KORNEL
/1606 - 1684/
Fransız ədəbiyyatında klassisist faciənin ilk böyük
nümayəndəsi Korneldir. Uzun və ziddiyyətli yaradıcılıq yolu
keçən dramaturq gəncliyində barokko üslubunda yazmağa
meyl göstərmiş və onun qalıqlarından qoca yaşlarına qədər
xilas ola bilməmişdir. Yaradıcılığının ən kamil dövründə isə
klassisist faciənin parlaq nümunələrini yaratmışdır.
Kornel 1606-cı il iyun ayının 6-da Normandiyanın
Ruan şəhərində varlı məhkəmə məmuru ailəsində anadan
olmuşdur. Atasının Ruanda və onun ətraflarında mülkləri var
idi. Pyer Kornelonun böyük oğlu idi. Kornel yerli yezuit
kollecində oxumuş, sonra hüququ öyrənmişdir. 18 yaşında
Ruanın vergilər silkinə qəbul edilən Kornel yaxşı natiq
olmadığından özünü vəkilliyə o qədər də yararlı saymırdı.
Boş vaxtlarında şeirlər yazırdı. 1632-ci ildə "Qarışıq şeirlər"
adlı ilk şeir toplusunu nəşr etdirir. Bu şeirlərdən bir az əvvəl
isə o, "Melita, yaxud saxta məktublar" adlı ilk komediyasını
yazır. Bu komediyanın yazılması ilə ailə rəvayətində nəql
edilir ki, guya Kornelin dostlarından biri onu öz sevdiyi qızla
tanış edir. Qız Korneli öz əvvəlki sevgilisindən üstün tutub
ona meyl edir. Kornel bu hadisənin komik cəhətini nəzərə
alıb özünün ilk komediyasını yaradır. Parisdə Mondorinin
truppası tərəfindən tamaşaya qoyulan bu komediya böyük
müvəffəqiyyət qazanır. Bunun arxasınca Kornel "Klitandr",
"Dul qadın", "Məhkəmə qalereyası", "Kral meydanı" və
başqa komediyalarını yazıb onların oynanılmasına nail olur.
Kornelin bu ilk əsərlərində faciələrində gördüyümüz
ciddi siyasi məsələlər yoxdur, onların mövzusu şəxsi mənafe
və məişət münasibətləri çərçivəsindən kənara çıxmır. Lakin
Kornelin qələmi ilə komediya İntibah komediyasından fərqli
Afaq Yusifli İshaqlı
224
keyfiyyətlər almağa başladı və Molyerin simasında dahi bir
davamçı qazandı. İntibah komediyasında bir qayda olaraq
burjua mühiti təsvir olunurdusa, cəmiyyətin yuxarı təbəqələri
göstərilmirdisə, Kornelin komediyalarında əksinə hadisələr
zadəgan mühitində cərəyan edir. Onun pyeslərində XIII
Lüdovik dövrünün Paris kübar dairələri canlandırılır. Bu
cəmiyyət isə presiyözlük /ədalı, təmtəraqlı danışıq tərzi/
xəstəliyinə tutulmuşdu. Bu cəhət Kornel komediyalarının
dialoqları üzərində öz zərərli təsirini göstərmişdi. Presyöz
salonların zövqünün təsiri onun komediyalarında birtərəfli
sevgi mövzularının işlənilməsində özünü göstərirdi. Kornelin
komediyalarında digər süjet və motivlər demək olar ki,
yoxdur. Məhəbbətin özü də bu əsərlərdə madam
Rambulyenin salonuna gələnlərin, "Astreya" romanını
oxuyanların zövqünə uyğun olaraq şərti nəzakətli
qəhrəmanlıq ruhunda təqdim olunurdu. Lakin onlardan fərqli
olaraq Kornel sevgidə ölçü hissini gözləmək prinsipini irəli
sürürdü. Kornel öz qəhrəmanlarını bir qayda olaraq real şə-
raitdə hərəkət etdirir. Onun qadın qəhrəmanları Luvr ətra-
fında, yaxud Masr kvartalında zövqlə bəzədilmiş iri
malikanələrdə yaşayırlar. Dramaturq Paris aristokratiyasının
gəzib-dolaşdığı yerləri göstərməyə daha çox meyllidir. Onun
komediyalarındakı dialoqları canlılığı, çevikliyi, oynaqlığı
ilə seçilir, lakin onlar heç də həmişə komik səciyyə daşımır.
Bir çox hallarda onlar komik yaxud tragik əhval-ruhiyyə
arasında tərəddüd edirlər. Qəhrəmanların monoloqlarında
tragik /faciəli/ əhval-ruhiyyə daha güclüdür. Bu cəhətdən
Kornelin komediyaları Ardi və Rotru kimi dramaturqların
komik faciələrini xatırladır.
Merenin "Sofonizba" faciəsinin müvəffəqiyyəti Kor-
neli faciə janrında öz gücünü sınamağa həvəsləndirir və
1635-ci ildə o, "Medeya" əsərini yazır. Lakin Kornel
Meredən fərqli olaraq tarixi mövzuya deyil, mifoloji süjetə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
225
müraciət edir. Həm də realist Evripidi yox, Senekanı özünə
nümunə götürür, yeri gəldikdə Evripiddən də istifadə edir.
Məsələn, Egey surətini Kornel Evripiddən götürmüşdür.
Gənc Kornel əsərində süjetə bir sıra yeni, orijinal
keyfiyyətlər də artırmışdır ki, bunlar onun gələcək böyük
faciələrindən xəbər verirdi. Hər şeydən əvvəl, faciənin baş
qəhrəmanı Medeyanı Kornel insaniləşdirmiş, onu ehtirasla
sevən bir qadın kimi göstərmişdir. Kornelin Medeyası özünü
Yazona nifrətlə baxmağa məcbur edə bilmir. Bununla
bərabər o, güclü xarakterə, iradəyə malikdir. Faciədə komik
ünsürlər də müşahidə olunurdu. Sonralar Kornel özü də
"Medeya"nın
zəifliyini etiraf etmişdir. İlk faciənin
uğursuzluğu Korneli yenidən komediya janrına qayıtmağa
məcbur etdi. Dramaturq 1636-cı ildə "Komik xəyalpərvərlik"
komediyasını yazır. Komediyanın əsas qəhrəmanı lovğa
ispan əsgəri Matamordur. Burada komediya, komik faciə,
faciə ünsürləri bir-birinə qarışdırılmış, əlvan səhnələr
yaradılmışdır.
1636-cı ilin axırlarında Kornelin "Sid" faciəsi tama-
şaya qoyulur. Marenin teatrında aktyor Mondori baş rolda
çıxış edən bu tamaşalar misli görünməmiş müvəffəqiyyətlə
keçir, hər bir tamaşa əvvəlkindən daha artıq bir heyranlıqla
qarşılanır. Bütün Paris "Sid"dən danışır, bütöv parçalarını
əzbər söyləyir, əsəri şah əsər kimi qiymətləndirirdilər. Sidlə
əlaqədar xüsusi bir aforizm yaranır: "Sid qədər gözəldir!"
