"Britannik". Kornelin tərəfdarları belə bir şayiə
yayırdılar ki, guya Rasin əsil siyasi faciə yaratmağa qabil
Afaq Yusifli İshaqlı
276
deyildir. Bir növ bu şayiələrə cavab olaraq dramaturq
mövzusu Roma tarixindən götürülmüş "Britannik" faciəsini
yazır. Müəllif süjeti Tatsitdən götürmüş, Neron dövrü Roma
imperiyasının parlaq siyasi mənzərəsini yaratmışdır. Hakim
dairələrdə hökm sürən əxlaq pozğunluğu, vətəndaşlıq
ləyaqətinin tənəzzülü Rasinə məxsus bir aydınlıqla rəsm
edilmişdir. Faciənin əsas qəhrəmanı hələ əsl yırtıcıya
çevrilməmiş Nerondur. O, hələ arvadını, anasını,
tərbiyəçilərini öldürməyib, Romanı yandırıb bundan ləzzət
almır. Rasinin qeyd etdiyi kimi o, hələ "doğulmaqda olan
yırtıcıdır". Pirr kimi Neron da tədricən dövlət hakimiyyətinə
öz ehtiraslarını təmin etmək vasitəsi kimi baxır. Yaltaq və
məkrli saray əyanı Narsiss onu özbaşınalığa, qəddarlığa
öyrədir və istiqamətləndirir.
Rasin Neronun hakimiyyətinin ilk illərini təsvir
etməyi təsadüfi seçməmişdir. Estetik görüşlərindən məlum
olduğu kimi, Rasin büsbütün şər, yaxud büsbütün xeyir olan
insanları deyil, psixoloji, mənəvi baxımdan orta insanları əks
etdirmək prinsipini müdafiə edirdi. Neronun hakimiyyətinin
son illəri isə bu prinsipə uyğun gəlmirdi. Bu vaxt Neron əsl
yırtıcıya, divə, əjdahaya çevrilmişdi. Lakin Neronun
hakimiyyətinin bu ilk illərinin səhnədə göstərilməsi də
tamaşaçıları kədərləndirməyə bilməzdi. Rasin bu dövrün
həyatını, onun dəhşətlərini elə aydın cizgilərlə canlandırır ki,
oxucuda, tamaşaçıda hakim dairələrə qarşı nifrət və qorxu
hissi oyadır. Onlar aydın görürlər ki, insan ləyaqəti, namus,
qeyrət, həqiqət mütləq hakimlər tərəfindən qəddarlıqla, həm
də çox vaxt mənasız yerə tapdanır, məhv edilir. Hakim
dairələr üçün müqəddəs heç bir şey yoxdur.
İlk səhnələrdə bu cəhət Neronla onun anası
Aqrippinanın münasibəti vasitəsilə açılır. Məlum olur ki,
Neronun hakimiyyət başına gəlməsinin əsl səbəbi anası
Aqrippinadır. Aqrippina oğlu Neronu ona görə hakimiyyət
XVII əsr Qərbi Avropa ədəbiyyatı
277
başına gətirmişdir ki, onun adından istifadə edib ölkənin
idarə işlərini öz əlində saxlasın. O, elə güman edirdi ki,
Neron həmişə ona qulaq asacaq, sözündən çıxmayacaqdır.
Neron bir müddət, doğrudan da, anasının istədiyi kimi
hərəkət edir, ona hörmət və ehtiram göstərir. Lakin birdən-
birə Neronun anasına münasibəti dəyişir. Onu yanına
buraxmır, sözünə qulaq asmır, onunla hesablaşan tapılmır.
Nəhayət, oğlu ilə üz-üzə gələn ana şikayətlənir və
lənət yağdırır. Neronun hökmdar olması xatirinə törətdiyi
cinayətləri sadalayır. Ayrı ərdən olan oğlu Neronun taxt-tac
sahibi olması xatirinə doğma dayısına ərə getdiyini xatırladır,
qoca Klavdini öz doğma oğlu Britanniki qovmağa, Neronu
özünə oğul və varis təyin etməyə məcbur etdiyini söyləyir.
