"Horatsi". Əsl klassisist faciənin ilk parlaq nü-
munəsi olan "Horatsi"də Kornel üç vəhdət qanununu
ardıcıllıqla gözləmiş, presiyoz üslubun təsirindən tam xilas
olaraq ciddi mətin bir səhnə dili nümayiş etdirmişdir. Vəzn
baxımından klassisizmin tələb etdiyi aleksandrik ölçü
faciənin əvvəlindən axırına qədər yüksək sənətkarlıqla tətbiq
olunmuşdur. Barokko üslubundan gələn komik faciə
ünsürlərinə heç bir yer verilməmişdir.
"Horatsi" faciəsini Kornel kardinal Rişelyeyə ithaf
etmiş və müqqədimədə incə bir istehza ilə onun tələb etdiyi
prinsiplərə uyğunlaşmaq istədiyini göstərmişdir. Kardinal
Rişelyeyə müraciətlə yazır: "Siz incəsənətin qayəsini
nəcibləşdirdiniz? Bizim müəllimlərimizin bizə öyrətdikləri
kimi bu məqsədi xalqa xoş gəlmək qabiliyyətində görmək
əvəzinə, siz bizə başqa bir qayə, daha doğrusu, sizə xoş
gəlmək və sizi əyləndirmək qayəsini nişan verdiniz. Nəyin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
247
sizə xoş gəldiyini, nəyin isə xoş gəlmədiyini üzünüzdən
oxuyaraq biz inamla nəyin pis, nəyin yaxşı olduğunu
müəyyənləşdirməyi, keçilməz qaydalardan nəyə təqlid
etməyi və nədən qaçmağı öyrənirik. Belə ki, çox vaxt mən
iki saat ərzində mənim kitablarımın on il müddətində mənə
aça bilmədiyi həqiqətləri öyrəndim."
Tədqiqatçılar doğru qeyd edirlər ki, burada həqiqət
axtarmaq yersizdir. Kornel həmişə xalqın onun əsərlərinə
verdiyi qiyməti hər şeydən üstün tutmuşdur.
"Horatsi"nin süjeti tarixdən götürülmüşdür. Kornelin
bu əsərdə istifadə etdiyi mənbə Tit Livinin tarixi əsərinin
birinci kitabından götürülmüşdür. Burada qədim Roma
dövlətinin yaranması haqqındakı yarıəfsanəvi bir hadisədən
söhbət gedir. Daha qədim dövrlərdə Roma və Alba-Lonqa iki
müstəqil şəhər olmuş, getdikcə böyüyüb birləşmiş bir şəhərə
çevrilmişdir. Bu şəhərin əhalisi bir-birilə qohumlaşsa da,
onlar ayrı-ayrılıqda həyat sürürdülər. Şəhərlərin birləşib bir
şəhər kimi idarə olunması məsələsi meydana çıxanda hansı
şəhərin hakimiyyəti, hegemonluğu ələ alacağı ciddi mübahi-
sələrə gətirib çıxarır. Məsələni daha ədalətli həll etmək üçün
hər iki şəhərin nümayəndələrinin təkbətək döyüşünü təşkil
etməyi qərara alırlar. Bu təkbətək döyüşdə Romanın şərəfini
qorumaq Publi Horatsinin üç əkiz oğluna, Alba-Lonqanın
şərəfini qorumaq isə üç əkiz qardaşlar olan Kuriatsilərə
həvalə edilir.
Döyüşəcək qardaşlar bir-birini yaxşı tanımaqdan
əlavə qohumdurlar. Kiçik Horatsi Kuriatsilərin bacısı Sabina
ilə evlənmiş, Publi Horatsinin yeganə qızı isə Kuriatsi
qardaşlarından biri ilə nişanlanmışdır. Bu hadisənin
dramatizmi, borc və hiss arasındakı konfliktin fəciliyini
klassisist faciə yaratmaq üçün geniş imkanlar verirdi. Kornel
də bu imkanları nəzərə almış, vətənpərvərlik şücaətini
tərənnüm və təsdiq edən yadda qalan bir əsər yaratmışdır.
Afaq Yusifli İshaqlı
248
Əvvəlki əsərlərində olduğu kimi, Kornel burada da
pyesdəki surətlərin sayını minimuma endirmiş, Horatsi
qardaşlarından ancaq birini, Kuriatsi qardaşlarından da ancaq
birini tamaşaçılara göstərmişdir. Qalan qardaşlar da, onlar
arasındakı döyüşlər də səhnə arxasında qalır.