Kornel bundan sonra bir-birinin ardınca "Horatsi" /1640/,
"Sinna" /1640/, "Polievkt" /1643/, "Teodora" /1645/,
"Pompeyin ölümü" /1643/, "Rodoqunda" /1644/, "İrakli"
/1647/, "Pertarit" /1652/, "Edip" /1659/, "Atilla" /1667/ və
başqa əsərlərini yazır. Rasinin teatra qədəm qoyması, onun
"Böyük İsgəndər" /1665/ və "Andromaxa" /1667/ faciələrinin
qazandığı qeyri-adi müvəffəqiyyətdən sonra Kornel fransız
teatrı üzərində öz nüfuzunu itirir. Onun yenilik yaratmaq, öz
Afaq Yusifli İshaqlı
226
qüdrətini sübut etmək təşəbbüsləri baş tutmur. Kornelin fəci
səhvlərindən biri bu idi ki, o, tərəfdarlarının məsləhəti ilə
Rasinlə yarışa girir və özünün çox zəif bir komik faciə olan
"Tit və Berenika"sını Rasinin "Berenika"sına qarşı qoyur,
bununla da bir daha Rasinin qələbəsinə, təntənəsinə şərait
yaradır. "Pulxeriya" /1672/ komik faciəsi və "Parfiya
sərkərdəsi Surena" /1674/ faciəsindən sonra Kornel ancaq bir
neçə rəsmi şeir yazmışdır. Öz şöhrətindən daha çox ömür
sürən Kornel 1684-cü ilin 1 oktyabrında 78 yaşında
yoxsulluq içində ölmüşdür.
Müasirlərinin qeydlərinə görə Kornel təbiəti etibarilə
sadə bir adam olmuşdur. Zahiri görkəmi ağlı və istedadına
uyuşmamışdır. İlk dəfə Korneli görən bir nəfər onu adi bir
Ruan tacirinə oxşatmışdır. Onu görmək istəyən bir kübar
xanım sonra etiraf etmişdir ki, Kornelə ancaq Burqund
otelində /yəni teatrda/ qulaq asmaq lazımdır. Labrüyer isə
onun barəsində belə yazmışdır: "Sadə, utancaq, söhbətdə
darıxdırıcıdır, lakin Avqustdan, Pompeydən, Nikomeddən,
Herakldan geri qalmır. O, kraldır, həm də böyük kraldır. O,
siyasətçi və filosofdur, o, qəhrəmanları danışmağa, hərəkətə
məcbur edir, o, romalıları təsvir edir, onun şeirlərində
romalılar tarixdə olduqlarından daha böyükdürlər, daha çox
romalıdırlar."
Əsərlərinin uğursuzluğundan sonra da fransız
tamaşaçıları Kornelə hörmətlə yanaşmışlar. Həyatının son
dövrlərində bir dəfə Kornel teatra gələrkən, aktyorlar ona
hörmət əlaməti olaraq oyunu dayandırmış, tamaşaçılar isə
ayağa qalxaraq onu salamlamağa başlamışlar. Onu
salamlayanlar arasında sərkərdə Konde və başqa məşhur
adamlar da var imiş. Təəssüf ki, bu şöhrət ona maddi təminat
verməmişdir.
Kornelin qısa tərcümeyi-halını yazan Fontenelin
hakim dairələrin şairlərə, rəssamlara qayğı göstərdiyini, o
XVII əsr Qərbi Avropa ədəbiyyatı
227
cümlədən Kornelə himayədarlıq etdiklərini yazdığı yerdə
Volter istehza ilə yazmışdır: "Mən çox şübhə edirəm. Bizim
ən yaxşı rəssamımız Tussen təqiblərə məruz qalmışdır. Ramo
özünün bütün ən yaxşı musiqi əsərlərini ən böyük maneələr
içərisində yaratmışdır. Kornel özü də o qədər hörmət
görməmişdir. Homer sərgərdan bir yoxsul kimi yaşamış,
Tasso dövrünün ən bədbəxt adamı olmuş, Kamoens və
Milton
daha
bədbəxt
yaşamışlar.
Yalnız
Şaplen
mükafatlandırılmışdır, lakin mən elə dahi şəxs tanımıram ki,
təqiblərə düçar olmasın."
Estetik görüşləri. Kornelin yaradıcılığa başladığı ilk
dövrlərdə klassisizmin nəzəri prinsipləri yenicə formalaşırdı.
Kornel "Melita"nı yazanda hələ qaydalardan xəbərsiz idi.
Sonralar o, klassisizmin zaman, məkan və hərəkət vəhdəti
qanunlarını öyrənib əsərlərində onlara riayət etməyə başladı.
Kornel klassisizmin məhdudlaşdırıcı qanunlarını qəbul etsə
də, onlara həmişə əməl etmir, qüdrətli sənətkar düşüncəsi və
məntiqi ilə zəruri olan tərzdə onları cəsarətlə pozur, tənqid-
çilərinə isə "əgər mən onlardan uzaqlaşıramsa, bu, heç də
mənim onları bilmədiyimə görə deyildir", - deyə qürurla
cavab verirdi.
Onun fikrincə, sənətdə hər şey həqiqətə uyğun, doğru
olmalıdır. Bu prinsipi həyata keçirmək üçün Kornel öz
faciələrinin mövzusunu tarixdən, yaxud da əsrlərin
müqəddəsləşdirərək təsdiq etdiyi əsatirdən alırdı. Mövzuların
tarixdən götürülməsi, onların tarixi mənbələrdə təsdiq
olunması bir növ, tamaşaçıları əsərdə təsvir edilən
hadisələrin reallığına, doğruluğuna inandırırdı. Müasirləri də
onun simasında tarixi hadisələri qələmə alan bir sənətkar
görür, onu keçmişin həyatını, məişətini, insanlarını
canlandıran dramaturq kimi qiymətləndirirdilər. Onun "Sid"
faciəsində orta əsrlər İspaniyası, "Horatsi"də Roma tarixinin
Afaq Yusifli İshaqlı
228
sezarlar dövrü, "Sinna"da imperatorluq dövrünün Roması,
"Pompey"də Roma dövlətindəki vətəndaşlıq müharibələri,
"Atilla"da hun-türk tarixi, "Heraklius"da Bizans imperiyası,
"Polievkt"də ilkin xristianlıq dövrünün tarixi hadisələri əks
etdirilmiş və bu faciələr bir qayda olaraq tarixi faktlar
əsasında yaradılmışdır.
Kornel yaradıcılığının səciyyəvi cəhətlərindən birisi
onun XVII əsrin ən böyük siyasi şairi olmasıdır. Onun
əsərlərində Romanın siyasi tarixinə geniş yer verilmişdir. Bu
mövzu dramaturq üçün müasir siyasi məsələlərə öz
münasibətini bildirmək, humanist düşüncələrini əks etdirmək
üçün zəngin material verirdi. Kornel keçmişə müraciət
edərkən ən dramatik anları seçir, böyük tarixi çevrilişlər və
irəliləyişlər dövründə, siyasi və dini sistemlərin, görüşlərin
kəskin toqquşması anlarında insanların taleyini əks
etdirməyə çalışırdı. Siyasi problemlərin Kornel faciələrinin
əsasında, mərkəzində dayanması bəzən onların siyasi
mübahisələr, disputlar şəklində qurulmasına gətirib
çıxarmışdır.
Kornel dramaturgiyasının surətlər aləmi də diqqəti
cəlb edir. O, bir qayda olaraq kralları və yaxud böyük
qəhrəmanları təsvir edir. O, sadə adamlardan yazmır. Onun
fikrincə, ancaq güclü, qüdrətli, hakimiyyət başında olan və
buna görə də duyğularını sərbəst, azad büruzə verən insanlar
ümumbəşəri keyfiyyətləri daha dolğun və əhatəli ifadə edə
bilərlər.
Kornelin faciələrində bir qayda olaraq düşüncə ilə
hiss, iradə ilə istək, borc ilə ehtiras arasındakı konflikt əks
etdirilir. Onun qəhrəmanları tərəddüd etmədən hissi, istəyi,
ehtirası rədd edirlər. Onlar iradə, düşüncə, borc uğrunda
ölümə gedirlər, yaxud qələbə çalırlar. Lakin hər bir
vəziyyətdə iradə, düşüncə və borc qələbə çalır. Kornel
faciələrinin bu şəkildə qurulması Fransanın tarixi siyasi
XVII əsr Qərbi Avropa ədəbiyyatı
229
inkişafı ilə əlaqədar idi. Bu dövrdə fransız mütləqiyyəti
siyasi cəhətdən mütərəqqi rol oynayırdı. Kornel də öz
faciələri ilə fransız mütləqiyyətinin siyasi prinsiplərini
müdafiə edirdi. Həmin əsrin 60-cı illərində fransız
mütləqiyyətinin özü də, ona münasibət də dəyişməyə
başlayır ki, bu dövrün idealları, prinsipləri artıq başqa
dramaturqun – Rasinin yaradıcılığında əks olunmuşdur.