Neronun mövqeyini daha da möhkəmləndirməkdən ötrü onu
Klavdinin qızı ilə evləndirdiyini, qızın əsl nişanlısını isə
məhv etdirdiyini yada salır. Hətta qoca Klavdi ölüm ayağı
peşman olduğu vaxt onun oğlu Britanniklə görüşməsinə,
vidalaşmasına imkan vermədiyini deyir. Aqrippina bu dəh-
şətli cinayətləri vicdan əzabı çəkmədən sadalayır, oğlu üçün
göstərdiyi xidmətləri xatırlayır, mükafat gözlədiyi halda
təhqir edildiyindən narazı olduğunu bildirir. Artıq yazıçı
Aqrippina surəti vasitəsilə təsdiq edir ki, insan hakimiyyət
xatirinə, hakimiyyətə can atdıqda ardı-arası kəsilməz
cinayətlər törədir, cinayətlər üzərindən keçərək istədiyinə
çatır.
Hakimiyyət başına ləyaqətsiz adamlar gəldikdə onlar
hamıdan, hər kəsdən, hər şeydən şübhələnir, qorxur, narahat
olurlar, hakimiyyətlərini saxlamaq üçün yeni-yeni cinayətlər
törədirlər. Öz əməllərinin, cinayətlərinin cəzasız qalacağına
tam inam isə mütləq hakimlərdə öz hakimiyyət və
imkanlarından vəhşicəsinə sui-istifadə hallarına gətirib
çıxarır. Rasin bu cəhəti daha çox Neronun simasında əks
etdirməyə çalışır. Lakin Rasin Neronun cinayətkarlığının
Afaq Yusifli İshaqlı
278
geniş meydan tapmasında eybəcər saray mühitinin rolunu da
göstərməyi özünə borc bilir. Bir adamın əlində qeyri-məhdud
hakimiyyət və ixtiyar olması onu əhatə edən adamlar arasın-
da ikiüzlülük, riyakarlıq, yaltaqlıq, xəbərçilik, hökmdarın hər
bir şıltağına uyğunlaşmaq, baş əymək, meydan vermək meyli
yaradır. Neronun eybəcərliyi saray mühitinin eybəcərliyi ilə
həmahəngdir. Əsərin qəhrəmanlarından biri ilk dəfə bu
mühiti görərkən özünü saxlaya bilməyib sarayı belə
səciyyələndirir:
İlk dəfədir mən görürəm həm Sezarı, həm sarayı,
Burda necə gizlədirlər hər fikiri, hər harayı.
Burda necə uzaq düşüb, əfsus olsun, fikir sözdən,
Ürəklə dil ayrı düşüb, burda necə! Könül gözdən.
Burda dostlar ləkələnir etibarla aldanaraq,
Xəyanətlə suvarılıb burda hava! Ancaq! Ancaq!
Bu xəyanətlə suvarılmış mühitdə Neronun törətdiyi
ilk cinayət ögey qardaşı Britanniki öldürülməsidir. Hökmdar
Klavdinin oğlu, hakimiyyətin əsl varisi Britannik sağ
qaldıqca Neron üçün təhlükəlidir. O, sağ qaldıqca Neron
özünü yerində arxayın hiss edə bilmir. O, qorxu və
narahatlıqla Britanniki izləyir, onu məhv etmək üçün bəhanə,
səbəb, yol axtarır. Neron bilir ki, Britannik Yuniyanı sevir,
Yuniya onun nişanlısıdır. Yuniyanın xatirinə o, hər şey edə
bilər. Qızı zorla saraya gətirirlər. Yuniyanı ilk dəfə görən
Neron ona vurulur, gözəlliyinə heyran olur. Bundan sonra o,
Britannikə daha çox nifrət edir, paxıllıq və qısqanclıq hisləri
onun rəqibinə qarşı qəzəbini daha da alovlandırır. Bütün
hədələrə, xəbərdarlıqlara baxmayaraq Yuniya Neronun
sevgisini rədd edir. Rasin özünə məxsus psixoloji incəliklə
təsvir etdiyi sevgi toqquşmasını tarixi siyasi konfliktin
mərkəzinə keçirir. İlk dəfə burada Neron öz yırtıcı simasını
büruzə verir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
279
Yuniyaya eşq elan edən Neronun incə nəzakətli
danışığı onun alçaq, xəyanətkar qətl aləmi ilə təzadda
göstərilir. O, Yuniyadan tələb edir ki, Britanniklə əlaqəni
kəssin, əgər onun sağ qalmasını istəyirsə, onu rədd etsin,
özündən uzaqlaşdırsın: "Ona əmr edin ki, sizin astananızdan
uzaqlaşsın, mənim qısqanclıq duyğularımı coşdurmasın.