Səhnədə ancaq öz hiss və düşüncələri haqqında
parlaq bir tərzdə söhbət açan qəhrəmanlar qalırlar. Sürəkli
dialoqlar, uzun-uzadı monoloqlar, siyasi disputları xatırladan
mübahisələr beş pərdə ərzində tamaşaçının diqqətini maqnit
kimi özünə çəkir.
Tit Livinin əsərində nəql edilir ki, qalib çıxan və
meydanda tək qalan Horatsi öz bacısının nişanlısı Kuriatsi
üçün ağladığını görüb onu qılıncla vuraraq öldürür. Atasının
parlaq bir nitq söyləyib onu müdafiə etməsilə ona bəraət
qazandırılır. Lakin Kornel bu əhvalat əsasında dərin
məzmunlu vətənpərvərlik və insanpərvərlik faciəsi
yaratmışdır.
"Sid" faciəsində olduğu kimi, burada da qəhrəman-
ların qəlbində borcla sevgi ətrafında gedən mübarizə əks
etdirilir. "Sid"dən fərqli olaraq burada nəsli borcdan yox,
dövlət, vətən qarşısındakı borcdan söhbət gedir. Bu borc
insandan özünün bütün şəxsi hisslərini və qohumluq
duyğuların boğmağı tələb edir. Borc ideyasını siyasi şəkildə
şərh edib genişləndirən dramaturq onu vətənpərvərlik pafosu
yüksəkliyinə qaldırır.
Kornel fransız İntibahının Monten, Amio və La Bossi
kimi nümayəndələrinin yolu ilə gedir, qədim romalılara
məxsus vətəndaşlıq şücaətini alqışlayır. Hadisələr respublika
Romasında deyil, Roma çarlığı dövründə cərəyan etsə də,
Tullun simasında Roma mütləqiyyətçiliyi təcəssüm olunsa
da, faciədə Romanın azadlığını hər şeydən üstün tutan,
respublika üçün artıq yetişmiş olan əsl Roma vətəndaşları
göstərilirlər. Kornel Rişelyeyə xoş gəlmək üçün əsərdə bəzi
XVII əsr Qərbi Avropa ədəbiyyatı
249
mütləqiyyətçilik prinsiplərini elan etsə də, onun Tullu da
"Sid"dəki kral Fernandodan o yana getmir. Daha doğrusu,
mütləqiyyət idarə üsulu onun simasında aydın, qəti cizgilərlə
verilmir, Roma dövlətinin rəsmi nümayəndəsi təsirini
bağışlayır.
Faciənin əsas qəhrəmanı vətənpərvər romalı Horat-
sidir. O, Romanın azadlığı, şöhrəti üçün hər şeydən keçməyə
hazırdır. Kuriatsinin bacısına evlənmiş olan Horatsi təyin
olunmuş döyüşü tərəddüdsüz, ən böyük şərəf kimi qəbul
edir. İradəsinin gücü ilə rəqibinə olan bütün duyğuları, hisləri
boğur, arvadının qardaşı və bacısının nişanlısına qarşı
vətənpərvərlik eşqilə vuruşur. Onun atası qoca Horatsi
vətəndaşlıq hislərinin gücü baxımından oğlundan geri
qalmır. O, döyüş meydanında iki oğlunun ölüm xəbərini
böyük dəyanətlə qəbul edir. Üçüncü oğlunun döyüş
meydanından qorxaraq qaçması haqqındakı yalan xəbəri
eşidəndə isə rüsvayçılıq və bədnamçılıqdan dərin ruhi
sarsıntı keçirir. Qorxaqlığına görə öz əli ilə oğlunu
cəzalandırıb öldürməklə hədələyir. Vətənə xidmət hissi onda
da oğlu kimi güclüdür.
Qoca Horatsinin qızı Kamilla isə vətəndaşlıq borcunu
hər şeydən üstün tutan atasından və qardaşından fərqlənir. O
özünün şəxsi hislərini vətəndaşlıq borcundan üstün tutur.
Kuriatsini dərin bir məhəbbətlə sevən Kamilla onu döyüşdən
çəkindirmək istəyir, lakin bacarmır. Kamilla öz sevgisini
nəinki təkcə vətəndaşlıq borcundan, hətta qohumluq
bağlarından da üstün tutur. Roma dövlətini dəhşətli düşmən
bir qüvvə kimi qiymətləndirir, onu öz vətəndaşlarının
səadətini pozan qorxunc bir qüvvə kimi lənətləyir.