Q.V.Plexanov da özünün "Rus ictimai fikrinin tarixi"
əsərində Kornellə Volteri bu baxımdan müqayisə edərək
yazmışdır: "Korneldə XVII əsr Fransası üçün səciyyəvi olan
belə bir ifadə ilə rastlaşırıq: xalq xoşbəxtdir ki, öz kralı
uğrunda ölür; Volterdə isə əksinə Edip deyir: öz vətəni
uğrunda ölmək kralın borcudur. Bu, hökmdarın öz
təbəələrinə münasibət nöqteyi-nəzərindən baxışlarda əmələ
gələn
bütöv
bir
çevrilişdir."
Gördüyümüz
kimi,
Q.V.Plexanov Kornelin baxışlarını XVII əsr Fransası üçün
səciyyəvi olan baxışlar kimi qiymətləndirir.
Bu cəhət isə belə bir həqiqəti bir daha təsdiq edir ki,
Kornelin faciələri müasirliyin inikasına yönəlmiş əsərlərdir.
Tarixi şəxsiyyətlər, konfliktlər, hadisələr vasitəsilə Kornel
müasir Fransa gerçəkliyindən söhbət açır. Onun faciələrində
qoyulub həll edilən problemlər XVII əsrin Fransa həyatının
problemləridir. Kardinal Rişelyenin "Sid" faciəsindən narazı
qalması, Akademiya vasitəsilə onu tənqid etdirməsi də bu
həqiqəti təsdiq edən faktlardandır. Burada Rişelyenin pis şair
kimi paxıllıq hissinin mühüm rol oynaması haqqındakı müd-
dəalar, bizcə, əsassızdır.
"Sid" faciəsi təkcə qəhrəmanların dili ilə söylənən
şeirlərin poetikliyi, heyrət doğuracaq qədər rəngarəngliyi ilə
deyil, həm də insan qəlbinin şairanə duyğularını özünə
məxsus yeni bir gözəlliklə əks etdirdiyinə görə diqqəti cəlb
edir. Böyük iradəyə, romantik qəlbə malik olan Kornel
Afaq Yusifli İshaqlı
230
qəhrəmanları adi insanlardan yüksəkdə dayanmaları, daha
əzəmətli görünmələri ilə seçilirlər. Cismani və mənəvi
sağlamlıq və saflıq, ləkə gətirə biləcək duyğulara, hisslərə,
meyllərə tərəddüdsüz qələbə çala bilmək qabiliyyəti onları
heç vaxt tərk etmir. Güclü hisslərlə yaşayan, bu hisslərə
lazım gələndə qalib gələn bu adamlar öz qəhrəmanlıqları ilə
öyünmür, fəxr etmir, qürrələnmir, iztirab çəkir və qələbə
çalırlar. Onlar özləri ciddi adamlar olduqları kimi ancaq ciddi
məsələlər haqqında düşünürlər.
Kornel öz əsərini yaradarkən daha çox ispan dra-
maturqu Gilyen de Kastronun 1618-ci ildə Valensiyada
tamaşaya qoyulan "Sidin gəncliyi" pyesindən, Marianın
"İspan tarixi"ndən və Sid haqqında orta əsr nəğmələrindən
bəhrələnmişdir. Kornel ispan dramaturqunun əsərinin süjet
xətti və bir sıra motivlərini, az qala, olduğu kimi təkrar etsə
də, tamamilə orijinal, milli fransız faciəsi yaratmışdır.
Kornelin yeniliyi onda idi ki, o, ispan dramının
fabulasını, üslubunu və vəzn rəngarəngliyini sadələşdirmiş,
onu daha az əlvan, daha az sistemsiz bir hala salmışdır.
Faciənin ağırlıq mərkəzini zahiri hadisələrdən qəhrəmanların
daxili iztirabları, duyğuları üzərinə köçürmüş, sevgi və borc
arasında gedən gərgin mənəvi mübarizəni əks etdirmişdir. Bu
cəhət Kornelin faciəsinə orijinal bir səciyyə vermişdir. O,
"Sid"də klassisist faciənin məhdudluğunu onun ləyaqətinə,
üstün cəhətinə çevirməyi bacarmışdır.
"Sid" faciəsi Himena ilə onun rəfiqəsi Elviranın
söhbəti ilə başlayır. Himena varlı Sevilya zadəganı don Qo-
mes qraf Qormasın qızıdır. Onu iki gənc sevir: Rodriqo Dias
və Don Sanço. Hər ikisi gəncdir, adlı-sanlıdır, ancaq qızın
qəlbi Rodriqoya meyllidir. Elviranın xəbər verdiyinə görə,
qızın atası da ona tərəfdir.
Rodriqo nəcib don Diyeqonun oğludur, yəqin ki, o da
atasına oxşayaraq, onun kimi cəsur olacaq. Don Qomes onun
XVII əsr Qərbi Avropa ədəbiyyatı
231
barəsində belə düşünür. O, Rodriqonun atası ilə dünənə
qədər yaxın dost idi. Lakin qızlar söhbət edərkən Elvira
birdən elə bir xəbər verir ki, kral öz oğlu üçün tərbiyəçi
seçmək fikrindədir, qraf Qormas dövlət qarşısında öz
xidmətlərini nəzərə alaraq bu vəzifəni almaq ümidindədir.
Himena rəfiqəsinin bu xəbərinə məhəl qoymur, sanki eşitmir.
Onun diqqəti, düşüncəsi Rodriqonun yanındadır. Hər şey çox
yaxşı gedir, bu, görəsən gələcək tufanlardan xəbər vermir ki?
Təsadüf bəzən hadisələri kəskin şəkildə dəyişdirir. Bu böyük
səadət böyük bəla ilə əvəz olunmaz ki? Hadisələrin sonrakı
inkişafı da göstərir ki, Himenanın narahatlığı əbəs deyilmiş.
İlk səhnədən tamaşaçı öyrənir ki, Rodriqo ilə Himena bir-
birini sevir və hətta qızın atası da Rodriqonu öz kürəkəni
kimi görməyə meyllidir. Kralın öz oğluna tərbiyəçi götürmək
istəməsi və qızın narahat düşüncələri, istər-istəməz gələcək
faciədən xəbər verir. Kralın öz oğluna tərbiyəçi götürmək
istəməsinin burada fəci rol oynayacağı fikri tamaşaçıları da
narahat edir.
Bu vaxt Himena ilə Elvira səhnəni tərk edirlər.
