Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

"Horatsi".  Əsl  klassisist  faciənin  ilk  parlaq  nü-
munəsi  olan  "Horatsi"də  Kornel  üç  vəhdət  qanununu 
ardıcıllıqla  gözləmiş,  presiyoz  üslubun  təsirindən  tam  xilas 
olaraq  ciddi  mətin  bir  səhnə  dili  nümayiş  etdirmişdir.  Vəzn 
baxımından  klassisizmin  tələb  etdiyi  aleksandrik  ölçü 
faciənin əvvəlindən axırına qədər yüksək sənətkarlıqla tətbiq 
olunmuşdur.  Barokko  üslubundan  gələn  komik  faciə 
ünsürlərinə heç bir yer verilməmişdir. 
"Horatsi"  faciəsini  Kornel  kardinal  Rişelyeyə  ithaf 
etmiş və müqqədimədə incə bir istehza ilə onun tələb etdiyi 
prinsiplərə  uyğunlaşmaq  istədiyini  göstərmişdir.  Kardinal 
Rişelyeyə  müraciətlə  yazır:  "Siz  incəsənətin  qayəsini 
nəcibləşdirdiniz?  Bizim  müəllimlərimizin  bizə  öyrətdikləri 
kimi  bu  məqsədi  xalqa  xoş  gəlmək  qabiliyyətində  görmək 
əvəzinə,  siz  bizə  başqa  bir  qayə,  daha  doğrusu,  sizə  xoş 
gəlmək  və  sizi  əyləndirmək  qayəsini  nişan  verdiniz.  Nəyin 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
247 
sizə  xoş  gəldiyini,  nəyin  isə  xoş  gəlmədiyini  üzünüzdən 
oxuyaraq  biz  inamla  nəyin  pis,  nəyin  yaxşı  olduğunu 
müəyyənləşdirməyi,  keçilməz  qaydalardan  nəyə  təqlid 
etməyi  və  nədən  qaçmağı  öyrənirik.  Belə  ki,  çox  vaxt  mən 
iki  saat  ərzində  mənim  kitablarımın  on  il  müddətində  mənə 
aça bilmədiyi həqiqətləri öyrəndim." 
Tədqiqatçılar  doğru  qeyd  edirlər  ki,  burada  həqiqət 
axtarmaq  yersizdir.  Kornel  həmişə  xalqın  onun  əsərlərinə 
verdiyi qiyməti hər şeydən üstün tutmuşdur. 
"Horatsi"nin  süjeti  tarixdən  götürülmüşdür.  Kornelin 
bu  əsərdə  istifadə  etdiyi  mənbə  Tit  Livinin  tarixi  əsərinin 
birinci  kitabından  götürülmüşdür.  Burada  qədim  Roma 
dövlətinin  yaranması  haqqındakı  yarıəfsanəvi  bir  hadisədən 
söhbət gedir. Daha qədim dövrlərdə Roma və Alba-Lonqa iki 
müstəqil şəhər olmuş, getdikcə böyüyüb birləşmiş bir şəhərə 
çevrilmişdir.  Bu  şəhərin  əhalisi  bir-birilə  qohumlaşsa  da, 
onlar  ayrı-ayrılıqda  həyat  sürürdülər.  Şəhərlərin  birləşib  bir 
şəhər  kimi  idarə  olunması  məsələsi  meydana  çıxanda  hansı 
şəhərin hakimiyyəti, hegemonluğu ələ alacağı ciddi mübahi-
sələrə gətirib çıxarır. Məsələni daha ədalətli həll etmək üçün 
hər  iki  şəhərin  nümayəndələrinin  təkbətək  döyüşünü  təşkil 
etməyi qərara alırlar. Bu təkbətək döyüşdə Romanın şərəfini 
qorumaq  Publi  Horatsinin  üç  əkiz  oğluna,  Alba-Lonqanın 
şərəfini  qorumaq  isə  üç  əkiz  qardaşlar  olan  Kuriatsilərə 
həvalə edilir. 
Döyüşəcək  qardaşlar  bir-birini  yaxşı  tanımaqdan 
əlavə qohumdurlar. Kiçik Horatsi Kuriatsilərin bacısı Sabina 
ilə  evlənmiş,  Publi  Horatsinin  yeganə  qızı  isə  Kuriatsi 
qardaşlarından  biri  ilə  nişanlanmışdır.  Bu  hadisənin 
dramatizmi,  borc  və  hiss  arasındakı  konfliktin  fəciliyini 
klassisist faciə yaratmaq üçün geniş imkanlar verirdi. Kornel 
də  bu  imkanları  nəzərə  almış,  vətənpərvərlik  şücaətini 
tərənnüm və təsdiq edən yadda qalan bir əsər yaratmışdır. 