Nişanlısının ölüm xəbərini eşidən, qələbə çaldığına görə
sevinən qardaşı ilə üz-üzə gəlib ona lənətlər yağdırır, şöhrəti
və çiçəklənməsi üçün qanlı qurbanlar tələb edən Romaya
qarğışlar deyir, ölən sevgilisi üçün ağlayır. Kamillanın
Afaq Yusifli İshaqlı
250
"Roma, ey mənim qəzəbimin yeganə hədəfi" deyərək qar-
ğışlar yağdırdığı səhnə haqlı olaraq Kornel dühasının ən
mühüm nailiyyətlərindən sayılır. Bu qarğışlarda üsyan edən
şəxsiyyətin dövlətin dəmir dabanları altında tapdanan hüquq
məramnaməsi irəli sürülür. Kornel bu hissələrdə öz humanist
görüşlərini o qədər də məharətlə gizlədə bilməmişdir.
Horatsi öz bacısının qeyri-vətənpərvər hərəkətindən
qəzəblənir və bacısını qılıncla vurub öldürür. Kamillanın
öldürülməsi ilə faciədə yeni bir hərəkət başlanır. Qəhrəmanın
başı üstünü yeni bir ölüm təhlükəsi alır. Kuriatsilərə qələbə
çalıb Romaya şərəf, şöhrət gətirən Horatsi bacısını öldürən
qatil kimi mühakimə edilməlidir. Faciənin beşinci pərdəsi
büsbütün bu mühakiməyə həsr olunmuşdur. Tarixdən fərqli
olaraq bu mühakimə xalq qarşısında deyil, Horatsinin evində
aparılır. Hökmdar Tull isə qoca Horatsiyə baş vermiş bəd-
bəxtliklə əlaqədar başsağlığı verməyə gəlir.
Həmin mühakimə prosesində qatil kimi Horatsini
ittiham edən Valer adlı bir gəncdir. O, Kamillanı sevirdi,
lakin Kamilla öz qəlbini Kuriatsiyə verdiyindən onun sevgisi
rədd olunmuşdu. Valer Horatsini qeyri-insani hərəkət
etməkdə, Roma vətəndaşına yaraşmayan cinayətə yol
verməkdə ittiham edir. O belə hesab edir ki, bu hərəkət
Roma vətəndaşlarının həyatı üçün təhlükəlidir, Alba-Lonqa
ilə qohumluq əlaqələri olan romalılar bu hərəkətdən ziyan
görə bilərlər. Buna görə də Valer Romada ilk dəfə baş verən
bu cinayətin edamla cəzalandırılmasını tələb edir.
Horatsi etiraz etmir, ittihamları doğru sayır, lakin öz
əlilə özünü öldürməyə icazə verilməsini arzu edir. Horatsi
belə hesab edir ki, ancaq ölüm onun şöhrətini qoruya bilər.
Qoca Horatsi isə Valerə cavab verərək oğlunu ehtirasla
müdafiə edir, onun ancaq vətənə məhəbbət hissi ilə hərəkət
etdiyini söyləyir. Qoca Horatsiyə görə, əgər oğlu vətəni bir
qədər az sevsə idi, günahkar olmazdı, bacısını öldürməzdi.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
251
Ancaq vətənə sonsuz, güclü bir məhəbbət onu belə bir
hərəkətə vadar etmişdir.
Qoca Horatsinin xalqa müraciətlə dediyi aşağıdakı
sözlər xüsusilə mənalı səslənir:
Romalılar, dostlar, deyin doğrudanmı, siz bu an,
İstərsiniz bədnamlıqla zəncirlənsin qəhrəman!
Doğrudanmı Roma üçün azadlığı gətirən
Bir insanı insafsızca olar qətlə yetirən!
Qoca Horatsinin vətənpərvərlik duyğuları ilə aşı-
lanmış odlu-alovlu nitqi onun oğlunun taleyini həll edir. Tull
Horatsini ölümdən azad edir. O, etiraf edir ki, Horatsinin
göstərdiyi qəhrəmanlıq onun günahını yumaqla bərabər
özünü də qanunların fövqünə qaldırmışdır.