Səhnədə infanta, yəni kralın qızı, onun rəfiqəsi Leonora və
paj görünür. Kralın qızı gənclərin sevgisinin inkişafını
həyəcanla izləyir, sevinir və iztirab çəkir. İnfantanın
hərəkətlərindən, sözlərindən, düşüncələrindən hiss olunur ki,
o da gənc Sidi sevir, lakin onun sevgisi ümidsiz və acı bir
sevgidir. O, Sidə ərə gedə bilməz, çünki Sid adi bir əyandır,
o isə kral qızıdır. İnfanta özünü nə qədər məzəmmət etsə də,
özü ilə nə qədər mübarizə aparsa da, sevgi hisləri onu qarşısı
alınmaz bir qüvvə ilə Sidə doğru çəkir. Öz sevgisinin ancaq
ümidlə yaşadığını, ümiddən qida aldığını düşünən infanta bu
ümidi aradan qaldırmaq, Rodriqo ilə Himenanın evlənməsini
sürətləndirib başa çatdırmaq qərarına gəlir. O, belə hesab
edir ki, Rodriqo ilə Himenanın evlənməsi ilə onunla Rodriqo
arasında keçilməz bir uçurum yaranar, onun adına, namusuna
Afaq Yusifli İshaqlı
232
ləkə gətirə biləcək sevgi də öz-özünə aradan qalxar. Buna
görə də infanta sevgisini gizli bir sirr kimi saxlayır və
sevdiyi adamın tezliklə başqası ilə, cəmiyyətdəki mövqeyinə
görə özünə bərabər bir adamla kəbin kəsdirərək evlənməsini
həyata keçirmək istəyir. Halbuki bu kəbin onun ürəyindən
deyildir. İnfantanın planı həyata keçməyə yaxınlaşdıqca onun
sifəti daha kədərli görkəm alır, qəlbinə daha tutqun bir
duman çökür.
Pyesdə ikinci planda göstərilən, bir növ kölgədə
qalan infantanın iztirabları, qəmli siması tamaşaçını
həyəcanlandırır və riqqətə gətirir. Müəllif istəsə də, istəməsə
də, silki xurafatın mənasızlığı, boşluğu, insana zidd xarakteri
haqqında
kədərli
düşüncələr
oyadır.
İnsanların
münasibətlərinin
bu
xurafatlar
tərəfindən
necə
məhdudlaşdırdığını, səadətlərinin, arzularının, istəklərinin
necə əllərindən alındığı göstərilir. Bu baxışlar əlində qula
çevrilən insan qəlbi haray qoparır.
Sən ey qadir yaradan,
Qoyma qəmlər qalib gəlsin,
Sevən könlüm ağlasın qan.
Qoru mənim dünyamı gəl, itirməyim ləyaqəti,
Xoşbəxt olum deyə necə mən verirəm səadəti.
İnfanta silki xurafatlar baxımından zahiri səadət əldə
etmək üçün əsl səadətdən əl çəkmək qərarına gəlir.
Dövrünün mühafizəkar qanunlarına tabe olan bu məğrur kral
qızı sevgisində bir ləyaqətsizlik, eybəcərlik gördüyü üçün
ondan yaxa qurtarmağa can atır, qəmlərə qərq olur. Lakin
infantanın inadla hazırladığı iş, yəni Rodriqo ilə Himenanın
evlənməsi işi xoşbəxt sonluqla bitməyə ən yaxın olduğu bir
vaxtda çətin sınaqlar qarşısında qalır. Kral öz oğlunun
tərbiyəçisi vəzifəsinə Sidin atası don Diyeqonu seçir.
Himenanın atası qraf Qormas özünü təhqir olunmuş sayır,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
233
düşünür ki, ona qarşı haqsızlıq olunmuşdur. Acığını don
Diyeqodan çıxmağa çalışır. Səhnədə iki feodalın kobud
mübahisəsi göstərilir. Bu səhnə ilə feodal çəkişmələrinin,
özbaşınalığının və qarışıqlığının parlaq təcəssümü verilir.
Qraf Qormas kralın hərəkətinə qarşı öz narazılığını bildir-
mək, don Diyeqonun ləyaqətcə özündən aşağı olduğunu
sübut etmək üçün "taxt-tac nə qədər yüksək olsa da, bütün
insanlar bir-birinə bənzəyir, krallar da səhv mühakimə
yürütməyə qabildirlər" deyə, araya söz atır. Don Diyeqo isə
belə hesab edir ki, kralın əmrini yerinə yetirmək müqəddəs
borcdur, onu müzakirə etmək olmaz. Don Diyeqonun irəli
sürdüyü fikir əslində kardinal Rişelyenin yeritdiyi siyasətin
əsas prinsipi idi. Fransız mütləqiyyətinin təşəkkül dövründə
yaranan bu əsərin hər sətrində dövrün siyasi baxışları öz
əksini tapmaya bilməzdi. Kornelin faciəsində də biz mütlə-
qiyyət idarə üsulunun əsas dövlət prinsiplərinin ardıcıl
təbliğini görürük. Qraf Qormasın simasında mütləqiyyətə
qarşı duran, feodal pərakəndəliyinə doğru çəkən qüvvələrin
iflası göstərilir. Don Diyeqo ilə qraf Qormasın davası onunla
qurtarır ki, Qormas don Diyeqonu şillə ilə vurur. Don
Diyeqo qılınca əl atmaq istədikdə daha cavan qraf Qormas
qılıncı vurub onun əlindən salır. Qoca don Diyeqo təhqir
olunur.
Kornel Rodriqonun təhqir olunmuş, şərəfi ləkələnmiş
atasına görə intiqam almasına hər cəhətdən bəraət
qazandırmaq üçün Qormasın ədalətsiz, qeyri-insani hərəkət
etdiyini məharətlə, qabarıq formada nəzərə çatdırır. Don
Diyeqo qrafı sakitləşdirmək üçün çox əlləşir, oğlu üçün onun
qızını istəyir, Qormasın ləyaqət və xidmətlərindən söhbət
açır. Lakin Qormas heç nə eşitmir, eşitmək istəmir. Sərt
hərəkət və danışıqları ilə don Diyeqonu da kobudluğu
məcbur edib onu şillə ilə vurur. Dramaturq qraf Qormasın
hərəkətini bağışlanılmaz sayır və onu ittiham edir.
Afaq Yusifli İshaqlı
234
Don Diyeqo özü qoca olduğu üçün ailənin şərəfini
qorumağı, intiqam almağı və cəzalandırmağı oğlundan tələb
edir. Dövrünün namus, şərəf haqqındakı baxışlarına uyğun
olaraq "şərəfimiz ölmüşdürsə, bizim yaşamağa haqqımız
yozdur" deyə hökm verir. Bu həqiqət Rodriqoya da
məlumdur. O da başa düşür ki, burada hətta tərəddüd etmək
belə şərəfsizlik kimi qiymətləndirilə bilər. Nə qədər ağır olsa
da, o, intiqam almalıdır. Sevdiyi Himenanın atası ilə
vuruşmaq, ondan intiqam almağa girişmək, onu öldürmək
qəsdinə durmaq nə qədər çətin, ağır olsa da, məhz buna görə
də bir o qədər şərəfli və ləyaqətli hərəkətdir. Təhqir edilmiş
və şərəfi tapdanmış atasının intiqamını almaq düşdüyü və-
ziyyətdə Sid üçün şərəf və şöhrət işidir. Bunu Rodriqo bilir,
intiqam almağa hazırdır, lakin bununla sevgilisini həmişəlik
itirəcəyini düşünüb iztirab çəkir.
Kornel hadisələrin bu yerində psixoloji cəhətdən
doğru hərəkət edərək qəhrəmanların kədərli stanslar oxu-
duğunu göstərir. Xatırladaq ki, Məhəmməd Füzulinin "Leyli
və Məcnun"unda da qəhrəmanların ən kədərli, iztirablı
cağlarında sevgililər qəzəl oxuyurlar. İnsan psixologiyasını
gözəl bilən və sənətin imkanlarından məharətlə istifadə edən
Kornel də atası ilə sevgilisi, sevgi və borcu arasında qalan
qəhrəmanına kədərli beytlər oxutdurur. Borc ilə sevgi, ata ilə
sevgili bir-birini inkar edən həll olunmaz bir ziddiyyət təşkil
edirlər. Bunlardan birinin həlli səadəti, digəri isə şərəfi
itirməyə aparırdı. Məhz belə çıxılmaz bir vəziyyət qarşısında
qalan qəhrəman kədərli beytlər /stanslar/ oxumalı olur.