Afaq Yusifli İshaqlı 
 
 
248 
Əvvəlki  əsərlərində  olduğu  kimi,  Kornel  burada  da 
pyesdəki  surətlərin  sayını  minimuma  endirmiş,  Horatsi 
qardaşlarından ancaq birini, Kuriatsi qardaşlarından da ancaq 
birini  tamaşaçılara  göstərmişdir.  Qalan  qardaşlar  da,  onlar 
arasındakı döyüşlər də səhnə arxasında qalır. 
Səhnədə  ancaq  öz  hiss  və  düşüncələri  haqqında 
parlaq  bir  tərzdə  söhbət  açan  qəhrəmanlar  qalırlar.  Sürəkli 
dialoqlar, uzun-uzadı monoloqlar, siyasi disputları xatırladan 
mübahisələr beş pərdə ərzində tamaşaçının diqqətini maqnit 
kimi özünə çəkir. 
Tit  Livinin  əsərində  nəql  edilir  ki,  qalib  çıxan  və 
meydanda  tək  qalan  Horatsi  öz  bacısının  nişanlısı  Kuriatsi 
üçün ağladığını görüb onu qılıncla vuraraq öldürür. Atasının 
parlaq  bir  nitq  söyləyib  onu  müdafiə  etməsilə  ona  bəraət 
qazandırılır.  Lakin  Kornel  bu  əhvalat  əsasında  dərin 
məzmunlu  vətənpərvərlik  və  insanpərvərlik  faciəsi 
yaratmışdır. 
"Sid"  faciəsində  olduğu  kimi,  burada  da  qəhrəman-
ların  qəlbində  borcla  sevgi  ətrafında  gedən  mübarizə  əks 
etdirilir.  "Sid"dən  fərqli  olaraq  burada  nəsli  borcdan  yox, 
dövlət,  vətən    qarşısındakı  borcdan  söhbət  gedir.  Bu  borc 
insandan  özünün  bütün  şəxsi  hisslərini  və  qohumluq 
duyğuların boğmağı tələb edir. Borc ideyasını siyasi şəkildə 
şərh edib genişləndirən dramaturq onu vətənpərvərlik pafosu 
yüksəkliyinə qaldırır. 
Kornel fransız İntibahının Monten, Amio və La Bossi 
kimi  nümayəndələrinin  yolu  ilə  gedir,  qədim  romalılara 
məxsus vətəndaşlıq şücaətini alqışlayır. Hadisələr respublika 
Romasında  deyil,  Roma  çarlığı  dövründə  cərəyan  etsə  də, 
Tullun  simasında  Roma  mütləqiyyətçiliyi  təcəssüm  olunsa 
da,  faciədə  Romanın  azadlığını  hər  şeydən  üstün  tutan, 
respublika  üçün  artıq  yetişmiş  olan  əsl  Roma  vətəndaşları 
göstərilirlər. Kornel Rişelyeyə  xoş gəlmək üçün  əsərdə bəzi 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
249 
mütləqiyyətçilik  prinsiplərini  elan  etsə  də,  onun  Tullu  da 
"Sid"dəki  kral  Fernandodan  o  yana  getmir.  Daha  doğrusu, 
mütləqiyyət idarə üsulu onun simasında aydın, qəti cizgilərlə 
verilmir,  Roma  dövlətinin  rəsmi  nümayəndəsi  təsirini 
bağışlayır. 
Faciənin  əsas  qəhrəmanı  vətənpərvər  romalı  Horat-
sidir. O, Romanın azadlığı, şöhrəti üçün hər şeydən keçməyə 
hazırdır.  Kuriatsinin  bacısına  evlənmiş  olan  Horatsi  təyin 
olunmuş  döyüşü  tərəddüdsüz,  ən  böyük  şərəf  kimi  qəbul 
edir. İradəsinin gücü ilə rəqibinə olan bütün duyğuları, hisləri 
boğur,  arvadının  qardaşı  və  bacısının  nişanlısına  qarşı 
vətənpərvərlik  eşqilə  vuruşur.  Onun  atası  qoca  Horatsi 
vətəndaşlıq  hislərinin  gücü  baxımından  oğlundan  geri 
qalmır.  O,  döyüş  meydanında  iki  oğlunun  ölüm  xəbərini 
böyük  dəyanətlə  qəbul  edir.  Üçüncü  oğlunun  döyüş 
meydanından  qorxaraq  qaçması  haqqındakı  yalan  xəbəri 
eşidəndə  isə  rüsvayçılıq  və  bədnamçılıqdan  dərin  ruhi 
sarsıntı  keçirir.  Qorxaqlığına  görə  öz  əli  ilə  oğlunu 
cəzalandırıb öldürməklə hədələyir. Vətənə xidmət hissi onda 
da oğlu kimi güclüdür. 
Qoca Horatsinin qızı Kamilla isə vətəndaşlıq borcunu 
hər şeydən üstün tutan atasından və qardaşından fərqlənir. O 
özünün  şəxsi  hislərini  vətəndaşlıq  borcundan  üstün  tutur. 
Kuriatsini dərin bir məhəbbətlə sevən Kamilla onu döyüşdən 
çəkindirmək  istəyir,  lakin  bacarmır.  Kamilla  öz  sevgisini 
nəinki  təkcə  vətəndaşlıq  borcundan,  hətta  qohumluq 
bağlarından da üstün tutur. Roma dövlətini dəhşətli düşmən 
bir  qüvvə  kimi  qiymətləndirir,  onu  öz  vətəndaşlarının 
səadətini  pozan  qorxunc  bir  qüvvə  kimi  lənətləyir. 
Nişanlısının  ölüm  xəbərini  eşidən,  qələbə  çaldığına  görə 
sevinən qardaşı ilə üz-üzə gəlib ona lənətlər yağdırır, şöhrəti 
və  çiçəklənməsi  üçün  qanlı  qurbanlar  tələb  edən  Romaya 
qarğışlar  deyir,  ölən  sevgilisi  üçün  ağlayır.  Kamillanın 