Faciə Horatsinin təntənəsi ilə tamamlansa da, dra-
maturq hakimiyyət və dövlətin qəddarlığına qarşı öz
humanist səsini ucalda bilmişdir. Kornel mütləqiyyətçi
dövlət quruluşunun sərt əxlaqını qəhrəmanlıq cizgiləri ilə
göstərməyi qarşıya məqsəd qoysa da, humanist düşüncələrin
inikasına da müəyyən yer vermişdir. Bu cəhət təkcə Kamilla
surətində deyil, Kuriatsi surətində də özünün müəyyən əksini
tapmışdır. Təsadüfi deyildir ki, kardinal Rişelye Kornelin bu
faciəsini də soyuq qarşılamış, onda respublika əhval-
ruhiyyəsini ifadə edən cizgilər görmüşdür.
Horatsidən fərqli olaraq Kuriatsi əsərdə daha insani
cizgilərlə verilmişdir. O, Alba-Lonqanın şərəfini qorumaq
vəzifəsinin onlara həvalə edildiyini eşidəndə dəhşətə gəlir.
Düzdür, vətən yolunda vuruşmaqdan o da imtina etmir.
Kamillanın yalvarışlarına baxmayaraq döyüşmək qərarına
gəlir. O da belə başa düşür ki, sevgilisinə məxsus olmaqdan
əvvəl vətənə məxsusdur. Lakin vətən yolunda tələb olunan
bu işi o, Horatsi kimi sevinclə, iftixarla, soyuqqanlılıqla
qarşılamır. Onlara göstərilən etimadı, şərəfi ən dəhşətli, vəhşi
Afaq Yusifli İshaqlı
252
və qəddar hadisələr qarşısında bir heç sayır. Kuriatsi
Horatsinin ona göstərilən şərəfə görə necə sevindiyini görüb,
özünü saxlaya bilmir, onun bu növ vətənpərvərlik paltarında
görünən şöhrətpərəstliyini rədd edir: "Sənin qətiyyətində bir
barbarlıq nişanəsi var. Şöhrətə belə mənhus bir yolla gedən
hansı igid ona bu qədər sevinər? Ölməzlik öz ecazkar
dumanlığında şirindir. Lakin mən naməlum qalmağı üstün
tutardım."
Başqa bir yerdə isə Kuriatsi fəxrlə onda insanlığın
hələ ölməməsi, Horatsi tipli romalı olmaması ilə fəxr edir.
"Əgər Roma daha böyük şücaət tələb edirsə, onda romalı
olmadığıma və buna görə də qəlbimdə insaniliyin zərrələrini
qoruya
bilməyimə
görə
allahlara
minnətdarlığımı
bildirməkdən başqa mənə heç nə qalmır." Buna görə də
mənəvi qələbə əsərdə Kuriatsilərə nəsib olur. Onlar əvvəldən
axıra qədər insani cizgilərini itirmirlər.
Əgər Horatsi vətən yolunda hər cür insani cizgilərini
itirirsə, daşdan, dəmirdən, poladdan tökülmüş bir adam təsiri
bağışlayırsa,
Kuriatsidə
vətənpərvərliklə
insanilik
vəhdətdədir. Borcla sevgi arasındakı mübarizədə o da borcu
əsas götürür, onun dediyi ilə, tələbi ilə hərəkət edir, lakin
sevgiyə, insaniliyə də biganə deyildir. İnsaniliyin itirilməsi
yolu ilə qazanılan qələbəni, şöhrəti qəbul etmir.
Volter Kornelin bu faciəsinə, onun ayrı-ayrı səhnə-
lərinə yüksək qiymət vermişdir. Əsərin bir yerində qoca
Horatsi oğlanlarını döyüşə yola salır. "Gedin, qardaşlarınız
sizi gözləyir, ancaq vətən qarşısında borcunuz haqqında
düşünün" deyə onlara nəsihət edir. Qızının nişanlısı, gəlini
Sabinanın qardaşı indi isə oğlanlarının "düşməni" olan
Kuriatsi isə üzünü qoca Horatsiyə tutub söyləyir: "Mən sizə
necə bağışla deyəcəm? Hansı hislərlə?" Qoca Horatsi oğluna
nəsihət edirmiş kimi ona belə cavab verir: "Öz borcunuzu
yerinə yetirin, qalan hər şey allahın iradəsindən asılıdır."