Onun qovulması zərbəsini üzərinizə götürün, ya nitqin gücü,
yaxud susmaqla, ya da soyuqluq göstərməklə onu başa salın
ki, gedib başqasının yanında özünə mərhəmət axtarsın...
Sizin ani bir köks ötürməniz, mehriban və cinayətkar bir
baxışınızın mükafatı olaraq ona mütləq ölüm qismət
olacaqdır." Neron o dərəcədə alçalır ki, pərdə arxasında
gizlənərək Britanniklə Yuniyanın söhbətinə qulaq asır. Neron
sarayda Britanniklə Yuniyanı görüşdürür. Yuniyadan ona
qarşı tam laqeydlik göstərməyi tələb edir. Bu görüş zamanı
gənc
Yuniya
qorxudan,
Britannikin
həyatı
üçün
qorxduğundan özünü ona qarşı soyuq və laqeyd aparır.
Britannik onun hərəkətlərindən elə başa düşür ki, Yuniya,
doğrudan da, onu sevmir, Neron ona daha çox xoş gəlir.
Britannikin iztirabları, kədəri Nerona ləzzət verir. O,
Britanniki sarsıtmaq istəyirdi, buna da nail olur.
Faciənin sonunda o, əsl duyğularını məharətlə giz-
ləyərək saxta, riyakar bir mehribanlıqla "onu boğmaq üçün
düşmənini bərk-bərk qucaqlayır", anasına vəd etməsinə
baxmayaraq bütün saray əhlinin gözü qarşısında dəhşətli bir
soyuqqanlıqla onu zəhərləyib öldürür. İkiüzlü bir
mehribanlıqla onun etimadını qazanır, ayıqlığını əlindən alır.
Səhər yeməyi zamanı dostcasına söhbət etdiyi bir vaxtda
"Sizin sədaqətinizin şərəfinə!" deyərək, zəhərli qədəhi
Britannikə uzadır. Gənc zəhərli qədəhi başına çəkən kimi
yerə yıxılıb ölür. Neron isə ətrafdakılara "Narahat olmayın,
o, çoxdan özündəngetmə xəstəliyinə tutulmuşdur" deyərək
öz cinayətini gizlətməyə çalışır.
Afaq Yusifli İshaqlı
280
Rasin bizi inandırır ki, onun cinayəti adi cinayətkar
bir şəxsin təzahürü deyildir, bəlkə əksinə imperatorun imkan
və imtiyazlarının qanunauyğun nəticəsidir. Mütləq
hakimlərdə tədricən inkişaf edən və formalaşan eybəcər
duyğuların təcəssümüdür. Nəcib Burrun söylədiyi kimi, o,
heç də əvvəldən belə eybəcər və cinayətkar təbiətə malik
olmamışdır. Xalq ona əvvəllər hökmdar kimi rəğbət
bəsləmişdir. Burrun dediyinə görə, "Roma Neronun
sayəsində yenidən azadlıq və rahatlıq əldə etmişdir".