Afaq Yusifli İshaqlı 
 
 
250 
"Roma,  ey  mənim  qəzəbimin  yeganə  hədəfi"  deyərək  qar-
ğışlar  yağdırdığı  səhnə  haqlı  olaraq  Kornel  dühasının  ən 
mühüm  nailiyyətlərindən  sayılır.  Bu  qarğışlarda  üsyan  edən 
şəxsiyyətin dövlətin dəmir dabanları altında tapdanan hüquq 
məramnaməsi irəli sürülür. Kornel bu hissələrdə öz humanist 
görüşlərini o qədər də məharətlə gizlədə bilməmişdir. 
Horatsi  öz  bacısının  qeyri-vətənpərvər  hərəkətindən 
qəzəblənir  və  bacısını  qılıncla  vurub  öldürür.  Kamillanın 
öldürülməsi ilə faciədə yeni bir hərəkət başlanır. Qəhrəmanın 
başı  üstünü  yeni  bir  ölüm  təhlükəsi  alır.  Kuriatsilərə  qələbə 
çalıb  Romaya  şərəf,  şöhrət  gətirən  Horatsi  bacısını  öldürən 
qatil  kimi  mühakimə  edilməlidir.  Faciənin  beşinci  pərdəsi 
büsbütün  bu  mühakiməyə  həsr  olunmuşdur.  Tarixdən  fərqli 
olaraq bu mühakimə xalq qarşısında deyil, Horatsinin evində 
aparılır.  Hökmdar  Tull  isə  qoca  Horatsiyə  baş  vermiş  bəd-
bəxtliklə əlaqədar başsağlığı verməyə gəlir. 
Həmin  mühakimə  prosesində  qatil  kimi  Horatsini 
ittiham  edən  Valer  adlı  bir  gəncdir.  O,  Kamillanı  sevirdi, 
lakin Kamilla öz qəlbini Kuriatsiyə verdiyindən onun sevgisi 
rədd  olunmuşdu.  Valer  Horatsini  qeyri-insani  hərəkət 
etməkdə,  Roma  vətəndaşına  yaraşmayan  cinayətə  yol 
verməkdə  ittiham  edir.  O  belə  hesab  edir  ki,  bu  hərəkət 
Roma  vətəndaşlarının  həyatı  üçün  təhlükəlidir,  Alba-Lonqa 
ilə  qohumluq  əlaqələri  olan  romalılar  bu  hərəkətdən  ziyan 
görə bilərlər. Buna görə də Valer Romada ilk dəfə baş verən 
bu cinayətin edamla cəzalandırılmasını tələb edir. 
Horatsi  etiraz  etmir,  ittihamları  doğru  sayır,  lakin  öz 
əlilə  özünü  öldürməyə  icazə  verilməsini  arzu  edir.  Horatsi 
belə  hesab  edir  ki,  ancaq  ölüm  onun  şöhrətini  qoruya  bilər. 
Qoca  Horatsi  isə  Valerə  cavab  verərək  oğlunu  ehtirasla 
müdafiə  edir,  onun  ancaq  vətənə  məhəbbət  hissi  ilə  hərəkət 
etdiyini söyləyir. Qoca    Horatsiyə  görə,  əgər  oğlu  vətəni  bir 
qədər  az  sevsə  idi,  günahkar  olmazdı,  bacısını  öldürməzdi. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
251 
Ancaq  vətənə  sonsuz,  güclü  bir  məhəbbət  onu  belə  bir 
hərəkətə vadar etmişdir. 
Qoca  Horatsinin  xalqa  müraciətlə  dediyi  aşağıdakı 
sözlər xüsusilə mənalı səslənir: 
 
Romalılar, dostlar, deyin doğrudanmı, siz bu an, 
İstərsiniz bədnamlıqla zəncirlənsin qəhrəman! 
Doğrudanmı Roma üçün azadlığı gətirən 
Bir insanı insafsızca olar qətlə yetirən! 
 