XVII əsr Qərbi Avropa ədəbiyyatı
253
Volter bu səhnəni yüksək qiymətləndirərək yazmışdır: "Mən
bütün qədim və bütün xarici teatrlarda buna bənzər səhnə,
buna bənzər qəlb böyüklüyünün, kədərin, nəcabətin
vəhdətini axtardım, tapa bilmədim; xüsusən qeyd edim ki,
yunanlarda bu qəbildən olan heç nə yoxdur." Kornelin pyesi
belə bir həqiqəti təsdiq edir ki, vətənpərvərliklə
insanpərvərlik vəhdətdə olmayan yerdə əsl qəhrəmanlıq da
yoxdur.
"Sinna, yaxud Avqustun mərhəməti". 1639-cu ildə
Ruanda yazılıb 1640-cı ildə Parisdə tamaşaya qoyulan "Sinna"
faciəsi də böyük müvəffəqiyyət qazanır. Mövzusu Roma
imperiyasının başlanğıc mərhələsindən alınan bu əsərdə
mərhəmətə çağırış ruhu güclüdür. Burada Kornel ilk Roma
imperatoru Oktavian Avqustu ədalətli, alicənab bir hökmdar
kimi göstərmiş, onun bu yolda imperatorluğa çatmaq uğrunda
törətdiyi cinayətlərin, göstərdiyi qəddarlıqların günahını
yumaq istədiyini nəzərə çatdırmışdır. Əsərin əsas mənbəyi
Senekanın artıq Montenin "Təcrübələr"ində də istifadə
olunmuş "Mərhəmət haqqında" kitabıdır. Burada aristokrat
respublikaçıların imperiya əleyhinə düzəltdiyi sui-qəsdin
başçısı Sinnaya Avqustun mərhəmətlə yanaşması və onu
bağışlamasından danışılır. Roma tarixçilərinin təsdiq etmədiyi,
elmdə daha çox Senekanın yaradıcı fantaziyasının məhsulu
kimi qiymətləndirilən bu hadisəni Kornel öz faciəsinin əsas
mövzusu götürmüş və son dərəcə müasir siyasi bir əsər
yaratmışdır.
Kornel bu mövzuya təsadüfi müraciət etməmişdir.
Əsərdə təsvir olunan hadisələr yazıçının dövrü ilə yaxından
səsləşirdi. Burada açıq-aydın kardinal Rişelyenin qəddar
siyasətinə
işarə
olunurdu.
Faciə
Kornelin
vətəni
Normandiyada 1639-cu ildə baş vermiş xalq üsyanının
bilavasitə təsiri altında yazılmışdı. Yalınayaq Janın rəhbərliyi
ilə başlanan bu üsyan Rişelyenin qoyduğu yeni vergilərə qarşı
Afaq Yusifli İshaqlı
254
kəndlilərin etirazının ifadəsi idi. Üsyan etmiş əhali
vergiyığanların idarələrini və müsadirə işçilərinin evlərini ələ
keçirib yandırırlar. Rişelye muzdlu əsgərlər vasitəsilə bu
üsyanı yatırır və üsyançılara amansız divan tutur. Ruan seçki
imtiyazlarından məhrum olunur, seçkili hakimiyyət orqanları
kral məmurları ilə əvəz edilir. Bütün bu hadisələr Kornelin
gözü qarşısında baş verirdi. Dramaturq öz faciəsində Roma
tarixində baş vermiş hadisəni nümunə göstərərək hakim
dairələri Rişelye olmaqla mərhəmətə səsləyirdi.
Qəddar, mərhəmətsiz idarə üsuluna xalq etirazı Fransa
zadəganlarının etirazı ilə birləşirdi. Rişelye əleyhinə çoxlu sui-
qəsdlər təşkil etmiş Fronda hərəkatının xadimləri "Sinna"
faciəsində iştirak edən surətlərin real prototipləri idilər. Kralın
ailəsi arasında da bu sui-qəsdlərdə iştirak edənlər var idi. O
cümlədən, kralın qardaşı Qaston Orleanlı xarakteri
baxımından Sinnanı yada salırdı. Emiliya surəti isə siyasi sui-
qəsdlərdə yaxından iştirak edən prinsessa Konde, madam de
Şevrez, madam de Roqan kimi fransız aristokrat qadınlarını
xatırladırdı. Bu aristokrat qadınların presiyözlük əhval-
ruhiyyəsi Emiliyanın salonunun dili ilə danışır. Hətta satqın
Maksimin də fransız zadəganlığı içərisində real prototipləri
var idi. O cümlədən, o, Orleanlı Qastonun yaxın adamı olan
hersoq de Püiloransı yada salır.