Burrun simasında Rasin ideal saray əyanı surəti
yaratmışdır. O, mütləqiyyət idarə üsulunun inanılmış mü-
dafiəçisi, imperatorun müdrik məsləhətçisidir. O, ölkənin,
xalqın mənafeyi xatirinə hökmdara cəsarətlə ağıllı
məsləhətlər verir, onun bütün məmləkətin rifahı üçün məsul
olduğunu yada salır. Hökmdarı şərəf, şan yolundan cinayət
yoluna çəkən məkrli yaltaqların məsləhətlərindən uzaq
olmağa çağırır. Lakin Neronun qəddarlığı, cinayətləri onun
qəlbində Romanın gələcəyi ilə bağlı narahatlıq oyadır. "O,
cinayətlər törətməklə Burra göstərdi ki, belə bir sezarla
Roma xoşbəxt olmayacaqdır." Burr özünün xarakteri,
hərəkətləri, sözləri, hökmdarın simasında xalqın atasını və
dostunu görmək istəyən arzuları ilə XVIII əsrin maarifçi
faciələrinin müsbət qəhrəmanlarını yada salır.
Burrun əksinə olaraq Narsiss yaltaq, məkrli, ikiüzlü,
aravuran bir adamdır. Neron ona Britanniki izləmək
vəzifəsini tapşırır. O, çətinlik çəkmədən gəncin etimadını
qazanır və öz hərəkətləri, qurğuları ilə onun ölümünü daha
da sürətləndirir. Neron tərəddüd edəndə, gah anasından, gah
Burrdan çəkinəndə, ani olaraq vicdan əzabları çəkəndə,
Narsiss onun köməyinə gəlir, onda baş qaldıran vicdan səsini
soyuq bir məntiqlə boğur, tiranın zəifləmiş iradəsini
qüvvətləndirir. "Hökmdar, siz romalıları yaxşı tanımalısınız.
Onları yüyəndə saxlayın, çünki qorxaq və kinlidirlər. Yoxsa
XVII əsr Qərbi Avropa ədəbiyyatı
281
onlar elə güman edirlər ki, sizi qorxutmağa qabildirlər. Onlar
əsrlərlə boyunduruğa öyrənmişlər. Onları zəncirdə saxlayan
əllər ürəklərinə daha çox yatır. Onların qisməti yüksək
hökmdarlara baş əyməkdir." Mütləqiyyətin qeyri-insani
məramnaməsi və siması mənfi qəhrəmanın dili ilə açıq bir
həyasızlıqla şərh olunmuşdur. Dramaturqun tendensiyası,
Narsiss tərəfindən irəli sürülən fikirlərə nifrəti faciədə aydın
sezilir. Korneldə mütləqiyyət əleyhinə bu cür çıxışlar,
etirazlar yoxdur. Mərkəzi hakimiyyəti möhkəmləndirmək
ideyasını müdafiə edən Kornel mütləq hakimlərin ideal
surətlərini yaratmışdır. Rasində mütləqiyyətə qarşı belə bir
nikbinlik yoxdur.
Burr öz yalvarışları, fədakarlığı ilə Neronda peş-
mançılıq yaratdığı bir məqamda Narsissin Neronla görüşü
vəziyyəti yenidən dəyişdirir. Narsiss işarə edir ki, Neronun
peşmançılığını zəiflik kimi qəbul edərlər. Romada "həyasız
bir pıçıltı" gəzir ki, Neron müstəqil deyildir, onu Burr idarə
edir. Bu sözləri eşidən kimi Neron özünün ötəri peşmançılıq
duyğularından uzaqlaşır, Britanniki məhv edir. Bu
cinayətdən təsirlənən, qorxuya düşən Burrun "Ey allahlar,
kaş o, bundan sonrasa cinayətlərə yad olaydı" sözləri Rasinin
müasir oxucu və tamaşaçıya müraciətlə dediyi bir haray kimi
səslənir.
Rasin siyasi islahatlar, çevrilişlər, dəyişikliklər
haqqında yeni proqram irəli sürməsə də, mütləqiyyət üsul-
idarəsinin doğurduğu cinayətlərlə əlaqədar olaraq öz
düşüncələrini açıqlayır. Bu özü də Rasinin dövrü üçün
mühüm
hadisə
idi.
Mütləqiyyətin
eybəcərliklərini,
hakimiyyətdən sui-istifadə hallarını Rasin qətiyyətlə ittiham
etmiş, odlu, alovlu misraları ilə ona ölüm hökmü oxumuşdur.
Rasinin mütləq hakimlərin ünvanına yağdırdığı ittiham və
xəbərdarlıqlar Neronun cinayətlərinin baisi və qurbanı olan
Aqrippinanın dilində daha təsirli səslənir, daha qorxunc və
Afaq Yusifli İshaqlı
282
xəbərdaredici görünür: "Sən davam etdirməlisən! Geriyə yol
yoxdur. Sən ilk dəfə əlini qardaş qanına batırdın. Növbədə
anandır. Onu da eyni mükafat hədələyir. Ancaq qoy mənim
ölümüm də sənə rahatlıq verməsin. Elə düşünmə ki, mən
öləndə səni asanlıqla bağışlaya bilərəm. Sənin çılğınlığın
ildən-ilə çoxalacaq, bütün günlərini qanlı bir ləkə ilə
örtəcəkdir. Ancaq mən inanıram, elə bir gün gələcək ki,
əbədi intiqamçı yuxudan oyanacaq, özgələrini məhv edən
özü dəhşətli bir ölümlə məhv olacaqdır. Mənim və bu qədər
qurbanların ölümünü sən öz ölümünlə ödəyəcəksən. Şərəfsiz
bir şəkildə əsrlər içində batıb bütün dünyaya xəbər
verəcəksən ki, tiranların ən qəddarı necə qəddarlıqla qətl
edildi. Budur mənim sənə vəsiyyətim və sənin üzərində məh-
kəməm!"
Od, alov saçan bu sözlər səhnədən dövrün kübar
dairələrinin, mütləq hakim olan XIV Lüdovikin üzünə
çırpılırdı. Lakin Rasin bu qəzəbli ittihamlarla da
kifayətlənməmişdir. Yuniyanı müdafiə etmək üçün ayağa
qalxan xalqın qəzəblənərək cinayətkar saray əyanı Narsissi
tutub öldürməsini də əks etdirmişdir.
Bu cəhətlərinə görə "Britannik" Fransa kübar
dairələri tərəfindən soyuq qarşılanmış, Rasin kral haki-
miyyətini nüfuzdan salan bir sənətkar kimi qiymət-
ləndirilmişdir. "Britannik" əsəri əleyhinə aparılan təbliğatda
Kornel də iştirak edirdi. Ona görə də Rasin özünü həm "bir
qoca qərəzli şairin hücumlarından", həm də kübar dairələrin
ittihamlarından qorumalı olmuşdur. Ancaq "tezliklə bu
hücumlar unuduldu, əsər isə qaldı". "Britannik" faciəsi
Rasinin şah əsərləri içərisində özünə layiqli bir yer tutdu.
"Bayazet". Rasinin yeni faciəsinin mövzusu müasir
türk həyatından götürülmüşdü. Müqəddimədən aydın olur ki,
1638-ci ildə türk sarayında baş verən bu hadisənin təfərrüatını
XVII əsr Qərbi Avropa ədəbiyyatı
283
Rasin İstanbulda Fransanın səfiri olan qraf de Sezidən
öyrənmiş və qələmə almışdır. Mövzunu uzaq keçmişdən
götürmək ənənəsindən kənara çıxdığını görən dramaturq
özünə belə bəraət qazandırmışdır: "Xalq özündən, necə
deyərlər, min il əvvəl olanla, ondan min millərlə uzaq olan
arasında fərq qoymur. Türk personajları, müasir olsalar da, bi-
zim teatra tamamilə layiqdirlər: onlara çox tezliklə qədim
dövrdə yaşamış adamlar kimi baxmağa başlayırlar."
"Bayazet" əsəri öz süjetinin fransız teatrı üçün qeyri-
adiliyinə görə orijinal bir yenilik kimi qarşılandı, əsərin
tamaşası zamanı ənənəvi Roma paltarları əvəzinə surətlər adi
türk paltarlarında çıxış edirdilər. Lakin yenə Rasinin
düşmənləri Kornellə birlikdə onların əsl türklərə
bənzəmədiyini qeyd edirdilər. Rasin isə fransız klassisist
teatrının dar, məhdud çərçivəsi daxilində türk əxlaq və
psixologiyasının
özünəməxsusluğunu
əks
etdirməyə
çalışırdı.
Rasin bu əsərdə sultan saraylarında hökm sürən güclü
ehtirasların toqquşmasını əks etdirirdi. Burada şərq
despotizminin boğucu mühiti məharətlə canlandırılır. Burada
hökm sürən əxlaq düşkünlüyü göstərilir. Sultan Amurat İran
üzərinə hərbi səfərə getdiyi vaxt sevimli hərəmi Roksanaya
tapşırır ki, onun doğma qardaşı Bayazeti öldürsün, Bayazet
zindandadır. Hakimiyyəti ələ ala biləcək qardaşlarından
birini o, artıq öldürmüşdür. Başqa bir qardaşı İbrahim isə
uşaq bəhrinə düşmüşdür, onun üçün qorxulu deyildir. Lakin
Bayazet cavan, ağıllı, cəsarətli bir gəncdir. Sultan Amurat
ancaq ondan ehtiyat edir. Məhz buna görə də çapar vasitəsilə
Roksanaya Bayazeti öldürmək haqqında gizlincə fərman
göndərir.
Bayazet namuslu, Atalidaya olan sevgisinə sadiq
adamdır. Atalida da onu sevir. Roksana onların bir-birini
sevdiyini bilmir. Gənc şahzadə onun özünün xoşuna gəlir,
Afaq Yusifli İshaqlı
284
onu öldürməyə əli gəlmir. Sevgisini açıq elan etməyə də
qorxur. Diqqətini cəlb etmək məqsədilə tez-tez Bayazeti öz
otağına çağırır. Getdikcə sultan arvadı ehtiras içində yanıb
qovrulur. Bayazet isə onunla ehtiyatla rəftar edir, özünü
ədəblə aparır.
Vəzir Akomat Roksananı, onu istəyini yaxşı başa
düşdüyündən gəncə məsləhət görür ki, Roksananın sevgisinə
özünü biganə göstərməsin. Roksana onu o qədər dərin bir
ehtirasla sevir ki, heç nəyi görmür, heç nəyi görmək də
istəmir. Bayazetin hər hərəkətini, baxışını sevgi əlaməti kimi
qarşılayır. Lakin o, şübhələnir, inanmır, narahat olur. Əgər
Bayazet onu doğrudan da sevirsə, niyə soyuqdur,
cəsarətsizdir.
İndi mənə fərqi yoxdur, mənimlədir qanun, ya yox:
Bayazetlə unutmuşam hər şeyi, nə az, nə çox.
Həsrətini çəkirəm mən, yad olsa da mənə qarşı.
Roksana həqiqəti aydınlaşdırmaq, Bayazetin onu
sevib sevmədiyini öyrənmək üçün onu açıq-açığına sorğu-
suala tutur. Gəncin dilindən qeyri-müəyyən cavab eşitdikdə
isə qəzəblənib öldürülməsini əmr edir. "Qoy sultanın
fərmanını yerinə yetirib onu edam etsinlər", – deyə haray
qoparır.
Sarayda çevriliş hazırlamaqda olan vəzir Akomat
Bayazeti tabe olmağa çağırır. O, bir siyasətçi kimi gəncə
hiyləgərlik etmək, kələk işlətmək yollarını öyrədir. Keçmiş
vədlərini sonralar istədiyi vaxt yenidən nəzərdən keçirib
başqa cür hərəkət edə bilər. Vəzir dövlət xatirinə bir çox
qəhrəmanların öz andını pozduğunu xatırladır. Bayazet üçün
şərəf, namus, əxlaqi borc prinsipləri əzizdirsə, onları
tapdalamaq ona çətindirsə, bu düşüncələr böyük bir sarayın
vəziri olan Akomat üçün gülməlidir. "Onlar qalib gəlməkdə
azaddırlar, inanmaqda sərbəstdirlər. Müqəddəs imperiyanın
XVII əsr Qərbi Avropa ədəbiyyatı
285
yarısı onunla bərqərar olunmuşdur ki, onların andlarına nadir
hallarda əməl edilmişdir." Bayazet mübahisə etmir.
Doğrudan da, onlar ölkənin xatirinə çox şeydən keçmişlər,
lakin onlar öz həyatlarını alçaqlıq hesabına qorumamışlar.
Akomat onun mühakiməsinə gülür. Bu eybəcər siyasətçi
Bayazetin şərəf, borc haqqındakı düşüncələrini mənasız
qaydalar adlandırır. Akomat surəti və onun sözləri ilə Rasin,
Kornel tərəfindən qəhrəmanlıq əhval-ruhiyyəsi ilə tərənnüm
edilən hakimiyyət prinsiplərini ifşa edirdi.
Atalidanın işə qarışması, Bayazetə Roksanaya tabe
olmaq barədə məsləhətlər verməsi onun ölümünü ləngidir.
Atalida oğlanın həyatını xilas etmək, sevgilərini qorumaq
xatirinə belə məsləhət görürdü. Lakin onun şübhəçiliyi,
qısqanclığı işi korlayır. Atalidanın qəlbini şübhələr
gəmirməyə başlayır. Birdən Bayazet, doğrudan da,
ülyahəzrətə tabe olar? Birdən həqiqətən də onu sevər? Qız öz
qısqanclığını, şübhələrini Bayazetə də danışır. Bayazet qızın
sözlərindən incisə də, özünü təhqir olunmuş saysa da, ancaq
Atalidanı sevdiyinə and içir, hətta məsələni Roksanaya etiraf
etmək barədə düşünür. Atalidaya yazdığı məktubda bir daha
ancaq onu sevdiyini, onu heç kəslə əvəz etməyəcəyini
bildirir. Atalida, əlbəttə, təskinlik tapır və sevinir, Bayazetin
göndərdiyi məktubu sinəsində gəzdirir.
Bayazetin onun yataq otağına gəlməsi ilə ülyahəzrət
sevinir və sevir. Lakin onun səadəti də uzun çəkmir.
Atalidanın Bayazetin taleyinə yaxından maraq göstərdiyini
hiss edən Roksana qızı imtahan etmək, bu yolla Bayazetlə
Atalida arasında sevgi olub-olmadığını yoxlamaq qərarına
gəlir. Bayazetin öldürüləcəyini Atalidaya söyləyəndə o,
özündən gedir. Roksana yəqin edir ki, Atalida Bayazeti sevir.
Atalidanın sinəsindən tapılan məktub hər şeyi aydınlaşdırır.
Bayazet Roksanaya öz minnətdarlıq və hörmətini
bildirir, hakimiyyət başına gəldikdə ona yüksək ehtiram
Afaq Yusifli İshaqlı
286
göstəriləcəyinə and içir. Lakin Roksananın gözlədiyi, istədiyi
bu deyildi. O, Bayazetdən sevgi gözləyirdi. Roksana açıq bir
kədər və peşmançılıqla Bayazetə belə cavab verir:
Bütün sultanlığınla sən miskinsən nə qədər!
Eşqimi rədd edərkən dediyin boşdur, hədər.
Sənin ehtiramın da, burda nəyə yarayar!?