Qoca  Horatsinin  vətənpərvərlik  duyğuları  ilə  aşı-
lanmış odlu-alovlu nitqi onun oğlunun taleyini həll edir. Tull 
Horatsini  ölümdən  azad  edir.  O,  etiraf  edir  ki,  Horatsinin 
göstərdiyi  qəhrəmanlıq  onun  günahını  yumaqla  bərabər 
özünü də qanunların fövqünə qaldırmışdır. 
Faciə  Horatsinin  təntənəsi  ilə  tamamlansa  da,  dra-
maturq  hakimiyyət  və  dövlətin  qəddarlığına  qarşı  öz 
humanist  səsini  ucalda  bilmişdir.  Kornel  mütləqiyyətçi 
dövlət  quruluşunun  sərt  əxlaqını  qəhrəmanlıq  cizgiləri  ilə 
göstərməyi qarşıya məqsəd qoysa da, humanist düşüncələrin 
inikasına da müəyyən yer vermişdir. Bu cəhət təkcə Kamilla 
surətində deyil, Kuriatsi surətində də özünün müəyyən əksini 
tapmışdır. Təsadüfi deyildir ki, kardinal Rişelye Kornelin bu 
faciəsini  də  soyuq  qarşılamış,  onda  respublika  əhval-
ruhiyyəsini ifadə edən cizgilər görmüşdür. 
Horatsidən  fərqli  olaraq  Kuriatsi  əsərdə  daha  insani 
cizgilərlə  verilmişdir.  O,  Alba-Lonqanın  şərəfini  qorumaq 
vəzifəsinin  onlara  həvalə  edildiyini  eşidəndə  dəhşətə  gəlir. 
Düzdür,  vətən  yolunda  vuruşmaqdan  o  da  imtina  etmir. 
Kamillanın  yalvarışlarına  baxmayaraq  döyüşmək  qərarına 
gəlir. O da belə başa düşür ki, sevgilisinə məxsus olmaqdan 
əvvəl  vətənə  məxsusdur.  Lakin  vətən  yolunda  tələb  olunan 
bu  işi  o,  Horatsi  kimi  sevinclə,  iftixarla,  soyuqqanlılıqla 
qarşılamır. Onlara göstərilən etimadı, şərəfi ən dəhşətli, vəhşi 

Afaq Yusifli İshaqlı 
 
 
252 
və  qəddar  hadisələr  qarşısında  bir  heç  sayır.  Kuriatsi 
Horatsinin ona göstərilən şərəfə görə necə sevindiyini görüb, 
özünü saxlaya bilmir, onun bu növ vətənpərvərlik paltarında 
görünən şöhrətpərəstliyini rədd edir: "Sənin qətiyyətində bir 
barbarlıq  nişanəsi  var.  Şöhrətə  belə  mənhus  bir  yolla  gedən 
hansı  igid  ona  bu  qədər  sevinər?  Ölməzlik  öz  ecazkar 
dumanlığında  şirindir.  Lakin  mən  naməlum  qalmağı  üstün 
tutardım."  
Başqa  bir  yerdə  isə  Kuriatsi  fəxrlə  onda  insanlığın 
hələ  ölməməsi,  Horatsi  tipli  romalı  olmaması  ilə  fəxr  edir. 
"Əgər  Roma  daha  böyük  şücaət  tələb  edirsə,  onda  romalı 
olmadığıma və buna görə də qəlbimdə insaniliyin zərrələrini 
qoruya 
bilməyimə 
görə 
allahlara 
minnətdarlığımı 
bildirməkdən  başqa  mənə  heç  nə  qalmır."  Buna  görə  də 
mənəvi qələbə əsərdə Kuriatsilərə nəsib olur. Onlar əvvəldən 
axıra qədər insani cizgilərini itirmirlər. 
Əgər Horatsi vətən yolunda hər cür insani cizgilərini 
itirirsə, daşdan, dəmirdən, poladdan tökülmüş bir adam təsiri 
bağışlayırsa, 
Kuriatsidə 
vətənpərvərliklə 
insanilik 
vəhdətdədir. Borcla sevgi arasındakı mübarizədə o da borcu 
əsas  götürür,  onun  dediyi  ilə,  tələbi  ilə  hərəkət  edir,  lakin 