Mütləqiyyətçi idarə üsulunu möhkəmləndirmək üçün
Rişelyenin əl atdığı qəddarlıq, sərtlik, makkiavellizm
Kornelin ürəyincə deyil. Kornel həmişə insan şəxsiyyətini
tapdalamayan, şəxsiyyətin ahəngdar inkişafını təmin edən
müdrik, ağıllı dövlət hakimiyyəti tərəfdarı olmuşdur.
"Sinna", hər şeydən əvvəl, siyasi faciədir. Burada
ehtiraslar, hislər yox, siyasi problemlər əks etdirilir. Onun
qəhrəmanları canlı insanlar olmaqdan çox, müəyyən siyasi
ideyaların daşıyıcılarıdırlar. Faciənin üstün cəhətləri də,
zəifliyi də buradan irəli gəlir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
255
Əgər "Horatsi"də Kornel respublika ideallarını
mütləqiyyətə xidmət pərdəsi altında əks etdirirdisə, "Sin-
na"da açıq şəkildə respublika idarə üsulu mütləqiyyətə qarşı
qoyulur. Dramaturq bunu respublika tərəfdarı olan
zadəganların imperator Avqusta qarşı mübarizəsi şəklində
əks etdirir. Avqusta qarşı respublika uğrunda sui-qəsdin
başında Avqustun iki yaxın dostu – Sinna və Maksim
dayanır. Lakin sui-qəsdin əsas ilhamçısı Sinnanın sevgilisi
Emiliyadır. O, atasının vətəndaş müharibəsində ölməsinin
intiqamını almağa çalışır. Emiliya Avqusta qəddar, dönməz
bir nifrət bəsləyir, ona ölüm arzulayır. Bu məqsədə çatmaq
üçün sevgilisini də, həyatını da qurban verməyə hazırdır.
Emiliya həm də şöhrətpərəstdir. Onun intiqam
hislərini alovlandıran da əslində onun xudbin düşüncələridir.
"İntiqam almaq səadətinə mən şöhrət də əlavə etmək
istəyirəm, qoy mənim alacağım qisas ümumi işə xidmət
etsin. Qoy mənim qəhrəmanlığım İtaliyada xatırlansın,
desinlər ki, Roma öz azadlığına görə Emiliyaya borcludur."
Emiliya onu sevən kübar gənc Sinnada Avqusta nifrət oyadır,
onu imperatora qarşı sui-qəsd təşkil etməyə ruhlandırır. Sui-
qəsdçilərin işə başlamağa hazır olduqları bir vaxtda Avqust
Maksim və Sinnanı yanına çağırır. Maksim, Sinna və
Emiliya elə başa düşür ki, sui-qəsdin üstü açılmışdır. Sonra
məlum olur ki, narahatlıq əbəsmiş. Avqust dostlarını ona
görə çağırırmış ki, onlarla səmimi şəkildə ürəkdən söhbət
etsin, ona əzab verən şübhələrini, fikirlərini onlarla bölüşsün.
Hökmdarlıq yükünün ağırlığından şikayətlənən Avqust
dostları ilə məsləhətləşir ki, bəlkə imperatorluqdan əl çəksin,
şəxsi həyata qapansın? Bu sualla əlaqədar siyasi mübahisə
başlayır.
Sui-qəsdin başçısı Sinna uzun-uzadı parlaq bir nitq
söyləyib Avqustu hakimiyyətdən əl çəkməyə çağırır.
Respublika idarə üsulunu ehtirasla rədd edir: "Xalq hakim
Afaq Yusifli İshaqlı
256
olanda o, ancaq qarışıqlıq yolu ilə hərəkət edir; ağlın səsi heç
vaxt ona məsləhət vermir, hörmət və nüfuzlar ən şöhrətpərəst
adamlara satılır, hakimiyyət ancaq qiyamçılara nəsib olur. Bu
bir illik xırda hökmdarlar hakimiyyətinin belə qısa bir
müddətlə məhdudlaşdığını görəndə təzəcə başlanan ən
xoşbəxt əməllərin məhsullarını məhv etməyə çalışırlar ki,
onlardan varislərinin istifadə etməsinə imkan verməsinlər."