Bayazetə bəslədiyi eşqi, ehtirası boşa çıxan, ona
qovuşmaq ümidini itirən, aldandığını görən, mənliyini təhqir
olunmuş sayan Roksana Bayazeti öldürür. Onun özü də
sultanın göndərdiyi Orxan adlı qul tərəfindən qətlə yetirilir.
Qadın qəhrəmanlarının yaradılmasında Rasin yenidən
böyük məharət göstərmişdir. Onun yaratdığı Atalida və
Roksana xarakter etibarilə seçilir. Atalida zərif, lirik bir
surətdirsə, Roksana öz coşqunluğu və ehtirası ilə dramatik
səciyyə daşıyır.
Atalida təbiətən nəcib, namuslu, xoşagəlim və
bədbəxt bir qızdır. Bayazetə bəslədiyi güclü sevginin təsiri
ilə o, tez-tez dəyişir, sabitliyini itirir. Bir tərəfdən Bayazetin
Roksana ilə evlənməsini istəyir, digər tərəfdən bu həqiqətlə
barışa bilmir. Öz hislərini nə qədər gizləsə də, hərəkətləri ilə
Bayazetin məhvinə səbəb olur. Gah Bayazeti inandırır ki,
özünü Roksanaya sevən göstərsin, hətta onunla evlənsin, gah
da öz təklifindən dəhşətə gəlir, qısqanclıq edir.
Roksana sürəti daha parlaq cizgilərlə işlənilmişdir.
Bəzi cizgiləri ilə "Andromaxa" əsərindəki Hermionanı
xatırladan Roksana ehtiraslı, qəddar, hakimiyyət sevən bir
qadındır. O, cinayət və fitnə-fəsad yuvası olan pozulmuş
saray mühitində böyümüşdür. Bu surətin vasitəsilə Rasin
sevginin, qısqanclığın və nifrətin əlvan çalarlarını əks etdirir.
Öz ehtiraslarının təsiri ilə dəli-divanə olan bu qadın çılğın
hərəkətləri ilə özünü də məhv edir. Bu üsulla Rasin daha çox
fransız kübar dairələrində hökm sürən əxlaqi düşkünlüyün
XVII əsr Qərbi Avropa ədəbiyyatı
287
tənqidini vermək istəmişdir. Onun tənqid və etirazlarının
ifadəsi Atalidadır. Bayazeti sevməklə o, mütləqiyyət üsul
idarəsinin antik qəhrəmanlıq ənənələri aşılanmış vəzifə və
məqsədlərinə şərik olduğunu bildirir. "Yoxsa elə
düşünürsünüz ki, bu iztirablı gün mənim məğrur ruhumu
sındırmışdır? O, nifrətə layiq olan qorxaqlıq üzündən taxtı-
tacı əhatə edən qayğılardan qorxur, ölümü onların
ağırlığından üstün tutur? Bəlkə də mən öz nadir iddialarımla
günahkaram, ancaq mən fikrən öz böyük əcdadıma üz
tutmuşam.
Mən
rüsvayçı
avaraçılıqdan
qaçmağı,
əcdadlarımın arxasınca qəhrəmanların cərgəsində durmağı
arzulayıram."
Atalidanın bu sözlərinə diqqət yetirən, Rasinin arzu-
ları ilə fransız kübar cəmiyyəti arasındakı təzadı, inkarı
nəzərə alan S.S.Mokulski yazır: "Belə bir qəhrəmanlıq
ənənəsi nəinki təkcə Türkiyədə, həm də XIV Lüdovik
dövrünün Fransasında pozulmuş saray cəmiyyətinə büsbütün
yad idi. Bu idealı həyata keçirməyə imkan tapmayan
Bayazetin ölümü, "rüsvayçı avaraçılıq" kultunun tipik
olduğu bir cəmiyyətdə onun həyata keçməsinin qeyri-
mümkün olduğunu bir daha obrazlı şəkildə nəzərə çatdırır."
Dostları ilə paylaş: |