sevgiyə,  insaniliyə  də  biganə  deyildir.  İnsaniliyin  itirilməsi 
yolu ilə qazanılan qələbəni, şöhrəti qəbul etmir. 
Volter  Kornelin  bu  faciəsinə,  onun  ayrı-ayrı  səhnə-
lərinə  yüksək  qiymət  vermişdir.  Əsərin  bir  yerində  qoca 
Horatsi  oğlanlarını  döyüşə  yola  salır.  "Gedin,  qardaşlarınız 
sizi  gözləyir,  ancaq  vətən  qarşısında  borcunuz  haqqında 
düşünün"  deyə  onlara  nəsihət  edir.  Qızının  nişanlısı,  gəlini 
Sabinanın  qardaşı  indi  isə  oğlanlarının  "düşməni"  olan 
Kuriatsi isə üzünü qoca  Horatsiyə tutub söyləyir: "Mən sizə 
necə bağışla deyəcəm? Hansı hislərlə?" Qoca Horatsi oğluna 
nəsihət  edirmiş  kimi  ona  belə  cavab  verir:  "Öz  borcunuzu 
yerinə  yetirin,  qalan  hər  şey  allahın  iradəsindən  asılıdır." 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
253 
Volter bu səhnəni  yüksək qiymətləndirərək  yazmışdır: "Mən 
bütün  qədim  və  bütün  xarici  teatrlarda  buna  bənzər  səhnə, 
buna  bənzər  qəlb  böyüklüyünün,  kədərin,  nəcabətin 
vəhdətini  axtardım,  tapa  bilmədim;  xüsusən  qeyd  edim  ki, 
yunanlarda bu qəbildən olan heç nə yoxdur." Kornelin pyesi 
belə  bir  həqiqəti  təsdiq  edir  ki,  vətənpərvərliklə 
insanpərvərlik  vəhdətdə  olmayan  yerdə  əsl  qəhrəmanlıq  da 
yoxdur. 
"Sinna,  yaxud  Avqustun  mərhəməti".  1639-cu  ildə 
Ruanda yazılıb 1640-cı ildə Parisdə tamaşaya qoyulan "Sinna" 
faciəsi  də  böyük  müvəffəqiyyət  qazanır.  Mövzusu  Roma 
imperiyasının  başlanğıc  mərhələsindən  alınan  bu  əsərdə 
mərhəmətə  çağırış  ruhu  güclüdür.  Burada  Kornel  ilk  Roma 
imperatoru  Oktavian  Avqustu  ədalətli,  alicənab  bir  hökmdar 
kimi göstərmiş, onun bu yolda imperatorluğa çatmaq uğrunda 
törətdiyi  cinayətlərin,  göstərdiyi  qəddarlıqların  günahını 
yumaq  istədiyini  nəzərə  çatdırmışdır.  Əsərin  əsas  mənbəyi 
Senekanın  artıq  Montenin  "Təcrübələr"ində  də  istifadə 
olunmuş  "Mərhəmət  haqqında"  kitabıdır.  Burada  aristokrat 
respublikaçıların  imperiya  əleyhinə  düzəltdiyi  sui-qəsdin 
başçısı  Sinnaya  Avqustun  mərhəmətlə  yanaşması  və  onu 
bağışlamasından danışılır. Roma tarixçilərinin təsdiq etmədiyi, 
elmdə  daha  çox  Senekanın  yaradıcı  fantaziyasının  məhsulu 
kimi  qiymətləndirilən  bu  hadisəni  Kornel  öz  faciəsinin  əsas 
mövzusu  götürmüş  və  son  dərəcə  müasir  siyasi  bir  əsər 
yaratmışdır. 
Kornel  bu  mövzuya  təsadüfi  müraciət  etməmişdir. 
Əsərdə  təsvir  olunan  hadisələr  yazıçının  dövrü  ilə  yaxından 
səsləşirdi.  Burada  açıq-aydın  kardinal  Rişelyenin  qəddar 
siyasətinə 
işarə 
olunurdu. 
Faciə 
Kornelin 
vətəni 
Normandiyada  1639-cu  ildə  baş  vermiş  xalq  üsyanının 
bilavasitə təsiri altında yazılmışdı. Yalınayaq Janın rəhbərliyi 
ilə başlanan bu üsyan Rişelyenin qoyduğu yeni vergilərə qarşı 