Sinna belə bir fikri ehtirasla sübut etməyə çalışır ki, "ən pis
dövlət xalq tərəfindən idarə olunan dövlətdir". Kornelin özü
kimi onun qəhrəmanı Sinna da ölkənin xeyirxah bir
hökmdarın vahid hakimiyyəti altında birləşməsi tərəfdarı
olduğunu bildirir. Kornelin müdafiə etdiyi mütləq
hakimiyyət proqramı əslində demokratik proqram idi, xalqın
mənafeyini müdafiə etməyə yönəlmişdi. Xalq feodal
özbaşınalığının nəticəsi olan vətəndaş müharibəsinin
dəhşətlərindən yaxa qurtarmaq istəyirdi.
Bu mübahisə zamanı Maksim əks mövqe tutur,
respublika idarə üsulunu müdafiə edir. Sinna xalqın və
vətənin xatirinə Avqustu hakimiyyətdən əl çəkməməyə
çağırır. Avqust onun təklifindən, danışığından riqqətə gəlir,
ona Emiliya ilə evlənməyi təklif edir. Maksimi isə Siciliyaya
hakim təyin edərək, bir növ Romadan sürgün edir. Bu arada
Maksimlə Sinna tək qalırlar. "Sui-qəsdin başçısı tirana
yaltaqlanır" – deyə Maksim Sinnaya istehza edir, Sinna isə
özünə bəraət qazandırır. Avqusta hakimiyyətdən əl
çəkməməyi təklif edəndə başqa məqsəd izlədiyini, onun
hakimiyyətdən könüllü əl çəkməsini yox, qətl edilməsini
istədiyini bildirir.
Bu səhnələrdə Maksim və Sinna surətləri o qədər də
ardıcıl və inandırıcı verilməmişdir. Gənc və təcrübəsiz Sinna
yalandan, qəsdən hiyləgərlik edərək əks fikirlər söyləməsi
inandırıcı təsir bağışlamır. Sonralar Maksimin satqın
çıxması, sui-qəsdçiləri satması, Sinnanı məhv etmək yolu ilə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
257
Emiliyaya sahib olmaq niyyətinə düşməsi qəhrəmanın
hərəkət və xarakterindən irəli gəlmir.
Avqustla söhbət zamanı söylədiyi fikirlərin bir hiylə
olduğunu deyən Sinna birdən-birə fikrini dəyişir, Avqusta
rəğbətlə yanaşır və sevgilisinə belə söyləyir: "Siz məni
dərindən sevdiyim bir şeyə nifrət etməyə məcbur edirsiniz,
siz məni yolunda min-min dəfələrlə qanımı tökməyə hazır
olduğum bir adamın qanını tökməyə məcbur edirsiniz."
Sinnanın bu cür hərəkət etməsi onun qətiyyətsiz, qeyri-sabit,
zəif bir adam olduğunu göstərməklə bərabər sui-qəsdə
qoşulmasının da ancaq Emiliyaya sevgisi ilə əlaqədar
olduğunu aydınlaşdırır. Müəyyən müddətdə şəxsi hissləri,
sevgi duyğuları onun borc duyğusuna qalib gəlirsə, siyasi
düşüncələri, baxışlarını ardıcıl ifadəyə mane olursa, tədricən
onda borc hissi üstün gəlir, mütləqiyyət tərəfdarı olduğunu
etiraf edir. Sinna bütün ziddiyyətləri, qeyri-ardıcıllıqları ilə
mütləqiyyətə qarşı duran müxalifət hərəkatını doğru əks
etdirir. Bu baxımdan faciənin "Sinna, yaxud Avqustun
mərhəməti" adlandırılması təsadüfi deyildir.
Avqustun surəti əsərdə iki aspektdə verilmişdir.
Səhnədə görünmədiyi ilk pərdədə respublikaçılar tərəfindən
o, hakimiyyəti qanlı cinayətlərlə qəsb edən, qana həris,
cinayətkar bir tiran kimi təqdim olunur. Avqust səhnəyə daxil
olarkən bu təsəvvür alt-üst edir. O, xudbinlikdən uzaq, ciddi,
sakit, düşüncəli, xalqa məhəbbətlə yanaşan bir adam kimi
görünür. Sui-qəsd təşkil edildiyini biləndə o, hakimiyyətə
doğru can atarkən tökdüyü qanlar barədə düşünür, sui-
qəsdçilərlə sərt rəftar etməyin ağıllı hərəkət olmasına
şübhəsini bildirir. Arvadı Liviya ona mərhəmət taktikasını
işlətməyi məsləhət görür, səbrlə, inadla bu cür siyasət yürüt-
məyin doğruluğuna ona inandırır. Avqust əvvəlcə Liviyanın
məsləhətini qəbul etmək istəmir, lakin axırda özü də belə
hərəkət etməyin düzgünlüyünə inanır, Sinnanı bağışlayır və
Afaq Yusifli İshaqlı
258
ona "Dost olaq, Sinna, bunu səndən mən xahiş edirəm", deyə
müraciət edir.
Avqustun mərhəməti heç də təbii xeyirxahlığın
nəticəsi kimi göstərilmir, siyasi düşüncənin, haqq-hesabın
məhsulu kimi təqdim olunur. Bu mərhəmət sui-qəsdçilərə
dəhşətli təsir göstərir və onlar düşündükləri işdən əl çəkirlər.
Hətta Emiliya özü də Avqusta bəslədiyi nifrətdən imtina edir,
bundan sonra Avqusta xidmət göstərəcəyini bildirir. Sinna da
Avqusta sədaqətlə xidmət edəcəyinə and içir. Beləliklə,
qiyamçı kübar cəmiyyət mütləqiyyət qarşısında təslim olur.
Həm də dramaturq nəzərə çatdırır ki, mütləqiyyət
qiyamçılara, sui-qəsdçilərə qəddarlıqla, zülmlə, qan
tökməklə yox, mərhəmətlə qələbə çalır.
Faciənin ən parlaq səhnələrindən biri sui-qəsdin
üstünün açılmasından sonra Avqustla Sinnanın görüşü
səhnəsidir. Misilsiz bir sənətkarlıqla yaradılan bu səhnə,
xüsusən burada Avqustun nitqi tamaşaçıları heyran edirdi.
Avqust Sinnanı yanına çağırır, öz yanında əyləşdirib onunla
mülayimliklə, səmimiyyətlə danışır. Avqust ona söyləyir ki,
Sinna dünyaya gəlməmişdən, taleyin iradəsi ilə ona düşmən
olmuşdur: çünki o, Pompeyin nəvəsidir. Pompey isə
Avqustun atalığı Yuli Sezarın düşmənidir. Lakin Avqust
əcdadlarının keçmiş düşmənçiliklərini unutmaq istəyir,
Sinnanı özünə yaxınlaşdırmağa, onunla dost olmağa çalışır.
Hətta hakimiyyətdən əl çəkmək istədiyi vaxt hər kəsdən
əvvəl Sinna ilə məsləhətləşdiyini xatırlayıb onun o vaxt dedi-
yi sözləri ilə indiki hərəkəti arasındakı ziddiyyəti onun
yadına salır, Sinnanı məzəmmət edir. "Yadındadırmı, Sinna?"
deyə ondan gileylənir.
Sinna bu söhbət əsnasında karıxır, hər şeyi danmaq
istəyir, dili dolaşır. Avqust ona danışmaq imkanı verməyib
səmimi bir atalıq məzəmməti ilə oturmağı təklif edir, sui-
qəsdin planını bütün xırda cizgilərinə qədər ona danışır. Onu
XVII əsr Qərbi Avropa ədəbiyyatı
259
sorğu-suala tutur, gileylənir: "Sənin məqsədin nədir? Mənim
yerimi tutub hökmdarlıq etmək: Doğrudanmı, sən taxta
çıxmaq, qanunlar vermək üçün Romada məndən başqa bir
maneə tapmadın? Doğrudanmı, Romanın taleyi o qədər
acınacaqlıdır ki, məndən sonra ancaq sən ən dəyərli sima ola
bilərsən? Doğrudanmı, Roma imperiyasının bu ağır haki-
miyyət yükü mənim ölümümdən sonra səninkindən daha
layiqli əllər tapmayacaqdır? Mənə de görüm, sənin qiymətin,
dəyərin nədir? Mənə özünün məni fəth edə biləcək
ləyaqətlərindən,
şanlı-şöhrətli
əməllərindən,
nadir
keyfiyyətlərindən danış, səni başqalarından seçib yüksəldən
bütün başqa cəhətlərdən danış. Əgər bacarırsansa, buyur,
hökmdarlıq et."
Avqustun bu şəkildə danışması Kornel dövrünün
tamaşaçılarını heyran edirdi. Avqustun bu nitqini fransız
dilində mövcud olan ən gözəl nitq adlandırmışlar.
Bütövlükdə Kornelin "Sinna"sı humanizmin və mərhəmətin
təsdiq və tərənnümünə yönələn bir əsər kimi qarşılanmışdır.
Dostları ilə paylaş: |