Bu arada Kastiliya əyanı don Arnas qraf Qorması
ağıllı hərəkət etməyə, təhqir etdiyi adamdan üzr istəməyə
çağırır. Qraf razılaşmır. Yenidən mütləqiyyət mövzusu
ətrafında mübahisə başlanır. Qraf Qormas özünün krala tabe
olmadığını əsaslandırmağa, buna haqqı olduğunu sübut
etməyə çalışır. "Cüzi bir asilik o qədər də böyük cinayət
XVII əsr Qərbi Avropa ədəbiyyatı
235
deyildir" deyib, təkəbbürlü bir tərzdə dövlət qarşısında
xidmətlərindən danışır. "Əgər mən olmasaydım, onun
hökmdarlıq əsası əlindən düşərdi. O özü mənə çox
möhtacdır, mənim başım üstümdən düşərkən, onun tacını da
özü ilə aparacaqdır." Kornelin dövründə kral hakimiyyətinə
tabe olmayan və ona görə də qəsrləri Rişelye tərəfindən yerlə
yeksan edilən, başları bədənlərindən qılıncla ayrılan asi za-
dəganlar da belə düşünürdülər. Sanki Qormasın dili ilə şairin
müasiri olan feodal müxalifəti danışırdı. Kornel Qormas
surəti vasitəsilə bu müxalifətçi zadəganlığın baxışlarını və
mülahizələrini rədd edir, mütləqiyyətçiliyi müdafiə edir.
Kornel
özünün mütləqiyyət idarə üsuluna rəğbətli
münasibətini Arnasın simasında daha aydın ifadə etmişdir.
O, mütləqiyyətçilik prinsiplərini müdafiə edərək üzünü təkcə
qraf Qormasa yox, sanki bütün XVII əsrin müxalifətçi
zadəganlarına tutub deyir: "Siz ali hakimiyyətdən çox az
qorxursunuz..." və s.
Rodriqo ilə Qormas arasındakı döyüş incə, nəzakətli
bir mübahisə ilə başlayır. Onlar qılınclarını toqquş-
durmazdan əvvəl bir-birinin ünvanına tərifli sözlər deyirlər.
Kornel psixoloji cəhətdən doğru hərəkət edərək göstərir ki,
Rodriqo sevgilisinin atasına nifrət edə bilmir, Qormas isə
onun qızını sevən gəncə rəğbətini gizlətmir, gizlətmək
istəmir. Don Diyeqo ilə danışanda paxıllıq və təkəbbür
hissinin təsirilə kobudluğunu gizlədə bilməyən Qormas
Rodriqo ilə qarşılaşanda tamam başqa insana çevrilir.
Qızının səadətini öz əlilə məhv edəcəyini düşünərək
kədərlənir. Onların döyüşməsi səhnədən kənarda baş verir.
Baş verən hadisələr haqqında səhnədə ancaq danışılır.
Bu vaxt səhnədə Himena ilə infanta görünür. Onlar
ataların davasını ancaq eşitmişlər, dumanlı şəkildə olsa da
fəlakət baş verəcəyini duyurlar. Himena hətta ən yaxşı
insanları yoldan çıxaran, onları ədalətsiz olmağa sövq edən
Afaq Yusifli İshaqlı
236
şöhrətpərəstlik duyğularına lənət yağdırır, narahat olduğunu
büruzə verir. İnfanta isə ona təsəlli verir ki, o, bir-iki söz
desə, Rodriqo ona tabe olar, sözünə baxar və təkbətək döyüş
verməz, onların evlənməsi isə ataları barışmağa məcbur edər.
Lakin Himena sevgi xatirinə Rodriqonu rüsvayçılıq,
bədnamlıq yoluna çəkə bilərmi? O da çıxılmaz bir
vəziyyətdə qalır. İki çıxış yolundan heç biri onu razı salmır.
Əgər Rodriqo onun xahişinə baxsa, borcunu unutsa, adamlar
ona nə deyər? Əgər borcun hökmünə tabe olsa, sevgiyə əlvi-
da deməli olacaq.
Pajın gəlməsi ilə bu qeyri-müəyyən iztirablı düşün-
cələrə son qoyulur. Məlum olur ki, Rodriqo ilə Qormas
mübahisə edə-edə həyəcanlı bir halda sarayı tərk etmişlər.
Şübhə yoxdur ki, onlardan biri o birini əli ilə öləcəkdir.
Bədbəxt infantanın könlündən onun üçün mümkün ola
biləcək səadət haqqında xudbin bir arzu oyanır, lakin
Leonora onu utandırır, infanta özü öz planından dəhşətə
gəlir. "Mən dəliyəm, mənim ağlım çaşmışdır", deyə o,
yenidən özünə qayıdır, taleyi və dövrünün baxışları ilə
barışmaq mövqeyinə keçir.
Hadisələrin inkişafının bu yerində Kastiliya kralı Fer-
nando səhnəyə çıxarılır, dramaturq bir daha mütləqiyyət
haqqında danışmaq üçün əlverişli məqam görür. Bir daha
kralın dili ilə Qormasın asiliyi, özbaşınalığı pislənilir.
Mütləqiyyət idarə üsulu mövqeyindən rədd və inkar olunur.
"Ey mərhəmətli allahlar, cəsur nökər mənə nə qədər az
hörmət edir, mənə xoş gəlməyin qeydinə nə qədər az qalır!
Don Diyeqonu təhqir edir, mənə nifrətlə yanaşır! Mənim
sarayımda mənə qanun diktə edir! O hər kim olursa olsun –
cəsarətli əsgər, böyük sərkərdə – mən onun lovğa
təkəbbürünü sındırmağı bacararam; qoy lap o şücaətin özü,
döyüş allahı olsun – asiliyinin nə olduğun bilər!" Kastiliya
kralı bu sözləri dövlətin ən çıxılmaz bir çağında, ərəblər
XVII əsr Qərbi Avropa ədəbiyyatı
237
hücuma keçən bir zamanda söyləyir, hər bir əsgərin, xüsusən
Qormas kimi şücaətli bir sərkərdənin ölkə üçün zəruri
olduğu bir ağır vaxtda kral onun hərəkətlərini mühakimə
edir, özünü ən ağır cəza ilə hədələyir, düşmən hücumu yox,
Qormasın hərəkəti onu narahat edir.
Məsələnin bu şəkildə qoyuluşu ilə Kornel belə
mühüm bir fikri ifadə edirdi, krala, mütləq hakimiyyətə tabe
olmamaq,
ona
qarşı durmaq düşmən ordularının
hücumundan daha təhlükəli və qorxulu bir şərdir. Kornelin
dövründə mütləqiyyətçilik prinsipi xalqa qayda-qanun, əmin-
amanlıq, feodalların zülm və özbaşınalığından xilas olmaq,
təsərrüfat həyatına müəyyən bir sabitləşmə bəxş edirdi. Buna
görə də Kornelin əsərində mütləqiyyətçilik prinsipinin
müdafiəsi mütərəqqi bir hadisə kimi qiymətləndirilməlidir.
Təkbətək döyüş zamanı Rodriqo qraf Qorması öl-
dürür. Himena isə krala müraciət edərək intiqam tələb edir,
"qana qan" deyərək yalvarır. Lakin Rodriqonun ölümünü
istəyən Himena özünü aldadır. Gənc zadəgan don Sanço
günahkarı öldürmək üçün öz xidmətlərini Himenaya təklif
edəndə, Himena buna sevinmək əvəzinə, ona müəyyən
tələblər, vədlər, göstərişlər demək əvəzinə köksündən bircə
söz qopur: "Bədbəxt". Düşdüyü vəziyyətdə o özünü ən
bədbəxt, talesiz bir adam sayır. Borcu tələb edirdi ki, atasının
qatilindən intiqam alsın, onu öldürsün, yaxud öldürtsün.
Ondan onun üçün ən əziz olan adamı öldürmək üçün icazə,
bəlkə də əmr soruşurlar. Halbuki Rodriqosuz həyatın ondan
ötrü heç bir qiyməti yoxdur. Himena öz hisləri haqqında
danışmır, lakin sinəsindən qopan tək bir söz onun nə demək
istədiyini bütün fəciliyi və mürəkkəbliyi ilə aydınlaşdırır.
Kornelin dühası çox vaxt bu cür poetik kəşflərdə üzə çıxır.
Təsadüfi deyildir ki, Volter faciədə bu sözü oxuyarkən
yazmışdır: "Onun don Sançoya qulaq asmadan dediyi bu
"Bədbəxt!" sözü əladır."
Afaq Yusifli İshaqlı
238
Himenanın bu hadisə zamanı tutduğu mövqe, qəlbini
parçalayan zidd istəklərin toqquşması Elvira ilə söhbətində
daha da dəqiqləşir. O, Elviraya etiraf edir ki, "mən onun
başını tələb edirəm, lakin onu ala biləcəyimi düşünəndə
dəhşətə gəlirəm". Elvira ondan soruşur: "Yoxsa siz onu hələ
də sevrisiniz?" Bu suala Himenanın verdiyi cavab daha
qətidir: "Sevirəm? Bu, çox azdır, Elvira, mən ona
vurğunam." Bununla belə Himena onun günahından keçmək
fikrində deyildir. Atasının qatilini bağışlamaq, günahından
keçmək onun üçün də rüsvayçılıqdır. "Onu təqib etmək,
məhv etmək, sonra ölmək" – Himenanın qərarı belədir.
Lakin Rodriqo özü Himenanın evinə gəlir, qılıncını
ona verir ki, boynunu vurub intiqam alsın. Burada məkan
vəhdəti pozulduğu üçün müasirləri Korneli məzəmmət
edirdilər. Onlar belə düşünürdülər ki, Himena ilə Rodriqo
sarayda da görüşə bilərdi. Lakin təsadüfi baş verən bu
görüşdə onlar bir-birinə nə deyə bilərdi? Dedikləri istənilən
təsiri vevərdimi? Burada da Kornelin dahiyanə poetik
ustalığı özünü təzahür etdirmişdir. O, ehkamları pozaraq
daha doğru hərəkət etmiş, güclü, yadda qalan, təsirli bir
səhnə yaratmışdır. Rodriqo əməlinə görə təqiblərdən qaçmır,
gizlənmir, özü bu qədər dərd, kədər, iztirab verdiyi adamın
yanına gəlir, bir hakim kimi özünü onun ixtiyarına verir, din-
məzcə qılıncını çıxarıb Himenaya təqdim edir ki, atasının
qatilini öldürsün. Rodriqo bununla həm cinayətini boynuna
alır, həm də buna görə ölməyə hazır olduğunu bildirir.
Sevgililərin bu görüşü faciənin ən güclü səhnələ-
rindəndir. Onlar təlaş və min bir dərd, ələm içərisində üz-üzə
gəlirlər. Himena Rodriqonu qovur, qəzəblənir, lakin Rodriqo
ona özünü öldürmək təklif edəndə, onu – Rodriqonu
öldürmək üçün qılıncı Himenaya tərəf uzadanda, Himena
qılınca toxunmaqdan, yaxın düşməkdən qorxur, Himena
etiraf edir ki, onu sevir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
239
Atamın qisasıyçün hər şey edəcəyəm mən,
Ancaq özümü xoşbəxt saya billəm o zaman,
Heç nə bacarmayım mən, tökülməsin bir də qan.
Bir-birini dərindən sevən, bir-birinin halını qəlbən
incəliyinə qədər anlayan gənclər dövrün əxlaqi normalarının
təsiri ilə əzilirlər. Ağıl, düşüncə bu normaları onlara qəbul
etdirir, bu normaların dediyi ilə hərəkət etməyə çağırırsa,
ürək, duyğu, insanlıq bu çağırışı rədd edir. Himena məhz
ağlın diktə etdiyi bir xırdaçılıqla deyir: "Mən sənin ölümünlə
sənə layiq olmalıyam." Lakin ağlın, mühakimənin həm də
dövrün əxlaq normaları ilə şərtlənən bir mühakimənin səsi
olan bu sözə Rodriqonun ürəkdən qopub gələn aşağıdakı
sözləri rədd cavabı verir. "Bizim atalarımız bizə nə qədər
iztirablara və göz yaşlarına başa gələcəkdir." Himena acı-acı
fəryad edir: "Kimin ağlına gələrdi!" Rodriqo da onun səsinə
səs verir: "Kim deyərdi!" Bu dialoqda iki düşmən yox, eyni
müsibəti eyni şəkildə qarşılayan iki insan görünür, iki bəlalı
qəlbin harayı eşidilir.
Sevgililərin bu iztirabla, kədərlə, sevgi ilə dolu görüş
səhnəsindən sonra ata ilə oğul üz-üzə gəlir. Don Diyeqo
sevincindən yerə-göyə sığmır, onu təhqir edən öl-
dürülmüşdür. Oğlunun haqqında düşünmək, onun vəziyyətini
duymaq don Diyeqonun ağlına belə gəlmir. Rodriqo ona
deyəndə ki, bir oğlu kimi özü üçün əziz olan hər şeyi onun
yolunda qurban verdi, ata oğlunu anlamır, anlaya bilmir. O,
soyuq bir məntiqlə mühakimə yürüdür və söyləyir: "Bizim
şərəfimiz bircədir, ancaq məşuqələrimiz gör nə qədərdir!
Sevgi ancaq əyləncədir, şərəf isə borcdur!" Gənc Rodriqo
daha insani düşünür, ürəyinin diktəsi ilə atasına cavab
verərək deyir: "Siz məni şərəfsiz bir xəyanətə itələyirsiniz!
Lakin qorxaq əsgərlə, xəyanətkar sevgili eyni dərəcədə bəd-
nam deyilmi?" Rodriqonun bu insani düşüncələri müəyyən
Afaq Yusifli İshaqlı
240
mənada onun ataların baxışları ilə heç də tamamilə razı
olmadığı bildirir.
Bir həqiqətdir ki, baş vermiş hadisədə, yəni qraf Qor-
masın öldürülməsində əsas günahkar heç də Rodriqo
deyildir. Əsil günahkar burada ailə şərəfi və qan intiqamı
haqqındakı
əxlaq normalarıdır. Feodal pərakəndəliyi
dövrünün qanunları və əxlaqıdır. Ona görə də öz günahını nə
cür olursa-olsun yumalı, sevdiyinin, tamaşaçının, xalqının
qarşısında bəraət qazanmalıdır. Sid elə bir hünər, elə bir
qəhrəmanlıq göstərməlidir ki, günahını yuya bilsin. Himena
ona bəraət qazandıra bilsin. Məhz belə bir məqamda
vətənpərvərlik hisləri qan intiqamı duyğusuna qarşı qoyulur.
Vətənin, xalqın düşmən hücumundan xilas edilməsi, bu
yolda qəhrəmanın göstərdiyi qeyri-adi qəhrəmanlıq vasitəsilə
dramaturq öz qəhrəmanına bəraət qazandırır.
Rodriqo vətəni müdafiə üçün ayağa qalxan xalq
qüvvələrinin başında düşmənlə vuruşa atılır. Xalq içərisində
onun göstərdiyi hünərlərdən danışırlar. Ərəblər darmadağın
edilmiş, iki hökmdar əsir alınmışdır. Bütün bunlar hamısı
Sidin hünərinin nəticəsidir. Elvira bu haqda Himenaya
danışanda o, soruşur: "Bütün bunları sənə kim dedi?" Elvira
"xalq" deyə cavab verir. Yenə də Kornelin qeyri-adi poetik
kəşfi və xəlqi ruhu göz qabağındadır. Sanki xalq ən ali hakim
kimi ümummilli hadisələrə qiymət verir. Xalqı fəlakətdən
qurtaran qəhrəman Sidi xalq sevir, qiymətləndirir.
Rodriqo özü döyüş haqqında coşqunluqla, maraqla
danışır, doğma vətəni müdafiə edən xalqın, ünvansız, adsız
məhv olan qəhrəmanların hünərini alqışlayır. Bu döyüşlərdə
ən hünərli, ən igid Sid olmuşdur. Ərəblər özləri də bunu
etiraf edirlər, əsir alınmış ərəb hökmdarları ona Sid adı
verirlər. /Sid Seyyid sözünün qısaldılmış forması olub ağa
deməkdir/.
Rodriqo vətən, xalq və kral uğrunda böyük qəhrə-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
241
manlıq göstərib şöhrət qazandığı bir vaxtda Himena yenidən
kralın yanına gəlib, intiqam tələb edir. Həm də o Rodriqonun
şöhrətli bir ölümlə ölməsini yox, edam edilməsini tələb edir.
Kral Himenanı ürəyinin səsinə qulaq asmağa, orada
Rodriqonun hakim olduğuna diqqət yetirməyə çağıranda o,
daha da qəzəblənir və gənc döyüşçülərə müraciət edib
bildirir ki, kim Sidi öldürsə, ona ərə gedəcək.
Belə bir sual ola bilər ki, birdən-birə Himena nə üçün
belə bir fikrə düşmüşdür? Vaxtilə don Sançonun intiqam
almaq haqqında köməyini, təklifini rədd edən qız nə üçün
birdən-birə Sidin öldürülməsini tələb edir? Axı o, Sidin
ölümünü istəmir. Kral ona yalandan döyüşdə öldüyünü xəbər
verəndə Himena avazıyır. Məsələ burasındadır ki, Kornel
qızın intiqam tələb etməsini onun atasına məhəbbət və
hörmət əlaməti kimi qiymətləndirir. O, məntiqin,
mühakimənin hökmü, köhnə əxlaq normalarının tələbi ilə
hərəkət edir, övladlıq borcunu yerinə yetirmək istəyir. Onun
bu cür hərəkət etməsi özü də səmimidir. O, dövrünün övladı
kimi Rodriqonu sevsə də, atasının qatili kimi ondan intiqam
almağı özünə borc bilir. Rodriqo öz borcunu yerinə yetirirsə,
atasını təhqir edən adamı, bu adam onun sevdiyi qızın atası
olmasına baxmayaraq, onu öldürürsə, Himena nə üçün belə
hərəkət etməsin? Həm də nə üçün bu işi "qatil" şöhrətli, şanlı
bir qəhrəman kimi tanınan, ucalan, qiymətləndirilən bir
dövrdə niyə daha çox ehtirasla tələb etməsin. Nəsil ədavəti
və qan intiqamı qanunları ilə cəzalanmalı, edam edilməli
olan bir adamın şan-şöhrət qazanmasına atası öldürülən bir
övlad sakit baxa bilərmi? Yoxsa Himena atasını, özünün
övladlıq borcunu unutmalıdı? Himena psixoloji cəhətdən
tamamilə doğru hərəkət edir, Rodriqodan o, şöhrətin
zirvəsinə ucaldığı bir vaxtda intiqam almağa can atır.
Himena Rodriqodan özü intiqam ala bilmir. Onu
sevən don Sançonun köməyinə müraciət edir. Don Sanço
Afaq Yusifli İshaqlı
242
Himenanın xatirinə Rodriqo ilə təkbətək döyüşə razıdır.
Döyüşdən əvvəl Himena ilə görüşə gələn, onunla vidalaşan
Rodriqo bildirir ki, o, döyüşə yox, edama gedir. Vətən
uğrunda, xalq uğrunda vuruşmaq olar, bu səadətdir. Səni
sevməyən, sənin ölümünü istəyən bir adam uğrunda
vuruşmaq, burada öz haqqını tələb etmək necə ola bilər. Bu,
ən ləyaqətsiz iş olmazmı? Rodriqo belə düşünür ki, don
Sanço ilə vuruşmasın, sinəsini onun qılıncı qarşısından
qaçırmasın. Gənc, sevən, təcrübəsiz Rodriqo ancaq belə
düşünər, belə hərəkət edərdi.
Vəziyyəti belə görən Himena özü Rodriqonun göz-
lərini açmaq, onu döyüşə ruhlandırmaq məcburiyyətində
qalır. Kral bildirir ki, bu döyüşdə kim qalib gəlsə, Himena
onun olacaqdır. Rodriqo bu şərti bilsə də, qələbəyə can atmır,
belə düşünür ki, silahla qəlbi fəth etmək olmaz. Bir az əvvəl
Rodriqonun ölümünü istəyən Himena indi özü onu qələbə
çalmağa çağırır.
Himenanın ağlı ilə hissi daim onu zidd hərəkətlər
etməyə yönəldir. Rodriqonun rüsvayçı ölümünü istəyən bu
qız don Sanço əlində qılınc içəri girəndə elə güman edir ki,
o, Rodriqonu öldürmüşdür. Ona görə də onu qovur,
lənətləyir, demək istədiyi sözləri dinləmir. Don Sanço isə
xəbər verməyə gəlmişdi ki, Rodriqo ona qalib gəlmiş, lakin
öldürməyib aman vermişdir. Əsər boyu haldan-hala düşür,
gah mehriban və şən olur, gah kədərli və qəmgin, gah
çılğıncasına dərdli, gah çılğıncasına qəzəbli olur, gah ağlayır,
gah lənətləyir, gah sevir, gah nifrət edir, gah Rodriqoya ölüm
diləyir, gah ondan da ölümü uzaqlaşdırmaq arzulayır. Baş
vermiş hadisədə Rodriqonun günahsız olduğunu qəlbinin
dərinliklərində etiraf etsə də, bir daha ona lənət yağdırır.
Onun daimi bir çırpınma içərisində olan qəlbində hiss ilə
borc döyüşür.
Bununla bərabər faciə xoşbəxt sonluqla bitir. Kralın
XVII əsr Qərbi Avropa ədəbiyyatı
243
buyruğu ilə gənclər evlənirlər. Ailə, nəsil şərəfi və qan
intiqamı borcunu yeni vətəndaşlıq və vətənpərvərlik borcu
əvəz edir. Yazıçının fikrincə, insanın dövlət qarşısındakı
borcu öz nəsli və ailəsi qarşısındakı borcundan daha
zəruridir. Kornelin əsərində əvvəldən axıra qədər dövlətin
mənafeyinin ailəvi və nəsli mənafedən üstün olduğu təsdiq
edilir. Kornel öz faciəsi ilə mütləqiyyətçi dövlətin
ideologiyasını və prinsiplərini feodal pərakəndəliyi və
anarxizminə qarşı qoymuşdur.
Faciədə əvvəldən axıra qədər iştirak edən surətlərdən
biri də infantadır. Bir çox ədib və tənqidçilər bu surətin
faciəyə daxil edilməsini mənasız, artıq saymış və elə güman
etmişlər ki, bu surət arada boş qalan vaxtı doldurmaq üçün
artırılmışdır. Halbuki Kornel bu surəti ancaq səhnədəki
zaman boşluğunu doldurmaq üçün yox, bəlkə daha çox
Himenanın
Rodriqoya
olan
sevgisinin
səbəbini
əsaslandırmaq üçün əlavə etmişdir. Kral qızının, yəni
infantanın ümidsiz şəkildə olsa da, Rodriqonu dərindən, heç
kəsə demədən sevməsi özlüyündə Himenanın sevgilisinin
sevilməyə nə qədər layiq olduğunu bir daha təsdiq edir.
"Sid"in qəhrəmanları hiss və duyğulardan irəli gələn
zəifliklərini iradənin gücü ilə məğlub edib bir-birinin
gözündə özlərinin böyük sevgiyə layiq olduqlarını bir daha
sübut edirlər. Onların bir-birinə düşmən kəsilməsinə səbəb
olan fəlakət və müsibət ürəklərindəki sevgi duyğusunu
nəinki zəiflədir, əksinə daha da gücləndirir. Sevgi ilə
düşmənçilik arasındakı toqquşmanı Kornel məharətlə əks
etdirmişdir. O, Himenanı hər bir yolla məcbur edir ki,
Rodriqonun öldürülməsini tələb etsin, eyni zamanda onun
həyatı üçün əssin. Qəhrəmanlar arasındakı dramatik konflikt
ancaq üçüncü bir qüvvənin işə qarışması ilə həll olunur. Belə
bir üçüncü qüvvə əsərdə Kastiliya kralı Fernandodur. O, ağıl-
lı dövlət hakimiyyəti ideyası əsasında keçmiş feodal əxlaqi
Afaq Yusifli İshaqlı
244
baxışlarını yeni şəkildə qiymətləndirir.
Qraf Qormasın simasında feodal özbaşınalığının qəti
düşməni kral feodal cəmiyyətində geniş yayılan şərəf, ad-san
məsələlərini qanlı döyüşlər yolu ilə həll etmək adətini rədd
edir. O, Rodriqo ilə don Sançonun təkbətək döyüşünə
könülsüz razılıq verir, təbəələrinin həyatını qorumağı,
onların qayğısına qalmağı özünün əsas borcu bilir. O, belə
hesab edir ki, bu qan ancaq dövləti düşmənlərdən qorumaq
uğrunda tökülməlidir. Vətənə xidmət hər bir günahı yumağa
qabildir. Ərəblərin hücumuna qarşı döyüşlərdə misilsiz
qəhrəmanlıq göstərən Rodriqo da bu hünəri ilə günahını
yumuşdur. Beləliklə, əsərdə vətən və dövlət qarşısındakı
borc ideyası ailə borcu ideyasına qarşı qoyulur, feodal ləya-
qəti öz yerini vətənə xidmətlə müəyyənləşən vətəndaşlıq
ləyaqətinə güzəştə gedir. Kornel mütləqiyyətçilik əsrinin irəli
sürdüyü yeni dövlət idealının xatirinə köhnə feodal əxlaqına
baxış keçirir və ona yenidən qiymət vermək üçün təşəbbüs
göstərir.
Lakin
Kornel
bu
təşəbbüsü,
yenidən
qiymətləndirməni qətiyyətlə, ardıcıllıqla əks etdirmirdi.
Əsərdə
feodal-rıtsar
əxlaqı
və
hislərinin
romantikləşdirilməsinə də müəyyən yer verilmişdir. Rodriqo
və Himenanın mənəvi iztirabları o qədər səmimi və alovlu
şəkildə göstərilmişdir ki, tamaşaçıları onların fikirləri ilə
razılaşmağa məcbur edirdi. Pyesin Rişelyenin mütləqiyyətçi
siyasətindən narazı qalan zadəgan dairələri arasında qeyri-
adi müvəffəqiyyət qazanmasının səbəblərindən biri də bu idi.
Rişelyenin pyesə mənfi münasibəti də birinci növ-
bədə bununla izah olunur. Rişelyenin fikrincə, əsərdə şəxsi
hisslə borc arasındakı mübarizə kifayət dərəcədə aydın əks
etdirilməmiş, kral Fernando isə mütləq hakim kimi zəif
verilmişdir. Rişelye pyesdən bir də ona görə narazı idi ki,
Fransa ilə İspaniya arasında müharibənin ən qızğın çağında
Kornel ispan hərbi şücaətinin rəmzi olan Kastiliya milli
XVII əsr Qərbi Avropa ədəbiyyatı
245
qəhrəmanını
Paris
səhnəsində
günün
qəhrəmanına
çevirmişdir. Bu, fransız sarayında kraliça Anna başda
olmaqla ispanpərəst qüvvələrin xeyrinə idi. Ona görə bu
əsərə görə kraliça Anna Kornelin atasına zadəganlıq rütbəsi
verdi.
Bütün bu səbəblər Rişelyeni "Sid" əsəri ətrafında baş-
lanan mübahisələrdə Kornelə qarşı düşmən mövqedə
durmağa məcbur etdi. Bu mübahisənin başqa bir səbəbi
Kornelin yaxın dostlarının, Mere, J.de Sküderi, Klavere kimi
ədiblərin ona paxıllığı oldu. Kornelə hücumların əsas
bəhanəsi isə dramaturqun "Sid"də klassisizmin qanunlarına
ardıcıllıqla əməl etməməsi idi. O, üç vəhdət qanunu pozmuş,
hadisələrin cərəyan etdiyi vaxt müddətini 30 saata
çatdırmışdı, məkan vəhdətini şəhər vəhdəti anlayışı ilə əvəz
etmiş, infanta rolunu artırmaqla hərəkət vəhdətini
pozmuşdur. Pyesə lirik stanslar artırmaqla vəzn-ölçü
vəhdətinə əməl etməmişdir. Kornel yaradıcılığında barokko
dramaturgiyasının qalığı olan bütün bu klassisizm qanunla-
rından kənara çıxmalar ona qarşı kəskin hücumlar üçün bə-
hanə oldu. Yuxarıda adları çəkilən ədiblər Kornelin əsəri
əleyhinə yazılmış müxtəlif yazılarla çıxış etməyə başladılar.
Kornel öz cavabları ilə onların öhdəsindən asanlıqla gəlir və
susmağa məcbur edirdi.
Bu mübahisələrin qızğın çağında J.Sküderi Fransız
Akademiyasına müraciətlə ona "Sid" haqqında öz rəyini
bildirməsini təklif edir. Kardinal Rişelyenin də bu təklif
üzərində təkid etdiyini bilən Kornel əsərinin müzakirəsinə
razılıq verir. Fransız Akademiyasında hazırlanan rəyin ilk üç
variantı ilə Rişelye razılaşmır. Nəhayət, Şaplen bu rəylər
əsasında yeni, dördüncü və axırıncı rəyi hazırlayır. Rəy
1638-ci ildə ""Sid" komik faciəsi haqqında Fransız
Akademiyasının fikri" adı ilə çap olunur.
Akademiyanın rəyi ciddi və mədəni bir ruhda
Afaq Yusifli İshaqlı
246
yazılmışdı. Burada "Sid" klassisizmin qanunlarını gözlə-
məyən, uğurlu süjeti olmayan, xoşa gəlməyən misraları,
düzgün işlədilməyən ifadələri olan bir əsər kimi pislənilir,
Himena əxlaqsızlıqda təqsirləndirilirdi. Əslində tənqidin
formal
iradları mütləqiyyətçi zadəgan ideologiyası
baxımından əsərin siyasi tənqidini ört-basdır edirdi.
Akademiya Korneli mühafizəkar klassisizm mövqeyinə
qaytarmaq niyyətində idi.
"Sid" ətrafında başlanan bu mübahisələr Kornelə ağır
təsir etdi. Rişelyenin ondan narazı olduğunu görən dramaturq
susmaq qərarına gəldi və doğma vətəni Ruana yollandı. Üç il
Ruanda qalan Kornel burada mövzusu Roma həyatından
götürülmüş "Horatsi" və "Sinna" faciələrini yazdı. Bu
əsərlərdə qaydaların gözlənilməsinə daha çox diqqət
yetirməyə meyl etdi və barokko komik faciəsinin təsirindən
yaxa qurtarmağa çalışdı.
Dostları ilə paylaş: |