Afaq Yusifli İshaqlı 
 
 
254 
kəndlilərin  etirazının  ifadəsi  idi.  Üsyan  etmiş  əhali 
vergiyığanların idarələrini və müsadirə işçilərinin evlərini ələ 
keçirib  yandırırlar.  Rişelye  muzdlu  əsgərlər  vasitəsilə  bu 
üsyanı yatırır və üsyançılara amansız divan tutur. Ruan seçki 
imtiyazlarından  məhrum  olunur,  seçkili  hakimiyyət  orqanları 
kral  məmurları  ilə  əvəz  edilir.  Bütün  bu  hadisələr  Kornelin 
gözü  qarşısında  baş  verirdi.  Dramaturq  öz  faciəsində  Roma 
tarixində  baş  vermiş  hadisəni  nümunə  göstərərək  hakim 
dairələri Rişelye olmaqla mərhəmətə səsləyirdi. 
Qəddar, mərhəmətsiz idarə üsuluna xalq etirazı Fransa 
zadəganlarının etirazı ilə birləşirdi. Rişelye əleyhinə çoxlu sui-
qəsdlər  təşkil  etmiş  Fronda  hərəkatının  xadimləri  "Sinna" 
faciəsində iştirak edən surətlərin real prototipləri idilər. Kralın 
ailəsi  arasında  da  bu  sui-qəsdlərdə  iştirak  edənlər  var  idi.  O 
cümlədən,  kralın  qardaşı  Qaston  Orleanlı  xarakteri 
baxımından Sinnanı yada salırdı. Emiliya surəti isə siyasi sui-
qəsdlərdə  yaxından  iştirak  edən  prinsessa  Konde,  madam  de 
Şevrez,  madam  de  Roqan  kimi  fransız  aristokrat  qadınlarını 
xatırladırdı.  Bu  aristokrat  qadınların  presiyözlük  əhval-
ruhiyyəsi  Emiliyanın  salonunun  dili  ilə  danışır.  Hətta  satqın 
Maksimin  də  fransız  zadəganlığı  içərisində  real  prototipləri 
var  idi.  O  cümlədən,  o,  Orleanlı  Qastonun  yaxın  adamı  olan 
hersoq de Püiloransı yada salır. 
Mütləqiyyətçi idarə üsulunu möhkəmləndirmək üçün 
Rişelyenin  əl  atdığı  qəddarlıq,  sərtlik,  makkiavellizm 
Kornelin  ürəyincə  deyil.  Kornel  həmişə  insan  şəxsiyyətini 
tapdalamayan,  şəxsiyyətin  ahəngdar  inkişafını  təmin  edən 
müdrik, ağıllı dövlət hakimiyyəti tərəfdarı olmuşdur. 
"Sinna",  hər  şeydən  əvvəl,  siyasi  faciədir.  Burada 
ehtiraslar,  hislər  yox,  siyasi  problemlər  əks  etdirilir.  Onun 
qəhrəmanları  canlı  insanlar  olmaqdan  çox,  müəyyən  siyasi 
ideyaların  daşıyıcılarıdırlar.  Faciənin  üstün  cəhətləri  də, 
zəifliyi də buradan irəli gəlir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
255 
Əgər  "Horatsi"də  Kornel  respublika  ideallarını 
mütləqiyyətə  xidmət  pərdəsi  altında  əks  etdirirdisə,  "Sin-
na"da açıq şəkildə respublika idarə üsulu mütləqiyyətə qarşı 
qoyulur.  Dramaturq  bunu  respublika  tərəfdarı  olan 
zadəganların  imperator  Avqusta  qarşı  mübarizəsi  şəklində 
əks  etdirir.  Avqusta  qarşı  respublika  uğrunda  sui-qəsdin 
başında  Avqustun  iki  yaxın  dostu  –  Sinna  və  Maksim 
dayanır.  Lakin  sui-qəsdin  əsas  ilhamçısı  Sinnanın  sevgilisi 
Emiliyadır.  O,  atasının  vətəndaş  müharibəsində  ölməsinin 
intiqamını  almağa  çalışır.  Emiliya  Avqusta  qəddar,  dönməz 
bir  nifrət  bəsləyir,  ona  ölüm  arzulayır.  Bu  məqsədə  çatmaq 
üçün sevgilisini də, həyatını da qurban verməyə hazırdır. 
Emiliya  həm  də  şöhrətpərəstdir.  Onun  intiqam 
hislərini alovlandıran da əslində onun xudbin düşüncələridir. 
"İntiqam  almaq  səadətinə  mən  şöhrət  də  əlavə  etmək 
istəyirəm,  qoy  mənim  alacağım  qisas  ümumi  işə  xidmət 
etsin.  Qoy  mənim  qəhrəmanlığım  İtaliyada  xatırlansın, 
desinlər  ki,  Roma  öz  azadlığına  görə  Emiliyaya  borcludur." 
Emiliya onu sevən kübar gənc Sinnada Avqusta nifrət oyadır, 
onu imperatora qarşı sui-qəsd təşkil etməyə ruhlandırır. Sui-
qəsdçilərin  işə  başlamağa  hazır  olduqları  bir  vaxtda  Avqust 
Maksim  və  Sinnanı  yanına  çağırır.  Maksim,  Sinna  və 
Emiliya  elə  başa  düşür  ki,  sui-qəsdin  üstü  açılmışdır.  Sonra 
məlum  olur  ki,  narahatlıq  əbəsmiş.  Avqust  dostlarını  ona 
görə  çağırırmış  ki,  onlarla  səmimi  şəkildə  ürəkdən  söhbət 
etsin, ona əzab verən şübhələrini, fikirlərini onlarla bölüşsün. 
Hökmdarlıq  yükünün  ağırlığından  şikayətlənən  Avqust 
dostları ilə məsləhətləşir ki, bəlkə imperatorluqdan əl çəksin, 
şəxsi  həyata  qapansın?  Bu  sualla  əlaqədar  siyasi  mübahisə 
başlayır. 
Sui-qəsdin  başçısı  Sinna  uzun-uzadı  parlaq  bir  nitq 
söyləyib  Avqustu  hakimiyyətdən  əl  çəkməyə  çağırır. 
Respublika  idarə  üsulunu  ehtirasla  rədd  edir:  "Xalq  hakim 

