta təbəqədən olan adamlarının tipik nümayəndəsidir. Onun
adı da XVII əsrdə fransız xalqının tipik nümayəndəsinin adı
kimi işlənilir və Fransion sözü bir növ, "fransız" sözünün
sinonimi kimi başa düşülürdü. Feodal keçmişi idealizə
əvəzinə Sorelin romanında gündəlik həyatın kobud,
ikrahedici mənzərələri canlandırılır. Ucqarların yeksənəq
həyatı, əyri-üyrü yollarda yarı ac insanların, avaraların,
səadət axtaran yoxsulların dəstə-dəstə veyillənməsi, feodal
qəsrlərin əprimiş görkəmi, yolüstü qonaq evlərinin şəraiti və
sakinləri göz önündən gəlib keçir. XVII əsrin 20-30-cu
illərinin Paris həyatının qeyri-adi təfərrüatla dolu parlaq
mənzərələri də yazıçı tərəfindən diqqətlə təsvir olunmuşdur.
Nəzakətli qəhrəmanlıq romanlarında cəmi-cümlətani
bir neçə surət göstərilirdisə, Sorelin romanında kütləvi
səhnələr əsas yer tutur. Onun romanında işgüzar və daim
tələsən burjualar, təkəbbürlü əyanlar, saray adamları, veyil-
veyil gəzən avaralar, kurtizankalar, din xadimləri, atlılar,
Afaq Yusifli İshaqlı
164
piyadalar, hamballar həyatın sonsuz burulğanında gözə
görünərək yoxa çıxırlar.
"Fransion" fransız ədəbiyyatında müasir mövzuda
yazılan ilk burjua romanı idi. O, kübar dairələr üçün deyil,
peşəkarlar, tacirlər, məmurlar üçün nəzərdə tutulmuş, onların
həyatından, onlar üçün yazılmışdır. Sorel Rable, Navarralı
Marqarita və digər İntibah dövrü sənətkarlarından öyrənsə
də, daha çox ispan kələkbazlıq romanlarının yolu ilə
getmişdir. Yazıçı ispan romanlarının formasından məharətlə
istifadə etməklə onu fransız həyatından götürülmüş zəngin
material əsasında işləmişdir. Onun qəhrəmanı Fransion tipik
pikarodur, yəni fırıldaqçıdır, şən, qayğısız, əxlaq norması
tanımayan, laqeyd və laübali bir adamdır. İspan kələkbazlıq
romanlarında olduğu kimi "Fransion"da təsvir edilən həyat
da xoşagəlməz və eybəcərdir, lakin bu, XVII əsrin birinci
rübünün fransız həyatıdır. "Fransion" bu mənada ilk fransız
kələkbazlıq romanıdır. Lesajın "Jil Blas" romanı tipli
romanların ilk parlaq nümunəsidir.
Sorelin əsərində fransız həyatı elə əhatəli və təfərrüatı
ilə əks etdirilmişdir ki, o, həmin dövrün məişət tarixini
öyrənmək üçün ən etibarlı mənbələrdən biri sayıla bilər.
XVII əsrin həyatı ilə bağlı məlum olan faktlar və detalların
"Fransion"la müqayisəli şəkildə öyrənilməsi Sorelin hər bir
xırda hadisə və fakta nə qədər sadiq olduğunu bir daha təsdiq
edir. Həyat və hadisələri doğru əks etdirən sənətkar
cəmiyyətin tüfeyli təbəqələrinə gülürsə, onları kəskin şəkildə
tənqid edirsə, sadə zəhmət adamlarını, peşəkarları və kəndli-
ləri məhəbbətlə təqdim edir.
"Fransion"da Sorel həmçinin özünün estetik görüş-
lərini əks etdirmişdir. Həyatın doğru əks etdirilməsinə
məhəbbət, kübar dairələrin ədəbi normalarının saxtalığına
qarşı açıq hücumlar, onların şərti pafosunu, qondarma
hisslərini, həyəcanlarını açıq-saçıq tənqidlər Sorelin estetik
XVII əsr Qərbi Avropa ədəbiyyatı
165
proqramının əsas prinsiplərini müəyyənləşdirir. Çobanları
filosoflar kimi danışdıran bu ədəbiyyatı Sorel rədd edir. Dil
və üslub baxımından da Sorel presiyoz ədəbiyyatından fərqli
yolla gedir, kobud xalq ifadə, sözlərini işlətməkdən çəkinmir.
Sorelin 1627-ci ildə çap olunan "Əcaib çoban" ro-
manında onun estetik prinsipləri daha aydın ifadə olun-
muşdur. Kitaba yazdığı önsözdə Sorel bildirir ki, onun bu
əsəri bütün başqa kitablara istehza olacaq, "romanların və
bütün başqa poetik boşboğazlıqların qəbrinə çevriləcəkdir."
Bu əsərdə Sorel daha çox Servantesdən, onun ölməz "Don
Kixot"undan
təsirlənmişdir. Don Kixot cəngavərlik
romanlarını oxuyub ağlını itirdiyi kimi Paris mahudçusunun
oğlu Lui də presiyoz ədəbiyyatın nümunələri olan pastoral
romanlarını oxuyub dəli olur. Öz adını yunanlaşdıraraq Lizis
şəklinə salır, çoban paltarı geyir, atasının dükanında alver
etmək əvəzinə Senanın sahillərində qoyun otarır. Öz
ağasından daha küt bir adam olan Kornelin isə onun üçün
Sanço Pansonu əvəz edir. Lizisin öz Dulsineyası da vardır.
Qırmızıyanaq Katerinanı o, Xarita adlandırıb onun şərəfinə
şeirlər qoşur. Dostları tərəfindən get-gedə lağa qoyulan
Lizisin bu sayıqlamaları tədricən əsl dəliliyə çevrilir.
Sorel öz qəhrəmanının müxtəlif macəralarına təsvir
etmək yolu ilə nəzakətli presyoz romanlarında dəbdə olan əsas
motivlərini, üsullarını, vasitələrini lağa qoyur. Sorel bununla
da kifayətlənməyərək romana yazdığı şərhlərdə presyoz
ədəbiyyatı kəskin tənqid edir.
Yarımçıq qalmış "Poliandr" romanında Sorel XVII
əsrin 40-cı illərinin maliyyəçilərinin həyatını əks etdirmişdir.
Bu əsər yazıçının realist üslubunun daha da yetkinləşməsi,
Parisin orta təbəqələrinin həyatının daha dolğun və realist
əks etdirilməsi ilə seçilir. Lakin əsər oxucuların diqqətini o
qədər də cəlb etmədi. Sorelin bundan sonra yazdığı fəlsəfi,
əxlaqi, ədəbi və dini əsərlər isə orijinal səciyyə daşımır və az
Afaq Yusifli İshaqlı
166
maraq doğurur.
POL SKARRON /1610-1660/. XVII əsrin birinci
yarısında Fransız ədəbiyyatında məişət realizminin ikinci
böyük nümayəndəsi Pol Skarron olmuşdur. O, Parisdə varlı
burjua ailəsində doğulmuşdur. Atası parlamentdə müşavir
idi. Lakin parlament Rişelye ilə mübarizə apardığı vaxt o,
vəzifəsini itirib xaricə qaçmış və mühacirətdə ölmüşdür.
Analığı onu atasının birinci nikahdan olan başqa uşaqları ilə
bərabər irsdən məhrum etmişdir. O da həmkarı Sorel kimi
ədəbi yaradıcılıqla dolanmalı olmuşdur. Bu vaxtlar Qrenobl
yepiskopunun məiyyətində Romaya gedən Skarron abbat
rütbəsi alır və üç il əyalət şəhərlərindən birində keşiş işləyir.
1646-cı ildən Parisə qayıdan Skarron ömrünün sonuna qədər
Parisdə yaşayır. Ağır xəstəlik nəticəsində 1638-ci ildən
kresloya bağlı qalan ədib ruhdan düşmür, şən bir həyat
keçirir. Onun evində müxalifət ruhlu kübarlar, azadfikirli
yazıçılar toplaşırdılar. 1652-ci ildə Skarron Aqrippa
d`Obinyenin nəvəsi 16 yaşlı Fransuaza d`Obinye ilə evlənir.
Skarronun ölümündən sonra bu qadın madam de Mentenon
adı ilə kral XVII Lüdovikin əvvəlcə məşuqəsi, sonra arvadı
olur.
Skarron iyirmi il yazıb-yaratmış, şair kimi özünün
yaratdığı burlesk janrı ilə, nasir kimi novellaları "Komik
roman" əsəri və komediyaları ilə tanınmışdır.
Burlesk /"burla" italyanca zarafat, istehza deməkdir/
poeziya Fransada XVII əsrin 40-cı illərində meydana gəlmiş,
qeyri-adi
uğurlarla qarşılanmış, lakin 60-cı illərin
ortalarından tənəzzülə uğramışdır. Məsələ burasındadır ki,
satirokomik səciyyə daşıyan bu poeziya müxalifətçi Fronda
zadəganlığı arasında yaranmış, mütləqiyyətçi idarə üsulunun
qeyri-real görünən əzəmətinə, burjuaziyanın eybəcərliklərinə
gülmək məqsədi daşımışdır. İtaliyada bu tipli zarafatyana
poemalar /Braççolininin "Allahlara istehza", Lallinin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
167
"Eneidlərin
astar
üzü" poemalarında olduğu kimi/
bütpərəstlik allahlarını lağa qoyub katolikliyin təsdiqinə
xidmət edirdi. Fransız ədəbiyyatında isə bu janr üstüörtülü
şəkildə ciddi siyasi və ədəbi məqsədlər izləyir, antik mifləri
astar üzünə çevirərək, şəbih formasında şərh edərək,
mütləqiyyətin qəhrəmanlıq iddialarına, bunu təsdiqə çalışan
saray ədəbiyyatının əsas mövzu mənbəyi olan Yunan-Roma
incəsənətinə gülürdü.
Burlesk sözünü ilk dəfə Fransada şair Sarrazen
işlətmiş, lakin onun banisi və ən yaxşı nümayəndəsi Skarron
olmuşdur. Onun "Tixon, yaxud Qiqantomaxiya", "Vergili tərs
üzünə" və başqa əsərləri bu janrın ən yaxşı nümunələri
sayılır. "Tifon"da yerin övladları olan titanların allahlarla
mübarizəsi, onların Olimpdən qovulması, nəhayət Herakl
tərəfindən yenidən öz yerlərinə qaytarılmaları təsvir edilir.
Guya titanlar öz aralarında keqli oynayarkən mübahisə
edirlər, atılan şarlardan biri Yupiterin sarayına düşür, onun
mətbəxindəki qiymətli Venesiya şüşələrini sındırır. Yupiter
və başqa allahlar burada komik personajlar kimi göstərilmiş,
Paris kübar cəmiyyətinin nöqsanlarına malik şəxslər kimi
təqdim olunmuşdur. Yupiter şəhvətpərəst bir adamdır, yer
sakinləri arasında qəşəng bir qız və qadın görəndə onun
dalınca düşməkdən utanmır. Onun arvadı Yunona deyingən
və qısqancdır. Titanlara isə Paris burjuaziyasının cizgiləri
verilmişdir. Onlar Paris küçələrinin dili ilə danışırlar.
"Eneida tərs üzünə" burlesk poeması Vergilinin
"Eneida"sına parodiya şəklində yazılmışdır. Skarron poe-
manın zəif yerlərini, ağılkəsməz uydurmalarını seçərək
onlara gülür. Bununla yanaşı "Eneida"nı əlçatmaz zirvə,
nümunə sayan müasir poemalara Skarron daha tənqidi
yanaşır. Burada da Skarron arxaik mifoloji şəraitdə müasirlik
cizgiləri daxil edir. Məsələn, troyalılar əsl Paris burjualarına
çevrilir, onların daxili və xarici xüsusiyyət keyfiyyətlərinə
Afaq Yusifli İshaqlı
168
malik adamlar kimi göstərilirlər.
Poemanın dili xalq danışıq dilinə yaxınlaşdırılmış,
səkkiz hecalı qoşa qafiyəli misralardan istifadə olunmuşdur.
Skarron beş il ərzində səkkiz nəğməsini yazıb çap etdirmiş,
böyük müvəffəqiyyət qazanmasına baxmayaraq, parodiyanın
həddindən artıq uzanmasını, yeksənəq və yorucu olacağını
nəzərə alıb bu sahədəki işini yarımçıq qoymuşdur. Skarronun
burlesk poeziyası Fransada və onun xaricində böyük əks-
səda oyatmış, yeni-yeni əsərlərin yaranmasına səbəb
olmuşdur. Şarl Perro, Sent-Aman, Ş.Dassusi, Füretyer,
Marivo və başqalarının bu sahədəki fəaliyyətini xatırlamaq
olar.
Burlesk poemalarına nisbətən Skarronun nəsr əsər-
ləri, xüsusən "Komik roman"ı daha əhəmiyyətlidir. Bu
romanın ilk iki hissəsini yazıçının sağlığında 1651 və 1654-
cü illərdə nəşr olunmuş, yarımçıq qalan üçüncü hissə isə
Ofre tərəfindən tamamlanmış və 1678-ci ildə nəşr edilmişdir.
"Komik roman" "Fransion"a nisbətən fransız ədəbiyyatında
realist təhkiyə janrının inkişafında daha yüksək və yetkin
mərhələni təmsil edir.
Kiçik bir komediya artistləri truppasının balaca bir
əyalət şəhəri olan Mans və onun ətrafında keçən həyat və
macəraları romanın əsas mövzusunu təşkil edir. Aktyorlarla
yanaşı şəhərin meşşan əhalisi də romanda şən, incə yumorla,
realist cizgilərlə əks olunmuş, aktyorların gəlişi ilə onların
həyatında baş verən maraqlı əhvalatlar qələmə alınmışdır.
Məhkəmə hakimi La-Rapinyer bu cəhətdən realist boyalarla
əks olunmuş bir surət kimi diqqəti cəlb edir. O, Mansda
birinci hazırcavab adam, incəsənət hamisi və həvəskarı kimi
tanınır, lakin onu incəsənətdən çox qəşəng aktrisalar cəlb
edir. Dünyagörmüş aktyor və mizantrop Rankünün kələkləri
nəticəsində o öz əməllərinin qurbanı olur. Vəkillik rütbəsi ilə
öyünən Raqoten, öyünəcək və məhdud bir adam olan baron
XVII əsr Qərbi Avropa ədəbiyyatı
169
oğlu Sen-Far və başqaları da yazıçı tərəfindən canlı insanlar
kimi göstərilmişlər.
Teatr aləminə yaxından bələd olan, Mans şəhərində
bir çox adamları yaxından tanıyan Skarron, çox güman ki,
yaratdığı surətlərin çoxunu naturadan götürmüşdür. Yazıçının
müasirləri onun əsərində təsvir olunan adamların
prototiplərini çox asanlıqla tanıyırdılar.
Gerçək həyatdakı eybəcərliklərə açıq tənqidi
münasibətlə yanaşan, əyalət meşşanlarının kütlüyünü,
bayağılığını və başqa qüsurlarını ifşa edən yazıçı onların
arasında nəcib, təmiz insanların da surətlərini yaradır və
göstərir. Gənc aktrisa Etual, onun sevdiyi Desten, Ancelika
və başqaları buna misal ola bilər. Romanda Etualla Destenin
münasibəti axırda xoşbəxt ailə qurması ilə nəticələnir.
Ancelika da özünə layiqli həyat yoldaşı tapır. Skarronun
bütün maneələrə qalib gələn əsl sevgini hakim dairələrin
ikrahla yanaşdıqları komediya artistləri arasında tapıb
göstərməsi onun demokratizminin ən yaxşı təsdiqidir.
"Komik roman"ın ən mühüm cəhətlərindən biri onun
ispan kələkbazlıq romanları və novellaları ilə əlaqəsidir.
XVII əsr fransız ədəbiyyatının özünü hakim kübar dairələrin
idealizə olunmuş nəzakətli üslubuna qarşı qoyan əksər
nümayəndələri ispan kələkbaz romanlarının ənənələrinə
əsaslanırdılar. Bu ənənələr Sorel üçün böyük əhəmiyyətə
malik idisə, Skarron üçün daha vacib və mühüm idi. O,
Qonqora, Tirso de Molina, Frasisko de Roxas, Kalderon,
Alanso del Kastilyo Solorsano və xüsusən Servantes kimi
ispan
yazıçılarının
əsərlərinə
yaxşı
bələd
idi,
komediyalarında, şeirlərində, novellalarında, o cümlədən
"Komik roman"ında onlardan yaradıcı surətdə faydalanırdı.
"Komik roman"a daxil edilən dörd ispan novellasından üçü
Solorsanonun "Kassandranın müdafiəçiləri" toplusundan,
dördüncüsü
isə
daha
qədim
ispan
mənbəyindən
Afaq Yusifli İshaqlı
170
götürülmüşdür.
Servantesin yaradıcılığını və "Nəsihətamiz novella-
lar"ını Fransa hakim dairələrində dəbdə olan nəzakətli
qəhrəmanlıq romanlarına qarşı qoyan Skarron yazırdı: "Əgər
Fransada da Servantesin novellaları kimi yaxşı novellalar
yaratsaydılar,
onlar
qəhrəmanlıq
romanlarından
az
müvəffəqiyyət qazanmazdı."
Skarronun yaratdığı "Faciəli komik novellalar"
toplusu da ispan mənbələrindən istifadə olunaraq yara-
dılmışdı. Lakin bu novellalar fransız həyatına və dövrünə
uyğunlaşdırılaraq yenidən işlənilmişdir. Bu novellalardan
ikisindən /"Mənasız ehtiyatlılıq", "İkiüzlülər"/ Molyer
"Arvadlara dərs" və "Tartüf" komediyalarında yaradıcı
şəkildə istifadə etmişdir.
Skarron həmçinin bir sıra komediyalar yazmışdır.
"Jodle, yaxud cənab nökər", "Üç Doroteya, yaxud şillə yemiş
Jodle", "Kapitan Matamorun qəribəlikləri", "Matamorun
evlənməsi", "Salamank məktəblisi" və başqaları yazıçının
nəsr əsərləri və poeziyasına nisbətən fransız gerçəkliyini
daha səthi şəkildə əks etdirirdi. Bununla bərabər bunlar
Molyerə qədərki dövrdə satirik məişət komediyasının
inkişafında mühüm rol oynamışdır. Skarronla yanaşı Sirano
de Berjerakın, Demare de Sen-Sorlenin, Jille de La-
Tessonrinin komediya yaradıcılığı Molyer komediyaları üçün
zəmin hazırlamaqla bərabər XVII əsrin ortalarında meydana
çıxan realist məişət romanları ilə qırılmaz tellərlə əlaqədar
idi.
ANTUAN FÜREYTER /1620-1688/. XVII əsrdə
Fransada məişət realizminin üçüncü görkəmli nümayəndəsi
Antuan Füreyter olmuşdur. Parisdə o qədər də varlı olmayan
burjua ailəsində dünyaya gələn Füreyter gəncliyində hüquq
elmlərini öyrənmiş və Sen-Jermen-de-Pre kral abbatlığında
XVII əsr Qərbi Avropa ədəbiyyatı
171
vəkil vəzifəsində işləmişdir, lakin məlum olmayan səbəb
üzündən ruhani rütbəsini atmış və özünü ədəbi yaradıcılığa
həsr etmişdir. Çox az əsərlər çap etdirməsinə baxmayaraq
1662-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir. Bundan
sonra isə o, "Burjua romanı" əsərindən, bir neçə
epiqramdan, təmsillərdən və şeirlərdən başqa bir şey çap
etdirməmişdir. Həyatının qalan vaxtını o, "Fransız dilinin
lüğəti" adlı monumental əsəri üzərində işləmişdir. Bu lüğətlə
əlaqədar Akademiya ilə çəkişməli olmuş və akademiklər
sırasından çıxarılmışdır.
Füreyter öz şairlik istedadını bütün janrlarda sınamış,
epiqramlar, stanslar, madriqallar, epitafiyalar, nəğmələr,
tapmacalar, sonetlər yazmış, lakin şair kimi müvəffəqiyyət
qazanmamışdır, "onun şeir tarlasında gül açılmamışdır".
Füreyterin ilk əsərləri içərisində "Alleqorik povest"
adlı nəsr əsəri xüsusi yer tutur. Üslub və forması etibarilə
ağır və yorucu olan bu əsər dövrün ədəbi mübarizələrini
dəqiq əks etdirmək baxımından böyük əhəmiyyətə malikdir.
Satira
ilk
növbədə dövrün ən nüfuzlu ədəbiyyat
xadimlərindən olan Gez de Balzak, Menaj, La-Kalprened,
Qombervil, Düfre və başqalarına qarşı yönəlmiş, həqiqətən
baş vermiş bir sıra ədəbi qalmaqalları əks etdirir. Əsərin
müvəffəqiyyət qazanmasının səbəbi bu cür aktual və müasir
məzmun daşımağı ilə bağlı idi. Füreyter nəzakətli
qəhrəmanlıq romanlarının müəlliflərinə də cəsarətlə hücum
edir, "yalan uydurmalar ölkəsi" olan "romanlar şahlığının"
puç, qeyri-insani, ağla ziddi estetik prinsiplərinə gülür.
Yazıçının 1662-ci ildə çap olunmuş "Merkurinin
səyahəti" mənzum əsəri də kəskin sosial məzmunu ilə seçilir.
Olimp allahları yer sakinlərinin mümkün ola biləcək,
gözləniləcək hücumlarından, qəsdlərindən qorunması üçün
Merkurini yerə göndərirlər. Merkuri yerdə yaşamalı,
insanların əxlaqını öyrənməli, təhlükə gözlənilən kimi yer
Afaq Yusifli İshaqlı
172
sakinlərinə xəbər verməli idi. Merkuri yerə enən kimi
əvvəlcə çoban olur, lakin çobanlıq dövrünün keçdiyini,
kəndlinin yoxsulluq içində yaşadığını, çobanların əxlaqının
kobudlaşdığını görən Merkuri tacirliyə başlayır. Oğurluq,
fırıldaq, sələm və qarət vasitəsilə bankirliyə qədər yüksəlir.
Bundan sonra da Merkuri bir çox vəzifələrdə çalışır,
universitet gözətçisi, professor, kollec direktoru, vəkil,
həkim, saray şairi olur. Sarayda o, büsbütün pozulur,
nəzakətli şeirlərlə alver edir, miyançı olur, özü üçün oğru
dəstəsi düzəldir. Nəhayət, onu tuturlar və edam cəzasına
məhkum edirlər, lakin Yupiter öz ildırımları ilə cəlladı və
mühafizəçiləri öldürüb onu xilas edir. Merkuri göydə
allahların məclisində gördüklərindən, eşidilməmiş var-
dövlətdən, kübarların şəhvətpərəstliyindən, kiçik insanların
dəhşətli yoxsulluğundan, cəmiyyətin bütün təbəqələrinin
pozulmasından söhbət açır. Yupiter get-gedə eybəcərləşən
insan nəslinə lənətlər yağdırır. Bu satira kəskin ictimai
məzmunu, dövrün bir çox nüfuzlu adamlarına qarşı açıq-
aydın hücumları ilə diqqəti cəlb edir.
Füreyterin ədəbi irsində "Burjua romanı" mühüm yer
tutur. Bu əsər Fransada realist məişət romanlarının inkişafı
baxımından mühüm mərhələ təşkil edir. Romanda XVII əsrin
ortalarının Paris burjuaziyasının əxlaqı və məişətinin bitkin
realist mənzərəsi yaradılmışdır. Burada qəhrəmanlar,
qəhrəman qadınlar, döyüşən ordular, dağılan krallıqlar deyil,
adi insanlar təsvir olunur, öz yolu ilə səssizcə hərəkət edən
bu adamların bəziləri gözəl, bəziləri eybəcərdir, bəziləri
ağıllı, bəziləri axmaqdır.
Romanın əsas surətləri prokuror Volmişon, onun
arvadı, qızı Javotta, markiz Nikodom, qonşu qadın Tuanon
və başqalarıdır. Prokuror Volmişon tülüngü və kələkbazdır,
lakin evdə heç bir hörməti yoxdur, arvadı onu başmaq altında
saxlayır. Onun qızı Javotta nəzakətli romanlar oxusa da,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
173
hiyləgərlik işlədib ərə getmək üçün markizi ələ keçirir.
Markiz Nikodomun yüngül əxlaqlı adam olduğunu
öyrəndikdə isə onu evdən qovurlar. Əsərdə heç bir sünilik,
fəsalət və bəlağət nişanəsi yoxdur. Adi həyatın prozası
burada ədəbi normaya çevrilmişdir.
Füreyterin əsəri süjetinin maraqlı qurulması ilə deyil,
meşşan həyat tərzinin, əxlaq və vərdişlərinin təfərrüatlı
təsviri ilə diqqəti cəlb edir. Ev əşyalarının düzülüşü də,
süfrəyə gətirilən səhər və şam yeməklərinin təsviri də yazıçı
tərəfindən eyni diqqətlə qələmə alınmışdır.
Füreyter burjua gerçəkliyini doğru, dəqiq əks etdirən
bir
roman
yazmaq
istəmiş,
bununla
bərabər,
karikaturaçılıqdan və məsxərəçilikdən də qaçmışdır. Əsərin
qəhrəmanlarını yazıçı o qədər canlı təsvir etmişdir ki,
müasirləri bunların arxasında dövrün adamlarının həqiqi
portretlərini görmüş və axtarmışlar. Düzdür, Volmişen
obrazının əsasında Paris parlamentinin prokuroru Rollenin
dayandığı yaxşı məlumdur. Lakin Füreyter həyatda gördüyü
adamların sifətlərini olduğu kimi öz əsərinə köçürməmiş,
ümumiləşdirmə apararaq müstəqil tiplər yaratmışdır.
"Burjua romanı" XVII əsr fransız ədəbiyyatında so-
nuncu əxlaq romanı idi. Bu romanın ənənələrinin bilavasilə
davamını ancaq XVIII əsrdə Lesajın yaradıcılığında görürük.
Dostları ilə paylaş: |