Afaq Yusifli İshaqlı 
 
 
256 
olanda o, ancaq qarışıqlıq yolu ilə hərəkət edir; ağlın səsi heç 
vaxt ona məsləhət vermir, hörmət və nüfuzlar ən şöhrətpərəst 
adamlara satılır, hakimiyyət ancaq qiyamçılara nəsib olur. Bu 
bir  illik  xırda  hökmdarlar  hakimiyyətinin  belə  qısa  bir 
müddətlə  məhdudlaşdığını  görəndə  təzəcə  başlanan  ən 
xoşbəxt  əməllərin  məhsullarını  məhv  etməyə  çalışırlar  ki, 
onlardan  varislərinin  istifadə  etməsinə  imkan  verməsinlər." 
Sinna belə bir  fikri ehtirasla  sübut  etməyə  çalışır  ki, "ən pis 
dövlət xalq tərəfindən idarə olunan dövlətdir". Kornelin özü 
kimi  onun  qəhrəmanı  Sinna  da  ölkənin  xeyirxah  bir 
hökmdarın  vahid  hakimiyyəti  altında  birləşməsi  tərəfdarı 
olduğunu  bildirir.  Kornelin  müdafiə  etdiyi  mütləq 
hakimiyyət proqramı əslində demokratik proqram idi, xalqın 
mənafeyini  müdafiə  etməyə  yönəlmişdi.  Xalq  feodal 
özbaşınalığının  nəticəsi  olan  vətəndaş  müharibəsinin 
dəhşətlərindən yaxa qurtarmaq istəyirdi. 
Bu  mübahisə  zamanı  Maksim  əks  mövqe  tutur, 
respublika  idarə  üsulunu  müdafiə  edir.  Sinna  xalqın  və 
vətənin  xatirinə  Avqustu  hakimiyyətdən  əl  çəkməməyə 
çağırır.  Avqust  onun  təklifindən,  danışığından  riqqətə  gəlir, 
ona Emiliya ilə evlənməyi təklif edir. Maksimi isə Siciliyaya 
hakim təyin edərək, bir növ Romadan sürgün edir. Bu arada 
Maksimlə  Sinna  tək  qalırlar.  "Sui-qəsdin  başçısı  tirana 
yaltaqlanır"  –  deyə  Maksim  Sinnaya  istehza  edir,  Sinna  isə 
özünə  bəraət  qazandırır.  Avqusta  hakimiyyətdən  əl 
çəkməməyi  təklif  edəndə  başqa  məqsəd  izlədiyini,  onun 
hakimiyyətdən  könüllü  əl  çəkməsini  yox,  qətl  edilməsini 
istədiyini bildirir. 
Bu səhnələrdə  Maksim  və Sinna  surətləri  o qədər  də 
ardıcıl və inandırıcı verilməmişdir. Gənc və təcrübəsiz Sinna 
yalandan,  qəsdən  hiyləgərlik  edərək  əks  fikirlər  söyləməsi 
inandırıcı  təsir  bağışlamır.  Sonralar  Maksimin  satqın 
çıxması, sui-qəsdçiləri satması, Sinnanı məhv etmək yolu ilə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
257 
Emiliyaya  sahib  olmaq  niyyətinə  düşməsi  qəhrəmanın 
hərəkət və xarakterindən irəli gəlmir. 
Avqustla  söhbət  zamanı  söylədiyi  fikirlərin  bir  hiylə 
olduğunu  deyən  Sinna  birdən-birə  fikrini  dəyişir,  Avqusta 
rəğbətlə  yanaşır  və  sevgilisinə  belə  söyləyir:  "Siz  məni 
dərindən  sevdiyim  bir  şeyə  nifrət  etməyə  məcbur  edirsiniz, 
siz  məni  yolunda  min-min  dəfələrlə  qanımı  tökməyə  hazır 
olduğum  bir  adamın  qanını  tökməyə  məcbur  edirsiniz." 
Sinnanın bu cür hərəkət etməsi onun qətiyyətsiz, qeyri-sabit, 
zəif  bir  adam  olduğunu  göstərməklə  bərabər  sui-qəsdə 
qoşulmasının  da  ancaq  Emiliyaya  sevgisi  ilə  əlaqədar 
olduğunu  aydınlaşdırır.  Müəyyən  müddətdə  şəxsi  hissləri, 
sevgi  duyğuları  onun  borc  duyğusuna  qalib  gəlirsə,  siyasi 
düşüncələri, baxışlarını ardıcıl ifadəyə mane olursa, tədricən 
onda  borc  hissi  üstün  gəlir,  mütləqiyyət  tərəfdarı  olduğunu 
etiraf  edir.  Sinna  bütün  ziddiyyətləri,  qeyri-ardıcıllıqları  ilə 
mütləqiyyətə  qarşı  duran  müxalifət  hərəkatını  doğru  əks 
etdirir.  Bu  baxımdan  faciənin  "Sinna,  yaxud  Avqustun 
mərhəməti" adlandırılması təsadüfi deyildir. 
Avqustun  surəti  əsərdə  iki  aspektdə  verilmişdir. 
Səhnədə  görünmədiyi  ilk  pərdədə  respublikaçılar  tərəfindən 
o,  hakimiyyəti  qanlı  cinayətlərlə  qəsb  edən,  qana  həris, 
cinayətkar bir tiran kimi təqdim olunur. Avqust səhnəyə daxil 
olarkən bu təsəvvür alt-üst edir. O, xudbinlikdən uzaq, ciddi, 
sakit,  düşüncəli,  xalqa  məhəbbətlə  yanaşan  bir  adam  kimi 
görünür.  Sui-qəsd  təşkil  edildiyini  biləndə  o,  hakimiyyətə 
doğru  can  atarkən  tökdüyü  qanlar  barədə  düşünür,  sui-
qəsdçilərlə  sərt  rəftar  etməyin  ağıllı  hərəkət  olmasına 
şübhəsini  bildirir.  Arvadı  Liviya  ona  mərhəmət  taktikasını 
işlətməyi məsləhət görür, səbrlə, inadla bu cür siyasət yürüt-
məyin doğruluğuna ona  inandırır. Avqust  əvvəlcə  Liviyanın 
məsləhətini  qəbul  etmək  istəmir,  lakin  axırda  özü  də  belə 
hərəkət  etməyin  düzgünlüyünə  inanır,  Sinnanı  bağışlayır  və 

Afaq Yusifli İshaqlı 
 
 
258 
ona "Dost olaq, Sinna, bunu səndən mən xahiş edirəm", deyə 
müraciət edir. 
Avqustun  mərhəməti  heç  də  təbii  xeyirxahlığın 
nəticəsi  kimi  göstərilmir,  siyasi  düşüncənin,  haqq-hesabın 
məhsulu  kimi  təqdim  olunur.  Bu  mərhəmət  sui-qəsdçilərə 
dəhşətli təsir göstərir və onlar düşündükləri işdən əl çəkirlər. 
Hətta Emiliya özü də Avqusta bəslədiyi nifrətdən imtina edir, 
bundan sonra Avqusta xidmət göstərəcəyini bildirir. Sinna da 
Avqusta  sədaqətlə  xidmət  edəcəyinə  and  içir.  Beləliklə, 
qiyamçı  kübar  cəmiyyət  mütləqiyyət  qarşısında  təslim  olur. 
Həm  də  dramaturq  nəzərə  çatdırır  ki,  mütləqiyyət 
qiyamçılara,  sui-qəsdçilərə  qəddarlıqla,  zülmlə,  qan 
tökməklə yox, mərhəmətlə qələbə çalır. 
Faciənin  ən  parlaq  səhnələrindən  biri  sui-qəsdin 
üstünün  açılmasından  sonra  Avqustla  Sinnanın  görüşü 
səhnəsidir.  Misilsiz  bir  sənətkarlıqla  yaradılan  bu  səhnə, 
xüsusən  burada  Avqustun  nitqi  tamaşaçıları  heyran  edirdi. 
Avqust  Sinnanı  yanına  çağırır,  öz  yanında  əyləşdirib  onunla 
mülayimliklə, səmimiyyətlə danışır. Avqust ona  söyləyir ki, 
Sinna dünyaya  gəlməmişdən,  taleyin iradəsi  ilə  ona  düşmən 
olmuşdur:  çünki  o,  Pompeyin  nəvəsidir.  Pompey  isə 
Avqustun  atalığı  Yuli  Sezarın  düşmənidir.  Lakin  Avqust 
əcdadlarının  keçmiş  düşmənçiliklərini  unutmaq  istəyir, 
Sinnanı  özünə  yaxınlaşdırmağa,  onunla  dost  olmağa  çalışır. 
Hətta  hakimiyyətdən  əl  çəkmək  istədiyi  vaxt  hər  kəsdən 
əvvəl Sinna ilə məsləhətləşdiyini xatırlayıb onun o vaxt dedi-
yi  sözləri  ilə  indiki  hərəkəti  arasındakı  ziddiyyəti  onun 
yadına salır, Sinnanı məzəmmət edir. "Yadındadırmı, Sinna?" 
deyə ondan gileylənir. 
Sinna  bu  söhbət  əsnasında  karıxır,  hər  şeyi  danmaq 
istəyir,  dili  dolaşır.  Avqust  ona  danışmaq  imkanı  verməyib 
səmimi  bir  atalıq  məzəmməti  ilə  oturmağı  təklif  edir,  sui-
qəsdin planını bütün xırda cizgilərinə qədər ona danışır. Onu 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
259 
sorğu-suala tutur, gileylənir: "Sənin məqsədin nədir? Mənim 
yerimi  tutub  hökmdarlıq  etmək:  Doğrudanmı,  sən  taxta 
çıxmaq,  qanunlar  vermək  üçün  Romada  məndən  başqa  bir 
maneə  tapmadın?  Doğrudanmı,  Romanın  taleyi  o  qədər 
acınacaqlıdır ki, məndən sonra ancaq sən ən dəyərli sima ola 
bilərsən?  Doğrudanmı,  Roma  imperiyasının  bu  ağır  haki-
miyyət  yükü  mənim  ölümümdən  sonra  səninkindən  daha 
layiqli əllər tapmayacaqdır? Mənə de görüm, sənin qiymətin, 
dəyərin  nədir?  Mənə  özünün  məni  fəth  edə  biləcək 
ləyaqətlərindən, 
şanlı-şöhrətli 
əməllərindən, 
nadir 
keyfiyyətlərindən  danış,  səni  başqalarından  seçib  yüksəldən 
bütün  başqa  cəhətlərdən  danış.  Əgər  bacarırsansa,  buyur, 
hökmdarlıq et." 
Avqustun  bu  şəkildə  danışması  Kornel  dövrünün 
tamaşaçılarını  heyran  edirdi.  Avqustun  bu  nitqini  fransız 
dilində  mövcud  olan  ən  gözəl  nitq  adlandırmışlar. 
Bütövlükdə  Kornelin  "Sinna"sı  humanizmin  və  mərhəmətin 
təsdiq və tərənnümünə yönələn bir əsər kimi qarşılanmışdır. 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin